Icma.az
close
up
RU
Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim... Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim... Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Nəriman Əbdülrəhmanlının “Bir kompozisiyanın tarixçəsi” yazısını təqdim edir.


Təxminən əlli il əvvəl Tacir Şahmalıoğlunun ifasında səslənən, bir neçə il qabaq Kənan Bayramlının yenidən can verdiyi məşhur “Bayatı-Şiraz” kompozisiyası kimləri heyrətləndirməyib?..
Hər iki ifa dövlət tədbirlərinin şah nömrəsinə çevrilib, hətta Kənan Bayramlının ifası qardaş Türkiyədə “dünyanın ən güclü uşaq səsi” adlandırılıb…
Bəs, o kompozisiya necə yaranıb?
Bu yaxınlarda sosial şəbəkələrdə müğənni Tacir Şahmalıoğlunun improvizə müəllifliyi ilə bağlı iddiasına 70-ci illərin əvvəllərində yaradılmış “Qarabağ bülbülləri” ansamblının rəhbəri Murad Rzayevin cavabı məni kiçik bir araşdırma aparmağa sövq elədi, nəticədə bir deyil, iki həqiqəti aydınlaşdırdım.
Əvvəlcə vikipedik bilgilərə əsasən, ərz eləyim ki, “Bayatı-Şiraz” Azərbaycan musiqisində yeddi laddan (məqamdan), əsas muğam dəstgahından biridir, “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi-fəraz”, “Bayatı-İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir. Üzeyir Hacıbəyov “Bayatı-Şiraz” haqqında yazır: “Bədii-ruhi təsir cəhətdən... “Bayatı-Şiraz” dinləyicidə qəmginlik hissi oyadır”. Bu muğam əsasında görkəmli bəstəkarlarımız Fikrət Əmirov “Gülüstan-Bayatı-Şiraz”, Süleyman Ələsgərov “Bayatı-Şiraz” simfonik muğamlarını, Nazim Əliverdibəyov xor üçün “Bayat-Şiraz”, Polad Bülbüloğlu “Bayatı-Şiraz” simfoniyalarını yaradıblar.
Nəhayət, 70-ci illərin ortalarında “Bayatı-Şiraz”ın könülləri fəth eləyən o məşhur improvizəsi meydana çıxıb...
Bəribaşdan deyim ki, əmin olduğum birinci həqiqət kompozisiyanı “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayevin yaratmasıdır.
Murad Rzayev “Bayatı-Şiraz” muğamının improvizəsi və ilk ifaçısı Tacir Şahmalıoğluna təqdimat tarixçəsiylə bağlı deyib ki, o zamanlar Ağdamdan Bakıya konsertlər vermək üçün gəlirdik, “Bayatı-Şiraz”ı oxumalı idik, fikirləşdim ki, həmişə eyni şey alınmasın, əlavələr etmək lazımdır.

Onun fikrincə, muğam üzərində qurulan həmin improvizə texniki cəhətdən hind musiqisinə bir az yaxındır: “Əvvəlcə kompozisiyanı “Qarabağ bülbülləri” ansamblının bir üzvünə verdim. Bir neçə dəfə cəhd elədik, gördüm alınmır. Tacir də kənarda oturmuşdu, dedi, icazənizlə oxumaq istəyirəm. İfa elədi, gördüm fikirlərimə uyğun gəlir. Dedim, bəlkə, sən oxuyasan? Bir neçə məşqdən sonra indiki Heydər Əliyev Sarayındakı konsertdə oxudu. Təxminən 1976-77-ci illər idi. Konsertdən sonra yenə məşq elədik. Gördüm, əməlli-başlı alınır. Bununla da həmin mahnını ifa eləməyə başladı. Həmin vaxt Tacir balaca uşaq idi, hardasa 7-8 yaşı var olardı”. Bu, Tacir Şahmalıoğlunun doğum tarixiylə götürülsə, 1972-1973-cü illərə uyğun gəlir.
İkinci həqiqət budur ki, Murad Rzayev o vaxt kompozisiyanın təkcə musiqisini deyil, mətnini də improvizə eləyib. Əvvəlcə böyük şairimiz Abbas Səhhətin dillər əzbəri olan “Vətən” şeirinin birinci və sonuncu beytlərini götürüb ayrıca bir bənd yaradıb:

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Vətəni sevməyən insan olmaz,
Olsa da o şəxsdə vicdan olmaz.

Sonra improvizə müəllifi daha bir görkəmli şairimiz İsa İsmayılzadənin elə o illərdə “Ulduz” jurnalında işıq üzü görmüş, qısa müddətdə dillər əzbərinə çevrilmiş “Vətən deyirəm” şeirinin birinci və sonuncu bəndi olan beş misrasını Abbas Səhhətin sözlərinə əlavə eləyib:

Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə kiçik bir zərrə...
Mənə qanad verən odlu diləksən,
Adına, özünə vətən deyirəm,
Çölünə, düzünə vətən deyirəm...

Nəticədə iki şairin mətni eyni kompozisiyada elə üzvi şəkildə qovuşub ki, dinləyici o mətnlərin fərqli müəlliflərə məxsus olduğunu ağlına belə gətirmir. Kimdən “Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?” soruşsan, yəqin, ağlına “Bayatı-Şiraz” kompozisiyası deyil, ümumiyyətlə, poeziya gələr. Hətta ikinci mətnin İsa İsmayılzadəyə deyil, Abbas Səhhətə məxsus olduğunu iddia eləyənlərə də rast gəlmişəm.
Məncə, Murad Rzayev haqlıdır, onun dediyi kimi, o vaxt 7-8 yaşı olan bir uşağın ağlına belə bir mükəmməl kompozisiya yaratmaq gələ bilməzdi. Tacir yalnız kompozisiya müəllifinin yaratdığına öz nəfəsini, öz xallarını qata bilərdi ki, bunu da danılmaz istedadla yerinə yetirib.
Üstəlik, bu həqiqəti sağlığında İsa İsmayılzadənin dilindən də eşitmişdim, əvvəlcə şeirindən bir bəndi televiziya ekranında səslənən “Bayatı-Şiraz” kompozisiyasında eşitdiyini, “Qarabağ bülbülləri” və Murad Rzayevlə bir qədər sonra tanış olduğunu danışmışdı.
1977-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor Xamis Muradovun çəkdiyi, Tacir Şahmalıoğlunun “Bayatı-Şiraz” kompozisiyasını ifa elədiyi “Qarabağ bülbülləri” sənədli filminin ssenari müəllifi də elə şair İsa İsmayılzadədir. Onun film üzərində işə dəvət edilməsi məhz mətninin kompozisiyada səslənməsindən qaynaqlanmışdı.
Onu da əlavə eləyim ki, “Bayatı-Şiraz” kompozisiyasını bir neçə il əvvəl Elnur Zeynalov da ifa eləyib. Amma onun ifası dinləyicilərə tanış olan ifalardan xeyli fərqlənir, üstəlik də mətn dəyişikliyi ilə yadda qalır. O, tamaşaçılara “Doğma sahillər” filmindən xatırladığımız misraları çatdırır:

Ana yurdum para-para,
Bu nə dərddir, bu nə yara.
Tapılmır bu dərdə çarə,
Çarəsiz dağlarım yeri,
Naləsiz dağlarım yeri.

Etiraf eləyim ki, “Bayatı-Şiraz” kompozisiyasının bədbin çalarlı bu versiyası, başqalarını bilmirəm, məni bir dinləyici kimi o qədər də təsirləndirmir...
Beləcə, kompozisiyanı dinləyəndə yaradıcısı Murad Rzayevlə yanaşı, bənzərsiz mətnlərin müəllifləri Abbas Səhhət və İsa İsmayılzadəni də yada salsanız, ruhları şad olar...
Çünki o ecazkar mətnlər olmasaydı, kompozisiya bu qədər bütöv alınmazdı...

"Mədəniyyət Nazirliyi məsələni diqqətdə saxlasın" - Qismət Rüstəmov "Başa düşdük, sənin başın daşa dəyib, icazə ver..." - Nadirdən Kəramətə SƏRT CAVAB “Azərbaycanfilm” “Kinostudiya sakinləri”ni ekranlaşdırır
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see263

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see250

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see127

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see126

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see119

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri