Icma.az
close
up
RU
Bu xalq vaxtilə müzəffər olmuşdur... Aleksandr Dümanın fikirləri

Bu xalq vaxtilə müzəffər olmuşdur... Aleksandr Dümanın fikirləri

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün tanınmış fransız yazıçı Aleksandr Dümanın anım günüdür.

Kulis.az bu münasibətlə Bəxtiyar Qaracanın "Aleksandr Düma Azərbaycanda" yazısını təqdim edir.


"İstənilən hər hansı bir cəhd insan dühasının ilahiliyinin ilkin təsdiqidir. Uğur isə axırda gəlir".
Aleksandr Düma "Qafqaz səfəri"


Həyat bir yoldur - həm keçmişə, həm də gələcəyə aparan yol. Sabahı daha yaxşı görmək üçün yəqin ki, hərdən bu yolla geriyə də səyahət etmək lazımdır. Yol bələdçimiz isə bu dəfə Aleksandr Dümanın "Qafqaz səfəri" əsəridir. Söhbət Ata Dümadan gedir.
Tarixi sənədlər göstərir ki, o, 1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqazda olmuşdur. Səyahətinə Sankt-Peterburqdan başlayan Aleksandr Düma Moskva, Nijni-Novqorod, Saratov, Həştərxan, Qızlar, Dərbənd, Quba, Bakı, Şamaxı, Nuxa-Şəki və Tiflisdən keçərək Potiyə, oradan İstanbula, daha sonra isə Marselə getmişdir. Səfərdən qayıtdıqdan sonra yazıçı Rusiya və Azərbaycanla bağlı "Qafqaz səfəri", "Qar yığını" və "Sultanetta" adlı əsərlərini qələmə almışdır. Bu səfər ona o qədər təsir göstərmişdir ki, Ata Düma Fransada "Qafqaz" adlı qəzet də nəşr etməyə başlamışdır.
Aleksandr Dümanı bu səyahətdə müşayiət edən məşhur fransız rəssamı Moynenin çəkdiyi rəsmlər səfər təəssüratlarına xüsusi bir gözəllik verirdi.
Aleksandr Dümanın Azərbaycanla ilk tanışlığı qədim Dərbənddən başlayıb. Onu qarşılayan azərbaycanlılar yazıçını xeyli təəccübləndiriblər. Onlar Dümanı belə salamlayırlar: "...Ey adlı-sanlı səyyah! Xeyli əvvəl qəzetlərdə xəbər vermişdilər ki, Siz bizim şəhərə gələcəksiniz. O vaxtdan biz Sizi gördüyümüz bu xoşbəxt günü gözləyirdik. Hörmətli qonaq, icazə verin bu gəlişinizə görə Sizə dərbəndlilər adından minnətdarlığımızı bildirək. Şəhərimizə gəlişinizi heç vaxt unutmayacağıq. Arzu edərdik ki, Siz də bizim şəhəri heç vaxt yaddan çıxarmayasınız!" - deyə dərbəndlilər onu yüksək səviyyədə qarşılayırlar. Bu görüşdən aldığı xoş təəssürat onu səfər boyu heç vaxt tərk etmir. Qarşıda Quba, Bakı, Şamaxı, Şəki və digər əsrarəngiz gözəlliklərə malik torpaqlarımız uzanmaqda idi.
"Toran düşəndə Qubaya yaxınlaşdıq. Əvvəlcə bizə elə gəldi ki, Quba göllərdən ibarətdir. Evlər isə göllərin içərisində tikilib. Göz yaşı kimi duru olan Samur çayının dibində yuvarlanıb gedən xırda çay daşları belə görsənir..." - deyə Aleksandr Düma gördüklərini qələmə alır. Bakıya çatmamışdan Sumqayıt yaxınlığında Şah Abbas karvansarasının xarabalıqlarını seyr edir, buradakı azərbaycanlıların qonağı olur: "Dörd kazak bizim çadırları arabadan düşürüb yolun o tərəfində qurana qədər biz lap yaxındakı çadıra sarı getdik. Divar qalıqlarına söykənən bu çadır deyəsən azərbaycanlıların başçısının idi. Çadırdakılar dövrə vuraraq Bakıdan Qafqaz dağlarında xidmətdə olan əsgərlərə apardıqları un kisələrinin üstündə oturmuşdular. Onlara yaxınlaşanda bir nəfər (görünür o, dəstənin başçısı idi) bizi qarşılayıb, qonaqpərvərlik əlaməti olaraq duz-çörək təklif etdi. Duz-çörəyi qəbul edib, biz də un kisələrinin üstündə oturduq. Onlar çörək bişirməklə məşğul idilər. Təzə yoğrulmuş xəmirdən kündə kəsir, yuxayayan üstündə yayır, sonra onu közlə qızardılmış sacın üstünə qoyurdular. Bizim qadınlar kətə və ya müxtəlif piroqlar bişirdikləri kimi, əvvəl onun bir tərəfini bişirir, sonra çevirirdilər ki, o biri tərəfi də bişsin. Onu isti-isti yeyirdilər. Sonra isə dəstədəki kişilərdən biri divardan asılmış ətdən bir parça kəsib xırda tikələrə bölərək üstünə duz səpdi. Tikələri çörək bişirdikləri sacın üstünə qoydular. Ət tüstülənə-tüstülənə qızarmağa başladı. Sən demə, onu bizim üçün bişirirlərmiş... İşarə etdilər ki, "Buyurun, çörək kəsin". Biz xəncərin qınına bağlanmış kiçik bıçaqlarla əla qızardılmış tikələri götürərək çörəklə yeməyə başladıq. Çox vaxt təmtəraqlı süfrə arxasında gözəl xidmət göstərilərək verilən yeməklərdən bu, daha ləzzətli idi...
Biz onların əllərini səmimiyyətlə sıxıb ayrılanda dəstənin başçısı yenə bizə duz-çörək təklif etdi. Bu, yerli xalqın adətidir. Onlar qonağın təkcə axşam yeməyinin deyil, səhər yeməyinin də qayğısına qalırlar...
Səhər oyanıb ətrafa nəzər saldıq. Nə azərbaycanlılar, nə də onların dəvələri vardı. Lələ köçüb yurdu qalmışdı. Çöl dəniz kimi bomboş idi. Gəmisiz dəniz nə dənizdir? Mən bundan ağır, bundan kədərli heç nə təsəvvürümə gətirə bilmirəm..."
Aleksandr Düma səyahət boyu ayrı-ayrı millətlərin nümayəndələri ilə görüşüb tanış olur. Onların hər biri haqqında yazdıqları indi də aktuallığını və əhəmiyyətini itirməyib: Bəzi millətlərdən danışarkən yazıçı qeyd edirdi ki, onlar həyatlarını xilas etmək, var-dövlətlərini qorumaq xatirinə hər cür vasitələrə əl atmış, hər cür əməllərdən çıxmışlar. Yəqin buna görədir ki, Həştərxan - Bakı yolunun üstündə yerləşən Şərq şəhərlərinin birincisi olan Dərbəndin Şimal qapısından girəndə və Cənub qapısından çıxanda sizə yalnız bir şey tapşıracaqlar: "Onlara etibar eləməyin. Onun nə sözünə, nə də andına inanın. Şəxsi mənafeyindən asılı olaraq, o öz sözünü hər vaxt geri götürə bilər. Onun andı o vaxt dəmir kimi möhkəm olur ki, and içdiyi məsələ siyasi və iqtisadi vəziyyətini yaxşılaşdırsın. Əgər o, and içib bir xəndəkdən və ya çəpərdən hoppanmalı olsa, xeyiri, gəliri yoxdursa, andının möhkəmliyi saman çöpündən fərqlənməz. Güclülər qarşısında alçalan bu adamlar zəiflərə qarşı zalım və kobud olurlar". A.Düma xüsusi qeyd edir: "Bir iş görərkən ehtiyatı əldən verməyin. Onun imzaladığı, təsdiq etdiyi sənəd hələ hər şey deyil. Bu, hələ ehtimaldır".
Ermənilərdən danışarkən yazıçı xüsusi olaraq vurğulayır ki, onların gözlərində ağıl da, məna da, qəm-qüssə də, mütilik də vardır. Onlar köhnə adət-ənənələri yaşadırlar. Onlara görə, guya İbrahim peyğəmbər elə dünən dünyadan köçüb. Yaqub peyğəmbər isə elə bil hələ yaşayır.
Onlar güman edirlər ki, guya yer üzündə cənnət Ermənistanda olmuşdur. Yer kürəsini suvaran ilk dörd çay da guya öz başlanğıcını orada tapmışdır. Nuhun gəmisi də Ermənistanda ən uca dağın başında dayanmışdı. Məhv olmuş dünyamız guya yenidən orada canlanmağa başlamışdı. Nəhayət, guya Nuh peyğəmbər Ermənistanda üzüm bağları salmış, ilk dəfə şərabın gücünə, təsirinə məruz qalan da o olmuşdur.


Yəhudilər kimi, ermənilər də bütün dünyaya deyil, yalnız Asiyaya yayılmışlar. Öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. Dünən onlara həyan olan, kömək edən bir adam bu gün gözdən, etibardan düşəndə ona kömək etmirlər, boyunlarının vurulacağından qorxub nankora çevriliblər.

O ki qaldı azərbaycanlılara, biz onlar haqqında yuxarıda danışmışdıq. Qafqaz qəbilələri ilə qaynayıb-qarışması azərbaycanlıların təbiiliyini daha da artırmışdır. Bu xalq vaxtilə müzəffər olmuş, ürəyində indinin özündə də döyüşkən olaraq qalır. Onların çoxu məmnuniyyətlə atçılıqla, maldarlıqla, qoyunçuluqla məşğuldur. Yaz gələn kimi dağlara köçür, payıza qədər orada qalırlar. Qadınlar yun əyirir və xalça toxuyurlar. Onların toxuduqları Quba, Şamaxı və Nuxa xalıları rəng çalarlarına, naxışlarına və keyfiyyətlərinə görə İran xalılarından heç də geri qalmır. Əksinə, İran xalılarından bir üstünlüyü var: bu xalılar yarı qiymətinə satılır. Eləcə azərbaycanlılar ağzı ülgüc kimi iti xəncər düzəldirlər. Qını zinətli, dəstəyi fil sümüyündən və gümüşlə işlənmiş belə bir silaha dağlıların başçısı dörd at və iki arvad verirmiş. Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı.
A.Dümanın səyahətindən yüz əlli il ötsə də, yazıçının milli mətbəximizlə bağlı fikirləri, xüsusilə kababı necə hazırlamaq barədə fransızlara tövsiyələri bu gün də maraq doğurur:
"Mən səyahət etdikcə öz biliklərimi artırıram. Belə ki, bir ləzzətli xörək növünə rast gələndə, elə həmin dəqiqə onun necə hazırlanmasını soruşub yazıram. Kabab mənim səyahət boyu rast gəldiyim ən dadlı, ən ləzzətli yeməkdir.
Odur ki, əziz oxucular, indi mən sizə kababı necə hazırlamağın təhərini deyəcəyəm. Əminəm ki, siz onu yeyəndə məni minnətdarlıqla yad edəcəksiniz. Nə isə...
Bir parça qoyun əti götürün, əgər tapa bilsəniz, döş əti olsun. Onu tikə-tikə doğrayın, soğan, duz, istiotla qarışdırıb basdırma edin. Onu bir qaba yığın və 15 dəqiqə saxlayın. Manqal qalayıb köz düşənə qədər gözləyin, sonra isə tikələri dəmir və ya ağac şişlərə keçirib, odun üstündə qızarana kimi o tərəfə-bu tərəfə çevirin. Sonra isə yeyin. Əgər imkanınız olsa, əti basdırma edərək bir gecə saxlayın. Kabab bişəndən sonra onun üstünə bir az sumaq əlavə edin. Onda daha da ləzzətli olacaq. Tələssəniz, bunlarsız da keçinmək olar. Yəni, əti doğrayıb kabab çəkin. Əgər şiş tapmasanız (birdən elə ölkəyə düşərsiniz ki, orada heç şişin nə olduğunu bilməzlər), onda tüfənginizin süngüsündən şiş kimi istifadə edin".
Aleksandr Dümanın Bakı haqqında fikirləri də diqqəti cəlb edir. O yazırdı: "Bakı - küləklər məskəni" deməkdir. Avropada buna bənzər şəhər yoxdur. Torpağına, dənizinə, tikililərinə, istehsalına, balıqlarına, meşə heyvanlarına, həşəratlarına, sürünənlərinə, relyefinə görə Bakı Asiya şəhəridir..."
Tarixi abidələrimizdən danışarkən yazıçı Bakıda "Xan sarayı" və "Qurd qapısı"nın ("Qurd keçidi") adlarını da qeyd edir: "Xan sarayı" təqribən 1650-ci ildə Şərq memarlıq üslubunda Şah Abbasın oğlu 2-ci Abbas tərəfindən tikilmişdir. O, Qəndəharı fəth edəndən sonra 36 yaşında vəfat etmişdir. Şarden və Taverniye onun haqqında yazmasaydılar, bu hökmdar haqqında heç bir məlumatımız olmazdı. İndi tərk edilmiş "Xan sarayı"nın adamı məftun edən dəhlizi və izaha ehtiyacı olan bir salonu vardır. Bu, divanxanadır. Onun tən ortasında gizli zindana giriş vardır. Bu giriş sütunla örtülübmüş, lazım olanda kənara çəkərmişlər. Siyasi səbəblərdən gizli ölüm hökmləri burada yerinə yetirilərmiş. Deyirlər ki, zindan yeraltı keçidlə "Fatimə məscidi" ilə birləşdirilmişdir.
"Qurd keçid"ə gəldikdə isə, deməliyəm ki, bu da başqa bir aləmdir. Bu qəribə kaha Bakıdan 5 kilometr aralıda bir qayanın döşündə yerləşir. Yönü Etna vulkanının xarabazarlığa çevirdiyi Siciliya çökəkliyinə çox oxşayan bir dərəyə baxır. Təkcə Etna ətrafa yayılan lavaları ilə bu qəmgin, ürəksıxıcı mənzərəni andıra bilər: boz və çılpaq torpaq, durğun su gölməçələri, iki uca dağ arasında vadi, uçurum, heç bir bitki izi görünməyən yerlər. Budur "Qurd keçidi"nin başından görünən mənzərə".
Aleksandr Düma Bakıda olarkən Xan qızı Natəvanla görüşmüş və bu görüşün təəssüratlarını məmnuniyyətlə qələmə almışdır: "Səbirsizliklə gözlədiyimiz, hörmətlə qəbul olunduğumuz bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım və onlardan birinin - gənc xanımın əri iştirak edirdi. Çadra örtmüş bu xanımların biri Qarabağın axırıncı xanı Mehduqulu xanın arvadı, o biri qızı idi. Anaya qırx, qızına isə iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Gənc xanımın iki uşağı da vardı. Anası kimi milli geyimdə olan 3-4 yaşlı qız uşağı maraq dolu, böyük, qara gözlərini bizdən çəkmirdi. 5-6 yaşlı oğlan uşağı isə nənəsinin dizinə sıxılmış və sövq-təbii kiçik əlini belindən asılı xəncərin üstünə qoymuşdu. Mən mat qalmışdım. Bu, fransız qadının uşağın oynamasına icazə verə biləcəyi oyuncaq xəncər deyildi, oğlanın belindəki əsl iti xəncər idi. Azərbaycanlı qadınlar üçün bu, birinci uşaq oyuncağı hesab olunur...".
Aleksandr Düma köhnə Bakını, neft buruqlarını, Xəzər dənizini sevə-sevə təsvir edir. Onun Atəşgahla tanışlığı yazıçıda böyük təəssüratlar oyadır: "Biz indi atəşpərəstlərin müqəddəs məbədinə - Atəşgaha gedirdik. İki saat yol gedəndən sonra bir təpənin başına çatdıq. Oradan bütün Atəşgah, onun od-alovu ovuc içi kimi aydın görünürdü. Məndən sonra atəşpərəstləri görmək istəyən həmvətənlərim tələsməlidirlər. Çünki ibadətgahda yalnız bir qoca və 30-35 yaşlı iki cavan adamdan başqa atəşpərəst qalmayıb. Biz tamamilə alova bürünmüş qapıdan həyətə girdik. Böyük, dördkünc həyətin ortasında gümbəzli səcdəgah ucalır, səcdəgahın tam ortasında əbədi alov şölələnir".
Aleksandr Düma köhnə Bakının dükan-bazarından da söhbət açır, bazarı bütün incəlikləri ilə göz önündə canlandırır. Rəssam Moynenin rəsmləri isə bu deyilənləri daha da canlı edir: "Burada hər şey bir-birinə qarışır. Bir yanda toz-torpaq, bir yanda həşəratlar, başqa bir tərəfdə isə mis qablarda hazırlanan yeməklərin ətri... Bəli, Şərq belədir: ətirli yeməklər, daş-qaş, silahlar, toz-torpaq - hamısı bir-birinin yanında. Bazarda bir alış-veriş gedirdi ki, gəl görəsən: İran ipəkləri, Qarabağ xalıları, türk məxmərləri, Lənkəran yastığı, gürcü tikmələri, Tiflis baftaları, nə bilim daha nə! Hamısı adama gəl-gəl deyir".
Yazıçı Xəzərin sahilində dayanıb bu böyük dənizə öz sevgisini bildirir. Belə vaxtda Aleksandr Düma realist bir yazıçıdan çox şairə bənzəyir: "...Ey qəfəsə salınmış quş kimi çırpınan Xəzər! Sən başqa dənizlərə birləşə bilmədiyinə görə heyifsilənir, köksün ötürürsən. Sən çəkilmə və qabarmanın nə olduğunu bilmirsən. Bir Allah bilir, bu qədər çayların suyunu nə edirsən? Əvəzində havaya bir az od və palçıq atırsan. Kim deyə bilər ki, adları belə unudulmuş neçə-neçə xalq sənin sahilinə gəlməmiş və onu qarış-qarış gəzməmişdir. Kim deyə bilər ki, neçə-neçə insanı öz qoynuna alıb onlardan heç əsər-əlamət saxlamamısan. Təkcə hərdənbir dalğaların sahillərə atdıqlarından bilmək olur ki, sənin qoynunda nə qədər sərvətlər gizlənmişdir. Bəli, qəmgin dəniz! Mənim də bir çox xüsusiyyətlərim sənə oxşayır. Elə sənin də mənimlə uyğun cəhətlərin var. Lakin sənin nə azad istiqamətin, nə də əşyalar haqqında təsəvvürün vardır. Sən necə var, elə də olmalısan, başqa cür ola da bilməzsən. Amma mən olduğum kimi yox, dönüb başqa cür də ola bilərəm. Di yaxşı, əlvida Xəzər dənizi! Mən səni görməyi o qədər arzulamışdım ki...".
Aleksandr Düma Bakıdan sonra qədim Şamaxıya baş çəkib, bir neçə gün onun qonağı olub. Şamaxı ilə bağlı söylədikləri tariximizi öyrənmək baxımından olduqca maraqlıdır.
Şamaxıdan çıxdıqdan sonra yazıçı Nuxada - Şəkidə qonaq olur. O dövrkü Nuxa Aleksandr Dümanın qələmində qeyri-adi rəngləri və əhvalatları ilə yadda qalır: "Biz yolumuza davam etdik. "Xan sarayı", şəhərin ən yüksək bir nöqtəsində, başqa tarixi binalardan fərqli olaraq müasir memarlıq üslubunda tikilmişdir. 1792-ci ildə Məhəmməd Həsən xanın tikdirdiyi "Xan sarayı" valehedici və insana "gəl-gəl" deyən bir imarətdir. Məhəmməd Həsən xanın mənsub olduğu xanədanın tarixi 1700-cü ildən başlayır. Onun əsasını bu sülalənin ən hörmətli və məşhur adamı Hacı Çələbi xan qoymuşdur. 1735-ci ildən 1740-ci ilə qədər o, Nadir şaha qarşı çox döyüşlərdə iştirak etmiş, bütün Şirvanı azad edərək Tiflisə qədər gedib çıxmışdır. Çar ordusu 1828-ci ildə Nuxanı tutanda "Xan sarayı" dağıdılmışdı. "Xan sarayı" elə füsunkar gözəlliyə malik abidədir ki, yalnız memar fırçası onun necə birləşdirildiyi məlum olmayan saysız-hesabsız şəbəkə və naxışlarını yenidən canlandıra bilər. Doğrudur, adlı-sanlı adamların, knyazların orada gecələməsi üçün "Xan sarayı" bərpa olunmağa başlamışdır. Lakin bərpa işləri yalnız birinci mərtəbədə aparılmışdır. Bu füsunkar sənət abidəsinin tam bərpasını davam etdirmək əvəzinə onu başlı-başına buraxmışlar. Nuxanın çox da böyük olmayan "Xan sarayı"ndan ayrılanda ürəyimdən istər-istəməz bir fikir keçdi: "Xudaya, sən özün bu gözəl və tarixi abidəni yadellilərdən qoru!"
Aleksandr Düma eyni sevgi ilə azərbaycanlıların əlindəki silahlardan, şahin ovundan, qoç döyüşündən, pəhləvanların güləşindən yazır, qonaq olduğu hər bir yeri məhəbbətlə təsvir edir. Yazıçı o dövrkü Nuxanı dünyaya tanıdan ipəkçilik sənətindən də söhbət açır: "Nuxanın əsas ticarətini ipək təşkil edir. Onun bir fabriki var - o da toxuculuq fabriki deyil, əyrici fabrikdir. Bu fabrik hər il 6 milyonluq xammal ixrac edir. Şəhərin evlərini kölgələrə qərq edən gözəl ağacların bir hissəsi tut ağaclarıdır. Onların atlas kimi yarpaqları ölkənin var-dövlətini təşkil edən milyardlarla barama qurdlarını yemləyir. İtaliyanın cənubunda Pyemon və Milan vilayətlərinin barama qurdlarının dörddə üç hissəsi epidemiya nəticəsində məhv olduğundan bir il üç ay bundan əvvəl 2-3 italiyalı tacir Nuxaya barama qurdlarının toxumundan almağa gəliblər. Lakin Şəkidə bu toxumu satmaqdan imtina ediblər. Bu, rəqabətlə əlaqədardır".
Böyük fransız yazıçısı Nuxadan ayrılıb Gürcüstana, ordan isə İstanbula yola düşüb. Gedərkən özü ilə apardığı hədiyyələr ona o qədər əziz idi ki, böyük sevgi ilə səyahətində yazırdı ki, mən çox istərdim ki, Qafqaza bir də gəlim. "Əgər buraya bir də qayıdıb gəlmək qismət olsaydı, onda buraya silahdan başqa heç nə gətirməzdim və Fransaya bir milyonçu kimi qayıdardım...".
Hər şeyin sonu olduğu kimi, bu səyahətin də sonu var. Bu səyahətə görə fransız xalqının məşhur oğlu Dümaya minnətdarıq. Çünki yurdumuza, tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə bir daha onun gözü ilə baxdıq.

"Tarix - mənim üçün romanlarımı asdığım mismara bənzəyir" - deyən Düma Azərbaycanın adına layiq bir əsər qoyub gedib. O əsər isə bütün dövrlərdə oxunduqca-oxunacaq...

Çolaq Vəli - Qərənfil Mansurovanın hekayəsi “Euphoria”nın qalmaqallı ulduzu: "Ceyms Bond obrazını canlandırmaq istəyirəm..." Heydər Əliyevin heyran olduğu rəssam - Onun Şuşaya həsr etdiyi əsərlər niyə səs-küy yaratdı?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see280

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see195

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see170

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see170

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see169

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see133

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see133

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see132

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see130

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see127

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see127

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri