Icma.az
close
up
RU
Burada insan özünü nə zamana, nə də məkana aid hiss edir İlahə Səfərzadə

Burada insan özünü nə zamana, nə də məkana aid hiss edir İlahə Səfərzadə

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az İlahə Səfərzadənin Şərif Ağayarın "Rəng mühəndisi" romanı haqqında "Yaddaşın rəng palitrası: Şərif Ağayarın “Rəng mühəndisi” adlı yazısını təqdim edir.


İnsan yaddaşını rəng çələngi kimi təsəvvür etsək, keçmiş günlər ağ-qara fonda xatırlanıb bugünümüz rəngarəng yaşanarkən gələcəyin rəngi hansı kriteriyalar əsasında müəyyən edilərdi? Şərif Ağayarın “Rəng mühəndisi” əsəri yaddaşın bu rəngli və boz palitrasını aydınlaşdırmaqda oxucuya istiqamət verən, həyatın unudulmuş çalarlarını, fərqində olmadan yaşanan bozluğun içindəki dərin mənaları üzə çıxaran bir yol xəritəsidir. Əsər yaddaşın rəngləri ilə insan duyğularını bir araya gətirərək, həyatın görünməyən qatlarını və unudulmuş anların izlərini canlandırır. Şərif Ağayarın ustalıqla qurduğu süjet oxucunu həm öz keçmişi ilə, həm də gələcəyin naməlumluqları ilə üz-üzə qoyur.

Roman bütün əsər boyu keçmişini xatırlamağa çalışsa da buna müvəffəq ola bilməyən obrazın həyatının təsviri əsasında qurulmuşdur. Məhərrəm xəstəxanada gözlərini açanda öz keçmişinə dair heç nəyi xatırlamırdı. Gerçək adını, ailəsini, mənsubiyyətini axtarmağa çalışaraq ətrafındakı insanları sorğu-sual etsə də bir nəticəsi olmur. Onlar da xəstəxanaya qeydiyyata düşərkən şərti adı Məhərrəm olan bu şəxs haqqında heç nə bilmirlər. O, sadəcə unudulmuş bir bədən, cəmiyyətdə sonradan ad verilməklə tanınan bir varlıq halına gəlmişdir. Görünüşdə bir yaddaş itkisini təsvir etsə də dərin qatlarında insanın varlıq probleminə yönəlmiş mövzunu özündə ehtiva edir. Baş qəhrəman, əslində, bu günün insanıdır: keçmişin, kökün, mənəviyyatın unudulduğu bir zamanda yaşayan, adına belə yadlaşan biri. Şərif Ağayar yaddaşsızlığı təkcə bioloji bir hal kimi deyil, mənəvi tükənmə kimi də təqdim edir.

Məhərrəm baş qəhrəmana verilmiş şərti, müvəqqəti bir addır. Və bu şərtilik təkcə Məhərrəmin adında deyil, ümumilikdə əsər boyu müşahidə olunur. Romandakı bütün məkan adları da ironik şəkildə qeyd olunmuşdur ki, bu da əsərin təsir gücünü çoxaltmağa xidmət edir: Olmaz-Olmaz Respublikası, Öldüm Aman-Aman Sağlamlıq Mərkəzi, Saçın Ucun Hörməzlər küçəsi, Zərrə-Zərrə Qram-Qram meydanı, Durna Gözlü Bulaqlar parkı, Məsud Yaşa prospekti və s. Bunlar əsərdəki hadisələrin cərəyan etdiyi sistemin insanı absurd bir varlığa çevirdiyi cəmiyyət mənzərəsinin də mahiyyətini açmağa xidmət edir. Burada insan özünü nə zamana, nə də məkana aid hiss edir. Hər şey müvəqqətidir, hər şey yad və qəribdir. Bu ironik məkanlar fonunda qəhrəmanın keçmişini axtarması daha dramatik təsir bağışlayır. O həm də mənsubluğunu, insan kimi öz yerini axtarır. Lakin bu axtarış fiziki yaddaşdan çox mənəvi tanınma ilə mümkündür. Müəllif insanın özünü tanımasının təkcə onu əhatə edən xarici mühitlə deyil, daxili mənəvi yaddaşla mümkün olduğunu ifadə edir. Məhərrəmin keçmişini axtarması öz varlığının izlərini axtarmasıdır. Bu axtarışda yaddaş təkcə xatirələrlə bərabər həm də dəyərlərdir. Elə bu səbəbdən də onun həyatına daxil olan Firəngiz həyatla bağlanma imkanı, bir növ yeni başlanğıc rəmzi kimi də dəyərləndirilə bilər. Məhərrəm onunla evlənir və ailə sahibi olur. Lakin naməlum keçmişi daim onu izləyir, hətta həyat yoldaşının dilindən də tez-tez eşitdiyi “gəlmə” sözü yaralı yeridir. Ancaq Məhərrəmin gəlmə kimi damğalanması, həyat yoldaşının belə bu ifadəni rahatlıqla işlətməsi onun üçün keçmişlə bərabər gələcəyin də necə qeyri-müəyyən olduğunu ifadə edir. Şərif Ağayar burada sosial yaraya toxunur: özünə yadlaşan insan və cəmiyyət bir ömür həm yaddaşsız, həm də köksüz hiss edir.

Əsərdəki hadisələr ardıcıl davam edən bütöv bir zaman kəsiyində deyil, parçalanmalar şəklində cərəyan edir. Yazıçının birdən-birə əsərə daxil etdiyi qeyri-adi uşaq olan Cıbı obrazının Məhərrəmin oğlu olduğunu oxucu sonradan anlayır. Əsl adı Cabir olan bu uşağın içindən gələn işığın – mənəvi enerjisinin ətrafa yayılması, bəlkə də susqun, özünə yadlaşmış bir cəmiyyətə həyat və ruh ötürməsi kimi anlaşıla bilər. Onun bu istedadı qarşısında bütün məktəb: müəllimlər, musiqiçilər, valideynlər donub qalır, dünya bir anlıq dayanır, rəng danışır, nur dillənir. Bu nurun mərkəzində isə "gəlmə" bir uşağın dayanması, müəllifin oxucuya ünvanladığı açıq sualdır: görəsən, bizə göstərilənləri həqiqətən görürükmü? Yoxsa həqiqəti inkar edirik? Məktəb direktoru, sinif rəhbəri və valideynlərin hərəsi bir cəmiyyət qatını təmsil edir: biri özünü tanımadan qəhrəmanlıq söhbətləri ilə öyünür, digəri hadisəni real izahla aydınlaşdırmağa çalışır, lakin hamısı içində bir tərəddüd daşıyır. Cıbının atasının – yaddaşsız Məhərrəmin Olmaz-Olmaz Respublikasının vətəndaşı olması, oğlunun da gülləri işıqlandıracaq qədər qeyri-adi olması müəllifin bu qəhrəmanların simasında doğulduğumuz, lakin tanınmadığımız torpaqlara bir etirazıdır.

Daha sonra Cabirin doğulmasından öncəki zamanda cərəyan edən hadisələrdən aydın olur ki, Məhərrəm Zığ adasına qayıdanda iki xəbər alır: biri müstəqil respublikanın elan olunması, digəri atasız doğulan oğlunun mövcudluğu. Birincisi ictimai-siyasi mübarizənin zirvəsi, ikincisi isə şəxsi həyatının təntənəsidir. Bu iki sevincin ortasında dayanmış Məhərrəm nə tam qələbə sevinci yaşaya bilir, nə də ailəsinə qovuşur. Ona verilən yeganə cavab: "Mənim ərim müharibədədir".

Firəngizin atası Bəşir kişinin gözündə Məhərrəm nəinki bir yad, hətta təhlükəli biridir. O, casus damğalı bu adamı cəbhənin qəhrəmanından ailəsinin düşməninə çevirməyə çalışır. Halbuki Məhərrəm xalq hərəkatının bir parçası, azadlıq uğrunda mübarizə aparmış şəxsdir. Bəşir kişinin bu qədər sərt reaksiya verməsi cəmiyyətin hətta yüz illər keçsə də silinməsi çətin olan kök salmış şübhələrindən qaynaqlanır. Bu hissə Şərif Ağayarın cəmiyyətin tez-tez keçmişi necə təhrif etdiyini, kimisə “xalq qəhrəmanı”, kimisə “xalqın düşməni” elan etməklə taleləri necə dəyişdirdiyini göstərmək üçün ustalıqla qurduğu sosial portretin bədii əksidir.

Məhərrəmin qapılar arxasında qalması göstərir ki, o, Firəngizlə bərabər bütöv cəmiyyətin də yaddaşında yer ala bilmir. O qayıdanda nə həyat yoldaşı, nə qayınatası, nə də cəmiyyət qəbul edir. Qapının üzünə çırpılması xalqın öz qəhrəmanını tanımadığı, onu öz taleyindən, yaddaşdan sildiyi anın təsviridir. Bir sözlə, Məhərrəm yaddaşını itirmiş cəmiyyətin aynasıdır.

Məhərrəm post-müharibə dövrünün ziddiyyətli qəhrəmanıdır. O, bir vaxtlar xalq hərəkatında iştirak etmiş, hətta müstəqil respublikanın ilk vətəndaşlarından biri kimi təntənə ilə qarşılanmışdı. Lakin illər sonra gündəlik həyatının fonuna baxdıqda, keçmişi ilə indisi arasında dərin bir uçurum görünür. Durna Gözlü Bulaqlar Parkında pivə içə-içə çırpınan Məhərrəm keçmişin idealizmi ilə indiki dövrün mənəvi süstlüyü arasında ilişib qalıb. O, nə bütövlükdə cəmiyyətin, nə ailəsinin, nə də özünün gözündə qəhrəmandır.

Əsərdə Cabir (Cıbı) obrazı daha çox metafizik yük daşıyır. O, Roma İncəsənət Akademiyasında rənglərə yönələn bir gənc kimi təsvir olunur. Onun təhsil aldığı sahə – rənglər yaddaşı, şəxsiyyəti ifadə edən əsas simvollardan biridir. Atası Məhərrəm isə həyatın boz, sıradan və bəzən acı reallıqları içində sürünür. Onların biri rənglərin dili ilə gerçəklik qurmaq istəyir, digəri yasın və ironiyanın içində itib-batır. Beləcə, “Rəng mühəndisi” əsəri ata-oğul, nəsil fərqini, keçmişlə gələcək arasındakı mədəni və ideoloji uçurumu da cəmiyyətin timsalında təqdim edir.

Əsərdəki Murad obrazı xalq hərəkatının bayraqdarı kimi təqdim olunsa da indi siqaretə güclə yetən pensiya ilə yaşayan, əlil və sistemdən təcrid edilmiş bir şəxsdir. Onun özünü yandırmaq cəhdi öz qəhrəmanlarını unudan bir toplumun içəridən çürüyən vicdanının səsini əks etdirir. Məhərrəmin pivə masasından qalxaraq dostunun ardınca getməsi də tənbəlliyin və laqeydliyin içində qımıldanan sonuncu vicdan qalıqlarının hərəkətə keçirməsi kimi anlaşıla bilər.

Cabir Məhərrəmlinin rəng mühəndisi kimi cəmiyyətə qayıdışı yeni mənəvi baxış bucağının ifadəsidir. O, insan ruhunun dərinliklərində gizlənmiş duyğuları rəng vasitəsilə danışdıran bir tərcüməçidir. Cabirin fəlsəfi dünyagörüşü iki əsas istiqamət üzərində qurulur: duyğunun obyektivləşdirilməsi və xatirənin estetik rekonstruksiyası. Roma İncəsənət Akademiyasında aldığı təhsil ona texniki bacarıq verməklə bərabər duyğulara vizual forma qazandırmağı öyrətmişdir. O, rəngi ifadə vasitəsinə çevirir, çünki sözlərin deyə bilmədiyi, hətta sükutun belə ifadə edə bilmədiyi mənaları yalnız rənglər vasitəsilə çatdırmaq olur. Burada rənglər musiqi kimidir. Bəlkə də, bu səbəbdən yaratdığı "Mundus Colorum" mahiyyət etibarilə yeni bir dillə danışan paralel bir kainatdır.

Cabirin incə yerişi, səliqəli təbiəti, estetik duyumu, bir çoxunun gözündə kişi obrazı ilə ziddiyyət təşkil etsə də, əslində bu, klassik kişilik qəliblərinə fəlsəfi bir cavabdır Onun dünyasında güc qışqırmaqda, zorla hökm etməkdə deyil, rənglərin dili ilə dinləməkdə və duymaqda gizlidir. Bu, müharibədən çıxan bir cəmiyyətin travmalı məqamında zərifliyin və yaradıcılığın sağaldıcı gücünə də işarədir.

Romanın dərin qatlarında belə bir mesaj da sezilir: Zəfər təkcə meydanlarda qazanılmır, zəfər daxildə – insanın öz köhnəsindən azad olub yenisini yaratmasında da gizlidir. Cabir bu baxımdan köhnə sistemlərin törəməsi, gələcək dünyanınsa qurucusudur.

Məhərrəmlə Cabirin münasibəti bu fəlsəfi transformasiyanı atalıq kodu üzərindən göstərir. Oğlunun yerişindəki zərifliyi, danışığında yumşaqlığı görəndə bir tərəfdən çaşqınlığa düşsə də, digər tərəfdən bu fərqli baxışın içində gizli bir güc, təravət hiss edir. Məhz bu səbəbdən o, sonda Cabiri olduğu kimi qəbul edir. Bu, bir nəslin yeni nəsli qucaqlamasıdır.

Beləcə, rəng mühəndisi obrazı, əslində, yeni bir düşüncə mühəndisidir. Onun yaratdığı gül dəstələri və rəng kompozisiyaları, təbii və sadə görünsə də, fərdi təcrübələrin, milli kimliyin estetika ilə yenidən qurulması prosesidir. Cabir Zığ adasına yalnız oğul və bir yenilənmə rəmzi kimi qayıdır. Onun Boz dağa səfəri estetik deyil, ontoloji bir axtarışdır. Bu, atanın yaddaşını diriltmək, post-totalitar, post-travmatik cəmiyyətin yaddaşsızlığa məhkum olunmuş simasını rənglərlə bərpa etmək cəhdidir. Boz dağ əzabın məkanı, metaforik unudulmuşluqdur. Rənglərdən, insani duyğulardan, hətta ümidin özündən belə məhrum edilmiş bir ərazidir. Bozluq təbiətin və insan varlığının tənhalığına işarədir. Cabirin əli ilə Boz dağın divarına çəkilən rənglər simvolik aktdır: rənglərin dili ilə tarixi və sosial haqsızlığa qarşı susmayan fəryaddır. Məhərrəmin “başımda da bir bozluq var” deməsi, ancaq onun ortasında qırmızı rəngin olduğunu vurğulaması insanın ümidsizlik içində belə azadlıq üçün saxladığı son mübarizə ocağını simvolizə edir. Qırmızı rəng qan, həyat, ehtiras və azadlıq mənalarındadır. Bu, Bəxtiyarın şəhid qanı, Məhərrəminsə içində sönməyən dirənişdir.

Fəhlələrin rəngsiz, tozlu həyatları, yorğun bədənlər, sönmüş baxışlar bu ölkənin kapitalist gerçəkliyində əzilmiş insanın portretləridir. Onlar bir zamanlar dəyişəcəyinə ümid edərək gəlmişdilər. Yaddaş burada sosial bir fenomen kimi tükənir, unudulur və sonda insan özü də unudur: kim idi, haradan gəlmişdi, niyə yaşayır?

Cabirin gördüyü və çəkdiyi Kövnünün rəng portreti, Bəhlul ustanın qadağan olunmuş "Zülm" tablosu bu yaddaşın qorunması üçün çəkilmiş sənət və vicdan cəhdidir. Əgər bu əsərlər belə unudularsa, Cabirin öz yaddaşı bir rəssam kimi işə keçəcək. Bu isə fərdi yaddaşın ictimai məsuliyyətə çevrilməsidir. Cabir artıq yaddaşın qoruyucusudur. O, rəngləri epistemoloji bir alət kimi istifadə edir: rənglərlə düşünür, danışır və susur…

Boz dağ, daş karxanaları, tozlu mühit rəngsiz, solğun və üzücü bir mühiti simvolizə edir. Bu baxımdan rəng itməsi insanın yaddaşının, həyatının, hətta ruhunun solması kimi mənalandırılır. Cabirin gül maşınları ilə rənglər gətirməyə cəhdi isə yenilənmə, xilas və ümid simvoludur. Rənglər unudulmuş, rəngsiz dünyanı xilas etməli, bozluğun və itkinliyin caynağından çıxarmalıdır.

Məhərrəm və Cabir arasındakı dialoqlar onların fiziki və mənəvi yüklərini, tarixlə üzləşmə anlarını göstərir. Cabirin rəngləri geri qaytarmaq arzusu, Məhərrəmin ağır keçmişlə üzləşməyə çəkindiyi, lakin sonunda oğlunun istəyi ilə uzlaşması onların fərqli və tamamlayıcı duyğularını ortaya qoyur.

Romanda daş karxanalarındakı fəhlələrin ağır, rəngsiz həyat şəraiti, onların azadlıqdan və xoşbəxtlikdən məhrumluğu kimi nüanslar sosial reallıqların sərt tənqididir. Bozluq, toz, ölüm düşərgəsi kimi təsvirlər həyatın həqiqi çətinliklərini, bəlkə də, totalitar və ya qapalı sistemdə insanların köləliyini simvolizə edir.

Bəxtiyarın büstü, onun vurulması və hadisələrin o yerə bağlılığı qəhrəmanlıq, itki və yaddaşın zəifləmiş izlərini ifadə edir. Cabirin həmin yerlərə gedib keçmişi yaşamaq, anlamaq arzusu isə itmiş bir kimliyi, tarixi axtarışıdır.

Göyqurşağı rənglərin yenidən doğuşu, təbiətin və ümidin işarəsi olaraq görünür. Eyni zamanda, rənglərin itməsi həyatın, cəmiyyətin, ümumən insanın ruhundan rəngin, sevincin getməsi kimi də düşünülə bilər. Hətta insanın iç dünyasının qaranlıq və boş olmasını da simvolizə edir.

Ümumilikdə, əsər fərdi və ictimai ictimai yaddaşın cəmiyyətin həyatındakı yeri, sosial haqsızlığa etiraz və azadlıq arzusu üzərində qurulmuşdur.

“Kurtlar vadisi”nin məşhur aktyoru vəfat etdi Vida konserti rekord qırdı - 190 milyon dollar “M.S.S” tamaşasının premyerası keçirildi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:14
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 İyul 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see137

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see129

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see121

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see115

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see113

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see113

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Ermənistan klubu ilə oyunlara görə 10 illik cəza aldılar

17 İyul 2025 09:55see110

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri