BTQ Fransadakı proseslərdən narahatdır
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransa hakimiyyəti fundamental hüquqlara tam hörmət göstərilməsinə çağırılıb
Bakı Təşəbbüs Qrupu (BTQ) fəaliyyət göstərdiyi ötən dövr ərzində unudulmuş kolonializm və neokolonializm problemlərini yenidən gündəmə gətirib, dekolonizasiya prosesinin əsas hərəkətverici platformasına çevrilib. Bu xüsusda müstəqillik uğrunda legitim mübarizə aparan tərəflərə dəstək verilib, kolonizə edilmiş xalqların azadlığı istiqamətində ardıcıl və nəticəyönümlü fəaliyyət göstərilib. Nəticədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsi qlobal gündəmə daşınıb, nüfuzlu beynəlxalq platformalarda müzakirə edilib. BTQ-nin ardıcıl və məqsədyönlü fəaliyyəti bu məsələlərin müvafiq mərkəzi hökumətlər səviyyəsində də diqqət mərkəzinə gətirilməsinə töhfə verib. Bu baxımdan Fransada Korsikanın muxtariyyət statusu ətrafında müzakirələrin aktivləşməsi, Yeni Kaledoniyanın gələcək statusu ilə bağlı proseslərin yeni fazaya daxil olması, kolonial idarəçilikdən miras qalmış və “köləlik qanunu” kimi xarakterizə edilən hüquqi mexanizmlərin ləğv edilməsi, keçmiş müstəmləkələrdən oğurlanmış mədəni irsin geri qaytarılması hallarının çoxalması, habelə digər dənizaşırı ərazilərin hüquqi-siyasi vəziyyətinə dair müzakirələrin yenidən gündəmə gəlməsi mühüm irəliləyişlər kimi qeyd oluna bilər.
BTQ Fransada lisey şagirdlərinin aksiyalarını diqqətlə izləyir
Təsadüfi deyil ki, Azərbaycan dünyada kolonializmə qarşı mübarizənin mərkəzi, baş qərargahı kimi tanınır və müstəmləkəçilikdən əziyyət çəkən ərazilər ölkəmizə ümid yeri kimi baxır. Fəaliyyət göstərdiyi dövr ərzində BTQ tərəfindən 40-dan çox beynəlxalq konfrans təşkil edilib, bunlardan bəziləri BMT-nin müxtəlif qərargahlarında keçirilib. Eyni zamanda, 50-dən çox nəşr hazırlanıb, eləcə də əməkdaşlıq memorandumları imzalanıb. Bu dövr ərzində BTQ 25-dən çox ölkə və Dənizaşırı ərazi ilə sıx əməkdaşlıq əlaqələri qurub.
Bundan əlavə, BTQ Fransada lisey şagirdlərinin və gənclərin davam edən ümummilli səfərbərliyini, habelə etirazçıların ağır xəsarətlər almalarını, çoxsaylı saxlanılma halları və təhlükəli xüsusi vasitələrin tətbiqi ilə bağlı məlumatları ciddi narahatlıqla izləyir. Buna görə də, Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat da yayıb. Bəyanatda qeyd olunub ki, Kretey şəhərində başlayan və sonradan bütün Fransa ərazisinə yayılan hərəkat ilkin olaraq keyfiyyətli təhsil hüququ ilə bilavasitə bağlı problemlər - müəllim və digər təhsil işçilərinin çatışmazlığı, məktəb infrastrukturunun yararsız vəziyyəti, həddindən artıq dərs yükü və ali təhsil müəssisələrinə qəbul sisteminin ayrı-ayrı aspektlərindən narazılıq fonunda meydana çıxıb. Sonradan bu narazılıqlar lisey və universitet tələbələrinin, müəllimlərin, valideynlərin və həmkarlar ittifaqlarının iştirakı ilə ümummilli gənclər hərəkatına çevrilib.
Azyaşlılara ağır xəsarətlərin yetirilməsi yolverilməzdir
Hadisələrin miqyası xüsusi diqqət tələb edir. Oktyabrın 8-nə olan məlumata görə, Fransanın daxili işlər naziri 6600-dən çox şəxsin saxlanıldığını, 215 şagirdin və 89 təhsil işçisinin xəsarət aldığını bildirib. Xüsusilə narahatedici məqamlardan biri azyaşlıların ağır xəsarətlər almaları ilə bağlı hallardır. Lans şəhərində 15 yaşlı şagird etirazlar zamanı tətbiq olunan səs qumbarasının partlaması nəticəsində əlini itirib.
BTQ hesab edir ki, təhsil hüququ, ifadə və dinc toplaşmaq azadlığı, eləcə də uşaqların və gənclərin zərurət olmadan, yaxud qeyri-mütənasib güc tətbiqindən müdafiəsi universal prinsiplərdir. Bu prinsiplərə selektiv yanaşma və ikili standartlar olmadan riayət edilməlidir. Keyfiyyətli təhsilə çıxış, həmçinin həqiqi dekolonizasiya prosesinin əsas sütunlarından biridir. Təhsil struktur bərabərsizliklərini aradan qaldırmağa, öz kimliyini qorumağa, dayanıqlı və özünəyetərli institutlar qurmağa imkan verir.
BTQ Fransa hakimiyyətini nümayişlər zamanı hüquq-mühafizə tədbirlərinin zərurilik, mütənasiblik və hesabatlılıq prinsiplərinə ciddi şəkildə uyğun həyata keçirilməsini təmin etməyə, azyaşlıların və gənclərin öz fikirlərini dinc şəkildə ifadə etmək və toplaşmaq hüquqlarına təminat verməyə, ağır xəsarətlərlə nəticələnən halların səmərəli araşdırılmasını təmin etməyə, şagirdlər, müəllimlər və onların nümayəndə təşkilatları ilə substantiv dialoq aparmağa çağırıb. Fransa insan hüquqlarının, demokratik azadlıqların və insan ləyaqətinin qorunmasını daxili və xarici siyasətinin fundamental prinsipləri kimi müdafiə etdiyini iddia edir. Bu prinsiplərin ardıcıl tətbiqi, ilk növbədə, ölkə daxilindən başlamalıdır. İnsan hüquqları selektiv şəkildə müdafiə oluna bilməz və səsini eşitdirməyə çalışan gənclərə, ilk növbədə, təhlükəsizlik problemi kimi deyil, hüquq daşıyıcıları kimi yanaşılmalıdır.
Bakı Təşəbbüs Qrupu bəyan edib ki, hadisələrin inkişafını yaxından izləməkdə davam edəcək və Fransa hakimiyyətini dialoqa, təmkinə, habelə fundamental hüquqlara tam hörmət göstərilməsinə çağırıb.
Nardar BAYRAMLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Oktyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















