“BUNLAR DAXİLDƏKİ DÜŞMƏNLƏRDİR VƏ KÖKÜ MÜTLƏQ KƏSİLMƏLİDİR...” “Kadr seçimi məsələsində də milli maraqlar ön planda olmalıdır”
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Vüqar İskəndərov: “Prezident İlham Əliyev bununla Azərbaycanın gələcək onilliklərini, hətta yüzillərini əhatə edən təhlükəsizlik sistemini qurur…”
“Rusiya ilə münasibətlərdəki gərginliyin kökündə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və suverenliyini tam bərpa etməsi dayanır”
“Yeni milli ideologiya və məfkurə formalaşdırılmalı, əsas istiqamətlər türk kimliyimiz və türk dünyası ilə əməkdaşlığın dərinləşdirilməsi olmalıdır”
Azərbaycanın siyasi gündəmi son aylarda xüsusilə dinamik və həssas proseslərlə xarakterizə olunur. Qarşıda duran yeni regional və qlobal çağırışlar, eləcə də ölkəmizin qələbə ilə yekunlaşan tarixi dönüşündən sonra yaranan reallıqlar dövlətin siyasətində çevik yanaşmalar tələb edir. Bu dəyişikliklərin fonunda təhlükəsizlikdən tutmuş beynəlxalq tərəfdaşlığa qədər bütün istiqamətlərdə diplomatik və strateji xətt yenilənir.
Millət vəkili Vüqar İskəndərovla sülh prosesinin hazırkı mərhələsi, Zəngəzur dəhlizinin perspektivləri, ABŞ və Avropa ilə münasibətlər, Rusiya ilə gərginliyin kökləri, eləcə də daxili təhlükəsizlik məsələləri və Ramiz Mehdiyevlə bağlı başlanan cinayət işi barədə geniş söhbət apardıq.
Millət vəkilinin “AzPolitika”ya müsahibəsini təqdim edirik:
-Vüqar bəy, bir neçə həftə əvvəl Vətən müharibəsində qələbənin 5 illiyini Zəfər Paradı ilə qeyd etdik. Bununla belə, Ermənistan hələ də sülh sazişini imzalamaqdan yayınır. Sizin Milli Məclisin üzvü kimi, yəqin ki, prosesin gedişatı barədə müəyyən məlumatlarınız var. Bu gün proses hansı mərhələdədir? Ermənistan Konstitusiyasında rəsmi Bakının tələb etdiyi dəyişikliklər gecikdirilir, revanşist mövqedə olanlar Rusiyanın dəstəyi ilə prosesi “baltalamağa” çalışır. Bu cür yanaşmalar sülh sazişinin imzalanmasına hansı çətinliklər yaradır və yaxın perspektiv üçün nə kimi gözləntilər var?
- İlk olaraq xatırladım ki, Bakı və İrəvan arasında bir neçə il davam edən gərgin danışıqlardan sonra bu ilin avqust ayının 8-də tərəflər imzalanacaq sülh müqaviləsinin mətninin bütün 17 bəndini paraflayıb və Ermənistan öz “ev tapşırığını” alıb. İndi Nikol Paşinyanın qarşısında duran bir nömrəli məsələ referendum keçirməkdir. Artıq Ermənistan Ədliyyə Nazirliyinin rəhbərliyi altında komissiya fəaliyyət göstərir və qarşıdakı yaz aylarına qədər referenduma çıxarılacaq sənədin ilkin variantı hazır olacaq və müzakirəyə təqdim ediləcək. Düşünürük ki, orada bizim qoyduğumuz tələblər öz əksini tapacaq. Yəni Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan torpaq iddiası, Türkiyə ilə bağlı iddialar, “Qərbi Ermənistan” kimi xəstə yanaşmalar tamamilə götürüləcək. Bunları həyata keçirmək üçün Paşinyan ilk növbədə seçkiləri udmalıdır. O, müxtəlif məsələlərdə etdiyi açıqlamalarla həm bizə və beynəlxalq ictimaiyyətə mesaj verir, həm də daxili auditoriyanı formalaşdırmağa çalışır. Daxildə kifayət qədər işlər də görüb artıq. Onun qarşısında duran əsas maneə isə Rusiyanın Ermənistan daxilindəki kəşfiyyat strukturları və ənənəvi təsir gücünə malik olan kilsədir. Bu istiqamətdə də addımlar atır. Ermənistan tarixində heç vaxt kilsə bu qədər güc itirməmişdi. Kilsə uzun illər toxunulmaz bir qurum kimi fəaliyyət göstərib və dövlətin siyasi qərarlarına böyük təsiri olub. Paşinyan bilir ki, kilsənin arxasında Rusiya dayanır və ona görə də onu ifşa edir. Digər tərəfdən, Rusiyayönümlü siyasi müxalifət – daşnaklar, Koçaryan və Sarkisyan komandası artıq əvvəlki kimi təhlükə yaratmır. Düşünürəm ki, artıq onların hakimiyyətə qayıtmaq perspektivi yoxdur. Erməni xalqının hətta müharibədəki məğlubiyyətindən sonra keçirilən seçkilərdə Paşinyana səs verməsi də bunu nümayiş etdirir. Bu, Paşinyana olan sevgi ilə bağlı deyildi, sadəcə “çox pis” ilə “bir az yaxşı” arasında seçim edərək ona üstünlük verdilər. Paşinyan da bunu yaxşı anlayır. Onun sülh sazişini imzalaması üçün qarşısında iki əsas hədəf var — Rusiyaya bağlı qüvvələrin təsirini zəiflətmək, xarici lobbilərin maliyyə imkanlarını nəzarətdə saxlamaq. Rusiyadan gələn və müəyyən təhlükə yaradan şəxsləri həbs etməkdən də çəkinmir. Rusiyadan göndərilən erməni iş adamı Samvel Karapetyanın həbsi buna nümunədir. Yəni Paşinyan yavaş-yavaş özünə mane olan qüvvələri sıradan çıxarır. Bunu davamlı olaraq seçkidə də qalib gəlməlidir ki, həm rahat hərəkət edə bilsin, həm də növbəti mərhələdə imzalanacaq sülh sazişinin bütün şərtlərini icra etsin. Paşinyanın vizyonu da genişlənib. O, başa düşür ki, Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Çünki ölkənin siyasi vektoru dəyişib. Paşinyan Qərbin layihəsidir və Qərblə münasibətləri gücləndirmək üçün Türkiyə ilə əlaqələri yaxşı səviyyədə saxlamaq məcburiyyətindədir. Buna görə də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Onun səmimi olduğu da hiss edilir, amma bu proses asan deyil. Qarşıda hələ bir çox hədəflər var və komandanın gərgin işlədiyi hiss olunur.
- Yəni sülh sazişi Ermənistandakı seçkilərdən sonra olacaq?
-Bəli, düşünürəm ki, seçkidən sonra Konstitusiya dəyişikliyinə gedilə bilər. Paşinyan 2027-ci ilə planlaşdırılan referendumu irəli çəkə bilər. Seçkidə qalib gəlsə və xalqdan mandat aldığını hiss etsə, Konstitusiyada dəyişikliklər məsələsinə keçə bilər. Bu baş verdikdən sonra sülh müqaviləsinin imzalanması üçün demək olar ki, heç bir maneə qalmır. Sülh sazişi üzrə əsas məsələlər artıq paraflanıb və sənədlərdə öz əksini tapıb.
-Vaşinqtonda sülh sazişi mətninin paraflanması ilə sənəddə “Tramp yolu” adlanan Zəngəzur dəhlizinin açılması məsələsi də aktuallaşdı. Dəhlizin sülh sazişindən əvvəl açıla biləcəyi də istisna edilmir. Sizcə, Zəngəzur dəhlizinin sülh sazişindən əvvəl açılması realdırmı və bu, Azərbaycanın, eləcə də regionun inkişafı baxımından hansı əhəmiyyətə malikdir?
-Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm seqmentidir. Burada cənab Prezidentin gələcəyə hesablanmış strateji yanaşmasını görmək mümkündür. Birincisi, Naxçıvanın quru yolla Azərbaycanın əsas hissəsi ilə birləşməsi təmin olunur. Bu, həm də quru yolla Türkiyə ilə birbaşa əlaqə deməkdir və Türk dünyasına açılan yeni bir qapıdır. Hazırda dünyanın müharibə xəritəsi dəyişib. Müharibələrin əsas səbəblərindən biri təbii sərvətlər və ticarət yollarının keçdiyi geosiyasi mövqelərdir. Qırmızı dənizdə baş verən hadisələr və digər regionlardakı gərginliklər göstərir ki, beynəlxalq ticarət yolları dünyanın iqtisadi həyatının əsas damarlarıdır. Zəngəzur dəhlizi rentabelli olmasına görə dünya üzrə ən perspektivli dörd nəqliyyat xəttindən birinə çevrilir. Amma əsas məsələ ondan ibarətdir ki, cənab Prezident İlham Əliyev bu dəhlizin açılması ilə Azərbaycanın gələcək onilliklərini, hətta yüzillərini əhatə edən təhlükəsizlik sistemini qurur. Çindən başlayıb Londona qədər uzanan qlobal xətt Avrasiyanın dörd bir yanını əhatə edir. Bu yola milyardlarla dollar investisiya qoyan dövlətlər istəməz ki, burada hər hansı problem yaşansın. Elə 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin yaratdığı sabitlik modelində də transmilli şirkətlərin Azərbaycana axını ölkənin təhlükəsizliyinə qarant rolunu oynadı. İndi bunun daha böyük bir forması regional miqyasda qurulur. İllərlə “boz zona” kimi görülən Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan və ətraf ərazilər artıq qlobal yolun bir parçasına çevrilir. Zəngəzur dəhlizi həm iqtisadi, həm də təhlükəsizlik baxımından böyük bir funksiya daşıyır. Dəhlizin açılması ABŞ kimi böyük güclərin də marağındadır. Yəni tərəflər müqavilə imzalayıb maliyyə yatırırlarsa, bu bölgənin təhlükəsizliyinə qarant da olacaqlar. Azərbaycan öz ərazisində bütün zəruri işləri görüb başa vurmasına baxmayaraq, təəssüf ki, Ermənistan hələ də konkret addım atmayıb. Görünən odur ki, Ermənistan ABŞ-dan maliyyə gözləyir. İlk tranş kimi artıq razılaşdırılan 164 milyon dollarlıq paket var. Birləşmiş Ştatlar bu maliyyəni ayırdığı halda Ermənistan işlərə başlaya bilər. Amma açıq deyim ki, mən Ermənistandakı parlament seçkilərindən əvvəl Zəngəzur dəhlizinin açılmasını da gözləmirəm. Bütün məsələlər Paşinyan üçün ikinci dərəcəyə keçir, çünki qarşıda seçki var və o, hakimiyyətdə qalmaq üçün riskli addımlardan çəkinəcək.
-ABŞ-nin Zəngəzur dəhlizində iştirakından söz düşmüşkən, Vaşinqtonla münasibətlərdə fərqli bir dövrə daxil olduğumuz müşahidə edilir. Sizcə, ABŞ-nin region siyasətində Azərbaycan hansı yerdədir və münasibətlərin daha da yaxınlaşması üçün nələr edilməlidir?
-Məlumdur ki, ABŞ-nin əvvəlki hakimiyyəti, Demokratlar Partiyası açıq şəkildə Ermənistanı dəstəkləyirdi. Paşinyan komandasının Bayden hakimiyyəti ilə yaxınlığı var idi. Ancaq Trampın hakimiyyətə gəlməsi ABŞ-nin siyasətini köklü şəkildə dəyişdi. Burada bir məsələni qeyd etmək vacibdir ki, Donald Tramp şəxsi münasibətlərə yüksək dəyər verən bir dövlət adamıdır. Bəzən ölkə başçısının şəxsi keyfiyyətləri bütöv dövlətə münasibəti dəyişə bilir. Tramp bu tip siyasəti sevən biridir – şəxsi simpatiya və antipatiya onun siyasi qərarlarında rol oynayır.
Azərbaycanla münasibətlər də məhz belə formalaşdı. Donald Tramp Azərbaycanı əvvəldən tanıyırdı, amma dünyanın ərazicə kiçik dövlətlərindən biri kimi. Lakin Prezident İlham Əliyevin mövqeyi, danışıqlardakı aydın hədəfləri, verdiyi dəqiq mesajlar Trampda tamamilə yeni rəy formalaşdırdı. Trampın bədən dilindən, açıqlamalarından, münasibətindən onun İlham Əliyevə xüsusi hörməti olduğu hiss edildi. İkincisi, Tramp administrasiyasının siyasi strateqləri Azərbaycanın regiondakı rolunu düzgün qiymətləndirdilər. Artıq Azərbaycan təkcə Cənubi Qafqazın deyil, Yaxın Şərqin də vacib aktorlarından birinə çevrilib. Təhlükəsizlikdən tutmuş enerji və logistika xəritəsinə qədər ölkəmizin izi geniş miqyasda görünür. Bunlarla yanaşı, Azərbaycanın İsraillə münasibətləri də Vaşinqtonda yüksək qiymətləndirilir. Bütün bu faktlar ümumiləşdiriləndə ortaya belə bir mənzərə çıxır: Tramp İlham Əliyevi Cənubi Qafqazda xarizmatik, sözünün arxasında dayanan, bölgəyə real təsiri olan lider kimi görür və onun siyasi vizyonuna inanır. Bu şəxsi və siyasi hörmət iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verir.Bunun real nəticələrini yaxın günlərdə də gördük. Azərbaycan parlament heyətinin ABŞ-də yüksək səviyyəli görüşləri Ağ Evin razılığı və dəstəyi ilə baş tutdu. Eyni vaxtda cənab Prezidentin köməkçisi Hikmət Hacıyevin NATO mənzil-qərargahında danışıqlar aparması Azərbaycanın həm ABŞ, həm də bütövlükdə Avro-Atlantik məkan üçün vacib tərəfdaş olduğunu göstərdi. Bu da onu təsdiqləyir ki, regionda siyasi nizam yenidən formalaşarkən Azərbaycan artıq mərkəzi fiqurlardan birinə çevrilib.

-ABŞ ilə münasibətlərdə qeyd etdiyiniz yaxşılaşma həqiqətən də görünür. Amma məlumdur ki, Avropa strukturlarında Azərbaycana qarşı uzun illərdir formalaşmış ikili standartlar mövcuddur. Sizcə, ABŞ-la münasibətlərin yaxşılaşması və regionda əməkdaşlığın genişlənməsi Azərbaycan–Avropa münasibətlərinə real olaraq hansı təsirləri göstərə bilər? Azərbaycanın yenidən Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) qayıtması nə dərəcədə mümkündür?
-Əslində AŞ PA-da fəaliyyətimizi biz dayandırmışıq. Bizə qarşı əsassız və qərəzli münasibət olduğu üçün. Biz orada qala da bilərdik, amma mövcud maneələr aradan qaldırılmalı idi. Azərbaycan öz öhdəliklərini yerinə yetirib. Ancaq təəssüf ki, bir çox Avropa parlamentarilərinin ermənipərəst mövqeyi, ikili standartlara yol verməsi AŞ PA-da fəaliyyətimizi mümkünsüz etdi. Qeyd edim ki, Avropa İttifaqının parlamentar strukturları bu gün Avropanın real siyasi iradəsini tam şəkildə əks etdirmir. Korrupsiya təsiri altında olan, müəyyən lobbilərin maraqlarına xidmət edən bir qrup deputat var. Onların çoxu Avropanın gələcəyini düşünmək əvəzinə şəxsi maraqlara və ya müəyyən dairələrin sifarişinə uyğun davranırlar.
