Xəzər geri çəkilir, təhlükə qloballaşır
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitində çıxışı zamanı dənizin dayazlaşmasının son illərdə nəzərəçarpacaq dərəcədə sürətləndiyini vurğulayaraq, mövcud tendensiyanın davam edəcəyi təqdirdə nəticələrin fəlakətli ola biləcəyinə diqqət çəkib. Dövlət başçısının vurğuladığı kimi, Xəzərin səviyyəsinin aşağı düşməsi artıq təkcə ekoloji problem deyil, həm də sahilyanı ərazilərin sosial-iqtisadi həyatına, nəqliyyat infrastrukturuna və region ölkələrinin maraqlarına birbaşa təsir göstərən ciddi çağırışdır. Təsadüfi deyil ki, təkcə Xəzərin Azərbaycan sektorunda dəniz sularının geri çəkilməsi nəticəsində, təxminən, 30 min hektar yeni quru sahəsi yaranıb.
Xəzər dənizinin qoynunda yerləşən adaların materikə birləşməsi, sahil xətlərinin dəyişməsi, yeni quru sahələrin meydana çıxması diqqətə çatdırılan həmin göstəricinin bariz ifadəsidir. İlk baxışdan torpaqların artması kimi görünən bu proses, əslində, Xəzər hövzəsində dərin ekoloji, iqtisadi və coğrafi dəyişikliklərin başlandığından xəbər verir. Bəs Xəzər niyə geri çəkilir, dənizin yerini quruya verməsi regionu və Azərbaycanı hansı təhlükələrlə üz-üzə qoyur?
Sahil xətti genişlənir
Xəzər dənizinin səviyyəsinin enməsi artıq alimlərin tədqiqatlarında əks olunan rəqəmlərdən və gələcəyə dair proqnozlardan ibarət deyil. Bu prosesin nəticələri xəritədə, sahil zolağında, adaların vəziyyətində və insanların gündəlik həyatında getdikcə daha aydın nəzərə çarpır.
Dağıstandan gələn son məlumatlar da problemin miqyasını nümayiş etdirir. Dağıstanlı alim, geoloq, coğrafiya elmləri namizədi İdris İdrisov mətbuata açıqlamasında Xəzərin dayazlaşması nəticəsində bir sıra adaların artıq materiklə birləşdiyini bildirərək artıq Yumurta (Yaıçnı), Çeçen, Piçujonok, Bazar və Pruqunki adalarına avtomobillə getməyin mümkünlüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, bu dəyişikliklər Dağıstanın quru ərazisinin, təxminən, 50,3 min kvadratkilometrdən 52-53 min kvadratkilometrədək artmasına səbəb olub, bu isə 3 min kvadratkilometr deməkdir.
Beləliklə, dənizin geri çəkilməsi təkcə sahil xəttinin yerini dəyişmir, coğrafi mənzərəni də yenidən formalaşdırır. Vaxtilə su ilə əhatələnmiş ərazilər quruya çevrilir, adalar öz xüsusiyyətini itirir, dayaz körfəzlərin görünüşü dəyişir. Xəritədə torpaq sahəsinin artması kimi nəzərə çarpan bu mənzərənin arxasında isə daha mürəkkəb bir həqiqət dayanır: dənizin sahəsi kiçildikcə onun yaratdığı təbii tarazlıq da pozulur.
İdris İdrisovun vurğuladığı kimi, baş verən dəyişikliklərin real miqyasını müəyyənləşdirmək üçün sahil zonası, bütövlükdə, Xəzər dənizinin yeni rəsmi topoqrafik xəritələri hazırlanmalıdır. Çünki köhnə coğrafi təsvirlər sürətlə dəyişən reallığı artıq tam əks etdirməyə bilər.
Bu vəziyyət təkcə Dağıstanla məhdudlaşmır, Xəzərin şərq sahillərində, xüsusilə Qazaxıstana aid ərazilərdə də dayazlaşma yeni quru sahələrinin yaranmasına və sahil landşaftının dəyişməsinə gətirib çıxarıb. Deməli, qarşımızda ayrı-ayrı adaların taleyindən daha böyük, bütöv bir dəniz hövzəsini əhatə edən proses dayanıb.
Dənizin səviyyəsi niyə enir?
Xəzərin səviyyəsinin aşağı düşməsini təkcə qlobal istiləşmə ilə izah etmək kifayət deyil. Dənizin vəziyyətini iqlim, su ehtiyatlarının idarə olunması və hövzənin təbii xüsusiyyətləri bir-biri ilə əlaqəli şəkildə şərtləndirir.
Xəzərə tökülən çaylar arasında ən mühüm yeri Volqa tutur. Müxtəlif elmi qiymətləndirmələrə görə, dənizə daxil olan suların böyük hissəsi məhz bu çayın payına düşür. Volqa çayında suyun azalması, hövzədə su ehtiyatlarından istifadə və iqlim şəraiti dənizin su balansına birbaşa təsir göstərir.
2026-cı ildə dərc olunan elmi araşdırmalardan birində Xəzərin su itkisi çay axınlarının azalması, xüsusilə Volqadan gələn suyun həcminin aşağı düşməsi və buxarlanmanın artması ilə əlaqələndirilir. İqlim dəyişikliyi nəticəsində isə bu vəziyyətin daha da ağırlaşacağı, insan fəaliyyəti ilə şəraitin daha da kəskinləşəcəyi vurğulanır. Yağıntıların və çay axınlarının rejimindəki dəyişikliklər də dənizin su ehtiyatlarına mənfi təsir göstərəcəyi bildirilir.
Məsələnin mühüm tərəfi budur ki, Xəzər səviyyəsinin dəyişməsi tarixən də müşahidə edilib. Dəniz əvvəllər də qalxıb-enib. Ancaq hazırkı geriləmənin sürəti və davamlılığı narahatlıq doğurur. Deməli, təbii tərəddüdlərin mövcudluğu bugünkü vəziyyətin təhlükəsini kiçiltmək üçün əsas sayıla bilməz.
Rəqəmlərin təhlükəli mesajı
Xəzərin dayazlaşmasının miqyasını təsəvvür etmək üçün dənizin səviyyəsi ilə səthinin sahəsini bir-birindən fərqləndirmək lazımdır. Səviyyənin bir neçə santimetr enməsi ilk baxışda kiçik dəyişiklik təsiri bağışlaya bilər. Lakin sahilləri aşağı və geniş dayazlıqlardan ibarət ərazilərdə bu dəyişiklik suyun xeyli geri çəkilməsinə səbəb ola bilər.
Elmi hesablamalara görə, 1996–2025-ci illər ərzində Xəzərin səth sahəsi, təxminən, 28,6 min kvadratkilometr azalıb. Bu, dənizin əvvəlki səthinin, təqribən, 7,4 faizinə bərabərdir. Eyni dövrdə səviyyənin enməsi 2020-ci ildən sonra daha da sürətlənib.
Məlumatda qeyd olunur ki, 2026-cı ilədək suyun səviyyəsi mənfi 29,4 metr göstəricisindən aşağı düşüb. Burada vacib bir məqamı nəzərə almaq lazımdır. Belə ki, mənfi işarəsi suyun dərinliyini deyil, qəbul edilən yüksəklik sıfırına əsaslanan istinad sisteminə münasibətdə Xəzərin səviyyəsini göstərir.
Beləliklə, Xəzərin dayazlaşması, sadəcə, sahilin bir neçə metr geri çəkilməsi anlamına gəlmir. Bu, körfəzlərin quruması, dayazlıqların genişlənməsi, adaların materikə birləşməsi, su yollarının dəyişməsi və əvvəllər su altında qalan torpaqların üzə çıxması deməkdir.
Bu məqamda başqa bir sual da meydana çıxır: dənizin geri çəkilməsi nəticəsində yaranan yeni torpaq sahələri həqiqətənmi qazancdır? Həmin ərazilərdə münbit ekosistemlər məhv olursa, balıqların çoxalma şəraiti pisləşirsə, limanların fəaliyyəti çətinləşirsə və sahilyanı icmalar zərər görürsə, ərazinin fiziki artımını ümumi fayda kimi qiymətləndirmək mümkün deyil.
Adalar materikə birləşir
Dağıstandakı adaların quru ilə birləşməsi bu dəyişiklərin ən görünən nümunələrindən biridir. İdris İdrisovun açıqlamasına görə, Kizlyar körfəzində yerləşən Nordovı adası da suyun səviyyəsi bir metrdən az aşağı düşəcəyi təqdirdə materikə birləşə bilər. Təxminən 63 hektar sahəsi olan bu ada dəniz quşlarının böyük koloniyalar şəklində yuvaladığı ərazilərdən biri kimi diqqət çəkir.
İlk baxışdan adanın quruya birləşməsi nəqliyyat və ərazi baxımından müəyyən imkanlar yarada bilər. Lakin təbiət üçün adalar təkcə torpaq parçası deyil. Onlar quşların yuvaladığı, mövsümi miqrasiyalar zamanı dincəldiyi, balıqların və digər canlıların həyat dövrü ilə əlaqəli ekoloji məkanlardır.
Adanın materikə birləşməsi ilə onun ətrafındakı su mühiti dəyişə, sahilyanı bataqlıqlar və qamışlıqlar quruya çevrilə, nəticədə quşların qidalanma və yuva qurma şəraiti, eləcə də digər canlıların yaşayış imkanları zəifləyə bilər. Əlbəttə, hər bir adanın ekoloji taleyi onun konkret coğrafi şəraitindən asılıdır. Ancaq belə dəyişikliklərin əvvəlcədən qiymətləndirilməsi və qoruyucu tədbirlərin görülməsi vacibdir.
Bu səbəbdən yeni topoqrafik xəritələrin hazırlanması yalnız inzibati ərazilərin ölçüsünü müəyyənləşdirmək üçün zəruri deyil. Amma su-bataqlıq sahələrinin, quş koloniyalarının, balıqların yaşayış və çoxalma yerlərinin dəqiq xəritələşdirilməsi vacibdir.
Xəzərin şimalında baş verənlər, əslində, daha geniş problemin kiçik bir hissəsidir. Su geri çəkildikcə sahil xəttinin forması dəyişir, ekosistemlərin sərhədləri yerini dəyişir və əvvəllər bir-birindən təcrid olunmuş təbii məkanlar arasında yeni əlaqələr yaranır. Bu dəyişikliklər düzgün idarə edilmədikdə isə təbiətin bərpası çətinləşir.
Canlı aləm fəlakət qarşısında
Xəzərin dayazlaşması ilə bağlı ən ciddi narahatlıq onun ekoloji tarazlığının pozulmasıdır. Çünki dəniz yalnız su hövzəsi deyil, minlərlə canlı növünün yaşadığı, çoxaldığı və bir-biri ilə qarşılıqlı əlaqədə olduğu mürəkkəb təbii sistemdir.
Xəzər suitisi, nərə balıqları, su quşları, sahilyanı bataqlıqlar və qamışlıqlar bu sistemin ayrılmaz hissələridir. Su səviyyəsinin aşağı düşməsi həmin canlıların yaşayış mühitini dəyişir, bəzən isə onların ənənəvi məskənlərini tamamilə yararsız hala salır.
2025-ci ildə “Communications Earth & Environment” jurnalında dərc olunan elmi araşdırmada Xəzərin səviyyəsinin enməsinin biomüxtəlifliyə və insan infrastrukturuna mümkün təsirləri qiymətləndirilib. Tədqiqatçılar suyun səviyyəsinin 5–10 metr azalmasının belə mühüm ekosistemləri ciddi şəkildə poza, mövcud dəniz mühafizə ərazilərinin əhatə dairəsini bəzi ssenarilərdə 94 faizədək azalda biləcəyini hesablayıblar. Bu, gələcək ssenarilərə əsaslanan elmi qiymətləndirmədir, qaçılmaz nəticə kimi qəbul edilməməlidir.
Xəzər suitisinin vəziyyəti xüsusi narahatlıq doğurur, bu canlı dünyada yalnız Xəzərdə yaşayır və onun həyat dövrü dənizin təbii şəraiti ilə sıx bağlıdır. Şimali Xəzərdə mövsümi buz örtüyünün dəyişməsi, sahilyanı ərazilərin quruması və yaşayış mühitinin parçalanması suitilərin çoxalmasına və sağ qalmasına mənfi təsir göstərir.
Nərə balıqları üçün vəziyyət daha mürəkkəbdir, onların bir çox növü onsuz da həddindən artıq ovlanma, çayların təbii rejiminin dəyişməsi və çirklənmə kimi problemlərlə üzləşir. Dayazlaşma bu təzyiqlərin üzərinə daha bir yük əlavə edir. Su yollarının və çay mənsəblərinin dəyişməsi balıqların çoxalma sahələrinə çatmasını çətinləşdirir, dayaz sulardakı yaşayış mühitini daraldır.
