Icma.az
close
up
RU
Cəhənnəmdən qurtulmuş cənnətimiz

Cəhənnəmdən qurtulmuş cənnətimiz

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Laçın 4 ildir ki, xilas xoşbəxtliyi, azadlıq təntənəsi yaşayır

Bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bütün Azərbaycan xalqını sevincə qərq edən, laçınlıların həsrətinə son qoyan növbəti qələbə müjdəsindən 4 il ötür: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Artıq 4 ildir ki, laçın kimi vüqarlı Laçın azadlığın bəxş etdiyi xoşbəxt günlərini yaşayır. Şəhər qısa vaxtda yenidən qurulub, abadlaşıb, gözəlliyi ilə göz oxşayır. Zövqlə tikilmiş, təmir edilmiş evlər, müasir infrastruktur, Həkəri çayının sahilində yaradılmış park, istirahət və əyləncə yerləri Laçının ecazkarlığını daha da artırıb. Yaşıllıqlara qərq olmuş, yer üzündəki cənnəti xatırladan bu şəhər indi təkcə əzəli sakinlərinin daimi yaşamaq, sahib çıxmaq üçün geri döndükləri yurd yeri deyil, həm də əksəriyyətimizin gedib–görmək, ziyarət etmək istədiyimiz turistik məkana çevrilib.

Avqustun 26-ı həm də Laçın şəhərinin rəsmi bayram günüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamına əsasən, artıq 3-cü ildir ki, bu gün ölkəmizin hər yerində Laçın Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir. Bu tarix təkcə 30 il sonra doğma Laçın həsrəti sona çatmış 80 mindən artıq laçınlı üçün deyil, bütün Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları üçün zəfər dastanının şanlı səhifəsinin yazıldığı bayram ab-havalı, qürurverici  tarixdir.

Azərbaycanın füsunkar guşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir, 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Ümumi sahəsi 1835 kvadratkilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsini və 34 min hektar zəngin meşə massivini əhatə edir. Bol su ehtiyatları olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək uzunluğu 113 kilometr olan Həkəri çayını yaradır. 

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın qəsəbəsi  adlandırılıb və sonralar  şəhər statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir.

Strateji mövqedə yerləşən Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin vaxt Laçının işğalı, ilk növbədə, torpaqlarımıza göz dikmiş, havadarlarına arxalanaraq “dənizdən dənizə böyük Ermənistan” xülyası ilə bir-birinin ardınca yaşayış məntəqələrimizə qanlı hücumlar edən, dinc, silahsız mülki insanları qətlə yetirən erməni sepratçılarının məkrli niyyətlərinin baş tutması idi. Bu işğal həm də həmin vaxt Azərbaycanda hakimiyyət davası aparan, iqtidarı zorla ələ keçirmiş təcrübəsiz, siyasi savadı olmayan, şəxsi mənafeləri naminə hər şeyi, hətta Vətən torpaqlarını qurban verməyə hazır xəyanətkarların əməllərinin acı nəticəsi idi...  

İşğal zamanı Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdu. Ermənistan silahlı qüvvələri tərəfindən Laçının işğal edilməsi nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisəsi erməni quldurları tərəfindən talan və məhv edildi, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı.  

İşğalçı Ermənistan 30 il ərzində Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçında coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi, müxtəlif xarici ölkələrdən, əsasən də Suriyadan olan erməniəsilli ailələrin burada məqsədyönlü məskunlaşdırılması və bununla demoqrafik tərkibin dəyişdirilməsi siyasəti aparırdı. Belə  əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bütün bu cinayətlər dünya ictimaiyyətinin gözü qarşısında baş verirdi. Ancaq dünya onillər boyu ermənilərin insanlıqdan kənar vəhşiliklərini görməzdən gəldiyi üçün tarixi ədaləti Azərbaycan özü öz gücünə bərpa etməli oldu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı cəmi 44 gün sonra ölkəmizin tam qələbəsi və düşmənin rüsvayçı kapitulyasiyası ilə nəticələndi. Beləliklə, Vətən müharibəsində qazandığımız tarixi Zəfər sayəsində xalqımızın Qarabağ, Şərqi Zəngəzur həsrəti başa çatdı. Döyüş meydanlarında ağır məğlubiyyətlə üzləşən mənfur düşmən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. 

Bununla da, dövlət başçımızın diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində Laçın şəhəri, həmçinin rayonun Zabux və Sus kəndləri heç bir güllə atılmadan Azərbaycana təhvil verildi.  Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri 2022-ci il avqustun 26-da Laçın şəhərini həmişəlik tərk etdilər.

Tarixi qələbəmizin ardınca azad edilən torpaqlarda başladılan misli görünməmiş bərpa-quruculuq işləri, düşmənin xarabalığa çevirdiyi yurd yerlərinin dirçəldilməsi, genişmiqyaslı infrastrukturun qurulması layihələri uğurla reallığa çevrilməkdədir. Bütün bu işlər işğaldan azad olunmuş ərazilərimizin inkişafını daim  diqqətdə saxlayan Prezident İlham Əliyevin birbaşa rəhbərliyi sayəsində reallaşır.

Ölkə başçısının  tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş digər ərazilərində olduğu kimi, Laçında da bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü davam edir, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərin sayı artıqca Laçın yenidən xoşbəxt günlərinə dönür. 

Qeyd edək ki, indiyədək Laçın şəhərində, rayonun Zabux, Sus və Bəylik kəndlərində minlərlə laçınlının daimi məskunlaşması təmin olunub, bu proses müntəzəm şəkildə davam etdirilir. Sakinlərin işlə təminatı,  sosial-məişət qayğılarının həlli hər zaman diqqət mərkəzində saxlanılır, yeni müxtəlif təyinatlı müəssisələr yaradılır, şəhər infrastrukturu yaxşılaşdırılır, Laçın daha da inkişaf edir.

Bölgəyə dəfələrlə səfərlər etmiş Prezident İlham Əliyevin 2023-cü il may ayının 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı aparılan quruculuq işlərindən bəhs edərkən dediyi kimi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Məhz bu sonsuz diqqət və qayğı şəhər gününü qeyd etdiyimiz Laçını dünyanın ən gözəl şəhərləri ilə rəqabət apara biləcək məkana çevirib,  laçınlıların xoş arzularına, xoşbəxt gələcəklərinə qol-qanad verir. Laçın öz yeni siması ilə həm də dövlətimizin qüdrətinin, iqtisadi gücünün, xalqımızın iradəsinin təzahürüdür. Hər zaman bax beləcə, gözəllik saç. Gündən-günə laçın kimi ucalan, əziz Laçın, günün mübarək!

Mahir Rəsuloğlu,
XQ-nin Qarabağ müxbir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see427

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see338

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see335

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see269

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see266

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see230

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see216

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see207

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see205

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see197

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see184

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see178

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see178

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see173

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see173

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see170

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see168

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see166

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri