Icma.az
close
up
RU
“Blok mədəniyyəti” və onun qlobal eko effekti

“Blok mədəniyyəti” və onun qlobal eko effekti

Icma.az bildirir, Sia Az portalına istinadən.

Dünyanın səsi artıq küçələrdə deyil, ekranların arxasında eşidilir. Sosial media bir vaxtlar sadəcə gündəlik paylaşımlar üçün yaradılmış bir alət hesab olunurdu. İndi ictimai vicdanın, etirazın və məsuliyyətin meydanına çevrilib. Burada bir paylaşım, bir sükut və ya bir “blok” milyonlarla insanın düşüncəsini dəyişə bilir. 2024-cü ilin yazında yayılan #Blockout2024 kampaniyası bu gücün ən sarsıdıcı təzahürlərindən biri oldu.

Met Gala kimi parıltılı bir gecənin fonunda Qəzzadakı dağıntıların, ağrıların və səssizliyin varlığı kəskin bir ziddiyyət yaratdı. Dünyanın bir tərəfində məşhurlar bahalı geyimlər içində poz verirdi, digər tərəfində isə insanlar həyatda qalmaq uğrunda mübarizə aparırdı. Və bu dəfə sosial medianın görünməyən çoxluğu danışmağa başladı. Sözlərlə deyil, “blok” düyməsi ilə.

#Blockout2024 etiketi qısa zamanda qlobal aksiyaya çevrildi. İstifadəçilər, müharibə qarşısında səssiz qalan məşhurları və markaları ardıcıl şəkildə bloklayaraq, onların səssizliyinə etiraz etdilər. Bu hərəkət bir mesaj idi: “Səssizlik artıq neytral deyil.” İndi susmaq da bir mövqedir, hətta bəzən günah sayılır. Sosial media kütləsi məşhurlardan estetik zövq yox, mənəvi məsuliyyət gözləməyə başladı.

Əvvəllər məşhurlar mədəniyyətin nümayəndələri idisə, indi onlar ictimai davranışın və etik vicdanın simvollarına çevriliblər. Paylaşmamaq, reaksiya bildirməmək artıq nəzakət yox, soyuqluq kimi görünür. Bu dəyişiklik sadəcə kommunikasiya formasını yox, bütöv sosial münasibətləri də sarsıtdı.

Ancaq burada daha dərin bir sual doğur: cəmiyyətin bu yeni “blok” gücü həqiqətən ədalət yaradırmı, yoxsa sadəcə qəzəbin yeni rəqəmsal formasını doğurur?

Sosial medianın yaranışı əvvəlcə ünsiyyət və paylaşım azadlığı ideyasına əsaslanırdı. Lakin zaman keçdikcə bu azadlıq forması ictimai nəzarətə, kütləvi etirazlara və etik məhkəmələrə çevrildi. Artıq istifadəçi sadəcə izləyici deyil, həm hakim, həm münsif, həm də cəza verən rolundadır. “Blok” düyməsi bu mənada təkcə şəxsi sərhəd ifadəsi deyil, həm də kollektiv ədalət duyğusunun yeni alətidir.

Sosioloq Manuel Castells “Networks of Outrage and Hope” (2012) əsərində yazır ki, müasir dövrdə etirazın əsas meydanı küçələrdən rəqəmsal platformalara keçib. İnsanlar artıq küçəyə çıxmadan, etiketlər vasitəsilə siyasi, mədəni və sosial təzyiq yarada bilirlər. #Blockout2024 kampaniyası da məhz bu keçidin ən bariz nümunəsidir və fərdi davranışın ictimai gücə çevrildiyi nöqtədir.

Bu kampaniya göstərdi ki, etik məsuliyyət anlayışı artıq yalnız dövlətlərə və təşkilatlara aid deyil, cəmiyyət məşhurlardan da hesabat tələb edir. Zygmunt Baumanın “liquid modernity” (2000) anlayışı burada yenidən aktuallaşır: müasir cəmiyyətin sərhədləri axıcıdır, vətəndaşlıq və məsuliyyət də sosial mediada formalaşır.

Amma bu güc həm də təhlükəli ola bilər. Çünki kütlə, duyğu üzərində hərəkət etdikdə, fərqləri və niyyətləri görməzliyə vura bilər. Kollektiv vicdan bir anda kollektiv qəzəbə çevrilir. #Blockout2024 zamanı bəzi məşhurlar sadəcə yanlış anlaşıldıqları üçün linçə məruz qaldılar. Bu, Emile Durkheimin “ictimai vicdan” (conscience collective) anlayışını xatırladır: ictimai şüur birləşdirici olduğu qədər, məhkumedici də ola bilər.

Sosial medianın bu yeni gücü həm ədalət, həm də hökm verir. Kütlə artıq yalnız müşahidə etmir, reaksiya göstərir, cəza təyin edir, bağışlayır və ya ləğv edir. Bu, klassik güc modellərini dəyişir. Əgər əvvəllər güc mərkəzləri yuxarıdan idarə edilirdisə, indi güc çoxluğun əlindədir. Lakin bu çoxluq heç də həmişə stabil və ədalətli deyil.

#Blockout2024 göstərdi ki, etik təzyiqin mərkəzi dəyişib, artıq rəsmi tribunal deyil, sosial media tribunalıdır. Bu, həm demokratik, həm də paradoksal prosesdir. Çünki bir tərəfdən insanlar öz sözlərini deyə bilirlər, digər tərəfdən isə həmin söz azadlığı linçin alətinə çevrilə bilir.

Əsas sual indi budur ki, sosial medianın bu “ədalət mexanizmi” həqiqətən ədalət gətirirmi, yoxsa sadəcə qəzəbi leqallaşdırır?

Məsələ təkcə siyasət və müharibə ilə bağlı deyil. #Blockout2024 kampaniyası göstərdi ki, insanlar artıq etik dəyərləri mədəniyyətin ayrılmaz hissəsi sayırlar. Əgər bir məşhur sosial məsələlər qarşısında səssiz qalırsa, onun sənəti belə bu səssizliyin kölgəsində qalır. İctimai dəyərlərlə estetik dəyərlər bir-birindən ayrılmır, birinin susqunluğu digərinin mənasını azaldır.

Kampaniya bir tərəfdən sosial vicdanın oyanışı kimi görünsə də, digər tərəfdən “rəqəmsal ədalət” anlayışının təhlükəli sərhədlərini ortaya çıxardı. Çünki burada cəza mexanizmi məhkəmədən, dəlildən və müzakirədən kənarda işləyirdi və hökmü emosional kütlə verirdi.

Etika ilə qəzəb birləşəndə həmişə incə bir xətt yaranır. Sosial mediada bu xətt daha da bulanıq olur. İnsanlar “ədalət” hissi ilə hərəkət etdiklərini düşünürlər, amma çox vaxt o hərəkət emosional impulsun nəticəsidir. Kimsə susduğu üçün bloklanır, amma bəzən susqunluğun səbəbi qorxu, travma, ya da sadəcə danışmaq istəməmək ola bilər. Beləliklə, etik mühakimə yavaş-yavaş empatiyanı əvəz edir.

Sosioloq Sarah Banet-Weiser “Empowered: Popular Feminism and Popular Misogyny” (2018) əsərində qeyd edir ki, rəqəmsal fəallıq bəzən həm güc, həm də aqressiya mənbəyinə çevrilir. Çünki onlayn mübarizə, real dialoqdan çox, ictimai simvolizm üzərində qurulur. Kimin “haqlı” göründüyü, kimin “susduğu” əsas göstəriciyə çevrilir.

Digər tərəfdən, bloklamanın özü də bir güc jestidir. Bir insanı və ya markanı bloklamaq, onun mövcudluğunu simvolik şəkildə silmək deməkdir. Bu, həm fərdi azadlıq aktıdır, həm də kollektiv tənbeh üsulu. Amma sual budur: kimin kimə cəza vermək hüququ var? Rəqəmsal dünyada bu səlahiyyət kimə məxsusdur? Dövlətə, platformaya, yoxsa milyonlarla istifadəçinin ani qəzəbinə?

Fəlsəfi baxımdan bu vəziyyət Michel Foucault-nun “nəzarət və cəza” anlayışını xatırladır. Foucault deyirdi ki, müasir cəmiyyətin gücü cəza sistemlərindən çox, nəzarət mexanizmlərində gizlidir. Sosial media da bu nəzarətin yeni formasıdır. Artıq insanı cəzalandırmaq üçün həbsə atmaq lazım deyil, onu kütlənin gözündən silmək kifayətdir.

Bu, həm sosial, həm də psixoloji baxımdan təhlükəlidir. Çünki linç nə qədər ədalətli niyyətlə başlasa da nəticədə fərdin səsini susdurur. Kütlə bir anlıq rahatlayır, amma problemlər qalır. Ədalət bəzən qisasla, empatiya isə qəzəblə qarışır. Bəs bu “bloklama etikası” həqiqətən dünyanı dəyişirmi, yoxsa sadəcə vicdanları sakitləşdirir?

2023-cü ildə “Stanford Internet Observatory” tərəfindən yayımlanan araşdırmaya görə, dünyadakı saxta məlumatların 70 faizdən çoxu sosial mediada dövriyyəyə buraxılır və onların yalnız 14 faizi sonradan təkzib edilir. Bu isə göstərir ki, yalan, doğrudan daha sürətli yayılır və daha çox inandırır.

Sosial medianın qlobal skandallarla dolu tarixi, təkcə texnologiyanın deyil, insan təbiətinin də güzgüsünə çevrilib. “Cambridge Analytica” hadisəsində toplu manipulyasiyanın nə qədər asan olduğunu, “Twitter Files” qalmaqalında isə siyasi güclərin necə şəffaflıq adı altında informasiya idarə etdiyini gördük. Bu hadisələr göstərdi ki, rəqəmsal müstəqillik illüziyadır. Çünki alqoritmlər, reallığın görünməyən arxitekturasını qurur.

Artıq “trendlər” bir növ yeni həqiqət sisteminə çevrilib. Kimin səsi daha çox çıxırsa, onun fikri doğru sayılır. Sosial platformalar etikadan daha çox diqqətə, həqiqətdən daha çox reaksiyaya önəm verir. İnsanlar öz kimliklərini “bəyən” düyməsinin altına sığışdırır, düşüncələr isə bir paylaşım qədər qısa, bir şərh qədər səthi qalır.

Bu kontekstdə, sosial mediada baş verən qlobal skandallar təkcə fərdlərin yox, bütöv cəmiyyətlərin necə asanlıqla yönləndirilə bildiyini göstərir. Bir trendlə karyeralar məhv olur, bir etiketlərlə dövlətlər üzərində təzyiq qurulur. Rəqəmsal xaosun içində doğru anlayışı getdikcə daha da bulanıqlaşır.

Bütün bunların fonunda sual yaranır: Sosial medianın gələcəyi insan şüurunun inkişafına xidmət edəcək, yoxsa “həqiqətin sonu” dediyimiz postmodern xaosu daha da dərinləşdirəcək?

Nigar Şahverdiyeva
Sosioloq, araşdırmaçı yazar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri