BMT: Dəniz ticarətində durğunluq dünya iqtisadiyyatını təhdid edir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Dünya iqtisadiyyatının dayanıqlı inkişafı beynəlxalq ticarət yollarının təhlükəsizliyindən və fasiləsiz fəaliyyətindən bilavasitə asılıdır. Ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi, enerji və ərzaq təminatının davamlılığı, istehsal və istehlak bazarlarının sabitliyi dəniz nəqliyyatının imkanları ilə sıx bağlıdır. Lakin son dövrlərdə baş verən geosiyasi qarşıdurmalar və beynəlxalq gəmiçilik marşrutlarında yaranan problemlər bu mühüm sahədə ciddi çətinliklər meydana gətirib.
The National nəşrinin bu gün dərc etdiyi məlumata görə, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) 2026-cı ildə dünya dəniz ticarətində artımın sıfır səviyyəsində qalacağını proqnozlaşdırır. Halbuki 2025-ci ildə bu sahədə 1,9 faiz artım qeydə alınmışdı. BMT qurumunun açıqladığı 2026-cı il Dəniz Nəqliyyatı İcmalında bildirilir ki, beynəlxalq dəniz daşımaları dünya üzrə malların 80 faizindən çoxunun nəqlini təmin edir.
Mövcud vəziyyətin əsas səbəbləri sırasında Yaxın Şərqdəki münaqişələr, Hörmüz boğazında gəmi hərəkətinin məhdudlaşması və Qırmızı dənizdə təhlükəsizlik risklərinin artması göstərilir. Xüsusilə Hörmüz boğazı dünya enerji təchizatında mühüm mövqeyə malikdir. Qlobal neft tədarükünün təxminən beşdəbirinin bu marşrutdan keçməsi yaranmış fasilələrin beynəlxalq bazarlara təsirini daha da artırır.
UNCTAD-ın məlumatına əsasən, münaqişədən əvvəl Hörmüz boğazından gündəlik təxminən 120 gəmi keçirdi. Lakin hərbi qarşıdurmanın genişlənməsi nəticəsində martın əvvəlində gəmi hərəkətinin ümumi tonnajı təxminən 95 faiz azalıb. Qırmızı dənizdəki təhlükəsizlik problemləri isə bir sıra gəmiçilik şirkətlərini daha uzun Ümid burnu marşrutundan istifadə etməyə vadar edib.
Bu dəyişikliklər daşınma müddətinin uzanmasına, yanacaq və əməliyyat xərclərinin artmasına, limanlarda sıxlığın yaranmasına səbəb olur. Nəticədə beynəlxalq təchizat zəncirində əlavə təzyiq formalaşır. Bu prosesdən xüsusilə ərzaq və enerji idxalından asılı olan inkişaf etməkdə olan ölkələr daha çox təsirlənir.
Məlumatda diqqət çəkən digər məqam isə dəniz daşımalarında yaranan problemlərin birbaşa istehlak qiymətlərinə təsiridir. UNCTAD-ın hesablamalarına görə, dəniz yanacağının qiymətində uzunmüddətli 70-80 faizlik artım qlobal istehlak qiymətlərini 0,19 faiz yüksəldə bilər. Ən az inkişaf etmiş ölkələrdə bu təsirin 0,35 faizə çatacağı proqnozlaşdırılır.
BMT qurumu yaranmış vəziyyətin aradan qaldırılması üçün dövlətləri və gəmiçilik sənayesini daha çevik və dayanıqlı nəqliyyat sisteminin qurulmasına çağırır. Alternativ marşrutların əvvəlcədən müəyyənləşdirilməsi, liman infrastrukturuna investisiyaların artırılması, rəqəmsal texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi əsas prioritetlər kimi göstərilir.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 27 Noyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