Avropa uzun illər Azərbaycanı haqlı mövqeyini görmədi. Bunun əsas səbəbi isə “erməni faktoru” idi. Xüsusilə Fransadakı köklü erməni lobbisi həm Fransa siyasətinə, həm də bunun vasitəsilə Avropa qurumlarına ciddi təsir göstərirdi. Bu təsir Avropa Şurasında, Avropa Parlamentində və digər platformalarda açıq şəkildə hiss olunurdu. Bununla belə, biz Avropa İttifaqının 8–9 üzv dövləti ilə çox yaxşı ikitərəfli münasibətlər qurmuşuq. Bizim ən böyük ixrac tərəfdaşımız olan İtaliya dost ölkədir və Azərbaycan–İtaliya əlaqələri hər il daha da möhkəmlənir. Fransa ilə bağlı da müəyyən dəyişikliklər var. Son zamanlar Makron özünün əvvəlki ritorikasından müəyyən qədər geri çəkildiyini göstərdi. Amma düşünürəm ki, Makron ümumiyyətlə Azərbaycana simpatiya ilə yanaşmır – bu açıq görünür. Sadəcə, siyasət başqa məsələdir. O gördü ki, Azərbaycana təzyiq göstərmək mümkün deyil. İlham Əliyev nə şəxsi xüsusiyyətlərinə, nə də liderlik prinsiplərinə görə təzyiqi qəbul edən siyasətçi deyil. Ona tərəfdaş kimi yanaşmaq olar, amma təzyiq göstərmək olmaz. Bunu Fransa da anladı.
Avropada hələ də elə ölkələr var ki, onların parlamentlərində ermənipərəst, regionun tarixini və reallıqlarını bilməyən, yanlış məlumatlarla qidalanan deputatlar çoxdur. Bu təsir xüsusilə Niderland, İsveç, Danimarka kimi ölkələrdə hiss olunur. Lakin bütün bunlara baxmayaraq, biz Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz tərəfdaşıq. Biz Avropanın ayrılmaz hissəsiyik – həm həyat tərzimiz, həm mədəniyyətimiz, həm də düşüncə tərzimizlə. Buna görə də biz kənara çəkilməməli, Avropa institutları ilə işləməyə davam etməliyik. Dövlət qurumları, vətəndaş cəmiyyəti və bütün institutlar Avropaya Azərbaycan həqiqətlərini çatdırmalıdır. Onlar anlamalıdırlar ki, Azərbaycan səmimi, açıq və etibarlı tərəfdaşdır.
-ABŞ ilə münasibətlərin yaxşılaşdığı, Avropa ilə də münasibətlərin sizin qeyd etdiyiniz kimi “buzların əriməyə” doğru getdiyi bir mərhələdə, Rusiya ilə əlaqələrdə müəyyən gərginliklər müşahidə olundu. Son dövrlər münasibətlərdə müəyyən yumşalma hiss edilsə də, gərginlik tam aradan qalxmayıb. Sizcə, bu gərginliyin əsas səbəbləri nələrdir? Eyni zamanda bu gərginliyin aradan qaldırılması üçün Rusiyanın hansı addımlar atması lazımdır?
-Açıq danışsaq, bu gərginliyin kökündə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və suverenliyini tam bərpa etməsi dayanır. Xankəndi və ətraf ərazilərdə dövlət nəzarətinin bərpa olunması ilə Azərbaycan uzun illərdən bəri mövcud olan problemi özü, müstəqil şəkildə həll etdi. Bu isə təbii ki, Rusiyada qıcığın yaranmasına səbəb oldu. Çünki MDB məkanında Azərbaycan qədər müstəqil siyasət yürüdən ikinci bir dövlət yoxdur. Azərbaycan yalnız milli və dövlətçilik maraqlarına söykənən siyasət aparır və eyni zamanda bütün böyük güclərlə tərəfdaşlıq münasibətlərini qoruyur. Rusiya ilə münasibətlərə siyasi və hüquqi aspektdən baxsaq, aramızda mövcud müqavilələr var, lakin təəssüf ki, həmin müqavilələrin şərtlərini pozan tərəf çox zaman məhz Rusiya olur.
Sadə dildə desək, Rusiya Azərbaycanın torpaqlarını işğaldan azad etməsini və suverenliyini tam bərpa etməsini öz təsir imkanlarının zəifləməsi kimi görür və buna görə də bundan məmnun qalmır. Çünki bölgədə “ocaqların” qalması Rusiyanın bura təsir dairəsini geniş şəkildə saxlayırdı. Azərbaycan isə göstərdi ki, bu məsələləri heç bir xarici gücə ehtiyac duymadan həll edə bilir. Bu, Rusiya üçün xoş olmadı və “Azərbaycan niyə bunu mənim iştirakım olmadan həll edir?” kimi yanaşmalar formalaşdırdı. Halbuki Azərbaycan bildirir ki, münasibətlər qonşuluq və dostluq səviyyəsində olmalıdır, lakin heç bir halda “böyük qardaş – kiçik qardaş” modeli ola bilməz. Rusiya isə bu bərabərlik prinsipini həzm etməkdə çətinlik çəkir. Rusiyada imperiya düşüncəsi hələ də güclüdür. Prezident səviyyəsində daha yumşaq ritorika görünsə də, deputatlar, siyasətçilər və regional liderlərin çoxunun çıxışlarında hələ də sovetdən qalma imperiya iddiaları, şovinizm və keçmişə bağlılıq açıq görünür.
Bu hisslər cəmiyyətlərində güclü şəkildə qalmaqdadır. Təyyarə qəzası məsələsində Rusiyanın göstərdiyi münasibət də bu düşüncənin bariz nümunəsi oldu. Əgər hadisə səhv idisə, Rusiya bunu düzəltmək üçün addım atmalı idi, lakin belə bir addım atmadı. Onlar Azərbaycandan bu qədər sərt və prinsipial reaksiya gözləmirdilər. Lakin Azərbaycan dövlət kimi qətiyyətli mövqe göstərdi və “bizimlə belə davranmaq olmaz” mesajını çox açıq şəkildə verdi.
Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə Prezidenti İlham Əliyevlə görüşündən əvvəl Rusiya tərəfi müxtəlif vasitələrlə təzyiq göstərməyə, məsələni yumşaltmağa cəhd etsə də, bunların heç biri nəticə vermədi. Sonda Rusiya Prezidenti görüşdə münasibətlərin normallaşması barədə açıq və səmimi etiraflar etməli oldu. Paralel olaraq onu da görürük ki, iqtisadi sahədə münasibətlər pozulmayıb – əksinə, ticarət dövriyyəsi artır. Rusiyanın yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərləri davam edir. Çünki Rusiya üçün də Azərbaycan vacib iqtisadi tərəfdaşdır.

-Təəssüf ki, Azərbaycanda da bəzi dairələr, xüsusilə Rusiya ilə əlaqəsi olanlar, eləcə də “beşinci kolon” gərginliyin davam etməsində Bakını günahlandırmağa çalışdılar, ictimai fikri yanıltmağa cəhd etdilər. Belə bir vəziyyətdə dövlətin daxili təhlükəsizlik konsepsiyasına uyğun olaraq əsas prioritet təbii ki, cəmiyyətdə düzgün mövqe formalaşdırmaq olmalı, şəxsi və qrup maraqlarını deyil, dövlətin ləyaqətinin və suverenliyinin müdafiəsi ön plana çıxarılmalıdır. Bunun üçün nələr etməliyik?
-Təəssüf ki, cəmiyyətimizdə 90-cı illərin əvvəllərindən bəri xoş olmayan bir tendensiya mövcuddur: bir qrup özünü “rusiyapərəst”, digər qrup “qərbpərəst” adlandırır və biri danışanda o biri dərhal onu linç edir. Məncə, bu yanaşma artıq aradan qalxmalıdır. Azərbaycan üçün əsas olan milli maraqlar üzərindən düşünməkdir. Biz Rusiya ilə də normal münasibətləri qorumağa çalışmalıyıq, çünki böyük bir dövlətlə qonşuyuq və Rusiyaya qarşı hansısa iddiamız yoxdur. Bizim məqsədimiz dövlətimizi qorumaqdır: xalqın təhlükəsizliyi, dövlətimizin suverenliyi və sabitliyi. Real vəziyyətlə bağlı fikir bildirəndə dərhal bir qrup ortaya çıxıb bunu Qərb institutlarının təbliğatı kimi təqdim edir. Digər tərəf isə əksinə, Rusiya ilə münasibətləri kəsməyin, Qərbə tam inteqrasiyanın labüdlüyünü vurğulayır. Bu qütbləşmə həm ölkə daxilində sağlam müzakirə mühitinə mane olur, həm də dövlətçilik prinsipinə ziddir. Düşünürəm ki, artıq bu “rusiyapərəst–avropapərəst–amerikapərəst–iranpərəst” bölgüləri sıradan çıxmalıdır. Bunun üçün düzgün fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları, sağlam siyasi partiyalar və dövlətçilik maraqlarına əsaslanan ümummilli yanaşma tələb olunur. Dövlət siyasəti heç vaxt daxili siyasi çəkişmələrin qurbanına çevrilməməlidir. Dövlətin təhlükəsizliyi və milli maraqlarla bağlı məsələlərdə iqtidar–müxalifət bölgüsü olmamalıdır — necə ki, Vətən müharibəsində ölkə praktiki olaraq birləşə bildi. Bir neçə marginal qüvvəni çıxmaq şərti ilə bütün siyasi spektr milli mövqeyini nümayiş etdirdi və bu, çox doğru yanaşma idi. Biz böyük dövlətlərlə işləməyə məcburuq — bu, həm dövlət maraqlarımıza uyğundur, həm də geosiyasi reallıqdır. Lakin eyni zamanda, əgər həmin dövlətlər Azərbaycanın suverenliyinə və daxili işlərinə müdaxilə etməyə cəhd edirsə, bu cəhdlərin qarşısı qəti şəkildə alınmalıdır. Əsl təhlükə məhz “beşinci kolon” adlandırılan ünsürlərdir. Bunlar daxildəki düşmənlərdir və ən təhlükəli elementlərdir. Onların kökü mütləq kəsilməlidir. Kadr seçimi məsələsində də milli maraqlar ön planda olmalıdır. Dövlət gələcəyi düşünəndə 5 illik deyil, ən azı 50 illik perspektivlə hərəkət etməlidir. Vəzifələrə dövlətin gələcəyini görə bilən, milli düşüncəli və lazım gəlsə dövlət üçün fədakarlıq edəcək insanlar gətirilməlidir. Azərbaycan XXI əsrin mürəkkəb geosiyasi reallığında unikal bir nəticəyə nail olub. Dünyada onilliklərlə davam edən çoxsaylı münaqişələr var ki, hələ də həll olunmayıb, halbuki biz işğalda olan torpaqlarımızı qısa müddətdə azad etdik və suverenliyimizi bərpa etdik. Bu, Azərbaycanın gücünün və dövlətçilik modelinin unikallığının bariz göstəricisidir.
-Cəmiyyətin milli maraqlar ətrafında birləşməsi əlbəttə vacibdir. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu istiqamətdə fikirlərini açıqlayarkən, yeni milli ideologiyaya ehtiyac olduğunu bildirib. Prezident İlham Əliyevin vurğuladığı “bizim ailəmiz türk dünyasıdır” fikrinin bu ideyanın mühüm sütunlarından biri ola biləcəyini qeyd edib. Düşünürəm ki, milli kimliyimizi qorumaq və vahid türk ailəsi olaraq qlobal gücə çevrilmək baxımından bu, doğru yanaşmadır. Bu istiqamətdə milli ideologiyanın formalaşdırılması həm cəmiyyətimizdəki ideoloji boşluğu aradan qaldırar, həm də bizləri Rusiya, Qərb və ya İran yönümlü bölgülərdən uzaqlaşdırıb öz milli kimliyimiz ətrafında birləşməyimizə səbəb olar. Siz necə düşünürsünüz, yeni milli ideologiyanı yaratmaq lazımdırmı və bunun üçün nə edilməlidir?
-Düşünürəm ki, bəli, doğru və vacib yanaşmadır. Ancaq bu zaman iki mühüm tarixi mərhələni yadda saxlamalıyıq. Birincisi, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi yalnız Azərbaycan dövlətini qoruyub saxlamadı, həm də ölkəni möhkəmləndirdi, sabitləşdirdi və iqtisadi inkişafın əsasını qoydu. İkincisi, Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə qarşıya qoyulan ən böyük strateji hədəf — o zaman “Dağlıq Qarabağ münaqişəsi” kimi ifadə olunan məsələ — reallıqda öz həllini tapdı. İlham Əliyev həm bütün Azərbaycan xalqının Prezidenti oldu, həm də dünyanın 50 milyon azərbaycanlısının milli liderinə çevrildi. Bu, artıq tarixi faktdır. Bu gün ən mühüm çağırış bəli, yeni milli ideologiyanın, yeni məfkurənin formalaşdırılmasıdır. Mən tam razıyam ki, əsas istiqamət türk kimliyimizlə bağlı olmalı, türk dünyası ilə əməkdaşlığın dərinləşdirilməsinə yönəlməlidir. Cənab Prezident də dəfələrlə bildirib ki, bizim evimiz türk dünyasıdır. Bu, həm tarixi-mədəni köklərimiz, həm geosiyasi reallıq, həm də strateji maraqlar baxımından doğru xəttdir. Dünya bizə başqa bir yerdə qapı açıb gözləmir — biz regionda güclənməliyik və bunu da əsasən türk dövlətləri ilə inteqrasiya üzərindən etməliyik.
Türkiyə ilə əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır. Bəzən insanlar “qardaşıq, hər şey onsuz da idealdır” deyib arxayınlaşa bilirlər. Amma dövlət heç vaxt arxayınlaşmamalıdır; əksinə, əlaqələr daha da dərinləşməli, strateji müstəvidə gücləndirilməlidir. Dünya çox sürətlə dəyişir. Bir ay əvvəl aktual olan məsələ bir ay sonra gündəmdən çıxır və yerini yeni çağırışlar tutur. Bu reallıqları görməliyik. Gənclərlə xüsusi iş aparılmalıdır — bu həm keyfiyyətli təhsil, həm də milli vətənpərvərliyin gücləndirilməsi ilə mümkündür. Müharibənin öz qanunları var: müharibə zamanı cəmiyyət birləşir, birlik pik nöqtəyə qalxır. Amma sülh dövründə bunun azalmasını cəmiyyətə qüsur kimi təqdim etmək olmaz — insanlar normal həyatlarına qayıdır. Burada əsas məsələ odur ki, dövlət həmin vətənpərvər ruhun daimi olaraq yüksək səviyyədə saxlanılmasını təmin etməlidir. Biz bir “mozaika” kimi düşünməliyik: hər bir vətəndaş o mozaikanın vacib parçasıdır. Bir hissə belə çatışmasa, bütöv şəkil pozular. Buna görə də milli birlik — davamlı, sistemli və dərin olmalıdır. Dünya göstərdi ki, tək başına böyük güclərlə rəqabət çox çətin məsələdir. Azərbaycan isə Türkiyə ilə birlikdə türk dünyasının formalaşmaqda olan yeni güc mərkəzinin əsas iştirakçılarından biridir. Bu güc kiməsə qarşı deyil — əksinə, açıq platformadır. Türk Dövlətləri Təşkilatına üzv olmaq istəyənlərə də bu münasibət göstərir ki, qapımız açıqdır. Lakin dünya düzəni o qədər sürətlə dəyişir ki, ölkələr bir gecədə mövqelərini dəyişə, siyasətlərini yenidən qura bilirlər. Bu dinamika fonunda Azərbaycanın seçdiyi yol — türk dünyasına inteqrasiya və milli kimliyimizin qorunması ideologiyası — ən doğru istiqamətdir. Bizim milli məfkurəmizin əsas dayaqları bunlardır: milli kimlik, Azərbaycançılıq, dövlətçilik, suverenlik, türk dünyası ilə strateji birlik, türk dövlətləri ilə siyasi, iqtisadi, hərbi və mədəni inteqrasiya, güclü vətənpərvərlik və müasir dünyaya uyğun milli ideoloji xətt. Bu istiqamətlər gələcək milli ideologiyanın əsas sütunları olmalıdır.
-Türkiyə ilə Azərbaycan arasında münasibətlərin artıq strateji müttəfiqliyin ən yüksək mərhələsinə doğru inkişaf etdiyi müşahidə olunur. Bu baxımdan hərbi əməkdaşlığın daha da genişlənməsi və gələcəkdə real bir hərbi ittifaqın formalaşdırılması perspektivlərini necə qiymətləndirirsiniz? Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin siyasi və hərbi sahədə inteqrasiyasının sürətlənməsi bu qurumu qlobal güc mərkəzinə çevirə bilərmi?
-Bilirsiniz ki, hazırkı mərhələdə Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və təşkilatın nizamnaməsinə əsasən ölkədə hər hansı xarici hərbi bazanın yerləşdirilməsi bu öhdəliklərlə uzlaşmır. Lakin gələcək çağırışlar tam fərqli ola bilər. Əgər Azərbaycan dövlətinə qarşı real təhlükə yaranarsa, niyə görə gələcəkdə Türkiyənin hərbi bazaları ölkəmizdə olmasın? Şuşa Bəyannaməsi artıq bizim müttəfiqlik münasibətlərimizi ən yüksək səviyyəyə qaldırıb və bu hüquqi baza gələcəkdə daha geniş hərbi əməkdaşlıq formatına çevrilə bilər. Türk dünyasının inteqrasiyası istiqamətində də böyük perspektivlər var. Mən xüsusilə Özbəkistanın fəallığını qeyd etmək istəyirəm. Yaxın illərdə biz Türkiyə, Azərbaycan və Özbəkistan arasında daha sıx birliyin formalaşmasına yönəlik addımları görə bilərik — 3 dövlət, 1 millət kimi... Eyni zamanda Qazaxıstan, Qırğızıstan, Türkmənistan və hətta Avropada Macarıstan bu prosesin potensial iştirakçılarıdır. Bu türk dövlətlərinin birlikdə gələcəkdə “Turan” adlandırılan hərbi blokun formalaşdırması tam real görünür. Niyə? Çünki türk dünyası həm böyük əhali potensialına, həm də strateji yeraltı sərvətlərə malikdir. Hazırda Mərkəzi Asiya uğrunda böyük dövlətlərin — Rusiya, ABŞ və Fransanın — rəqabəti gedir. Regionun nadir resurslara və qlobal rəqabətdə xüsusi əhəmiyyətə malik enerji resurslarına sahib olması Türk Dövlətləri Təşkilatının strateji çəkisini artırır. Türk ölkələrinin hərbi gücü də nəzərə alınmalıdır. Azərbaycan Ordusu döyüş qabiliyyəti, texniki modernizasiya və motivasiya baxımından bölgənin ən peşəkar ordularından biridir. Ümumilikdə türk dövlətlərinin insan və resurs potensialı birləşdirilərsə, bu, milyonlarla şəxsi heyətə malik, yüksək texnoloji imkanlarla dəstəklənən çevik və səmərəli bir hərbi güc yarada bilər. Əlbəttə, bu gün üçün rəsmi hərbi blok məsələsi gündəmdə deyil. Amma gələcək təhlükəsizlik çağırışları, qlobal siyasətdə dəyişən balanslar belə bir ittifaqın yaranmasını tam real edir. Bu proses üçün ən səmərəli platforma məhz Türk Dövlətləri Təşkilatıdır. Əgər gələcəkdə Təşkilat NATO-nun 5-ci maddəsinə bənzər — “bir üzvə hücum hamıya hücum sayılır” — mexanizmi təsbit edən müqavilə qəbul etsə, türk dünyası qlobal güc mərkəzlərindən birinə çevrilə bilər.
-Pakistanın rolunu necə qiymətləndirirsiniz? Azərbaycan–Pakistan münasibətlərinin inkişafı Prezident İlham Əliyevin siyasətində əsas istiqamətlərdən biri kimi formalaşıb. Türk Dövlətləri Təşkilatının da qeyd etdiyiniz kimi açıq struktur olduğunu nəzərə alsaq, Pakistanın bu platformaya qoşulması əməkdaşlığa, regionda sabitlik və sülhün möhkəmlənməsinə hansı töhfələri verə bilər?
-Pakistan bizim üçün sadəcə dost deyil, can qardaşdır. Bu münasibət təkcə siyasi bəyanatlarla deyil, real addımlarla, tarixi dəstəklə təsdiqlənib. Pakistan daim Azərbaycanın yanında olub: Ermənistan müstəqillik əldə etdiyi gündən bu ölkəni tanımayan yeganə dövlət məhz Pakistandır. Bu, həm siyasi prinsipiallıq, həm də qardaşlıq nümunəsidir. Pakistanın güclü hərbi potensialı, nüvə dövlət statusu və regionda nüfuzu nəzərə alınsa, onun Türk Dövlətləri Təşkilatına daha sıx inteqrasiya olunması böyük strateji üstünlüklər yarada bilər. Təşkilatın açıq formatda olması və yaxın dövlətlərlə əməkdaşlığa hazır olması Pakistanın bu platformada mühüm rol oynaya biləcəyini göstərir. Pakistanın əlavə olunması regional təhlükəsizlik arxitekturasını gücləndirər, siyasi və iqtisadi əməkdaşlıq imkanlarını genişləndirər. Eyni zamanda bu proses türk dünyasının geosiyasi çəkisini artırar və yeni güc mərkəzi yaradar. Bu, həm Azərbaycan, həm də bütövlükdə region üçün sülh və sabitlik baxımından böyük töhfə ola bilər. Pakistanla əməkdaşlığımızı yalnız dövlət başçıları və parlamentlər səviyyəsində deyil, bütün istiqamətlərdə — dövlət, hökumət, parlament, vətəndaş cəmiyyəti, icmalar və şəhərlər səviyyəsində genişləndirməliyik. Yəni qardaş şəhərlərin sayını artırmaq, həmçinin qarşılıqlı investisiya fəaliyyətini daha da sıxlaşdırmaq lazımdır.
-Azərbaycanın qardaş və dost ölkələrlə əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən işlərin böyük qismi, təbii ki, dövlət başçısının və onun komandasının fəaliyyəti ilə gerçəkləşir. Lakin burada parlament diplomatiyasının rolu əhəmiyyətlidir. Sizcə, bu gün parlament aparılan siyasətə ayaqlaşa bilirmi, yeni çağırışlara cavab verə bilirmi?