Bununla yanaşı, bataqlıqların və qamışlıqların quruması su quşlarının qidalanma və yuvaqurma yerlərini azaldır. Halbuki bu ərazilər təkcə quşlar üçün deyil, suyun təbii süzülməsi, qida maddələrinin dövranı və sahil ekosistemlərinin dayanıqlılığı baxımından da əhəmiyyətlidir. Deməli, Xəzərin suyunun azalması bir növün deyil, bütöv bir ekoloji zəncirin problemidir. Zəncirin bir halqası zəiflədikdə digərlərinə də təsir göstərir.
Xəzərin dayazlaşması təkcə ekoloqları və coğrafiyaşünasları düşündürməməlidir. Bu proses balıqçılıqdan gəmiçiliyə, limanlardan neft daşımalarına, turizmdən sahilyanı əhalinin gündəlik həyatına qədər geniş sahələri əhatə edir.
Suyun səviyyəsi aşağı düşdükcə gəmilərin limanlara daxil olması çətinləşir, bəzi marşrutlarda naviqasiya imkanları məhdudlaşır. Gəmilərin yükgötürmə qabiliyyətinin azaldılması, dənizin dayaz diblərində dərinləşdirmə işlərinə əlavə vəsait ayrılması və liman infrastrukturunun yenilənməsi zərurəti yaranır.
2025-ci ilin avqustunda “Reuters” agentliyinin yaydığı məlumatda Bakı limanında və Dubəndi neft terminalında suyun dayazlaşmasının yaratdığı çətinliklərdən bəhs edilirdi. Limanların normal fəaliyyətini qorumaq üçün dəniz dibinin dərinləşdirilməsi işlərinin aparılması zərurəti də qeyd olunurdu.
Bu, problemin artıq iqtisadi müstəvidə də özünü göstərdiyini təsdiqləyir. Belə ki, Xəzər Azərbaycan üçün beynəlxalq nəqliyyat əlaqələrinin, enerji ixracının və regional ticarətin mühüm istiqamətlərindən biridir. Dənizdə naviqasiya şəraitinin pisləşməsi isə daşımaların maya dəyərinə və logistika zəncirinə təsir göstərir.
Balıqçılıqla dolanan ailələr üçün də təhlükə realdır, çünki balıqların yaşayış və çoxalma sahələrinin azalması ov imkanlarını məhdudlaşdırır, balıqçılıq təsərrüfatlarının gəlirlərinə təsir edir. Sahilyanı turizm və istirahət məkanları da suyun geri çəkilməsi nəticəsində əvvəlki cəlbediciliyini itirir. Beləliklə, dənizin səviyyəsi ilə bağlı elmi hesabatlarda göstərilən rəqəmlər, əslində, insanların məşğulluğu, gəlirləri, infrastrukturun saxlanılması və bütöv regionun iqtisadi dayanıqlılığı ilə bağlıdır.
Həyəcan siqnalı
Xəzərin 5 sahilyanı dövləti – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran bu problemin nəticələri ilə müxtəlif formalarda üzləşir. Lakin Azərbaycanın coğrafi mövqeyi, iqtisadiyyatında Xəzərin rolu və sahilyanı yaşayış məntəqələrinin əhəmiyyəti nəzərə alınarsa, məsələnin ölkəmiz üçün xüsusi aktuallıq daşıdığı aydın görünər.
Bakı dənizin sahilində yerləşən paytaxt olmaqla yanaşı, liman, enerji, nəqliyyat və turizm mərkəzidir. Xəzərin səviyyəsinin enməsi sahilboyu infrastrukturun planlaşdırılmasına, limanların fəaliyyətinə və ekoloji təhlükəsizliyə yenidən baxılmasını tələb edir.
Ən həssas ərazilərdən biri də Abşeron yarımadası və onun ətrafındakı sahilyanı zonalardır. Suyun geri çəkilməsi bəzi yerlərdə yeni quru sahələri yaratsa da, digər ərazilərdə sahil ekosistemlərinin zəifləməsi, su-bataqlıq məkanlarının daralması və əvvəlki təbii tarazlığın pozulması ilə nəticələnə bilər.
Bununla yanaşı, Xəzərin quruyan dibinin yaratdığı təhlükələri də diqqətdən kənarda saxlamaq olmaz. Su çəkildikdən sonra üzə çıxan çöküntülər çirkləndirici maddələr daşıyırsa, külək həmin maddələrin bir hissəsini toz şəklində ətrafa yayır. Bu riskin nəticəsi çöküntülərin tərkibindən, ərazinin quruluğundan və külək şəraitindən asılıdır. Ona görə də quruyan sahələrin təkcə ölçüsünü deyil, torpaq və çöküntülərin kimyəvi tərkibini də araşdırmaq lazımdır.
Xəzərin dayazlaşması Azərbaycan üçün su ehtiyatlarının idarə olunması məsələsini də aktuallaşdırır. Ölkəmizdə suya tələbatın artması, iqlim dəyişikliyi və çayların axınındakı tərəddüdlər fonunda dənizin vəziyyəti regional su təhlükəsizliyi ilə bağlı daha geniş müzakirənin tərkib hissəsinə çevrilməlidir.
Burada əsas məsələ qorxu hissi yaratmaq deyil, dəyişikliklərə vaxtında hazırlaşmaqdır. Xəzərin gələcəyi haqqında danışarkən elmi müşahidələr, dəqiq ölçmələr və real risk qiymətləndirmələri əsas götürülməlidir.
Xəzəri də Aralın taleyi gözləyirmi?
Xəzərin dayazlaşması müzakirə edilərkən Aral dənizinin taleyi tez-tez yada düşür. Vaxtilə dünyanın ən böyük göllərindən biri olan Aralın böyük hissəsinin quruması ciddi ekoloji və sosial fəlakətə çevrilib.
Xəzərlə Aral arasında müəyyən oxşarlıqlar var. Belə ki, hər ikisi qapalı su hövzəsidir, səviyyəsi su balansından asılıdır və iqlimlə insan fəaliyyətinin təsirlərinə məruz qalır. Lakin onların coğrafi quruluşu, su ehtiyatları, dərinliyi və qidalanma xüsusiyyətləri fərqlidir. Buna görə də Aralın taleyini Xəzərin gələcəyi üçün dəyişməz ssenari kimi təqdim etmək düz deyil. Bununla belə, Aral təcrübəsi mühüm bir dərs verir – su hövzəsinin təbii imkanları nəzərə alınmadan həyata keçirilən təsərrüfat siyasəti uzunmüddətli və ağır nəticələr doğura bilər.
2025-ci ildə “Communications Earth & Environment” jurnalında dərc olunan araşdırmada da Xəzərdə su səviyyəsinin enməsinin ekosistemlərə, mühafizə ərazilərinə və infrastruktur obyektlərinə təsirlərinin qabaqcadan qiymətləndirilməsinin vacibliyi vurğulanır. Müəlliflər mühafizə tədbirlərinin dəyişən sahil xəttinə uyğunlaşdırılmasını tövsiyə edirlər.
Əslində, Aral ilə Xəzəri müqayisə etməkdən daha vacib olan məsələ eyni səhvlərin təkrarlanmamasıdır. Təbiətin xəbərdarlıqlarına vaxtında reaksiya vermək, su ehtiyatlarından istifadəyə elmi yanaşmaq və ekoloji təhlükələri iqtisadi qərarların ayrılmaz hissəsinə çevirmək lazımdır.
Xilas yolu nədədir?
Xəzərin səviyyəsinin azalmasını qısa müddətdə dayandıracaq, bütün sahilyanı dövlətlərin razılaşacağı sadə bir həll yolu yoxdur. Çünki problemin səbəbləri geniş coğrafiyanı, müxtəlif iqlim şəraitlərini və çoxsaylı su istifadəçilərini əhatə edir.
Bununla belə, vəziyyətə təsir göstərmək və gələcək itkiləri azaltmaq üçün konkret istiqamətlər mövcuddur. Mən iqtisadçı olmasam da, oxuduğum mənbələrdən belə qənaətə gəlmişəm:
Birincisi, vahid elmi müşahidə sistemi yaradılmalıdır, Xəzərin səviyyəsi, sahəsi, temperaturu, buxarlanma göstəriciləri, çaylardan daxil olan suyun həcmi və sahil xəttindəki dəyişikliklər bütün sahilyanı ölkələr tərəfindən uzlaşdırılmış metodlarla izlənilməlidir. Peyk məlumatları, hidroloji müşahidələr və müasir topoqrafik xəritələr vahid informasiya bazasında birləşdirilməlidir.
İkincisi, çayların su rejiminə diqqət artırılmalıdır, xüsusilə Volqa hövzəsində su ehtiyatlarından istifadə, bəndlərin fəaliyyəti, suvarma tələbatı və çayın Xəzərə çatdırdığı suyun həcmi kompleks şəkildə qiymətləndirilməlidir. Burada heç bir amili əvvəlcədən yeganə səbəb elan etmək olmaz. Qərarlar elmi məlumatlara və hövzənin ümumi su balansına əsaslanmalıdır.
Üçüncüsü, Xəzəryanı dövlətlər arasında əməkdaşlıq gücləndirilməlidir, dəniz 5 ölkənin sahillərini birləşdirir, amma onun su balansı və ekosistemi dövlət sərhədləri ilə məhdudlaşmır. Buna görə də bir ölkənin həyata keçirdiyi tədbir digər dövlətlərin maraqlarına və təbii şəraitinə təsir göstərə bilər. Ortaq monitorinq, məlumat mübadiləsi, çay hövzələrinin idarə olunması və ekoloji tədbirlərin uzlaşdırılması vacibdir.
Dördüncüsü, biomüxtəlifliyin qorunması üçün yeni yanaşma tətbiq olunmalıdır. Əvvəllər müəyyən edilmiş mühafizə əraziləri suyun geri çəkilməsi nəticəsində öz funksiyasını itirə bilər. Buna görə də quşların yuvalama yerləri, suitilərin yaşayış məkanları, balıqların çoxalma sahələri və su-bataqlıq əraziləri mütəmadi yenidən qiymətləndirilməlidir.
Beşincisi, iqtisadi infrastruktur gələcək dəyişikliklər nəzərə alınmaqla planlaşdırılmalıdır. Limanların dərinliyi, gəmiçilik marşrutları, sahilyanı sənaye obyektləri və yaşayış məntəqələri üzrə uzunmüddətli risk ssenariləri hazırlanmalıdır. Bu, sonradan daha böyük xərclər tələb edən fövqəladə tədbirlərin qarşısını almağa kömək edə bilər.
Nəhayət, ictimaiyyət də problemin mahiyyəti barədə düzgün məlumatlandırılmalıdır. Xəzərin quruması təkcə ekoloji məsələ deyil. Bu, regional iqtisadiyyatın, insanların həyat keyfiyyətinin və gələcək nəsillərin təbii sərvətlərdən istifadə imkanlarının qorunması məsələsidir.
Bəs itirdiklərimiz?
Dağıstanda adaların materiklə birləşməsi ilk baxışdan qeyri-adi coğrafi hadisə təsiri bağışlayır. Bir vaxtlar qayıqla gedilən ərazilərə indi avtomobillə çatmaq mümkündür, quru sahələrin artması inzibati xəritələrdə də dəyişiklik yaradır. Ancaq bu dəyişikliklərin arxasında daha böyük bir sual dayanır: Xəzər geri çəkildikcə region nələri itirir? Onu da unutmaq lazım deyil ki, bir vaxtlar dənizin ləpələri Qız qalasını döyürdü, bəs indi Xəzər haradadır?
İtirilən yalnız su sahəsi deyil, söhbət canlıların yaşayış məkanından, sahilyanı bataqlıqlardan, balıqçılığın imkanlarından, limanların fəaliyyətindən, təbii tarazlıqdan və dənizin minilliklər ərzində formalaşdırdığı həyat tərzindən gedir.
Geoloq İdris İdrisovun Nordovı adası ilə bağlı ehtimalı da bu mənada düşündürücüdür. Təxminən, 63 hektarlıq ada materikə birləşərsə, xəritədə yeni quru sahəsi yaranacaq. Lakin həmin ərazidə yuva quran quşların yaşayış şəraiti pisləşərsə, bu, təbiət üçün qazanc sayıla bilməz.
Xəzərin gələcəyi ilə bağlı proqnozlar müxtəlif olsa da, əsas həqiqət dəyişmir: dənizin səviyyəsinin azalması artıq müşahidə olunan reallıqdır. Bu prosesin gələcək sürətini və miqyasını dəqiq müəyyənləşdirmək üçün elmi araşdırmalar davam etdirilməli, qeyri-müəyyənliklər açıq şəkildə göstərilməlidir. Eyni zamanda, gecikmədən tədbirlər görülməlidir.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd
Baxış sayı:90
Bu xəbər 27 Noyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















