Rəqəmsal mühitdən gələn təhlükə: Roblox oyununun uşaqlara hansı təsirləri var?
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illər rəqəmsal platformaların uşaqların həyatında yeri getdikcə genişlənir. Əyləncə adı altında təqdim olunan onlayn oyunlar artıq təkcə vaxt keçirmək vasitəsi deyil, eyni zamanda, uşaqların düşüncə tərzinə, davranışlarına və sosial münasibətlərinə təsir göstərən ciddi faktora çevrilib.
Vaxtaşırı gündəmə gələn narahatlıqlar göstərir ki, bəzi platformalar azyaşlıların psixologiyasında görünməz izlər buraxır, real həyatla virtual dünya arasındakı sərhədləri bulandırır. Yüzlərlə uşağın sevimli oyunu olan "Roblox" da məhz bu müzakirələrin mərkəzindədir.
Aparılan müxtəlif araşdırmalar zamanı qeyd edilən oyun uşaqlar üçün təhlükəli hesab olunduğuna görə, müəyyən məhdudiyyətlər tətbiq edilib və ya ona giriş qadağan olunub. Məsələn, 2025-ci ildə Rusiya uşaqlara zərərli təsirlər və "ekstremist/LGBT təbliğatı" iddiaları ilə "Roblox"u tam bloklayıb, Qətərdə uşaqların təhlükəsizliyi səbəbindən məhdudiyyətlər tətbiq olunub, Əlcəzair, Oman, İordaniya kimi ölkələrdə platformaya giriş qadağan edilib. Türkiyədə də bir müddət platformaya girişə qadağalar qoyulub və məhdudiyyətlər tətbiq olunub. Çində isə məzmuna nəzarət prinsipləri altında məhdud girişə icazə var.
Maraqlıdır, bəs görəsən, sözügedən oyun uşaqlara hansı neqativ təsirlər edir? Hər hansı bir platformanın ölkəmizdə qadağan edilməsi üçün hansı meyarlara cavab verməlidir?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib ki, bu platformaları yalnız "oyun" kimi qiymətləndirmək düzgün olmaz, onlar eyni zamanda sosiallaşma, ünsiyyət, öyrənmə və davranış modellərinin formalaşdığı rəqəmsal mühitlərdir:
"Məhz bu səbəbdən təsirləri də çoxşaxəlidir. Bu tip platformalar uşaqların davranışına ilk növbədə emosional və diqqət mexanizmləri üzərindən təsir göstərir. Sürətli stimullar, davamlı mükafat sistemi, rəqabət və virtual status anlayışı uşaqlarda real həyatdan daha çox rəqəmsal mühitə yönəlmə yarada bilir. Nəticədə diqqətin dağılması, səbirsizlik, emosional tənzimləmədə çətinliklər, aqressiya və ya əksinə, sosial çəkilmə kimi hallar müşahidə olunur. Xüsusilə kiçik yaş qruplarında virtual məkanda gördükləri davranış modellərini real həyata köçürmək riski artır. Psixoloji baxımdan əsas risklərdən biri manipulyativ təsir mexanizmləridir. Açıq söhbət otaqları, anonimlik, yaşa uyğun olmayan ünsiyyət formaları uşaqları psixoloji təzyiqə, qorxutmaya, aldatmaya və yanlış dəyərlərin mənimsənilməsinə açıq vəziyyətə sala bilər. Uşaq hələ öz şəxsiyyət sərhədlərini tam formalaşdırmadığı üçün virtual mühitdə deyilənləri və təqdim olunan rolları real kimliyinin bir hissəsi kimi qəbul edə bilər. Bu isə özünəinam problemlərinə, emosional asılılığa və reallıqla əlaqənin zəifləməsinə gətirib çıxara bilər".
Onun sözlərinə görə, bu təsirlər uşaqların cəmiyyətə inteqrasiyasına da dolayı yolla təsir edir:
"Real ünsiyyət bacarıqları zəiflədikcə empati, əməkdaşlıq, konfliktlərin sağlam həlli kimi sosial bacarıqlar arxa plana keçir. Uşaq real münasibətlərdə çətinlik yaşadıqda isə yenidən virtual mühitə sığınmağa meyillənir və bu, bir növ qapalı dairə yaradır. Uzunmüddətli perspektivdə bu hal sosial adaptasiya problemləri, məktəb mühitində davranış çətinlikləri və ailədaxili gərginliklərlə nəticələnə bilər".
Psixoloq qeyd edib ki, uşaqları bu tip təhlükələrdən qorumağın yolu tam qadağalardan deyil, şüurlu və balanslı yanaşmadan keçir:
"Ən vacib məsələ valideynlərin və müəllimlərin uşağın rəqəmsal həyatına maraq göstərməsi, onun nə oynadığını, kimlə ünsiyyətdə olduğunu bilməsidir. Uşaqla açıq dialoq qurmaq, qorxu yaratmadan risklər barədə danışmaq, real həyatla virtual həyat arasında sağlam sərhədlər formalaşdırmaq vacibdir. Eyni zamanda, ekran vaxtının tənzimlənməsi, alternativ sosial və fiziki fəaliyyətlərin təşviqi, məktəblərdə sosial-emosional bacarıqların inkişafına yönəlmiş proqramların gücləndirilməsi mühüm rol oynayır.
