Böyük oyun və xaos: Suriya, Yəmən, İran Eyni ssenari
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaxın Şərq yenidən alovlanır. Daha doğrusu, bölgədə uzun müddətdir közərən münaqişə ocaqlarının üzərinə bu dəfə məqsədli şəkildə benzin tökülür. Son proseslər göstərir ki, regionda baş verənlər spontan hadisələr zənciri deyil, getdikcə daha çox idarəolunan, planlı və çoxmərhələli xaos modelinə uyğun inkişaf edir. Böyük güclər və regional aktorlar bu xaosdan alət kimi istifadə edərək öz geosiyasi, hərbi və strateji maraqlarını reallaşdırmağa çalışırlar.
Suriyada vəziyyətin yenidən kəskinləşməsi Yaxın Şərq mozaikasında ən təhlükəli mərhələnin başladığını göstərir. Bir tərəfdən Britaniya və Fransanın İŞİD mövqelərinə hava zərbələri, digər tərəfdən İsrailin Qəzza ilə paralel olaraq Suriya ərazisini intensiv bombardman etməsi bölgəni yeni münaqişə spiralına sürükləyir. İsrail ordusunun Suriyanın cənubunda irəliləməsi isə faktiki olaraq bu ölkənin suverenliyini daha da zəiflədir və parçalanma riskini dərinləşdirir.
Eyni zamanda Suriya daxilində yeni qarşıdurma xətti açılıb. Hələbdə Suriya hökumət qüvvələri ilə SDQ/PKK/YPG arasında münasibətlər açıq silahlı toqquşma mərhələsinə keçib. Yanvarın 7-dən etibarən Suriya ordusunun Hələbin şimalındakı Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində hərbi əməliyyatlara başlaması, mülki əhalinin təxliyəsi və davam edən qanlı qarşıdurmalar göstərir ki, “dondurulmuş münaqişə” mərhələsi artıq bitib.
Dəməşqin açıqlamaları da bunu təsdiqləyir. Rəsmi mövqeyə görə, 10 mart razılaşmasına baxmayaraq PKK/YPG/SDG-nin Suriya ərazisinə inteqrasiya etməməsi, mülki yaşayış məntəqələrinə və ordu bölmələrinə hücumları hökumətin səbrini tükəndirib. Bu isə Suriyada yeni və daha sərt mərhələnin başlanğıcı deməkdir.
Türkiyə faktoru: əsas narahatlıq mənbəyi
Suriyanın yenidən qaynar qazana çevrilməsinin əsas səbəblərindən biri Türkiyə faktorudur. Ankara son illərdə Yaxın Şərqdə yalnız regional deyil, qlobal miqyasda təsir imkanlarını genişləndirib. İsrail başda olmaqla bəzi ərəb ölkələri və qeyri-regional güclər Türkiyənin Suriyada mövqelərinin möhkəmlənməsini ciddi təhlükə kimi qiymətləndirirlər.
Xüsusilə Ankaranın Suriyada hərbi mövcudluğu, bazalar qurması və hava hücumundan müdafiə sistemləri yerləşdirməsi İsrail üçün strateji risk yaradır. Tel-Əviv hesab edir ki, Türkiyənin Suriyada HHM imkanları İrana qarşı ehtimal olunan hava hücumlarını çətinləşdirə, hətta zərərsizləşdirə bilər. Bu isə İsrailin regional hərbi manevr imkanlarını məhdudlaşdırır.
Bundan əlavə, Ankara-Tehran yaxınlaşması da bölgədə bəzi mərkəzləri ciddi şəkildə narahat edir. Türkiyənin artan nüfuzunun qarşısını almaq, onu Suriyada və ümumilikdə Yaxın Şərqdə zəiflətmək üçün müxtəlif təzyiq mexanizmləri işə salınır.
İsrailin çoxvektorlu strategiyası: hərb və diplomatiya paralel gedir
İsrail son dövrlər bölgədə həm hərbi, həm də diplomatik aktivliyini nəzərəçarpacaq dərəcədə artırıb. Bir tərəfdən hava zərbələri və güc tətbiqi ilə potensial təhlükə gördüyü qüvvələri sıradan çıxarmağa çalışır, digər tərəfdən diplomatik kanallarla Livan və bəzi ərəb ölkələri ilə münasibətləri dərinləşdirərək regional mövqelərini möhkəmləndirir.
İsraillə Dəməşq arasında mümkün razılaşmaların gündəmə gəlməsi də bu strategiyanın tərkib hissəsidir. Tel-Əviv bölgədə yalnız silah gücü ilə deyil, siyasi kombinasiya və razılaşmalarla da oyun qurmağa çalışır.
Yəmən cəbhəsi: Səudiyyə-BƏƏ qarşıdurması açıq fazada
Yəməndə isə diqqət mərkəzində artıq təkcə husilər deyil. Son proseslər göstərir ki, ölkənin cənubunda Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dolayı müharibə açıq mərhələyə keçib. BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurası ilə Səudiyyənin rəhbərlik etdiyi Ərəb Koalisiyası arasında baş verən qanlı toqquşmalar regionda güc balansının dəyişdiyini göstərir.
Ər-Riyadın BƏƏ-yə nota verərək qoşunlarını Yəməndən çıxarmağı tələb etməsi, ardınca STC-yə məxsus bazaların bombalanması və Aydarus əz-Zubeydinin bölgəni tərk etməsi faktiki olaraq BƏƏ-nin Yəməndəki təsir imkanlarının hədəfə alındığını göstərir. Zubeydinin Prezident Şurasından çıxarılması isə bu prosesin siyasi təsdiqidir.
İran: daxili böhran və təhlükəsizlik riski
İranda isə sosial-iqtisadi böhran yeni təhlükəli mərhələyə daxil olub. Milli valyutanın sürətlə dəyər itirməsi, inflyasiya və həyat səviyyəsinin aşağı düşməsi genişmiqyaslı etirazlara səbəb olub. Paralel olaraq hökumət qüvvələri ilə kürd silahlı dəstələri arasında toqquşmalar ölkənin təhlükəsizlik mühitini daha da gərginləşdirir. Bu vəziyyət İranın regional manevr imkanlarını zəiflətməklə yanaşı, xarici təzyiqlər üçün də münbit zəmin yaradır.
İdarəolunan xaos təhlükəli həddi keçir
Mövcud mənzərə açıq şəkildə göstərir ki, Yaxın Şərqdə baş verənlər təsadüfi proseslər deyil. ABŞ, İsrail və digər maraqlı güclər xaosu dərinləşdirməklə öz strateji planlarını irəli aparmağa çalışırlar. Lakin bu yanaşma qısamüddətli siyasi dividentlər versə də, uzunmüddətli perspektivdə bölgənin təhlükəsizlik arxitekturasını dağıdır.
İdarəolunan xaos nəzarətdən çıxdığı anda isə Yaxın Şərq üçün bu, nəzarətsiz müharibələr, dövlətlərin parçalanması və yeni radikal dalğalar deməkdir. Region hazırda məhz bu təhlükəli sərhəddə dayanıb. Burada atılacaq növbəti addımlar yalnız Yaxın Şərqin deyil, qlobal təhlükəsizlik sisteminin də taleyini müəyyən edəcək.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 08 Yanvar 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