-Bu gün Azərbaycan parlamenti Sahibə xanımın rəhbərliyi ilə parlament diplomatiyasında kifayət qədər fəal rol oynayır. Sədrin səfərlərinə nəzər salsanız, görərsiniz ki, ən vacib ölkələrdə çox mühüm görüşlər keçirilir. Prezidentin xarici siyasətinin əsas istiqamətləri parlament diplomatiyasında da uğurla davam etdirilir. Parlamentin bir neçə missiyası var və onlardan biri də parlament diplomatiyasıdır. Bu sahədə Azərbaycan bu günə qədər olmadığı qədər aktivdir və xarici siyasətdə öz xətti ilə əhəmiyyətli addımlar atır. Amma demək olmaz ki, hər şey ideal şəkildədir – görülməli işlər hələ də çoxdur.

– Bir neçə sualımız da ölkə daxilində baş verən ictimai-siyasi hadisələrlə bağlı olacaq. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı istintaqın başlaması, onun haqqında həbs qətimkan tədbirinin seçilməsi (yaşına görə evdə keçirir) ictimaiyyətin ən çox müzakirə etdiyi mövzulardandır. Uzun illər hakimiyyətdə yüksək vəzifə tutmuş Mehdiyevin dövlətə xəyanət etməsini gözləmək mümkün idimi? Onun belə bir yol seçməsinin səbəbinə, hansı məqsədlər güddüyünə dair hansısa məlumatınız, ehtimalınız varmı?
– Ramiz Mehdiyevi canlı şəkildə yalnız bir dəfə, YAP-ın qurultayında görmüşəm. Ancaq əlbəttə, siyasətlə məşğul olan hər bir şəxs kimi onun kim olduğunu, ətrafında formalaşmış klanın güclü təsir dairəsinə malik olduğunu bilirdim. Mən parlamentə gəldiyim vaxtda o, artıq vəzifədən uzaqlaşdırılmış və AMEA-ya rəhbər getmişdi. Lakin buna baxmayaraq, orada da elmi fəaliyyətlə məşğul olmaq əvəzinə AMEA-nı bir növ siyasi güc, intiriqa mərkəzinə çevirməyə cəhd edirdi. Dövlət orqanlarının hamısı bunu görürdü və əlbəttə ki, Prezident İlham Əliyev belə cəhdlərə heç vaxt imkan verməzdi. Məhz bu cür əməllərinə görə də AMEA-dan uzaqlaşdırıldı. Bir müddət əvvəl isə məlum xəbər yayıldı. Hüquq-mühafizə orqanlarının hələlik konkret açıqladığı məlumat budur ki, onunla bağlı dörd aylıq ev həbsi təyin edilib və müəyyən maddələr üzrə ittiham irəli sürülüb. Hazırda istintaq gedir və nəticə ictimaiyyətə açıqlanacaq. Lakin onu yaxından tanıyanların dedikləri, müşahidələrimiz göstərir ki, Ramiz Mehdiyev müəyyən iddiaları, ambisiyaları olan biridir. Onun davranışlarından da daim xüsusi iddialı biri olduğunu görmək mümkündür. İnsanın iddiaları ilə imkanları üst-üstə düşməyəndə bədbəxt olur. Ramiz Mehdiyevin iddiaları, əgər irəli sürülən ittihamlar həqiqəti əks etdirirsə, onu yanlış yola aparıb. Mən həmişə düşünürdüm ki, insan üçün ən böyük nemət can sağlığıdır. Amma son iki ildə fikrim dəyişib. Dua edirəm ki, insanın ağlı həmişə yerində olsun. Dünyada elə insanlar var ki, səhhətləri yerindədir, amma ağıl yoxdur — küçələrdə yaşayır, xəstələnmir, amma düşünmək qabiliyyəti yoxdur. Demək istəyirəm ki, əsl nemət sağlam düşüncədir. Bu yaşa çatmış bir insan əgər doğrudan da belə ağılsızlıqlar edibsə, dövlətinə qarşı belə davranıbsa, buna söz tapmaq çətindir. Bunu yalnız ağlını itirən biri edər.
– Parlamentdə Ramiz Mehdiyevin dəstəyi ilə seçilmiş, onun birbaşa yerləşdirdiyi şəxslərin olduğu iddia edilir. Sizcə, bu gün parlamentdə Ramiz Mehdiyevi dəstəkləyən və ya onunla planlarında iştirak etməyə razılaşan şəxslər varmı?
– Ramiz Mehdiyev Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə hətta parlamentlə bağlı ayrıca bir şöbə də mövcud deyildi. Konkret struktur yox idi. Lakin eşidirdim ki, parlamentə kimlərin seçilməsinə məhz o, müəyyən mənada “xeyir-dua” verirdi. Amma mən bu fikirlə razı deyiləm ki, bu gün parlamentdə Ramiz Mehdiyevin klanı və ya onun adamlarından ibarət bir şəbəkə var. Mən buna inanmıram. Açığını deyim, parlament ən çox tənqid olunan strukturlardan biridir. Bu, təkcə Azərbaycana xas deyil. Dünyanın bir çox ölkəsində seçicilər deputatlardan daha çox iş gözləyir, buna görə narazı qalırlar. Biz bunu anlayır və qəbul edirik. Ancaq qeyd etməliyəm ki, parlamentin böyük əksəriyyəti dövlətçiliyə sədaqətli insanlardan ibarətdir. Əgər əvvəllər hansısa vəzifə sahibi müəyyən təsir imkanlarına malik olubsa və bəzi deputatlar onun haqqında hansısa müsbət fikir bildiriblərsə, bu, mütləq şəkildə o deputatların onun “komandasına” aid olduğu anlamına gəlmir. Bəlkə də bizim bilmədiyimiz şəkildə ona yaxın olan şəxslər var — bunu tam inkar etmirəm. Lakin ümumi parlament siyasətinə baxanda bu məsələ çox cüzi və əhəmiyyətsiz görünür. Parlament dövlətin mühüm dayaqlarından biridir. Orada işlər normal gedəndə dövlət idarəçiliyi də daha səmərəli olur. Çünki büdcə parlamentdən keçir, ölkənin ən mühüm siyasi məsələləri orada müzakirə olunur, deputatların fikirləri bəzən geniş rezonans doğurur. Parlament hakimiyyətin bir qolu olaraq öz üzərinə düşən missiyanı vicdanla və məsuliyyətlə yerinə yetirməyə çalışır. Mən inanmıram ki, hansısa qrupun, klanın və ya şəxsi maraqların təsiri ilə parlamentdə fəaliyyət göstərən insanlar olsun.
- Hökumətə yaxın mətbuatda keçmiş nazirlərin, məmurların və deputatlar arasından bəzi şəxslərin Ramiz Mehdiyevin çevriliş planında iştirak etdiyi iddia olunur, adlar çəkilir. Belə şəxslərin olması ehtimalına necə baxırsınız?
– Mən də bu iddiaları oxuyuram: müxalifət qəzetlərində, internet televiziyalarında, hətta bəzən dövlətə yaxın saytlarda belə Ramiz Mehdiyevin ətrafında müəyyən şəxslərin olduğuna dair fikirlər səsləndirilir. Lakin yenə də qeyd etdiyim mövqedə qalıram: bu məsələni tam əminliklə təsdiqləmək mümkün deyil. Sabah istintaqın nəticələri açıqlananda daha dəqiq bilinəcək. Ancaq onu da qeyd edim ki, ümumiyyətlə, nə Ramiz Mehdiyev və ətrafındakıların, nə də başqa birilərinin Azərbaycanda çevriliş etməsi praktik olaraq mümkün olmayan məsələdir. Çünki çevriliş üçün mütləq sosial, siyasi və ya iqtisadi zəmin yaranmalıdır. Azərbaycanda belə bir zəmin yoxdur. Əlbəttə, dünyanın ən inkişaf etmiş dövlətinin vətəndaşını da danışdırsan, narazılıq tapılacaq — bu, insan təbiətidir. Amma ümumilikdə Azərbaycan həm daxili sabitlik, həm də ictimai-siyasi təhlükəsizlik baxımından ciddi üstünlük nümayiş etdirir. Bu baxımdan Azərbaycanda hansısa çevriliş üçün zəmin yoxdur. Əksinə, ölkəmizdə xalq-iqtidar tandemi güclüdür. Ramiz Mehdiyev də gəlsə belə bir şey reallaşa bilməzdi, çünki buna imkan verən sosial-siyasi şərait yoxdur. Tam əksinədir. Onun belə bir fikrə düşdüyünə dair iddialar doğrudursa, açığı, bu onun psixoloji baxımdan da sağlam olmadığını göstərir.
– Son dövrlər iqtisadi və sosial sahədə müəyyən addımlar atılır ki, bunlardan bəziləri cəmiyyətdə birmənalı qarşılanmır. Sosial yardımların verilmə şərtlərinin ağırlaşdırılması, vergidən azad edilən bəzi təbəqələrin qismən də vergiyə cəlb olunması müəyyən narazılıqlar yaradır. Bunlar nə ilə bağlıdır və əhalinin sosial rifahının artırılması istiqamətində gələcəkdə nə kimi addımlar atıla bilər?
- Əvvəla qeyd edim ki, əsas məqsəd əhalinin iqtisadi fəallığını artırmaq və büdcənin neft sektorundan asılılığını azaltmaqdır. Bu artıq büdcədə açıq şəkildə hiss olunur. Son illərdə qeyri-neft-qaz sektorunun büdcədəki payı əhəmiyyətli dərəcədə artıb. Uzun illər büdcəmiz əsasən enerji sektorundan asılı olub. Lakin hazırda qeyri-neft sektorundan daxilolmalar daha sürətlə artır və bu, büdcə üçün böyük irəliləyişdir. Ölkə yeni iqtisadi mərhələyə qədəm qoyur. Məqsəd odur ki, dövlətin gəlirləri təkcə bir neçə sahədən asılı olmasın. Necə ki, rayonlara verilən dotasiyalar dayandırıldı, özlərini maliyyələşdirmə sisteminə keçildi, ölkənin də dayanıqlı maliyyə resurslarının təmin olunması əsas vəzifədir. Bu mənada ən vacib istiqamətlərdən biri kiçik və orta biznesin inkişafına daha çox diqqət ayrılmasıdır. Dünyanın bütün ölkələrində iqtisadiyyatın təməli məhz kiçik və orta sahibkarlıqdır. Vergi siyasətində də insanların vergi ödəmə anlayışı — vergi mədəniyyəti — formalaşmalıdır. İnsan bilməlidir ki, bu gün ödədiyi vergi gələcəkdə ona xidmət, infrastruktur və sosial təminat kimi qayıdır. Bu sahədə əvvəlki illərlə müqayisədə ciddi irəliləyişlər var, amma potensial daha böyükdür. Dövlət üçün vacib məsələ kiçik sahibkarı dəstəkləmək, ona lazımi alətləri təqdim etməkdir. Artıq insanlara mesaj verilməlidir ki, dövlət hər kəsin qapısını döyüb “balıq vermək” niyyətində deyil; məqsəd “balıq tutmağı öyrətməkdir”. Əks halda, gələcəkdə böyük bir kütlə yalnız sosial müavinətlərə ümid edən, ayın sonunu gözləyən, bankomatlardan sosial ödənişləri götürməklə kifayətlənən bir təbəqəyə çevrilə bilər. Sosial dəstək həqiqi ehtiyacı olanlara verilməlidir, lakin eyni zamanda iş yerlərinin açılması və özünü təmin edən sistem qurulmalıdır.
Aqrar sektor da xüsusi önəm daşıyır. Potensialımız böyükdür, lakin müasir yanaşmalar tətbiq olunmalıdır. Toxumçuluqdan tutmuş su təminatına, iri və xırdabuynuzlu heyvanların bəslənməsinə qədər bütün sahələrdə yeni texnologiyalar lazımdır. Dünyada artıq elə modellər mövcuddur ki, 100 hektardan alınan məhsul yeni texnologiya ilə daha az sahədən də əldə oluna bilir. Biz də bu yenilikləri tətbiq etməliyik. Məlumdur ki, enerji resursları əbədi deyil və zamanla azalan sərvətlərdir. Buna görə də hazırkı neft-qaz gəlirlərindən düzgün istifadə edib ölkəni gələcək üçün dayanıqlı iqtisadi inkişaf modelinə keçirmək lazımdır. Bu istiqamətdə dövlətin siyasi iradəsi var və Prezident tərəfindən həm nazirlərə, həm də yerli icra hakimiyyətlərinə bu sahədə konkret tapşırıqlar verilir. Artıq məsələ təkcə vəzifə sahibi olmaq deyil, bacarığı nəticəyə çevirmək zamanıdır.
Turizm də prioritet sahələrdən biridir. Lakin burada müəyyən problemlər mövcuddur. İnsanlar tez-tez bildirirlər ki, Azərbaycan regionlarında bir neçə günlük istirahət onlara başqa ölkələrə — məsələn, Şarm əl-Şeyxə — getmək qədər baha başa gəlir. Bu məsələ də xüsusi yanaşma tələb edir. Həmçinin turizm sahəsində yanaşmanı dəyişmək lazımdır. Yerli turizmin inkişafı çox vacibdir. Son illərdə insanlar bölgələrə daha çox səyahət edir, rayonlarda istirahət mədəniyyəti formalaşır və bu da digər ictimai iaşə sahələrinin inkişafına səbəb olur. Biz regionlarda, xüsusilə də böyük potensiala malik ərazilərdə daha sistemli işləməliyik. Artıq Qarabağ və Şərqi Zəngəzur kimi bölgələr də bizim idarəmizdədir və bu ərazilərin suyu, torpağı, təbii relyefi geniş imkanlar yaradır. Bu potensialdan maksimum istifadə olunmalıdır. Cənab Prezidentin fəaliyyəti də bunu göstərir: demək olar ki, hər ay hansısa bölgədə yeni layihənin açılışı olur, təməlqoyma mərasimləri keçirilir. Bütün bunlar gələcəyə hesablanan addımlardır. Sadalamağa vaxt çatmayan digər istiqamətlərdə də işlər gedir, lakin bu proseslərin daha da sürətlənməsi və yeni çağırışlara uyğun modern yanaşmaların tətbiqi zəruridir.
-Qeyd etdiniz ki, orta və kiçik sahibkarlığın inkişafı prioritet olmalıdır. Lakin onlara verilən bəzi vergi güzəştləri qismən də olsa ləğv edilir ki, ekspertlər bunun müəyyən problemlər yaradacağını proqnozlaşdırır. Əgər məqsəd qeyri-neft sektorunu inkişaf etdirməkdirsə, bu güzəştləri müəyyən müddət davam etdirmək olmazdımı?
-Mən deyərdim ki, nazir Sahil Babayev islahatçı simadır və rəhbərlik etdiyi sahələrdə cəsarətli addımlar atıb. Vergi siyasətində daha çevik mexanizmlərin tətbiqi də əslində düzgün yanaşmadır. Bəzi addımlar bu gün ağır görünə bilər, lakin zaman keçdikcə həmin ekspertlər özləri də bunun doğru qərar olduğunu anlayacaq. Çünki bu addımlar istismara deyil, real inkişaf məqsədinə xidmət edir. Bəzən müalicə zamanı vurulan iynə insana ağrı verə bilər, amma nəticədə xəstə tam sağalır. Dövlət siyasətində də bəzi qərarların təsiri əvvəlcə çətin görünür, lakin sonrakı rifaha xidmət edir. Parlamentdə bu məsələlər geniş müzakirə olunub, hökumətə suallar verilib. Şəxsən mən izahatları aldıqdan sonra qərarların əsaslandırmasını tam başa düşdüm və bu addımların hazırkı mərhələdə zəruri olduğuna əmin oldum. Bu, cəmiyyətdə yeni davranış mədəniyyətini formalaşdırmaq üçündür. Bununla yanaşı, hesab edirəm ki, sosial sahəyə yönələn siyasət – pensiyaçıların dəstəklənməsi, müəyyən xəstəliklər və əlillik qrupları üzrə ödənişlər – prioritet olaraq qalmalıdır və dövlət bu istiqamətdə ardıcıl addımlar atır və atacaq. Bu insanların sosial siyasəti dövlət üçün davamlı olmalıdır. Bu sahədə heç bir problem ola bilməz. Dövlət onlara mütləq şəkildə davamlı dəstək göstərməlidir. Mən düşünürəm ki, büdcənin gəlirləri artdıqca bu sosial dəstək də daha çox hiss olunacaq. Son illərdə dünyada baş verən proseslər səbəbilə bir çox ölkələrdə büdcə gəlirlərinin formalaşdırılması imkanları çətinləşib. Bu gün dünya iqtisadiyyatı transformasiya dövrü yaşayır – qıtlıq, qiymət artımı, tədarük zəncirlərində gərginlik. Mağazaya gedib eyni məhsula əvvəlki məbləğdən daha artıq pul ödəməli oluruq. Bunun əsas səbəblərindən biri də odur ki, biz bir çox məhsulları idxal edirik. Buna görə də idxaldan asılılığı azaltmaq üçün vacib sahələrdə öz istehsalımızı genişləndirməliyik. Bizim üçün əsas olan gündəlik tələbat malları, strateji məhsullar, sənaye sahələri üzrə fabrik və zavodların yaradılmasıdır. Dövlət bu prosesə dəstək verməlidir ki, ölkə özünü qismən də olsa təmin edə bilsin. Dünyada baş verən iqtisadi təlatümlər fonunda biz tam qoruna bilmərik, çünki qapalı bir sistemdə yaşamırıq. Amma daxili istehsalı artırmaqla təsirin bir hissəsini azalda bilərik. Bu baxımdan yeni istehsal sahələrinin açılması, güzəştli kreditlərin verilməsi davamlı olmalıdır. Bu proqramları dayandırmaq olmaz. Dövlətin stimullaşdırıcı siyasəti və 100 faiz sığorta mexanizmləri iqtisadiyyata güclü dəstək verir.
-2025-ci il artıq yekunlaşır və 2026-cı ilə daxil oluruq. Arxada qoyduğumuz bu ili necə dəyərləndirmək və gələn ildən nələr gözləmək olar? Hansı sahələrdə islahatlar, dəyişikliklər gözlənilir?
-2020-ci ildən bu yana hər il bu mövzuya toxunarkən qeyd etmişəm ki, insan bəzən dağın yanında dayananda onun əzəmətini görə bilmir — bir az geri çəkilməlidir ki, böyüklüyü tam dərk edə bilsin. Biz də eyni şəkildə əldə etdiyimiz böyük qələbənin əsl gücünü zaman keçdikcə daha dərindən anlayacağıq. İndiki anda insanlar hələ də bu qələbənin miqyasını tam mənimsəyə bilmirlər. Bu, təbiidir. Vaxt keçdikcə həmin uğurun nə qədər monumental olduğunu daha aydın görəcəyik. Bizim xalqın bu qələbə ilə bağlı ən böyük qazancı sınmış qürurunu bərpa etməsidir. Qürur hissi bizə bütün sahələrdə daha böyük uğurlar əldə etməyə imkan verəcək. Baxın, “Qarabağ” futbol klubuna, qələbələri inanın, sehrli bir qələbələr kimi görünür. Bəzi oyunlarda sanki komanda döyüşür… Rəqibin bir oyunçusunun dəyəri bizim 22 oyunçumuzdan bahalı olur, amma biz qalib gəlirik, həm də onun öz meydanında. Bunda da, inanın, Vətən Müharibəsində əldə etdiyimiz zəfərin, qürurumuzu bərpa etməyimizin böyük rolu var. İnsan qürurlandıqca daha çox istəyir, daha çox tələb edir. Bu, tamamilə təbiidir. Dövlət də bu tələbləri qarşılamağa çalışmalıdır. Amma bir məsələni vurğulamaq vacibdir: hər şeyi yalnız dövlətdən tələb etmək də doğru yanaşma deyil. Hər bir vətəndaş özü də dövlətin inkişafı üçün nə isə etməlidir. Xüsusən dövlət məmurları, deputatlar vicdanla çalışmalıdır. Ölkənin inkişafı həm də ictimai vicdandan keçir. Vicdansız adamı ən yüksək vəzifəyə qoysan da, yenə vicdansız olacaq. Vicdanlı insan isə hansı vəzifədə olursa-olsun vicdanla işləyəcək. Bu, dəyişməyən prinsipdir. 2026-cı il üçün böyük gözləntilərimiz var. Hər şeydən əvvəl, 2026-cı ildə Türk Birliyi ideyasının simvolu olan Türkoloji Qurultayın 100 illiyi qeyd ediləcək. Bu, türk dünyasının inteqrasiyası üçün çox mühüm tarixi hadisə olacaq. Bakı 2026-cı ildə bu böyük tədbirlərə ev sahibliyi edəcək. Eyni zamanda müxtəlif sahələrdə islahatların davam etməsi gözlənilir. Cənab Prezident böyük islahat kursunu elan edib və bu proses davam edir. Bəzi nazirliklərin birləşdirilməsi, bəzi dövlət orqanlarının yenidən təşkil olunması mümkündür. Bu, tamamilə təbiidir. Yeni çağırışlar gəlirsə, dövlət aparatı da özünü yeniləməlidir. Bu baxımdan əminəm ki, 2026-cı ildə yenilənmə, idarəetmənin təkmilləşməsi, yeni çağırışlara cavab verən islahatlar davam edəcək. Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri də bizim üçün maraqlıdır. Çünki biz bu ölkə ilə sülh müqaviləsi imzalamaq istəyirik. Bunun üçün Ermənistanda siyasi sabitlik vacibdir. Açıq demək lazımdır ki, Paşinyanın hakimiyyətdə qalması müəyyən mənada daha real görünür və bu, bizim də marağımızdadır. O, heç olmasa kağız üzərində olsa belə, xəyalpərəst Ermənistanı deyil, real Ermənistanı qurmaqdan danışır. O da səhvlər edib, müharibə ərəfəsində də, müharibədən sonra da, amma ən azı Azərbaycan gücünü gördü və nəticə çıxardı. Anladı ki, şovinizm, boş ittihamlar və populizm dövlət qurmaq üçün yol deyil. Bizim gözləntimiz odur ki, Ermənistanda seçkilər normal keçsin, sabitlik qorunsun və biz sülh müqaviləsini imzalamağa yaxınlaşaq. Bundan sonra Zəngəzur dəhlizi və digər məsələlərin həlli üçün real imkan yarana bilər. Eyni zamanda, Azərbaycan iqtisadiyyatını şaxələndirmək, gücləndirmək və vətəndaşların daha firavan həyat sürməsi üçün 2026-cı il çox önəmli olacaq. Məqsəd budur ki, Azərbaycan insanı azad, təhlükəsiz və rifahlı bir həyat yaşaya bilsin.
İsmayıl İsmayılbəyli
Elvin Bəyməmmədli
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 01 Dekabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