Problem texnologiyanın özündə deyil, onun nəzarətsiz və məqsədsiz istifadəsindədir. Uşaqları qorumaq üçün əsas məsuliyyət böyüklərin üzərinə düşür. Biz onları rəqəmsal dünyadan təcrid etməli deyil, bu dünyada psixoloji cəhətdən təhlükəsiz və sağlam şəkildə mövcud olmağı öyrətməliyik".
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Oxu.Az-ın sualına cavab olaraq bildirib ki, müxtəlif sosial platformalardan və onlayn oyunlardan istifadə edən şagirdlər arasında davranış baxımından müəyyən fərqliliklər müşahidə olunur:
"Əvvəlki illərdə də bəzi oyunlarda şagirdlərin müxtəlif tapşırıqları icra etməsi halları qeydə alınıb və bu proseslərin nəticələri bəzən ciddi fəsadlara yol açıb. Mövcud sosial platformalar və oyunlar arasında elələri var ki, onlardan əsasən oğlan şagirdlər daha çox istifadə edirlər. Xüsusilə hərbi silahlar, döyüş səhnələri və hərbi heyətlə bağlı məzmunu olan oyunlar diqqət çəkir.
Təhsil müəssisələrində aparılan müşahidələr göstərir ki, bu cür oyunlar bəzi şagirdlərin davranışına da təsirsiz ötüşmür. Onların danışıq tərzində, hərəkətlərində və reaksiyalarında oyundakı davranış elementləri sezilir. Bu isə uşaqların psixoloji manipulyasiyanın birbaşa təsiri altına düşməsi riskini artırır".
O vurğulayıb ki, valideynlər övladlarına texnoloji vasitələr təqdim edərkən valideyn-nəzarət funksiyalarını aktivləşdirməli, mobil tətbiqlər üzərində məhdudiyyətlər tətbiq etməlidirlər:
"Bəzi hallarda bu təsirlər şagirdlərin təkcə məktəbdə deyil, təhsil müəssisəsindən kənarda da ümumi davranış qaydalarına zidd addımlar atmasına səbəb olur. Məhz buna görə valideynlərin bu məsələdə daha diqqətli olmaları vacibdir. Övladlarına texnoloji vasitələr təqdim edərkən valideyn-nəzarət funksiyalarını aktivləşdirməli, mobil tətbiqlər üzərində məhdudiyyətlər tətbiq etməlidirlər.
Valideynlər uşaqların hansı oyunları oynaya, hansı proqramlardan istifadə edə biləcəyini əvvəlcədən müəyyənləşdirməlidirlər. Bu cür nəzarət mexanizmləri tətbiq olunduğu təqdirdə, şagirdlərin dərs prosesinə adaptasiyası asanlaşar, kənar və arzuolunmaz davranışlardan uzaq durmaları mümkün olar".
Hər hansı onlayn platforma və ya oyuna giriş ölkə ərazisində hansı hallarda qadağan edilir?
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin sədri Elvin Abbasov Oxu.Az-ın sualına cavab olaraq bildirib ki, Azərbaycanda hər hansı bir oyun, proqram və ya internet platformasının qadağan edilməsi "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunla tənzimlənir:
"Bu proses bir neçə ciddi hüquqi-texniki mərhələdən keçir. Əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan monitorinqlər və ya vətəndaş müraciətləri əsasında platformada uşaqların fiziki və mənəvi inkişafına zərər vuran, zorakılığı, narkomaniyanı təbliğ edən və ya dövlət təhlükəsizliyinə təhdid yaradan məzmunlar aşkar edilməlidir. Bu mərhələdə ekspert rəyi hazırlanır və platforma sahibinə qanunsuz məzmunun çıxarılması üçün xəbərdarlıq edilir, əgər tələblər yerinə yetirilməzsə, məsələ məhkəmə müstəvisinə daşınır.
Platformanın qadağan edilməsi üçün əsas faktorlar arasında milli təhlükəsizliyin qorunması, şəxsi həyatın məxfiliyinin kütləvi şəkildə pozulması və ən əsası "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun tələblərinin pozulması dayanır. Məsələn, "Roblox" kimi platformalarda uşaqlara qarşı kiberbullinq, uyğunsuz cinsi məzmun və ya qumar elementləri sistemli xarakter aldıqda, dövlət həmin resursu ölkə ərazisində bloklamaq hüququna malikdir. Yekun qərar adətən məhkəmə tərəfindən verilir və bu qərar əsasında provayderlərə həmin resursa girişi məhdudlaşdırmaq barədə rəsmi göstəriş göndərilir. Beləliklə, qadağa sadəcə subyektiv fikirlərlə deyil, konkret qanun pozuntularının sübuta yetirilməsi və hüquqi ekspertizanın nəticəsi olaraq tətbiq edilir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 15 Yanvar 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















