Icma.az
close
up
RU
“Bu telekanalların konsepti milləti mənəvi dəyərlərdən uzaqlaşdırmaqdır...” MÜSAHİBƏ

“Bu telekanalların konsepti milləti mənəvi dəyərlərdən uzaqlaşdırmaqdır...” MÜSAHİBƏ

Icma.az, Hurriyyet-ə istinadən, məlumatı açıqlayır “Bu telekanalların konsepti milləti mənəvi dəyərlərdən uzaqlaşdırmaqdır...” MÜSAHİBƏ.

Kamran Həsənli: “Televiziyada, təbliğat maşınımızda dəyişikliklər olmalıdır”

“Baxıb səni söyərlər də, pis sözlər də deyərlər, sən ona reytinq deyirsənsə, həyasız, tərbiyəsiz bir insansan”

Müsahibimiz tanınmış teleaparıcı, siyasi şərhçi Kamran Həsənlidir. Onunla səhbətimizdə son illər ölkəmizdə yeniyetmə və gənclər arasında zərərli vərdişlərin yayılması, xüsusilə də narkotik aludəçilərinin sayının sürətlə artması və bu məsələdə medianın rolu ətrafında müzakirə apardıq. Buyurun, oxuyun.

“O ölkələrdə ki, işsizlik çoxdur, narkomaniya orda daha çox inkişaf etməyə, xərçəng xəstəliyi kimi yayılmağa başlayır”

- Kamran bəy, son vaxtlar ölkəmizdə əsasən də yeniyetmə və gənclər arasında narkomanların sayı artıb. İlk olaraq, bunun səbəbləri haqda fikirlərinizi bilmək istərdik.

- Əslində, mənə aid mövzu olmasa da, ümumi fikirlərimi deyə bilərəm. Narkotik böyük karterlərə pul gətirən bir maddədir. Əsrlər boyu onun qarşısını almaq istəyirlər, nail ola bilmirlər. O ölkələrdə ki, işsizlik çoxdur, narkomaniya orda daha çox inkişaf etməyə, xərçəng xəstəliyi kimi yayılmağa başlayır.

Ətrafımızda bizə qarşı düşmənçilik edən dövlətlər var, onlar çalışırlar ki, gəncliyimiz narkotikə qurşansın, dünyadan baş verən proseslərdən uzaq, tərkidünya olsunlar. Burda İranla Rusiyanın mənfi, dırnaqarası rolu var.

Yenə də sərhədlərin möhkəm qorunması lazımdır. Bu yöndə Azərbaycan kifayət qədər iş görüb. Bir də, içəridə narkotik satışıyla pul qazanan kartellər var. Təbii ki, biz Kolumbiya, Meksika deyilik, bizdə problem onlar qədər də deyil. Amma problem hələ də var.

Bizim ölkəmizdə iqtisadiyyatın yüksəldilməsi ilə bu problemin qarşısı alına bilər.

“Narkotik millətin intellekt damarına, onurğa sütununa olan zərbədir”

- Azərbaycanda narkotik istifadəçilərinin yaşı getdikcə aşağı düşür. Artıq orta məktəblərdə də narkotik asılılığından əziyyət çəkən yeniyetmələrə rast gəlinir. Sizcə, bu, maarifçiliyin səviyyəsinin aşağı olması ilə bağlıdır, yoxsa başqa səbəblər var?

- Müxtəlif səbəblər var. Maarifçiliyin aşağı olma səbəbləri daha genişdir. Bu, ayrı bir mövzudur. Yenə də biz qayıdırıq bayaqkı məqama. Ordan başlamağa çalışırlar. Beyin daha çox aludə olur. Yeniyetmələri yoldan çıxarmaq daha asan olur. Elə narkotik məhsulları icad etməyə çalışırlar ki, daha ucuz başa gəlsin. Təbii ki, məktəblilərin bu ucuz narkotiklərə qurşanmasının ehtimalı daha böyükdür.

Maarifçiliyin rolu da o qədər deyil. Ola bilər ki, insan həddən artıq maariflənmiş, həddən artıq təhsilli olsun, elə adamın narkotikə qurşanması daha çox ürəkağrıdıcıdır. Bu, nə vaxtsa Azərbaycan üçün önəmli vətəndaş olacaqdı, amma onun beynindən yaddaşını pozmağa çalışırlar. İstəyirlər ki, onu beyinsiz etsinlər. Burda, haradasa, maarifsizliyin elementi var. Taleyüklü deyil. Yenə də deyirəm ən önəmlisi insanlarımızın rifahının yaxşılaşdırılmasıdır. Düzdür, deyə bilərsiniz ki, varlı adamlar var, narkotikin bahalısına qurşanırlar. Mən ümumi deyirəm.

Biz bu gün məktəbdəki müəllimlərin də, şagirdlərin də durumunu bilirik. Burda elə bir mücadilə gedir ki, bu, millətimizin ölüm-qalım mücadiləsidir. Çünki narkotik millətin intellekt damarına, onurğa sütununa olan zərbədir. Ancaq ətrafımızda olan ölkələri, yəni dostu-düşməni tanımalıyıq. Düşmənin burda yaydığı həmin “xərçəng xəstəliyi”nin qarşısını almaq lazımdır. Əsas parametrlər onlardır.

- Bildiyiniz kimi, məktəblərdə çətin tərbiyə olunan, asılılığa meylli uşaqlarla məşğul olmaq üçün psixoloqlar fəaliyyət göstərir. Onların bir çoxunu qeyri-peşəkar olması bir yana, yüzlərlə şagirdin təhsil aldığı məktəbdə bir psixoloqun müsbət nəticə ortaya qoyması mümkündürmü?

- Ümumiyyətlə, psixoloq peşəsi mənim üçün anlaşılmazdır. Doğrudur, bir çox ölkələrdə onun praktikası var, inkişaf edirlər. Yaxşı pul qazanırlar, yaxşı gəlir əldə edirlər, danışırlar və s. Ancaq danışmaqla iş bitmir. Hər kəsin psixologiyasını öyrənmək mümkün deyil. Bilirsiniz, psixoloq peşəsi “efemer” peşədir. Psixoloq siyasətdə politoloq kimi bir peşədir. Burda əsas ailədir. İnsan ailədə tərbiyə alır, məktəb yardımçı olur. Amma əsas ailədir. Ailə də bu gün oturub televizorun qarşısında mənəviyyatsız verilişlərə baxırsa, adlarını da “sosial layihə” qoyublar, mən o cür verilişlərin adını "Nənələrin ərə getməsi" qoymuşam, vətəndaş o kimi verilişlərdən nə örnək götürəcək, nə öyrənəcək axı?! Cəmiyyət o cür verilişlərdən maariflənə, tərbiyələnə bilməz axı! O təlim-tərbiyə qaydalarını ailədə də yarada bilməz. Əlbəttə, o tipli verilişlərə baxanların ailəsində başıpozuqluq da, narkotikə meyllilik də yüksələcək, narkotik də çağlayacaq. Çünki sən onu min illərdən gələn mənəvi sütununu sındırırsan. Mənəvi sütununu sındırandan sonra, sən bu uşağı narkotikdən necə qoruyacaqsan?! Ona görə də, birinci o məqamlardan başlamaq lazımdır.

Televiziyada, təbliğat maşınımızda dəyişikliklər olmalıdır. Dostu, düşməni tanıtmalıyıq. Televiziya çağırılmamış qonaqdır, ailələrin içinə girir. Hər bir adamın evində o “qara yeşik”dən var, biri divara vurub, biri harasa qoyub. Sən çağırmamısan, o sənin evindədir. Evə gələn kimi televizoru yandırırsan, baxırsan. O sənin ailənin içindəki düzəni, durumu dağıdırsa, əlbəttə, o ailənin içində narkotik də çağlayacaq, hər bir şey də baş verəcək. O başdan-ayağa silahdır. Birinci növbədə orda hər şey dəyişilməlidir. Sonra asta-asta müzakirələr genişlənməlidir. Məqamlar var ki, onlar Azərbaycanda dəyişilməlidir.

“Rusiyada olduğu kimi, indi bizə də insanlara çətin anlarda Tanrının yerinə, fahişəni çağırmağı öyrədirlər”

- Siz uzun illərdir televiziya sahəsində çalışırsınız, bir çox maarifləndirici verilişlərin müəllifisiniz. Necə düşünürsünüz, telekanallar dövlətimizin gələcəyi olan yeniyetmə və gənclərin düşdüyü narkotik bəlasına nə üçün biganə yanaşır?

- “Biganə yanaşmaq” deməzdim, açıq təbliğ edir. Düzdür, orda narkotik, narkomaniya əleyhinə verilişlər də var. Görürsünüz, maraqsız verilişlərdir, gedib orda kitab cümləsi ilə lazımsız sözlər danışırlar. Yaxud filan saatda bir dini veriliş olacaq, kimsə çıxıb orda nağıl danışacaq. Elə bilirlər ki, bununla nəyinsə qabağını alacaqlar. Televiziyanın özünün içində, dövlət kanallarını qoyuram bir tərəfə, çünki onların öz konsepti var, baxılır-baxılmır, bu, artıq başqa bir mözudur, ordakı televiziyaçıların peşəkar, istedadlı olması ilə bağlıdır... Dövlət televiziyalarında konsept düzdür. Digər tərəfdə isə, -konsept var, yoxdur - sualına bir cavab var. Konsept var - milləti bütün mənəvi dəyərlərdən uzaqlaşdırmaq. Mən əminəm ki, onların arxasında həmin düşmən dövlətlər dayanıb. Siz bu gün gedib mən dediyim proqramların rejissorlarına, aparıcılarına sual verin, görəcəksiniz ki, Putini tərifləyəcəklər, Zelenskinin əleyhinə olacaqlar, işğalın tərəfində olacaqlar. Baxın, bu gün ölkədə “rus evləri” bağlanır. Görün, televiziyalar bu barədə nəsə bir şey danışırlar? Yox. Çünki onları ağrıdırıq, çünki onlara xoş gəlmirik.

Rusiyada narkomaniya bizdən yüz dəfə yüksəkdir. Orda təkcə narkomaniya deyil, alokoqol asılılığı da yüksək səviyyədədir, cəmiyyət çox pozulub. Hər iki kəlmədən biri söyüşdür - ana da, ata da, baba da, nənə də söyüş söyür. Onlar söyüş içində yaşayırlar. Ən çətin günlərində, ən ağır anlarında da, əstəğfirullah, Allahın, Tanrının yerinə, onlar fahişəni çağırırlar. Onu bizə də öyrədirlər. İndi televiziya onu bizə açıq təbliğ edir. Rusiya verilişlərinə fikir verin. Hətta siyasi verilişlərimizdə, Rusiyadakı verilişlər kimi, insanları iki saat ayaq üstə saxlayırlar. Adam iki saat ayaq üstə dayana bilər? İndi hansıssa rus aparıcı elə dayanır deyə… Yeri gəlmişkən, Simonyan - o erməni bütün verilişlərdə oturur, millət vəkilləri ayaq üstə dayanır. Simonyan deyir ki, mənlik deyil, onun üçün stul qoyurlar. Elə göstərirlər ki, guya ayaq üstə dayanıb. Amma diqqətlə baxsanız görəcəksiniz ki, stulda oturub. Mən hələ balaca elementi deyirəm. Orda nə baş verirsə, onu bura çəkirlər.

Türkiyənin özündə də Rusiyanın da, Qərb ölkələrinin də “çətələri” var, onlar da orada işləyir. Ordan da gələn maqazin verilişləri, filanlar Azərbaycanda lap səviyyəsiz hala salınır. Televiziyanı açıb görürsən, adi hava proqnozudur, hansı ki, hava proqnozu efirdə olmamalıdır, əlində telefon var, bu gün, sabah, hətta bir həftədən sonra hava necə olacaqsa, hamısını telefonda deyir. Üstəlik, Hollandiyanın “Qırmızı Fənər” küçəsində dayanan qız formasında aparıcı mini geyimdə dayanıb… Əlbəttə, Göyçayda, Kürdəmirdə havanın necə olmasının bizə bir o qədər əhəmiyyəti yoxdur. Bəs o, niyə dayanıb orda? Yüz faiz kiminsə vasitəsilə kanala pul gətirir, özünü orda reklam edir ki, mən hava haqqında danışdım. Digər verilişlərdə də o cürdür.

Aparıcı bir nümunədir. İstədiniz-istəmədiniz belə, insanlar özlərini onlara oxşatmağa çalışırlar. Özü də, eləsi var ki, o xarici görkəmdə, o xarici görünüşdə heç televiziya üçün yararlı deyil. Siz bizim televiziyalarımızda olan qadınların xarici görkəmlərinə fikir verin, bu, ancaq bizdədir - bədənin lazımsız yerini böyütmələri, dodağın burunla çənə arasında böyük məsafə tutması, baxışları, şit-şit zarafatları, alçaq danışıqları, bir-birinə tərbiyəsiz münasibətləri, verilişlərdə gülüşmələri… Hansısa evdə belə söhbət olsa, normal ailədən danışıram, ev yiyəsi qışqırar, yumruğu masaya vurar ki, siz ağızınıza gələni danışmayın, bura bizim evimizdir.

Televiziya da bizim evimizdir, bizim vətənimizdir. Orda bu cür insanları görən yeniyetmə istər-istəməz onlara bənzəməyə çalışacaq. Hələ mən qadınları dedim, kişiyə bənzərlər də var. Siz elə bilirsiniz, onun bəlası ondan ibarətdir ki, orda dayanıb, caamat ona baxıb söyür. Yox. Onun bəlası ondan ibarətdir ki, o, özü kimiləri yaradır. Ətrafda onları görürsünüz, günbəgün çoxalırlar.

Məsələn, yeniyetmə qızlarımız baxıb görürlər ki, cəmiyyətdə bu cür adamlara hörmət var, onlar televiziyadadır, varlıdır, mənəviyyatsızlığına, əzilib-büzüldüyünə görə bahalı maşını var, onlar da məktəbdən çıxıb, yeni həyata qədəm qoyurlar. Görürlər ki, işə düzəlmək, hansısa kariyerada “sosial liftlə” qalxmaq çətindir, amma bunlar bədənin lazımsız yerini şişirdib, eybəcər hala salmaqla kariyera qazanırlarsa, onlar da o yola gedir. Sən onun qabağını ala bilməzsən. Nə psixoloq onun qabağını ala bilər, nə də hansısa bir qəşəng söz danışan alim, bəstəkar, yaxud şair. Heç kim onun qarşısını ala bilməyəcək. Axşam evə gələn kimi televizoru yandıracaq, görəcək yenə də dodağı şişmiş psixoloq danışır, sonra da görəcək ki, psixoloqun mindiyi maşın çox bahalıdır, çalışacaq ki, o da o cür etsin. Biz onları dəyişməyincə, düzəltməyincə, bu söhbətlər – “narkomaniya əleyhinə festival keçirildi, sonra konsept düzəldildi”, ciddi nəticə verməyəcək. Konsepti düzəldənlərin də çoxu narkotikdən əziyyət çəkənlərdir. Müğənnilər, rep deyənlər çıxıb narkomaniyanın əleyhinə danışırlar. Bu, çox riyakar, gülməli bir məqam yaradır. Mən bunları televizyonçu kimi deyirəm. Bu mənim peşəmdir, artıq 25 ildir televiziyadayam. Mənim televiziyadan danışmağa niyə ixtiyarım var. Çünki televiziyada mənim baxımlı proqramlarım olub. Televiziyada uğurlarım var. Bu gün televiziyada kimin uğuru varsa, insanları ekran önünə cəlb etməyi bacarırsa, onun televiziyadan danışmağa ixtiyarı var.

Sizi inandırım ki, bu gün adını çəkmədiyim, təsvir etdiyim aparıcıları götür televiziyadan qoy qırağa… Necə məni götürüb qoydular qırağa, amma biz bu gün yerimizdəyik, danışırıq, siz məndən müsahibə alırsınız. Mən “Youtube”da - "Press klub"da siyasətdən danışıram, yüz minlərlə insan oturub bizə baxır… Onları götür qoy qırağa, vicdanım haqqı sabah yaddan çıxacaqlar. Onlar əvvəlki əzilib-büzülmək peşəsinə qayıdacaqlar. Deməli, onlar peşəkar televizyonçu deyillər. Öz aramızdır, bir müəssisənin içərisinə qeyri-peşəkarları yığacaqsansa, əlbəttə, o müəssisə batacaq. Amma yenə də deyirəm, bu müəssisə bizim vətənimizdir, ölkəmizdir, mənəviyyatımızdır, ona görə birinci ordan başlamaq lazımdır.

- Televiziyadan söz düşmüşkən, neçə ildir "Press klub"da siyasi verilişlər aparırsınız. İstərdiniz ki, bir sosial verilişiniz olsun və orada narkomaniyadan, narkotikdən bəhs edəsiniz. Bu tipli verilişlər sizdə alınar?

- Açığı, mən özümdə onu görmürəm. Televiziya aparıcısınə hansı tərəfdən yön versən, gedib o proqramı öz bacardığı kimi aparacaq. Mən də bacardığım kimi aparacam. Mən çalışıram insanlara nəyisə təbliğ edəndə zarafat üzərindən, daha çox aktyorluq üzərindən təbliğ edim. Siyasi verilişlərin özü də elədir. Hansısa atalar sözlərindən, aktyorluqdan istifadə edirəm. Burda - "Press klub"da rəqs edə bilmirsən, hansısa televiziya verilişində, şou verilişlərdə geniş pavilyondur, orda imkanlar çox olur, sərbəst oluruq. Şoumenlik başqa obrazdır. Burda siyasi verilişlərdir, başqa obrazdır. Siz deyən verilişi aparmaq üçün gərək o obrazı tapasan. Televiziya aparıcısı elmli olmalıdır, televiziyonçu olmalıdır. Ona görə, mənə təklif olunsa aylarla fikirləşərəm. Konseptlər də taparam ki, o verilişi necə aparmaq lazımdır. Bilmirəm, tapa bilərəm, ya yox, konsepti tapa bilsəm verilişi apara bilərəm.

- Bəzən nəinki maarifləndirici bir veriliş, əksinə kriminal ünsürlərin həyatı haqqında verilişlər hazırlanır ki, bu da yeniyetmə və gənclərdə, belə desək, "kriminal romantikaya" meyl yaradır. Sizcə, reytinq xatirinə bu kimi verilişlərin ekranlara ayaq açması nə dərəcədə doğrudur?

- Əvvəla onu öyrənmək lazımdır ki, “reytinq xatirinə” sözü var e, reytinq nədən ibarətdir, reytinq nədir. Bayaq da dedim, televiziyanın içi, rəhbərləri qarışıq, qeyri-peşəkarlarla doludur deyə, milliyyətçi deyil deyə, tariximizdən xəbərdar deyillər deyə ən böyük fəlakət də ordan başlanır. Dediyim parametrlərin hamısı orda, yəni televiziyada olmalıdır. Siyasi biliyi olmalı, milliyyətçi olmalı, millətini sevməli, tarixini sevməlidir. Tarixi ilə qürur duymalıdır. Onlar olmadığına görə, reytin haqda danışmaq olmaz. İndi elə başa düşürlər ki, mən efirə çıxıb mayallaq aşsam və bu zaman bədənimin bir hissəsi, əzası görünsə, paltarım yerə düşsə, bax, bu "reytinq”dir. Onlar başa düşmürlər ki, reytinq hələ baxımlılıq deyil. Baxıb səni söyərlər də, pis sözlər də deyərlər, sən ona reytinq deyirsənsə, həyasız, tərbiyəsiz bir insansan. Bax, səni söyürlər, sən də deyirsən ki, nə olsun, əsas odur, mənə baxsınlar. Belə televizyonçu olar? Vallah, bu düşməndir. Reytinq sənə olan hörmət, münasibətdir.

“Kriminal romantika” deyirik. Təsvirdə o söz bir-birinə düz gəlmir. Bayaq dediyimiz - maarifçiliyin zəif olan yerlərində çağlayır. Harda çağlayır, orda təhsil yoxdur. Siz fikir verin, kriminal aləmdə özünü bundan sonra təmiz göstərmək üçün dinin buyurduğu ibadətləri yerinə yetirirlər. Elə bilirlər ki, bununla onlar təmizləndi. Bizdə ataların yaxşı misalları var. Bir məqama tövbə yoxdur... Başa düşürsünüz? Bir-iki dini ritual keçirməklə deyil.  Bilmir ki, tarix nədir, fəlsəfə nədir, siyasət nədir, ədəb nədir, etika nədir… Heç nə bilmir. Heç nə bilməyən baş bizi yönəltməyə gəlir. Çünki televiziya yönətimdir.

- Ölkəmizdə narkomaniya ilə yanaşı, iqromaniya - oyun asılılığı da genişlənir. Hətta bu tip asılı insanların reabilitasiya mərkəzlərinə yerləşdirilməsi faktları da günbəgün çoxalmaqdadır. Bu problemin həlli yolunu necə görürsünüz?

- Bilmirəm, həlli yolu necədir, ancaq bu, narkomaniyadan heç də geri qalmayan böyük bəladır. İnternet bəzi cəmiyyətlərin yüz ilini irəli atıb, bəzi cəmiyyətləri də yüz il geri atıb. Yenə də gəlir təhsilin, maarifçiliyin hansı ölkədə, hansı məqamda olduğuna. Məsələn, “Google” icad olunandan sonra mən dünyanın ən xoşbəxt insanı oldum. Çünki ona qədər tarixdən nəsə danışırdım, ətrafımdakı insanlar, dostlarımdan danışıram hələ, mənə dəli kimi baxırdı ki, bu harda yazılıb?! Mən də əsəbləşirdim. Gedib kitabxanadan tapıb göstərməyəcəm ki... Hardansa götürüb oxumuşam, əzbərləmişəm, əziyyət çəkmişəm. Onsuz da kitabı göstərsən də, xeyri yoxdur, kitab oxuyan deyillər. Amma “Google” var deyə, deyirəm bax, mən dediyimi yaz, orda cavabı çıxacaq. Yol göstərirəm və deyirəm ki, əgər sən dünyadan baş verən proseslərdən bir balaca maraqlansan, orda hər şey var. Sən maraqlanmırsansa, televiziyadakı tərbiyəsizliyə uymusansa, artıq ondan bezmisənsə, onda gedib android telefonlarda “Google”a, tarixi məqamlara, bilgiyə, gözəl musiqiyə, musiqinin tarixinə yox, ordakı mənasız oyunlara ilişəcəksən. Orda da işbaz adamlar səni aldadacaqlar. Gah birinə deyəcəksən ki, mənə 5 manat ver də, uşaq evdə acından ağlayır. Yaxud 5 manat ver, atım ora, 15 manat udacam. Beləliklə, bir də görürsən ki, sənin mənəviyyatını, pulunu da əlindən alıblar. Təzdən gedirsən narkomaniyaya. O da düşmən işidi də. Düşmənin önünü bağlamaq üçün o saat fikirləşirlər ki, interneti bağlayaq. Sən interneti bağlamaqla heç bir şey qazana bilməzsən. İnternet insanlara yeni dünyanı tanıdır. İnternetin təqsiri yoxdur. Sənin təqsirin var ki, ətrafında olan mənfilikləri görmək qabiliyyətində deyilsən. Bilgə xaqan deyib: "Ey Türk, titrə, özünə dön". O bizim tarixi formuldur. İnsan özünə dönəndə böyük olur. Biz Turan idelogiyasını saatbasaat müzakirə edirik, müxtəlif söz sahibləri ilə diskussiyalar aparırıq. Biz o məfkurəyə mənsub olsaq, bütün o işlərdən aralı olacağıq. Bütün işlər öz-özünə düzələcək. Bizim ideologiyada olan adam gedib 5 manat verib işbazların quyusuna düşməyəcək, aldanmayacaq.

Mən cəmiyyət həkimi deyiləm ki, deyim, bunun xilası budur. Gözümüz önündə görürük ki, televiziya, mətbuat orqanlarımız bu gündədir, məktəb o haldadır. Necə  dəyişilməlidir, yolu nədir, o da müzakirələr nəticəsində öz həllini tapa bilər.

İndi sizinlə danışdığımız kimi televiziyada veriliş olmalıdır. Bax, verilişlər belə olmalıdır. Orda səmimi müzakirələr getməlidir. Təəssüf ki, indi televiziyalara hətta həkimləri də pulla çıxarırlar, onları reklam etdirirlər. Televiziyanı klinikaya döndərmək olmaz. Televiziyanın qanunu belədir ki, ora gələn adama pul verilməlidir. O, pul verib gəlməməlidir. Hər şeyin tərsi olduğu kimi, burda da hər şey tərsdir. Yəni sən televiziyaya gəlmisənsə, istəyirsən politoloq, istəyirsən həkim, alim, şair, bəstəkar, yaxud müğənni ol, televiziya sənə pul verməlidir. Əgər televiziya cibindən pul verəcəksə, mütləq yaxşısını, pula ehtiyacı olmayanı çağıracaq. Hələ ona yalvaracaq ki, sənə bu qədər pul verirəm, gəl bizim verilişlərdə iştirak et. Amma bizdə hər şeyin tərsidir axı. O pul verib gəlir deyə, ona görə də dodağı, əzası böyüdülmüş adamlar çıxırlar ora.

“Narkotiklə pul qazanan vecinə deyil ki, millət narkotikə qurşanıb”

- Rəsmi mənbələr də təsdiq edir ki, ölkəmizə idxal olunan narkotik vasitələrin 95 faizi İrandan daxil olur. Ölkəmizin bu qədər maddi, texniki imkanları olduğu halda nə üçün narkotik axınının qarşısını ala bilmirik?

- İrandan gəlməyini bilirdim. Amma 95 faiz olmağını bilmirdim. Bu faciədir. Demək, o dövlət bizim süqutumuzu, Azərbaycanın süqutunu, gənclərimizi zəhərləməyi özünə məqsəd bilir. Onlar özlərini orda edam edirlər, asırlar. Bunun özü bir cinayətdir. İnsanları ailələrinin qarşısında küçədə asmağın, öldürməyin, edam etməyin özü böyük cinayətdir. Hələ Tanrıçılığı bir kənara qoyuram, öz dinlərində də buyrulub ki, öldürmə. Onlarsa küçədə adam asır. Musaya Allah tərəfindən dağda verilən 10 qanun vardı. Ən əsası odur ki, öldürmə. Onlar nə edir? Həm oğurlayır, həm öldürür. Sonra da deyir ki, mən müsəlmanam. Amma özü bir yana, narkotiki bizim ölkəyə də ötürür ki, mənəviyyatımızı məhv etsinlər.

Qayıdırıq sərhədlərə. Bir də, içəridə işbazın özü var ha, narkotiklə pul qazanan vecinə deyil ki, millət narkotikə qurşanıb. Onun əsas məqsədi odur ki, "5 manatını" qazansın. Yenə də gəlir beyinə çıxır. Bu qapalı dairədir. Yenə də ortalığa televiziya, maarifçilik, yəni maarifçiliyin olmaması gəlib çıxır. Amma dövlət orqanlarının əsas işi sərhədləri daha da möhkəmlətməkdir.

“Narkotiklə və mənəviyyatsızlığı təbliğ edən verilişlərlə zərbəni vururlar”

- Statistik hesablamlara görə, Azərbaycana daxil olan narkotikin təxminən 16 faizi müvafiq qurumlar tərəfindən ələ keçirilir, 84 faiz öz müştərisini tapır. Sözsüz ki, bu da il ərzində tonlarla narkotik və onun satışından əldə olunan milyonlarla manat deməkdir. Sizcə, bu pullar dövlətimizin təhlükəsizliyinə təhdid deyilmi?

- Böyük təhdiddir. “Qara pul”dur, ortalıqda fırlanır. Bunun büdcəyə heç bir xeyri yoxdur. Bir şeyin ki, dövlətə gəliri yoxdursa, əlbəttə, o həm də dövlətimizə böyük ziyandır, zərərdir, zərbədir.

84 faizin gedib ünvanına çatmasına gəldikdə, arabir bizdə kampaniyalar başladılır, bunu azaltmağa nail olurlar. Sonra yenidən görürsən ki, hansısa yolla vüsət almağa başladı. Mən güman edirəm ki, dövlət öz gəlirini bizdən daha yaxşı bilir. O təhdidi bizdən yaxşı qiymətləndirir. Sadəcə, dövlət orqanlarının içində də həmən o rişələr var... 200 ildir Rusiya bizə düşməndir, ölkəmizi işğal edib, biz 30 ildir müstəqilik, indi-indi başa düşürük ki, onlardan can qurtarmalıyıq. Rusiya ilə birlikdə, İran da hardasa 120 ildir bizə düşməndir. Bizə qarşı düşmənçilik kampaniyası aparırlar. Hələ mən Qərbi qoyuram qırağa, onlar bir az uzaqdadırlar. Deməli, bunlar öz agentura şəbəkələrini hər yerə xərçəng rişəsi kimi yaymağı bacarıblar.

Dövlətimiz o işdə təbliğatda irəlidədir. Bizə, xalqımıza düşmən olanların ünvanını tanıtmaqdadır. Dövlət başçımız bu yaxınlarda Rusiya İmperiyasının bütün cinayətlərinin xronikasını açıb ortalığa qoydu ki, axırıncı 200 ildə başımıza nə oyunu gətiriblər. Vətəndaşlarımız elə bilməsinlər ki, başımıza bu oyunları gətiriblərsə, bizdən əl çəkiblər. Onların əsas, ümdə vəzifəsi bizim mənəviyyatımıza vurulan zərbədir. Bura ordu ilə girə bilmir, bizim də güclü ordumuz var. Öz mədəniyyəti ilə - Dostoyevski ordan gəldi, Maksim Qorki burdan getdi, yaxşı yazıblar, özüm də oxumuşam onları, mədəniyyətimizin üzərində təpki yaratmaqla milli düşüncəmizi, milli bağlantımızı, beynimizi pozmuşdular. Artıq o da əllərindən gəlmir. Çünki biz özümüz özümüzə sahibik. Qalıb mənəviyyatımıza zərbə vurmaq. O da narkotiklə, bir də mənəviyyatsızlığı təbliğ edən verilişlərlə zərbəni vururlar.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp elan etdi: Rusiya ilə ikinci raund bu tarixdə bşlayır

23 Fevral 2025 01:37see115

Əkrəm İmamoğluna qarşı diplom araşdırması

22 Fevral 2025 16:48see113

Rusiyanın Ukraynadakı keçmiş casusu sirləri açdı: Bunu hamıdan gizlədirlər”

23 Fevral 2025 01:39see111

Lavrov sabah Hakan Fidanla hansı məsələləri müzakirə edəcək DETALLAR

23 Fevral 2025 14:55see111

Ədalət Şükürov gənclik illərində… Foto

23 Fevral 2025 15:47see110

Yer yaşayış üçün yararsız olacaq

22 Fevral 2025 12:34see108

Vaşinqton Kiyevə resurs gəlirlərini ABŞ nin nəzarətində olan fonda köçürməyi təklif edib

23 Fevral 2025 01:31see108

Türk ulduz La Liqa nəhənginin radar ında

23 Fevral 2025 19:26see108

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

22 Fevral 2025 11:14see107

Azərbaycanda qara görə xəsarət alanların sayı 165 ə yüksəldi

22 Fevral 2025 16:40see107

Global Media Group bağlı olan saytlar fəaliyyətini DAYANDIRDI

22 Fevral 2025 22:18see107

Minaya düşən veteranın ayağı amputasiya edilib Son durumu AÇIQLANDI

22 Fevral 2025 10:13see106

İki ingilis klubu bir futbolçunu “qaralayıb”

22 Fevral 2025 13:42see106

Cavanşir Quliyevdən “Avroviziya” açıqlaması: “Bir “bığlı” qız...”

22 Fevral 2025 16:20see106

“İlham Əliyev nümunəvi liderdir” Gürcüstan Prezidenti+Video

22 Fevral 2025 08:54see106

Hizbullah tərəfdarları Beyrutda: döyüşə hazır vəziyyət

23 Fevral 2025 16:58see106

“Barsa” səfərdən 3 xalla dönür

23 Fevral 2025 02:01see105

Qar yağacaq, külək əsəcək SABAHIN HAVASI

22 Fevral 2025 13:04see105

Bakıda maşın almaq istəyən şəxs alverçinin qurbanı oldu VİDEO

23 Fevral 2025 08:45see105

Lavrovun İran səfərinin tarixi dəyişdi

23 Fevral 2025 01:57see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri