Çağdaş qazax ədəbiyyatının görkəmli nümayəndəsi
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rollan Seysenbayev – 80
Çağdaş qazax ədəbiyyatının görkəmli nümayəndəsi Rollan Seysenbayevin 80 yaşı tamam olur. Dünya ədəbi mühitində modern nasir, dramaturq və tərcüməçi kimi tanınan bu qazax yazarı özünü Abay Kunanbayevin və Şakərim Küdayberdiulının mənsub olduğu arqun tayfasının yetirməsi sayır. Elə buna görə də o, ömrünü qazax xalqının milli sərvəti hesab olunan Abay irsini dünya dillərində yaymağa həsr edib.
Rollan Seysenbayev 1946-cı il oktyabrın 9-da Qazaxıstanın Semipalatinsk şəhərində dünyaya gəlib, 1964-cü ildə Almatı Politexnik İnstitutunun geofizika fakültəsinə daxil olub, Semipalatinsk Texnoloji İnstitutunu bitirib. Gənclik illərində sərbəst güləş üzrə dəfələrlə respublika çempionu olub və SSRİ idman ustası adını qazanıb. İnstitutu bitirdikdən sonra jurnalistika sahəsində və vilayət komsomol komitəsində çalışıb. Ədəbiyyata dərin marağı onu Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun ali ədəbiyyat kurslarına aparıb. Sovet yazıçısı Georgi Markovun dəvəti ilə SSRİ Yazıçılar İttifaqının qazax ədəbiyyatı üzrə məsul katibi işləyib.
Qazaxıstan müstəqillik qazandıqdan sonra Rollan Seysenbayev sərbəst yaradıcılıqla məşğul olub. 1992-ci ildə “Uşaqlar - kimyəvi sınağın qurbanı” fondunu təşkil edib. 1994-1996-cı illərdə ölkə prezidentinin məsləhətçisi işləyib. 1994-cü ildə San-Fransiskoda Ümumdünya İncəsənət və Mədəniyyət Akademiyasının akademiki seçilib. 1995-ci ildə Londonda “Abay evi” müstəqil mədəniyyət mərkəzini açıb, “R.S.” (Rollan Seysenbayev) nəşriyyat evini yaradıb. Nəşriyyat “Abay klubu”nun kitablarını nəşr və təbliğ edir.
Yazıçı 2000-ci ildə isə Semipalatinskdə “Beynəlxalq Abay klubu”nun əsasını qoyub və “Amanat” dünya jurnalını təsis edib. Rus, ingilis və qazax dillərində buraxılan bu nəşrdə xarici yazıçı və şairlərin əsərləri dərc edilir. Redaksiya 200 cildlik dünya ədəbiyyatını nəşr edib. Rollan Seysenbayev bir müddət Əl-Fərabi adına Milli Universitetdə Dünya Ədəbiyyatı İnstitutunun direktoru olub.
Yazıçı-dramaturq R.Seysenbayev bədii yaradıcılığa hekayə ilə başlayıb və böyük yazıçılığa doğru çox qısa bir yol keçib. Onun bənzərsiz hekayələri ilə, demək olar ki, qazax xalqının bir neçə gənc nəsli böyüyüb. İlk kitabı “Yanğı” 1975-ci ildə Almatıda nəşr olunub. 1978-ci ildə isə Moskvanın “Molodaya qvardiya” nəşriyyatı “Birinci qar” kitabını nəşr edib. Kitabda onun müxtəlif mövzularda qələmə aldığı “Şənbənin sonu”, “Parik”, “Otello” və s. əsərləri toplanıb. Həmin hekayələr özünün həyatiliyi, realizmi, komik situasiyası, şəhər həyatının son dərəcə orijinal təsviri ilə yadda qalıb.
İkicildlik “Əgər yaşamaq istəyirsənsə” və “Heçliyə pilləkən” əsərləri ilə R.Seysenbayevin daha geniş oxucu kütləsi tanıyıb. Yazıçının məşhur əsərlərindən biri isə “Şeytan taxtı”dır. O illərin gənclərinin mənəvi təbəddülatlarından bəhs edən bu roman, bütövlükdə, dövrün ədəbi arealının hadisəsi olub. Respublikada 400 min tirajla çap olunan əsəri Moskvada iki nəşriyyat da böyük tirajla çap edib. Bundan sonra roman dünyanın bir çox dillərinə tərcümə olunub.
Sonralar yazıçı bir müsahibəsində deyib: “Şeytan taxtı” romanını yazanda başa düşdüm ki, Sovet İttifaqında həqiqət yoxdur, ya özünü asmalı, ya da ölməlisən. Bax, romanı yazanda bu vəziyyətdə idim. Yazdıqdan sonra sanki azadlığa çıxdım... İndi heç kəsdən asılı deyiləm, qoy hamı yaşasın, qoy yazsınlar, qoy sevinsinlər, qoy içsinlər, qoy çəksinlər. Mən azad oldum”.
Bir neçə il əvvəl R.Seysenbayev Abayın şeirlərini ingilis dilində nəşr etdirib və bir nüsxəsini Roma papası II İohan Pavelə göndərib. Bir həftə sonra gözlənilmədən II İohan Paveldən cavab gəlib. Məktubda Abayın ağlı və istedadı haqqında xoş sözlərlə yanaşı, yazıçı İtaliyaya dəvət edilib. O, 3 gün Vatikanda qalıb, dördüncü gün gecə saat 2-də papa ilə görüşüb.
1987-ci ildə Moskvanın “İzvestiya” nəşriyyatı Rollan Seysenbayevin 3 povest və ondan çox hekayələrindən ibarət “Dekabr günləri” kitabını nəşr edib. Əsərin qəhrəmanları müxtəlif peşə adamlarıdır, hadisələrdə isə şəhər, qəsəbə və aul həyatının özünəməxsus təsvirləri yer alıb. “Səhrada dolaşan ölülər”, “Ata həsrəti, yaxud dünyanın dağıldığı gün” romanlarında çağdaş dünya, mənəvi problem və atom fəlakəti ilə üz-üzə qalan cəmiyyət özünəməxsus şəkildə təsvir edilir. Yazıçının “Şərəf”, “Qaçış”, “Heçliyə pilləkən”, “Şeytan taxtı”, “Əgər yaşamaq istəyirsənsə”, “Ağ arvana”, “Səhranın sərgərdan ölüləri”, “Ata həsrəti, yaxud dünyanın çökdüyü gün”, “Gecə səsləri” əsərlərində bədii təfəkkürün imkanları milli ilə bəşəri düşüncəni özündə ehtiva edir.
Rollan Seysenbayev azadlığı və yazıb-yaratmağı, qurmağı sevən insandır. O, 7 il İngiltərədə yaşayıb, şəxsi hesabına Londonda “Abay evi” açıb. Burada, eyni zamanda, “Səhrada dolaşan ölülər” romanını ingilis dilində nəşr etdirib. Əsər İngiltərənin ən yaxşı romanı adına layiq görülüb. Böyük rus yazıçısı Anatoli Kim onun haqqında yazır: “Rollan Seysenbayev Prometey kimi ağıl közünü qoruyub saxlayır. O, özünü qorumur, ancaq bu mərdliyi ilə öz xalqının mədəniyyətini, ədəbiyyatını qoruyur. Belə yaradıcılıq azdır. Qazaxıstanda isə yeganədir. O, təkrarolunmazdır”.
Görkəmli yazarın ən məşhur və dünyada geniş yayılmış romanlarından biri “Şeytan taxtı”dır. Romanın əsas mövzusu insanın ekstremal şəraitdə mənəvi seçim qarşısında qalması problemidir. Yazıçı burada həbsxananı yalnız fiziki məkan kimi təqdim etmir, onu insan xarakterinin, vicdanının və dünyagörüşünün sınaqdan keçirildiyi xüsusi bir mənəvi aləmə çevirir.
Romanın gənc personajları təhsilli insanlardır və onların əsas problemi yalnız xarici maneələri dəf etmək deyil, həm də öz daxili mövqelərini tapmaq və təsdiq etməkdən ibarətdir. Həbsxana süjetin konkret məkanıdır; əsərin daha dərin qatında isə azadlıq, vicdan, məsuliyyət, insan ləyaqəti və mənəvi seçim məsələləri dayanır. Yazıçı demək istəyir ki, insan həbsxanada ola bilər, amma daxilən azad qala bilər.
Rollan Seysenbayev yaradıcılığının əhəmiyyətli bir hissəsi teatrla bağlıdır. Onun pyesləri personajların qarşıdurmasına, mənəvi seçimə və fərdlə cəmiyyət arasındakı mürəkkəb münasibətə yönəlmişdir. Hələ 1975-ci ildə onun "Özünü tap" pyesi Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsinin qalibi kimi böyük səs-küy yaratmışdı. Sonrakı illərdə "Kimsə olmalıdır", "Yol ayrıcında", "Vida, fironlar" və "Gecə dialoqu" pyesləri də səhnələşdirilərək böyük tamaşaçı rəğbəti qazanmışdır.
Rollan Seysenbayev görkəmli yazıçı olmaqla yanaşı, həm də ictimai xadim kimi tanınıb. O buna bir vətəndaşlıq missiyası kimi baxır, dünyada gedən hərbi prosesləri vicdanın aşınması ilə əlaqələndirir.
Qazax ədibinin əsərləri dünyada da populyarlıq qazanıb. Rollan Seysenbayevin yaradıcılığını müasir Qazaxıstan ədəbiyyatında əhəmiyyətli bir fenomen kimi dəyərləndirmək olar. Onun nəsri və dramaturgiyası milli məsələləri ümumbəşəri suallarla, tarixi yaddaşı müasirliklə, sosial narahatlıqları dərin psixoloji anlayışla birləşdirir. Bu, onun əsərlərinin Qazaxıstanın qlobal ədəbi ictimaiyyətlə mədəni dialoqunun mühüm bir hissəsi kimi qəbul edilməsinə imkan verir.
Rollan Seysenbayev Azərbaycanda da yaxşı tanınır. Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı dünyada tanınan yazıçının “Ata həsrəti, yaxud dünyanın dağıldığı gün” romanından bir hissəni dilimizə çevrib. İnanırıq ki, qazax ədəbiyyatının canlı klassiki Rollan Seysenbayevin əsərlərinin qalan hissəsi də dilimizə çevriləcək.
Bədirxan ƏHMƏDOV,
AMEA Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 08 Oktyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















