BÖYÜK QAYIDIŞIN reallalıqları: Qarabağ və Şərqi Zəngəzur dirçəlir!
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev: "Mən "Böyük Qayıdış"ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır"
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı azad etməsi Zəfər tariximizi yazdı, həm də bu qələbə beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi idi. BMT Təhlükəsizlik Şurasının on illərlə kağız üzərində qalmış qətnamələrini Azərbaycan icra etmiş oldu. İllərlə görülən işlər, həyata keçirilən tədbirlər artıq öz sözünü demişdir. 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının müntəzəm xarakter alması İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevdən "Hücum!" əmrini alan Azərbaycan Ordusu qələbə əzmi ilə irəlilədi. 200 ildən çox davam edən etnik təmizləmə, soyqırımı siyasətini həyata keçirmiş, xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş insanların qisası döyüş meydanında alındı. Hər gün müharibənin getdiyi ağır döyüşlərin nəticəsində qələbə soraqları alırdıq: işğaldan adad olunan kənd, qəsəbə və şəhərlər.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı və bu mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. İmzalanmış üçtərəfli Bəyanatla ölkəmizin qazandığı tarixi Qələbə bir daha təsdiqini tapdı. Ermənistan məğlubiyyət sənədinə imza ataraq, qısa zaman kəsiyində digər şəhər və rayonlarımızdan çıxması barədə öhdəlik götürdü. Beləliklə, uzun illər işğal altında qalan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana təhvil verildi.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması, münaqişənin bitməsi xalqımızın tarixinə qızıl hərflərlə Zəfərimizi yazdı. Xalqımızın Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyi, milli birliyi, vahid amal uğrunda birləşməsi nəticəsində 44 günlük Vətən müharibəsində 30 il ərzində silahlanmış, istehkamlar qurmuş düşmən üzərində Qələbəmizə nail olduq. Bu Qələbə xalqımızın əzmini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi və sübut etdi ki, Azərbaycan xalqı qələbəni döyüş meydanında əldə etdi.
"Dəmir yumruğ"un gücünü görmüş ermənilər Azərbaycan ordusunun gücünə, Ali Baş Komandanın siyasi gücünə, iradəsinə yaxşı bələddirlər. Azərbaycan Ordusunun Qarabağda başlatdığı 2023-cü ilin 19 sentyabr tarixindəki lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması növbəti qələbəmiz oldu. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Azərbaycan antiterror tədbirləri nəticəsində konstitusion quruluşunu bərpa etdi.
İndi artıq müharibədən beş ilə yaxın zaman ötür və Zəfər qazanmış Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru dirçəldir, həyat yenidən qaynayır.
"BİZ BİRİNCİ DÖRD İLDƏ DAHA ÇOX İNFRASTRUKTUR LAYİHƏLƏRİ İLƏ MƏŞĞUL İDİK"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Ona ünvanlanan sualları cavablandırarkən bildirdiyi kimi, "Hər şey göz önündədir - qayıdan insanların sayı getdikcə artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik, bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkə ilə artıq təmin edilib, Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 meqavat gücündə su elektrik stansiyaları enerji istehsal edir və bu enerji Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir. Çünki bu gün Qarabağda o qədər adam yaşamır ki, bu qədər elektrik enerjisi lazım olsun".
Artıq Füzuli yolunda 7 tunel inşa edilib. Tunellərin ümumi uzunluğu 80 kilometrdir. Ən uzun tunel isə yaxıın aylarda hazır olacaq. "Murov dağının altındakı tunelin uzunluğu, - təkcə bir tunelin uzunluğu, - 11 min 700 metrdir. Yəni bu, dünya miqyasında ən uzun tunellərdən biridir. Dəmir yolu çəkilib. İndi Ağdama qatarla rahat getmək mümkün olacaq. Ağdam-Xankəndi dəmir yolunun təməlini mən bu yaxınlarda qoymuşam. Xankəndi-Şuşa kanat yolunun da tikintisi yəqin ki, yaxın zamanlarda başlayacaq və çox mənzərəli bir vasitə olacaq. Eyni zamanda, bunun funksional tərəfi də çox önəmlidir - hər yerdə inşaat-quruculuq işləri, xəstəxanalar, evlər, yaşayış binaları", - deyə Azərbaycan Prezidenti bildirib.
"XANKƏNDİDƏ QARABAĞ UNİVERSİTETİNDƏ 1500 TƏLƏBƏ OXUYUR, 300 MÜƏLLİM ONLARA DƏRS DEYİR"
Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və s. məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirildi.
Prezident İlham Əliyevin "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncamına əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradıldı. Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.
Möhtərəm Prezidentimiz tərəfindən yaradılan Qarabağ Universiteti işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlayan ilk ali təhsil ocağımızdır. Bu universitet doğma Qarabağda tarixən mövcud olmuş ali təhsil ənənələrinin bərpasını həyata keçirir. Gənclərin mükəmməl təhsil alması, zəruri tədqiqat bacarıqlarına yiyələnməsi, onların müasir tələblərə cavab verən peşəkar mütəxəssis, Vətəninə, xalqına, dövlətinə sadiq vətəndaş kimi yetişmələri üçün universitetdə yaradılan imkanlar ürəkaçandır. Burada dünyanın qabaqcıl universitetlərinin müsbət təcrübəsi əsasında qurulan ən müasir ali təhsil modeli tətbiq olunur. "Xankəndidə Qarabağ Universitetində 1500 tələbə oxuyur, 300 müəllim onlara dərs deyir. Yəni, bütün bunlar bilirsiniz, necə deyim, bizə bir möcüzə kimi gəlir, o cümlədən mənə. Halbuki yəni, sirr deyil ki, bütün bu qərarların verilməsində mənim iştirakım olub. Amma qısa müddət ərzində bu qədər böyük işin görülməsi bu gün bir daha göstərir ki, bizim nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, o cümlədən buraya səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda, pul məsələsində deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil. Bir xüsusi əlaməti də diqqətinizə çatdırım, yəqin ki, siz də bunu yaxşı bilirsiniz. Burada işləyənlərin hamısı çox böyük həvəslə işləyir, - yəni, təbii ki, burada şirkətlər, dövlət qurumları işləyir, - burada işləmək insanlara xüsusi zövq verir", - deyə Azərbaycan Prezidenti bildirib.
"ARTIQ KEÇMİŞ KÖÇKÜNLƏRİN YAŞADIQLARI YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN SAYI 18-Ə ÇATIB"
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərimiz dağıdılmış, tarixi dini mədəniyyət ocaqlarımız xarabazarlığa çevrilmişdir. İşğal altında yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalareyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib. Bu gün 30 ilə yaxın işğal altında olan torpaqlarımızda abadlıq-quruculuq işləri vüsət alıb.
Şərqi Zəngəzur və Qarabağa Böyük Qayıdış uğurla həyata keçirilir. Demək olar ki, əzəli torpaqlarımız hər gün bir köç karanını qarşılayır. Xalqımızın Ümummili Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin yenilməz qətiyyəti, yürütdüyü güclü daxili və xarici siyasəti, qəbul etdiyi qərarlar, sərgilədiyi diplomatik gedişlər Azərbaycan xalqının tarixinə Zəfər sözünü yazdı. O Zəfəri ki, illərlə öz doğma yurdundan didərgin düşmüş insanları yurd yerlərinə qovuşdurdu. Tarixi torpaqlarımıza sahib olduq. Dünyada qalib xalq kimi adımız hallandı. Münaqişənin sülh yolu ilə həll edilmədiyi halda, hərb yolu ilə torpaqlarımız işğaldan azad olundu. Bu tarixi ədalətimiz idi. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü. Artıq biz Qarabağa və Şərqi Zəngəzura qayıtmışıq. Daşlaşmış yaddaşda tariximiz var, keçmişimiz, mədəniyyətimiz var. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, işğaldan azad olunan ərazilər yenidən dirçəlir və yeni bir inkişaf, abadlıq və quruculuq dövrünə qədəm qoyub. "Biz infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək", - deyə Prezident bildirib. Bu günlərdə bildiyimiz ki, Xocalı rayonunun iki kəndinə insanlar qayıdıb. Dövlət başçımızın qeyd etdiyi kimi, artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb: "Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik. Ona görə "Böyük Qayıdış" Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Mən "Böyük Qayıdış"ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük".
Zümrüd BAYRAMOVA


