Çəkindirmə gücü: müharibənin qarşısını alan qüvvə
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Ölkənin müdafiə qabiliyyəti
11 iyul 2023-cü ildə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Azərbaycanın sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə ölkənin gücünü artırmaq üçün davamlı səylər göstərilməsi ilə bağlı dövlət başçısı vurğulamışdı: “Müasir dünyada çəkindirmə nəzərə alınan amildir. Son iki il yarım ərzində biz bunu bir neçə dəfə nümayiş etdirdik və bundan sonra hətta ən güclü rəqiblərimiz belə heç kimin iradəmizə təsir edə bilməyəcəyini anladılar. Əksinə, biz ləyaqətimizi və milli maraqlarımızı müdafiə edə bildik. Təfərrüatlara varmaq istəmirəm, amma hamı bilir ki, heç kim Azərbaycanla təhdid və ultimatum dilində danışa bilməz və düşünürəm ki, bu cür cəhdlər təkrarlanmayacaq”.
Çəkindirmə amilinə Azərbaycan rəhbərinin ordunun döyüş qabiliyyətinin ən qabaqcıl ordular səviyyəsinə yüksəldilməsi kontekstində yanaşması çox əhəmiyyətli istiqamətverici hadisədir. Azərbaycan Prezidenti bununla faktiki olaraq strateji xarakterli məsələlərdən biri ilə bağlı aydın və qətiyyətli mövqe nümayiş etdirmişdir. Onun əsas mənası ordu quruculuğunun müvəqqəti və keçici deyil, davamlı və daim təkmilləşmədə olan proses olması ilə bağlıdır.
Belə görünür ki, “çəkindirmə gücü” anlayışının nəzəri dərki vacibdir. Müasir dövlətlər üçün bu anlayışın fundamental əhəmiyyəti olduğu sirr deyildir. Azərbaycan üçün onun hansı məna kəsb etdiyini aydınlaşdırmaq üçün öncə, ümumiyyətlə, çəkindirmə gücü haqqında mövcud olan ümumi fikirlərə baxaq.
Çəkindirmə gücü
Hər hansı dövlətin çəkindirmə potensialı dedikdə ilk növbədə həmin dövlətin öz gücünü nümayiş etdirmə qabiliyyəti nəzərdə tutulur. Konkret olaraq, ölkə real gücünü göstərməli və bu əsasda ciddi bir məsələni həll etməlidir: digər ölkələrin hücumunun və ya düşmənçilik hərəkətlərinin qarşısını almaq qabiliyyətinə malik olduğunu sübut etməlidir. Ona inanmalı və hücum fikrindən daşınmalıdırlar.
Əlbəttə, özlüyündə mürəkkəb məsələdir, ona nail olmaq sistemli və davamlı fəaliyyət tələb edir. Yanaşmanın strategiyası ondan ibarətdir ki, potensial təcavüzkar cavab zərbəsindən dəyən zərərin potensial faydadan daha çox olacağını qəbul etmək məcburiyyətində qalır. “Cavab zərbəsindən qarşı tərəfə dəyən zərərin potensial faydadan daha çox olması” faktoru keçən əsrin ortalarında Qərbdə işlənən təlimlərdə əsas punktlardan biri olmuşdur. Məhz bu məsələyə əsasən Henri Kissincerin nüvə müharibəsindən çəkindirmə strategiyası geniş yayılmışdır. Bu məsələ indi adi konvensional silahaların mümkün tətbiqi strategiyası kontekstində də böyük əhəmiyyət kəsb edir.
Belə alınır ki, müasir mərhələdə qarşı tərəfi çəkindirmək əslində incə və məharətli siyasi-diplomatik fəaliyyətlə yanaşı, əsaslı təhlükəsizlik tədbirləri görməyi də tələb edir. Azərbaycan Prezidentinin çəkindirmə gücü ilə bağlı ifadə etdiyi strateji mövqeyə də məhz bu prizmada yanaşmaq gərəkdir. Burada Azərbaycan üçün əhəmiyyəti çox olan maraqlı bir xüsusiyyətə diqqət yetirmək gərəkliyi yaranır.
Çəkindirmə növləri
Təcrübə göstərir ki, qarşı tərəfin təcavüzkarlığının müxtəlif növləri mövcuddur. Onların bir neçə nümunəsinə qısa nəzər salaq. Çünki həmin növlərin cəm halı Azərbaycanın çəkindirmə potensialının real gücünü aydın təsəvvür etməyə şans yaradır.
- Nüvə çəkindirməsi. Bu, H.Kissincerlə bağlı yuxarıda vurğuladığımız özəlliklə əlaqəlidir. Hər hansı təcavüzə qarşı konkret ölkə hansı hüdudda nüvə silahı tətbiq edə bilər ki, dünya zərər görməsin? Burada hüdud qarşılıqlı təminatlı məhvetmə miqyasında zərbədən çəkinməkdir. Yəni mövcud nüvə potensialının imkanları dəqiq hesablanmalı və qarşı tərəfin ancaq çəkinməsi həddini aşmamaqla tətbiq edilməlidir. Elə etmək lazım gəlir ki, təcavüzkar davam etdiyində daha çox ziyana düçar olacağına əmin olsun. Bu, əlbəttə, kifayət qədər rasional və ölçülü-biçili yanaşma tələb edir.
- Ənənəvi çəkindirmə. Bu, daimi güclü ordunu, dəqiq və yüksək texnologiyalı silahlara, səmərəli hava hücumundan müdafiə sistemlərini və kəşfiyyat vasitələrinə malik olmanı ehtiva edir. Yəni kütləvi qırğın silahlarından istifadə etmədən belə, işğalın düşmən üçün çox baha başa gələcəyinin mümkünlüyünü nümayiş etdirir.
Xüsusilə, XXI əsr üçün xarakterik olan bir çəkindirmə növü də meydana gəlmişdir. Onu iqtisadi və kiberçəkindirmə adlandırırlar. Bura təcavüzkarın kritik infrastrukturuna ciddi sanksiyalar, ticarət blokadası və ya dağıdıcı kiberhücumlar təhdidi daxildir. Kifayət qədər geniş yanaşmadır.
Nəticədə nüvə, ənənəvi və kiber çəkindirmə növlərinin vahid sistem halında inkişaf etdirilməsi zərurəti əmələ gəlir. Məhdud sayda dövlətdən başqa, nüvə çəkindirməsi iqtidarında olan dövlət yoxdur. Onda əsas olaraq ənənəvi və kibertəhdidlərdən çəkindirmə növü ön plana çıxır. Burada, şübhəsiz ki, əsas yerlərdən birini dəqiq və yüksək texnologiyalara malik silahlara sahib olmaq xüsusi əhəmiyyət kəsb edir.
Aydın görünür ki, vurğulanan çəkindirmə növləri fonunda müstəqil dövlətin alternativ mənbələrdən yeni silahlar almaq qabiliyyəti böyük aktuallıq kəsb edir. Burada isə müxtəlif qısqanclıq və mane olmaq kimi neqativ hallara rast gəlinir. Deməli, praktiki olaraq çəkindirmə gücünə malik olmaq asan məsələ deyildir.
Bu məqamda başqa bir anlayışa baxaq.
Müharibənin qarşısını alan qüvvə
Burada bir neçə faktorun qarşılıqlı təsiri məsələsini vurğulamaq gərəkdir. Onlar çəkindirmə, diplomatik təsir, qarşılıqlı asılılıq, hüquqi mexanizmlər və kollektiv təhlükəsizlik institutlarının məcmusundan ibarətdir. Bu faktorların hər birinin öz funksiyası mövcuddur. Onda müharibənin qarşısını alan qüvvəni iştirakçı tərəflərin silahlı toqquşmanın siyasi, iqtisadi və hərbi nəticələrinin gözlənilən faydadan daha ağır olacağını dərk etməsinə əsaslanan çəkindirmə və sülh yaratma mexanizmi kimi təsəvvür edə bilərik.
Burada çəkindirmə qüvvəsi ilə yanaşı diplomatik-siyasi qüvvə və normativ-hüquqi qüvvə anlayışlarını nəzərə almaq lazım gəlir. Siyasi-diplomatik qüvvə danışıqlar, vasitəçilik, kompromis və etimad quruculuğu vasitəsilə münaqişənin zorakılığa çevrilməsinin qarşısını alır. Normativ-hüquqi qüvvə isə beynəlxalq hüquq, kollektiv təhlükəsizlik mexanizmləri və müharibənin legitimliyini məhdudlaşdıran siyasi normalar vasitəsilə tərəfləri sülhə yönəldir.
Beləliklə, müharibənin qarşısını alan qüvvə dövlətlərarası münasibətlər sistemində zorakılığın siyasi məqsədəuyğunluğunu azaldır. Yəni tərəflər əmin olurlar ki, zorakılıqla hər hansı davamlı nailiyyəti əldə etmək mümkün deyildir. Ona görə də münaqişələrin dinc vasitələrlə tənzimlənməsinin təşviqi daha səmərəli hesab olunur. Bununla yanaşı, təcavüzün mümkün xərclərini artırmaq istiqamətində fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Bu, tərəfləri sülhə məcbur edən hərbi, diplomatik, iqtisadi, hüquqi və institusional amillərin qarşılıqlı təsirinə nail olmaq anlamına gəlir. Bu prizmada digər aktual məsələ meydana çıxır.
Strateji çəkindirmə və kollektiv təhlükəsizlik
Ordunun bu iki faktorun qarşılıqlı əlaqəsində gücləndirilməsi məsələsi ən qəliz vəzifələrdən biridir.
Birincisi, çəkindirmənin strateji məqamı çoxlu sayda siyasi, hərbi, iqtisadi, geosiyasi, mədəni və psixoloji məqamları nəzərə almağı tələb edir. Kifayət qədər məharətli siyasi kurs tələb edən vəzifədir.
İkincisi, “kollektiv təhlükəsizlik” bir anlayış kimi kifayət qədər mürəkkəb struktur və funksional xüsusiyyətlərə malikdir. Azərbaycan üçün bunun əhəmiyyəti daha çoxdur. Çünki ənənəvi təhlükəsizlik platformalarından imtina edib, konstruktiv və bərabərhüquqlu təhlükəsizlik formatlarına keçid asan proses deyildir. Burada Bakının strateji çəkindirmənin milli miqyası ilə kollektiv təhlüksizliyin regionlararası miqyası arasında ahəngdarlıq yarada bilən addımlar atması vacibdir. Azərbaycan Prezidenti bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Azərbaycanın çəkindirmə gücü
Beləliklə, Azərbaycanın çəkindirmə gücü dedikdə dövlətə qarşı mümkün hərbi və siyasi təzyiqin, hücumun və ya təcavüz cəhdinin qarşısını əvvəlcədən almağa qadir olan ümumi milli gücdür. Bu, yalnız ordunun silahlanması ilə məhdudlaşmır. Ümumi halda çəkindirmə gücü hərbi potensialın, iqtisadi imkanların, diplomatik əlaqələrin, müdafiə sənayesinin, milli birliyin və dövlət idarəçiliyinin birlikdə yaratdığı təsirdir. Bu zaman çəkindirmənin əsas məqsədi müharibə aparmaq deyil. Onun əsas funksiyası qarşı tərəfə müharibənin onun üçün qəbuledilməz dərəcədə ağır nəticələr doğuracağını sübut etməkdir, onu buna inandırmaqdır. Nəticədə potensial rəqib hücum qərarından çəkinə bilər.
Azərbaycan üçün aşağıdakı istiqamətlərin xüsusi rol oynadığını vurğulaya bilərik.
- Hərbi çəkindirmə;
- Müdafiə sənayesinin davamlı inkişafına nail olmaq;
- Texnoloji müstəqilliyə nail olmaq;
- Çəkindirmənin siyasi və diplomatik üsullarından məharətlə istifadə etmək;
- İqtisadi və enerji faktorunu daim səfərbər vəziyyətdə saxlamaq;
- Milli birlik və mənəvi dayanıqlığı daim təkmilləşdirmək.
Burada milli birlik məsələsi üzərində xüsusi dayanmaq lazımdır.
Milli birlik və mənəvi dayanıqlıq
Milli birlik çəkindirmənin ən vacib, lakin zahirən görünməyən faktorlarından biridir. Cəmiyyət bununla dövlətlə təhlükəsizlik məsələlərində həmrəy olur, onunla birgə fəaliyyət göstərir
Ayrıca, xalqın müdafiəyə hazırlığı, dövlət institutlarına inam xüsusi əhəmiyyət kəsb edir. Böhran zamanı sabitliyin qorunması isə qarşı tərəfin proqnozları və ümidlərini dəyişə bilər.
Bu cür birliyə nail olmanın yeddi əsas tərkib hissəsini müəyyən etmək olar:
- Liderə böyük etimad;
- iqtidar-xalq həmrəyliyi;
- düzgün milli ideologiyanın müəyyən edilməsi;
- ideoloji təhlükəsizliyin etibarlı təmini;
- sağlam informasiya siyasəti;
- qanunun aliliyi;
- cəmiyyətin bütün təbəqələrinin təhlükəsizlik prosesinə inamı
Bütün bunlar onu ifadə edir ki, Azərbaycanın çəkindirmə potensialı güclü dövlət, möhkəm iqtisadiyyat, yüksək müdafiə qabiliyyəti, milli birlik, siyasi iradə və əldə olunmuş suverenliyin qorunmasına hazır olmaq kimi bir neçə parametrin ahəngdarlığı əsasında bərqərar olur.
Füzuli Məhəmmədoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 18 Noyabr 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















