Icma.az
close
up
RU
Cəmo bəyin satiralarında faşizmin ifşası Asif Rüstəmli yazır

Cəmo bəyin satiralarında faşizmin ifşası Asif Rüstəmli yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor

Tanınmış maarif xadimi, respublikanın Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, şair, nasir, dramaturq Cəmo bəy Cəbrayılbəylinin (1887-1965) bədii yaradıcılığında satirik şeirlər, məzhəkələr xüsusi yer tutur. Lirik, aşiqanə nəzmlər, klassik üslubda yazdığı qəzəllərlə yanaşı, onun satirik janrlara meyllənməsində xalqımızın qüdrətli söz ustası Mirzə Ələkbər Sabirin (1862-1911) təsiri və tövsiyələri əhəmiyyətli dərəcədə rol oynayıb. C.Cəbrayılbəylini 1905-ci ildə böyük satiriklə ilk dəfə şair, qəzəl ustası Ağa Əli Naseh (1856-1914) tanış edib. Şamaxıda Ümid məktəbinin açılışına Sabirin dəvət etdiyi gənc müəllimlərdən biri də Cəmo bəy olmuş, həmkarına sinif otaqlarını, "parta"ları, yazı taxtasını göstərmiş, "Məktəb, məktəb nə dilguşəsən" - misrası ilə başlayan şeirini burada C.Cəbrayılbəyliyə oxumuşdu. Onların yaxınlıq, dostluq əlaqələri altı il - M.Ə.Sabirin vəfatına qədər davam edib.

Cəmo bəy ustadı Sabirə həsr etdiyi şeirlərindən birində yazırdı:

Xalq yolunda nə qədər can sıxdın,

Axırı qüssədən özün bıxdın.

Unutmaz xalq səni vəfalı kişi,

Vicdanın, namusun misalı kişi.

Cəmo bəyin satiralarında qəbulediməz, adətdənkənar pis vərdişlər, əxlaqi naqislik, tərbiyəsizlik, yekəxanalıq, təkəbbürlülük, mənəvi pozğunluq, böhtançılıq, yalançılıq, paxıllıq kimi mənfi təzahürlər tənqid hədəfinə çevrilib. C.Cəbrayılbəylinin "Aldada bilməzsən", "Sərxoşun məsləhəti", "Papiros", "Ərköyün övlada", "Bir nəfər qorxağa", "İnsan ol", "Bir "alimə" və digər satiraları həmin mənfi təzahürlərin tənqidi-yumoristik üslubda ifadə tərzidir.

Cəmo bəy Cəbrayılbəyli İkinci Cahan savaşı dönəmində də faşizmi, revanşizmi, işğalçılıq iştahasına düşənləri, imperialist xəyalpərvərləri satirik qələmlə ifşa etməkdən çəkinməmişdi. O, "Hitlerə" həsr etdiyi satirasını 1941-ci ilin dekabr ayında yazmışdı. Şair bu əsərində faşizmin ideya bayraqdarının və baş cəlladının xarakterin xüsusiyyətlərini qabartmaqla siyasi portretini yaratmağa nail olub. İndiyədək mətbu nəşrlərdən kənarda qalan "Hitlerə" şeirində müəllif ifşa obyektinin daxili çirkablığı ilə xarici görünüşü arasındakı uyarlığı, bənzəyişi vəhdətdə verib:

Gözlərin qəlbin tək əyridir, sönük,

Üz-göz oynadırsan, dönüksən, dönük.

Adi danışığın çığır-bağırdır,

Səsin ürək sıxır, novmə (yuxu) dağıdır.

Cəmo bəyin 1942-ci ildə, müharibənin ən şiddətli günlərində Bakıda nəşr olunan "Boyevoy listok" bülletenində iki satirik əsəri işıq üzü görüb. "Adolf" rədifli irihəcmli şeiri oynaq ritmli və tutumludur:

Çox zaman, çox ucadan banlardın hər tərəfə,

Çatdıra bilmədin amma səsini son hədəfə,

Bivəfa çıxdı səsin də, o da boş getdi kəfə,

O da son günlər üçün başladı batmağa, Adolf!

Hazır ol dar quyudq şəstlə yatmağa, Adolf!

Cəmo bəyin "Halını saz görmürəm" əsəri həcm etibarilə on bəndlik, əhatəli satirası olmaqla yanaşı, alman faşist general-leytenantı Kurt fon der Şevaleriyə (1891-1945) həsr edilib. O, Almaniya ordusunda 83-cü piyada diviziyasının komandiri idi və 1941-ci ildə general-leytenant hərbi rütbəsinə layiq görülmüşdü. General 1942-1944-cü illərdə 59-cu ordu korpusunun, Birinci tank ordusunun komandiri kimi Ukrayna ərazisində, Kiyevdə qəddar, cinayətkar döyüşlərə, kütləvi qırğınlara rəhbərlik edirdi. Cəmo bəy alman faşist general-leytenantı Kurt fon der Şevaleriyə bilərəkdən "Fon der Şvax" deyərək onu Sabiranə üslubda ifşa hədəfinə çevirib. Satirik şeir müəllif əlyazmasına istinad olunaraq tam həcmdə oxuculara təqdim edilir:

HALINI SAZ GÖRMÜRƏM...

Halını saz görmürəm, Fon der Şvax, nolmuş sənə,

Gözlərin üstü göyərmiş, qan ilə dolmuş yenə,

Sir-sifətdən dönmüsən, rəngin yaman solmuş yenə,

Yaxşı anlat bir görək, nəyçün bu cür dəhşətdəsən?

Mənzərən xeyli fənadır, qəmlisən, heyrətdəsən...

Bel onurğan da üzülmüş, lax-qaçar olmuş bədən,

Qıçların tir-tir əsir, tab etməyir murdar gödən,

Ya başın bəlkə ağırlıq eyləyir üst pillədən,

Nəysə halın pis gəlir, bimarsən, illətdəsən.

Gəl düzün söylə, nəyçün böylə yaman halətdəsən?!

Söyləyirlər son zaman tutmuş səni bədxahlıq,

Çox acıqlı olmusan, məruz olub bitablıq,

Sevdiyin qəlyandan düşmür daha qüllablıq,

Gözlərindən qan tökərsən hər səhər xəlvətdə sən.

Aldadırsan ölkəni, guya ki, lap cənnətdəsən.

Dərdin ancaq bir deyil, köpmüş o mənhus anbarın,

Daxilində sancı var, artıq düşüb udduqların,

Lap boşalmış, durmayır üstündə iyimiş şalvarın,

İndi çatmışdır sonun, ay Kurt, yaman surətdəsən.

Çox keçirtdin ömrünü bihudə, boş söhbətdəsən.

Vəqti ilə çullu dovşan ağzına sığmaz idi,

Gop basırdın gündə min cür, dil quşun pərvaz idi,

Xırda xalqa qan içirtdikdə kefin çox saz idi

İndi dünya çövrülüb, tutmur əlin, çox bəddəsən.

Diz çökərsən vaxt olar, hər saniyə, əlbəttə sən!

Boş yerə hay-küy salıb, aldatma xalqı, bir usan,

Hiylənin üstü açılmış, ay həyasız bir utan,

Eybi yoxdur, bir zaman da adətin üzrə dayan,

Hər nə hiylən varsa qur, ta ki, bu gün fürsətdəsən.

Çün qalan az ömrünü xoşluqda yox, zillətdəsən.

Ləzzətin gördün ki, sən Ordu vuran yumruqların,

Kəllənə endirdi zərbə, sən qəfil vurduqların,

Sallanıb indi qotur it quyruğu tək bığların,

Arxaya doğru daban almaqda bərk sürətdəsən.

Ta çatınca son dəqiqən, bu fəna xidmətdəsən!

Müqtədir xalq ordusu hər gün sənə qan qusdurur,

"Heç zaman məğlub olunmaz" ordunu lap susdurur,

Qorxudan marşalların quyruq qısıb bərk...

Belə vəziyyətdə ikən bax əcəb "hörmət"dəsən.

Amma keçmiş günlər üçün daima həsrətdəsən.

Biz igid xalqıq, cahanda daima mərd olmuşuq,

Aç gözün, diqqətlə bax, biz ayrı cür yoğrulmuşuq,

Süngümüz əldə, o daş qəlbin üçün doğrulmuşuq,

Çox da çəkməz, tez görərsən halını möhnətdə sən.

Haqlısan, tarix boyu tam qalmağa lənətdə sən!

Aləmi incitmisən, tökdürmüsən çox göz yaşı,

Boş yerə oynatma indi hər yana gözü, qaşı,

Sadə bir ölməklə qurtarmaz canın quldurbaşı!?

Parça-parça doğrayıb, üstdən təkərlə od daşı,

Gövdəni it də yeməz, itçün də sən nifrətdəsən.

Gör necə boşdur başın ki, hala da qəflətdəsən!

Cəmo bəy Cəbrayılbəylinin faşist general-leytenantı Kurt fon der Şevaleriyə həsr etdiyi "Halını saz görmürəm" satirasından bəlli olur ki, müəllif əsərinin qəhrəmanı haqqında yetərincə məlumatlıdır. Onun törətdiyi hərbi cinayətlər barədə dövrün mətbuatında araşdırmalar aparıb. Şairin antisipasiya hissi də çox güclüdür və heyrət doğurur. Cəmo bəy elə bil faşist generalı Kurt fon der Şevaleri yaxından müşahidə edib, görüb və oxucularına satirik şeiri vasitəsilə göstərir. O, faşist generalının mağmın, məğlub durumunun canlı psixoloji təsvirini verir, qatillik, cəlladlıq əməllərinə görə öncə qınayır, məzəmmət, nifrət, lənəthədəfinə alır, aşağılayır, təhqir edir. Üstüörtülü "qəlyandan düşmür daha qüllablıq" misrası ilə nəinki orduya, hətta özünə nəzarəti itirməmək üçün narkotikadan istifadəsinə işarə vurur. Faşist generalının idbar, eybəcər sifətini şair aşağıdadı misralarda da dəqiq təsvir etmişdir: "Sallanıb indi qotur it quyruğu tək bığların", "Müqtədir xalq ordusu hər gün sənə qan qusdurur, "Heç zaman məğlub olunmaz" ordunu lap susdurur, Qorxudan marşalların quyruq qısıb bərk..." və sair.

Amansız müharibə meydanlarından durna qatarı kimi düzülüb vətənə göndərilən gənc, igid oğlanların tabutları nəinki söz adamlarını, şairləri, eləcə də bütün insanların əsəblərini tarıma çəkib, lənəti, qarğışı da silaha çevirib mübarizə aparırdılar. Şairin hiddət və nifrətinin boğazında düyünlənməsi nəticəsində söyləyəcəyini üç nöqtə ilə əvəzlənməsi mümkünsüzlükdən yaranan və başadüşülən reallıqdır.

Cəmo bəy Cəbrayılbəyli 1942-ci ildə yazdığı "Halını saz görmürəm" adlı satirasından faşist general-leytenantı Kurt fon der Şevaleri haqqında "Kəllənə endirdi zərbə", "Diz çökərsən", "qalan az ömrün", "Ta çatınca son dəqiqən" və sair söz birləşmələrindən uzaqgörənliklə istifadə edib. Həqiqətdə isə general 1945-ci ilin yanvar ayında hərbi xidmətdən azad edilir, aprelin 18-də isə bombalanma nəticəsində 54 yaşında qətlə yetirilib.

Cəmo bəy Cəbrayılbəyli yalnız məzhəkələri, nəsr əsərləri və lirik şeirləri ilə deyil, faşizm əleyhinə yazdığı satiraları ilə də ədəbiyyat tariximizdə mühüm yer tutur. Nə qədər ki, çağdaş zəmanəmizdə faşizmi, revanşizmi dəsətləyənlər, onu stimullaşdıranlar mövcuddur, o vaxta qədər bu satiralar aktuallığını qoruyub saxlayacaq, mədəni və mənəvi mübarizəmizdə ideoloji silah funksiyasını özündə ehtiva edəcək və yaşadacaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri