Icma.az
close
up
RU
“BÖYÜK İSRAİL” PLANI: ABŞ ın Yaxın Şərq siyasətinin arxasında xristian sionizmi dayanır?.. ARAŞDIRMA

“BÖYÜK İSRAİL” PLANI: ABŞ ın Yaxın Şərq siyasətinin arxasında xristian sionizmi dayanır?.. ARAŞDIRMA

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“BÖYÜK İSRAİL” PLANI: ABŞ-ın Yaxın Şərq siyasətinin arxasında xristian sionizmi dayanır?..-ARAŞDIRMA

Nil çayından Fəratadək ərazi iddiaları, xristian sionizmi, Armageddon gözləntisi və Vaşinqtonun İsrailə dəstəyinin görünməyən tərəfləri...

“Onun sözlərinə görə, Tanrı yəhudi xalqına “müasir Misirin yarısını, İsrailin bütün ərazisini, Livanın hamısını, Suriyanın hamısını, İordaniyanın hamısını, Küveytin hamısını və Səudiyyə Ərəbistanının dörddə üçünü” vəd edib...”

"Dövlətlərin sərhədləri dini mətnlərdəki qədim coğrafi təsvirlərə əsasən dəyişdirilə bilməz..."

"Bir sual isə açıq qalır: XXI əsrdə dünya dövlətləri sərhədləri beynəlxalq hüquqla müəyyən etməlidir, yoxsa ayrı-ayrı dini-siyasi qrupların əsrlər əvvəlki müqəddəs torpaq təsəvvürləri ilə?.."

"Azərbaycan üçün də bu məsələnin xüsusi əhəmiyyəti var. Çünki...”  

“Bu baxımdan, Yaxın Şərqdə dini şüarlar altında səsləndirilən ərazi iddialarına biganə yanaşmaq olmaz…”

***   ***  ***   ***   ***

ABŞ-ın İsrailə verdiyi hərbi, siyasi və diplomatik dəstəyin arxasında yalnız geo-siyasi maraqlar, strateji tərəfdaşlıq və Yaxın Şərqdə qüvvələr balansı dayanırmı? Yoxsa bu siyasətin daha dərin, dini-ideoloji qatları da mövcuddur?..

Moderator.az Qətərin “Əl-Cəzirə” kanalının ingilis redaksiyasının 12 noyabr 2026-cı ildə dərc etdiyi Avad Cumanın “Böyük İsrail: Xristian sionizminin ABŞ siyasətindəki rolu” adlı filmində aparılmış araşdırma əsasında bu suallara cavab tapmağa cəhd edib.

Filmdə ABŞ-dakı evangelist-xristian dairələrinin, dini təşkilatların, siyasi lobbi qruplarının və İsraildəki radikal ərazi iddialarını müdafiə edən qüvvələrin əlaqələri təhlil olunur.

Araşdırmanın əsas tezisi budur: Bibliyadakı dini vədlər bəzi siyasi-dini dairələrdə müasir ərazi iddialarının əsaslandırılması üçün istifadə edilir. Beləliklə, dini mətnlərdəki təsəvvürlər kilsə minbərlərindən çıxaraq seçki kampaniyalarına, lobbiçiliyə və beynəlxalq münasibətlərə təsir göstərən siyasi vasitəyə çevrilir.

Material belə başlanır:

“Bir xütbə xəritəyə çevrilir. Xəritə siyasətə, siyasət isə torpaqların ələ keçirilməsinə, insanların evlərindən didərgin salınmasına və sərhədlərin yenidən cızılmasına gətirib çıxarır.

“Böyük İsrail”: Xristian Sionizmi necə dövlət siyasətinə çevrildi?..

Avad Cumanın (Awad Joumaa) rejissorluğu ilə çəkilmiş, “Al Jazeera Originals” platformasının 22 dəqiqəlik bu sənədli filmi əsrlər boyu mövcud olan Bibliya ideyasının İngiltərədəki kiçik və radikal dini təbliğatçıların çıxışlarından ABŞ siyasətinin mərkəzinə qədər necə yol aldığını araşdırır. Film bu ideyanın dini peyğəmbərlik müstəvisindən çıxaraq müasir siyasi gücün mexanizminə necə çevrildiyini izləyir.

Arxiv görüntülərini və süni intellektin köməyi ilə hazırlanmış vizualları birləşdirən film artıq yalnız ilahiyyatçıları və tarixçiləri maraqlandıran bir sualı gündəmə gətirir:

Dini ərazi vizyonu səslər, maliyyə, hərbi infrastruktur və dövlət siyasəti ilə dəstəkləndikdə nələr baş verir?..”

Bəs “Böyük İsrail” ideyası nədir? ABŞ-dakı xristian sionistləri bu məsələdə hansı rolu oynayırlar?..

Bir pastorun dini təbliğatı və milyonlarla tərəfdarın siyasi gücü...

“Əl-Cəzirə”nin diqqət çəkdiyi şəxslərdən biri ABŞ-ın Texas ştatında fəaliyyət göstərən pastor Con Heycidir (John Hagee). O, “İsrail üçün birləşmiş xristianlar” (Christians United for Israel – CUFI) təşkilatının yaradıcısıdır.

Heyci Bibliyadakı vədlərə əsaslanaraq yəhudilərə vəd edilmiş torpaqların coğrafiyasını geniş şəkildə şərh edir. Onun dini baxışında bu, siyasi danışıqların predmeti deyil, Tanrının müəyyən etdiyi dəyişməz hökmdür.

“Əl-Cəzirə”nin sözügeən materialında belə deyilir:

“…Bir moizə, bir xəritə, bir siyasi kurs

ABŞ-ın Texas ştatının San-Antonio şəhərindəki nəhəng kilsələrdən birində pastor Con Heyci xəritəni ucadan oxuyur. Onun sözlərinə görə, Tanrı yəhudi xalqına “müasir Misirin yarısını, İsrailin bütün ərazisini, Livanın hamısını, Suriyanın hamısını, İordaniyanın hamısını, Küveytin hamısını və Səudiyyə Ərəbistanının dörddə üçünü” vəd edib. O, bunu öz dini icmasının qarşısında bəyan edərkən bildirir ki, bu, müzakirə və ya bazarlıq mövzusu deyil.

“Tanrı demir ki, gəlin, bir razılığa gələk. O deyir: razılaşma məhz budur”.

Heyci sıradan, kənarda qalmış bir vaiz deyil. O, ABŞ-ın İsraili dəstəkləyən ən güclü təşkilatlarından birinə çevrilmiş, 10 milyondan artıq üzvü olduğunu iddia edən “İsrail üçün birləşmiş xristianlar” (Christians United for Israel – CUFI) təşkilatının yaradıcısıdır…

Film müqəddəs mətnlərin coğrafi xəritə kimi oxunduğu, həmin coğrafiyanın haqq iddiasına çevrildiyi və bu iddiaların lobbiçilik, seçkilər və siyasi qərarlar vasitəsilə Vaşinqtona daşındığı bir dünyanı araşdırır…”

Bəli, “CUFI” 2020-ci ildə üzvlərinin sayının 10 milyonu keçdiyini bəyan edib. Bu, təşkilatın öz açıqladığı rəqəmdir və müstəqil auditlə təsdiqlənmiş göstərici kimi qəbul edilməməlidir. Ancaq təşkilatın ABŞ-da siyasi fəaliyyəti və Vaşinqtonda İsrailə dəstək istiqamətində apardığı kampaniyalar diqqətəlayiqdir.

Xristian sionizmi adlandırılan dini-siyasi cərəyanın tərəfdarları müasir İsrail dövlətinin yaranmasını Bibliyadakı peyğəmbərliklərin gerçəkləşməsi kimi qəbul edirlər. Bəzi evangelist dairələrdə İsrailin möhkəmlənməsi və Qüds üzərində nəzarətinin qorunması İsa Məsihin ikinci gəlişindən əvvəl baş verməli olan hadisələr zəncirinin tərkib hissəsi sayılır.

Beləliklə, Yaxın Şərqdə müharibə və ərazi məsələləri müəyyən dini qruplar üçün yalnız siyasi problem deyil, həm də dünyanın sonu və xilaskarın qayıdışı ilə əlaqələndirilən teoloji məsələdir...

Armageddon gözləntisi: Sülh istəyənlərlə Qiyamət gözləyənlər eyni cəbhədədirmi?..

Xristian sionizminin ən mübahisəli tərəflərindən biri onun bəzi istiqamətlərində mövcud olan Armageddon və dünyanın sonu ilə bağlı dini təsəvvürlərdir. Bu dünyagörüşünə görə, İsrailin mövcudluğu və möhkəmlənməsi Bibliyadakı peyğəmbərliklərin gerçəkləşməsi üçün vacib şərtlərdən biridir. Bəzi evangelistlər Yaxın Şərqdə baş verən hadisələri İsa Məsihin ikinci gəlişinə aparan proses kimi şərh edirlər…

“Əl-Cəzirə”nin araşdırmasında keçmiş evangelist dairələrdən olan Frenk Şefferin (Frank Schaeffer) fikirlərinə də yer verilir. O, müəyyən dini çevrələrin İsrailə dəstəyinin arxasında məhz bu dini gözləntilərin dayandığını vurğulayır. Burada ciddi ziddiyyət yaranır: siyasətçilər regional sabitlikdən və sülh danışıqlarından danışdıqları halda, bəzi radikal dini çevrələr münaqişələrin daha böyük dini hadisələrə gətirib çıxaracağına inanırlar.

Əlbəttə, bütün evangelistləri belə düşünməkdə ittiham etmək düzgün olmazdı. Xristian sionizmi xristianlığın bütün məzhəblərinin ortaq mövqeyi deyil. Lakin milyonlarla insanın siyasi davranışına təsir göstərən dini təşkilatların hakimiyyətlə əlaqələri ayrıca araşdırılmalıdır…

Vaşinqtonda dini lobbi: İnanc necə siyasi qərara çevrilir?..

ABŞ-da İsrailə dəstəyin mühüm istiqamətlərindən biri lobbiçilikdir. “Əl-Cəzirə”nin OpenSecrets məlumatlarına əsaslanan araşdırmasında göstərilir ki, “CUFI”-nin siyasi fəaliyyət qolu olan “CUFI Action Fund” 2025-ci ildə federal səviyyədə lobbiçiliyə 679 min 410 dollar xərcləyib. Bu məbləğ təşkilatın bütün maliyyə vəsaiti deyil, konkret siyasi fəaliyyət qolunun federal lobbiçilik xərcləridir.

ABŞ Konqresinin Araşdırma Xidməti də “AIPAC” və “CUFI” təşkilatlarının İsrailə təhlükəsizlik yardımını qətiyyətlə dəstəklədiyini qeyd edib.

Digər diqqətçəkən məqam Vaşinqtonda dini təbliğatla siyasi hakimiyyət arasında qurulan əlaqələrdir. “Əl-Cəzirə”nin yazdığına görə, Ralf Drollingerin rəhbərlik etdiyi “Capitol Ministries” təşkilatı Konqres üzvlərinin iştirakı ilə həftəlik Bibliya müzakirələri keçirir və İsrailin müdafiəsinin dini əsaslarını izah edən materiallar yayır…

Beləliklə, dini baxışlar təkcə seçicilərin düşüncəsinə deyil, hakimiyyət daxilindəki müzakirələrə də təsir göstərə bilir.

ABŞ Konqresinin Araşdırma Xidmətinin məlumatına görə, İkinci Dünya müharibəsindən sonra ABŞ İsrailə ümumilikdə 174 milyard dollardan artıq ikitərəfli yardım və raketdən müdafiə maliyyəsi ayırıb. Bu rəqəm 2025-ci ilin mayında yenilənmiş hesabatda göstərilir…

Bununla belə, ABŞ-ın İsrail siyasətini yalnız xristian sionizmi ilə izah etmək olmaz. Konqresin mövqeyi, təhlükəsizlik əməkdaşlığı, hərbi sənaye və regional maraqlar da bu siyasətin mühüm amilləridir. Deməli, söhbət təkcə dini həmrəylikdən yox, onilliklər ərzində formalaşmış siyasi, hərbi və iqtisadi münasibətlər sistemindən gedir.

“Nil çayından Fəratadək”: "Böyük İsrail" xəritəsi haradan yaranıb?..

Məsələnin ən həssas tərəfi ərazi iddialarıdır. Bibliyanın “Yaradılış” kitabının 15-ci fəslində İbrahim peyğəmbərin nəslinə Misir çayından böyük Fərat çayınadək uzanan torpaqların vəd edilməsi barədə ifadə var. Bəzi xristian sionistləri və İsraildəki radikal millətçi dairələr bu dini mətni müasir siyasi-coğrafi iddiaların əsaslandırılması kimi şərh edirlər.

Burada mühüm fərqi qeyd etmək lazımdır: Bibliyadakı dini təsvir İsrail dövlətinin rəsmi ərazi proqramı demək deyil. İsrail cəmiyyətində və siyasi elitasında da bu məsələyə münasibət eyni deyil.

Mövzunun ən diqqətçəkən məqamlarından biri ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin (Mike Huckabee) 2026-cı ilin fevralında jurnalist Taker Karlsonla müsahibəsidir. Karlson Bibliyadakı Fəratdan Nilədək uzanan ərazi barədə ifadəni xatırladaraq İsrailin həmin torpaqların hamısına sahib olmaq hüququnun olub-olmadığını soruşur.

Hakabinin cavabı belə olur:

“It would be fine if they took it all.”

Yəni: “Hamısını götürsələr, problem olmazdı…”

Söhbət adi bir pastorun dini moizəsindən yox, ABŞ-ın İsraildəki səfirinin açıqlamasından gedir.

Lakin Hakabi sonradan sözlərinin kontekstdən çıxarıldığını, İsrailin qonşu dövlətləri ələ keçirmək niyyətində olmadığını bildirib. ABŞ səfirliyi də bu açıqlamanın Vaşinqtonun rəsmi siyasətində dəyişiklik anlamına gəlmədiyini bəyan edib.

Buna baxmayaraq, belə bir fikrin səsləndirilməsi ərəb və müsəlman ölkələrində ciddi narazılıq doğurub.

Səfirin şəxsi açıqlamasını ABŞ-ın rəsmi ərazi planı kimi təqdim etmək düzgün olmazdı. Ancaq onun dini baxışlarla diplomatik vəzifə arasındakı sərhədi nə dərəcədə qoruduğu barədə ciddi suallar yaranır…

Radikal ərazi ideologiyaları və İsrail siyasəti…

“Əl-Cəzirə”nin araşdırmasında diqqət çəkilən başqa bir məqam İsrailin ilk illərinə və sonrakı radikal siyasi cərəyanlara gedib çıxır. Araşdırmada İsrailin ilk baş naziri David Ben-Qurionun daha geniş İsrail təsəvvürləri barədə tarixi fikirlərinə, müasir İsraildəki radikal məskunlaşma hərəkatının nümayəndəsi Daniella Vaysın açıqlamalarına yer verilir. 

İsrailin maliyyə naziri, ifrat sağçı siyasətçi Bezalel Smotriç də dini mətnlərə əsaslanan ərazi genişlənməsi ideyalarını dəfələrlə gündəmə gətirib. 2017-ci ildə onun təqdim etdiyi “Həlledici plan”da Fələstin münaqişəsinin iki dövlətli həll yolu ilə deyil, İsrail suverenliyinin bütün əraziyə yayılması ilə başa çatdırılması ideyası irəli sürülürdü. Bu yanaşma artıq təkcə dini müzakirə deyil, konkret siyasi proqram səviyyəsində çıxış edir…

Ancaq ayrı-ayrı siyasətçilərin fikirlərini İsrail dövlətinin vahid və rəsmi proqramı kimi təqdim etmək olmaz…

Suriya və Livan: Təhlükəsizlik zolağı, yoxsa ərazi nəzarəti?..

Suriyada Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan sonra İsrail ordusu 1974-cü il razılaşması ilə yaradılmış bufer zonaya daxil olub. “Əl-Cəzirə”nin 2026-cı il araşdırmasına görə, İsrailin nəzarətinə keçən Suriya ərazilərinin miqyası təxminən 400 kvadratkilometrə çatıb.

İsrail hərbi mövcudluğunu təhlükəsizlik və müdafiə zərurəti ilə izah edir. Lakin burada əsas sual yaranır: müvəqqəti təhlükəsizlik tədbiri nə zaman uzunmüddətli ərazi nəzarətinə çevrilir? 1967-ci ildə işğal edilən Colan təpələri bunun nümunəsidir. İsrail 1981-ci ildə həmin əraziyə öz qanunlarını şamil etsə də, bu ilhaq beynəlxalq səviyyədə tanınmayıb. BMT Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsi İsrailin bu addımını etibarsız elan edib…

Livanın cənubunda da oxşar narahatlıqlar mövcuddur. İsrail 1982-ci ildə Livana müdaxilə edib və ölkənin cənubunda 2000-ci ilədək hərbi mövcudluğunu saxlayıb. Sonrakı hərbi qarşıdurmalar nəticəsində yaşayış məntəqələri dağılıb, mülki əhali evlərini tərk etmək məcburiyyətində qalıb.

Bu proseslərin hamısını birbaşa “Böyük İsrail” planının həyata keçirilməsi kimi qiymətləndirmək üçün kifayət qədər sübut yoxdur. Lakin regionda ərazi nəzarəti və genişlənmə ilə bağlı ideologiyaların faktiki hərbi-siyasi proseslərlə əlaqəsi ciddi araşdırma tələb edir.

İraqın parçalanması: 1982-ci ilin sənədində nə yazılmışdı?..

“Böyük İsrail” ideyasının müzakirəsində İraq məsələsi də diqqət çəkir.

1982-ci ildə Oded Yinon adlı müəllif “1980-ci illərdə İsrail üçün strategiya” adlı məqalə dərc etdirib. Yazı Dünya Sionist Təşkilatının “Kivunim” jurnalında yayımlanıb. Yazıda İraqın şiə, sünni və kürd siyasi vahidlərinə parçalanmasının İsrailin strateji maraqlarına uyğun ola biləcəyi fikri irəli sürülürdü. Bu sənəd sonrakı illərdə Yaxın Şərqin parçalanması və İsrailin regional üstünlüyü barədə müzakirələrdə tez-tez xatırlanıb.

1996-cı ildə isə “A Clean Break: A New Strategy for Securing the Realm” (“Radikal dönüş: dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün Yeni Strategiya”) adlı siyasi sənəd hazırlanıb. Sənəd İsrailin o zamankı baş naziri Benyamin Netanyahu üçün nəzərdə tutulmuşdu. Onun hazırlanmasında Riçard Perle, Duqlas Feyt və Devid Vurmserin də olduğu strateji müzakirə qrupu iştirak edib.

Sənəddə Səddam Hüseyn hakimiyyətinin devrilməsi və İsrailin təhlükəsizlik strategiyasının yenidən qurulması kimi təkliflər yer alırdı. Bu sənədlərin mövcudluğu müəyyən strateji dairələrdə Yaxın Şərqin siyasi xəritəsinin dəyişdirilməsi barədə düşüncələrin olduğunu göstərir. Lakin 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsinin məhz “Böyük İsrail” planını həyata keçirmək məqsədi daşıdığını təsdiqləyən etibarlı sübut yoxdur…

Xristian sionizminin 4 əsrlik tarixi…

Xristian sionizminin kökləri müasir İsrail dövlətinin yaranmasından xeyli əvvələ gedib çıxır. XVII əsrdə İngiltərədə bəzi puritan din xadimləri yəhudilərin Fələstinə qayıtmasının İsa Məsihin ikinci gəlişindən əvvəl baş verməli olduğuna inanırdılar. 1891-ci ildə metodist din xadimi Uilyam Yucin Blekstoun ABŞ prezidenti Benjamin Harrisona Fələstinin yəhudilərə qaytarılması barədə petisiya təqdim etmişdi.

XX əsrin ikinci yarısında pastor Cerri Foluell kimi evangelist liderlər İsrailə dəstəyi Amerika mühafizəkar siyasi hərəkatının əsas istiqamətlərindən birinə çevirməyə çalışdılar. Beləliklə, İsrailə dəstək müəyyən dini dairələr üçün təkcə xarici siyasət seçimi deyil, həm də dini kimliyin və siyasi sədaqətin göstəricisinə çevrildi…

Trampın şəxsi dini baxışları və  xristian sionistlərlə siyasi ittifaqı...

ABŞ-ın hazırkı prezidenti Donald Tramp özünü xristian, protestant ənənəsinə bağlı şəxs kimi təqdim edir. Lakin onun Bibliya peyğəmbərliklərinə, İsrailin müqəddəs torpaq kimi dini statusuna və İsanın ikinci gəlişi ilə bağlı xristian sionist teologiyasına inandığını təsdiqləyən aydın sübut yoxdur...

Lakin Trampın siyasətində bxristian sionistlərlə siyasi ittifaqın konkret nümunələri var:

2017: Qüdsü İsrailin paytaxtı kimi tanıdı və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi prosesini başlatdı.

2018: İranla nüvə sazişindən çıxdı. Bu addım xristian sionist dairələrin əsas siyasi tələblərindən biri ilə üst-üstə düşürdü.

2020: İsrailin işğal altındakı ərazilərlə bağlı mövqeyini dəstəkləyən Yaxın Şərq planını açıqladı.

2024–2025: Xristian sionist baxışları ilə tanınan Mayk Hakabini İsrailə səfir, Pit Heqseti isə müdafiə naziri vəzifəsinə namizəd göstərdi.

Bu siyasət və təyinatlar barədə "NPR" və "Oksford" akademik mənbələrində geniş təhlillər mövcuddur... 

ABŞ cəmiyyətində İsrailə münasibət dəyişirmi?..

“Pew Research Center”-in 7 aprel 2026-cı ildə dərc etdiyi sorğunun nəticələrinə görə, amerikalıların 60 faizi İsrailə mənfi münasibət bəsləyir, 37 faizi isə müsbət münasibət bildirir.Müqayisə üçün, 2022-ci ildə İsrailə mənfi münasibət bildirənlərin payı 42 faiz idi.

Sorğu 23–29 mart 2026-cı il tarixlərində 3 507 nəfər arasında keçirilib.

Bu dəyişiklik xüsusilə gənc amerikalılar arasında nəzərə çarpır. Digər tərəfdən, ABŞ-da ağ evangelist protestantların İsrailə dəstəyi hələ də yüksəkdir. 

Beləliklə, ABŞ cəmiyyətində iki fərqli tendensiya müşahidə olunur: bir tərəfdən İsrailə mənfi münasibət artır, digər tərəfdən isə onun ənənəvi dini-siyasi tərəfdarları mövqelərini qoruyurlar. Bu isə mühüm siyasi sual yaradır: ABŞ-da ictimai rəy dəyişdiyi halda Vaşinqtonun İsrailə ənənəvi dəstək siyasəti nə qədər müddət əvvəlki kimi qala biləcək?..

Fələstin torpaqlarında baş verənlər: Beynəlxalq hüquq nə deyir?..

Fələstin məsələsi “Böyük İsrail” ideyası ilə bağlı müzakirələrin mərkəzində dayanır. İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin genişləndirilməsi, torpaqların müsadirəsi, evlərin sökülməsi və fələstinlilərin məcburi köçürülməsi beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olur.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) 8 sentyabr 2026-cı ildə yayımladığı hesabatda 2026-cı ilin əvvəlindən avqustun sonunadək İordan çayının qərb sahilində 3 960-dan çox fələstinlinin evlərin sökülməsi, köçürülmə, məskunlaşanların hücumları və əlaqəli hərəkət məhdudiyyətləri nəticəsində didərgin düşdüyü bildirilir.

Bu, təkcə statistik rəqəm deyil. Söhbət öz evindən, torpağından, dolanışıq imkanlarından məhrum edilən minlərlə insandan gedir.

BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsi İsrailin işğal altında saxladığı Fələstin ərazilərində yaşayış məntəqələrinin yaradılmasının beynəlxalq hüquqa zidd olduğunu bir daha təsdiqləyib. Beynəlxalq Ədalət Məhkəməsi də 2024-cü ilin iyulunda verdiyi məşvərətçi rəyində İsrailin işğal olunmuş Fələstin ərazilərində davam edən mövcudluğunun qanunsuz olduğu qənaətinə gəlib…

Deməli, məsələ yalnız dini və siyasi mübahisə deyil. Burada beynəlxalq hüququn fundamental prinsipləri – ərazi bütövlüyü, suverenlik və xalqların öz müqəddəratını təyin etmək hüququ da gündəmə gəlir…

Son söz əvəzi: Siyasət peyğəmbərliklə idarə olunarsa...

Yaxın Şərqdə baş verənləri yalnız dini amillərlə izah etmək düzgün olmazdı. Neft, qaz, hərbi bazalar, dəniz yolları, İran amili, ABŞ-ın regional maraqları və böyük dövlətlər arasında rəqabət də hadisələrin əsas səbəblərindəndir. Ancaq dini ideologiyanın siyasi qərarların qəbuluna təsirini də görməzdən gəlmək olmaz…

Əgər hansısa siyasi dairə ərazi genişlənməsini müqəddəs missiya kimi təqdim edirsə, kompromisi dini baxımdan qəbuledilməz sayırsa, müharibəni isə peyğəmbərliyin gerçəkləşməsi kimi gözləyirsə, diplomatiyanın imkanları daha da məhdudlaşır.

Dövlətlərin sərhədləri dini mətnlərdəki qədim coğrafi təsvirlərə əsasən dəyişdirilə bilməz. Müasir beynəlxalq münasibətlərdə ərazi bütövlüyü, suverenlik, beynəlxalq hüquq və xalqların öz müqəddəratını təyin etmək hüququ əsas prinsiplər olmalıdır...

Azərbaycan üçün də bu məsələnin xüsusi əhəmiyyəti var. Çünki  torpaqlarının 20 faizi 30 ilə yaxın Rusiyanın dəstək verdiyi Ermənistanın işğalı altında qalmış və nəhayət, 2020-2023-cü illərdə apardığı qətiyyətli hərbi-siyasi mübarizə sayəsində bu işğala son qoymuş ölkəmiz ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipini fundamental dövlət maraqlarından biri hesab edir. Bu baxımdan, Yaxın Şərqdə dini şüarlar altında səsləndirilən ərazi iddialarına biganə yanaşmaq olmaz…

Bir sual isə açıq qalır: XXI əsrdə dünya dövlətləri sərhədləri beynəlxalq hüquqla müəyyən etməlidir, yoxsa ayrı-ayrı dini-siyasi qrupların əsrlər əvvəlki müqəddəs torpaq təsəvvürləri ilə?Çünki dini inancın siyasi məqsədlərə alət edildiyi yerdə ən ağır bədəli çox vaxt həmin torpaqlarda yaşayan adi insanlar ödəyirlər…

Hazırladı:

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri