Icma.az
close
up
RU
Cənnətməkan Lənkəranda torpaqdan doğan uğur hekayələri REPORTAJ

Cənnətməkan Lənkəranda torpaqdan doğan uğur hekayələri REPORTAJ

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Kənddə aqroturizm və istehsalın inkişaf modeli

Yaşıl torpaqlara doğru: zəhmətin, innovasiyanın və dövlət dəstəyinin izi ilə

Lənkərana gedən yol təkcə Azərbaycanın cənubuna - Talış bölgəsinə deyil, həm də torpağın zəhmətlə, biliyin yeniliklər və innovasiya ilə, ənənənin isə müasir yanaşmalarla qovuşduğu bir yerə aparırdı. Burada dənizdən gələn rütubətli və isti meh sitrus bağlarının arasından keçir, çay plantasiyalarına toxunur, kənd yolları isə hər döngədə yeni bir təsərrüfatın, yeni bir uğur hekayəsinin qapısını açırdı.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkil etdiyi iki günlük media-tur da məhz həmin hekayələri yaxından görmək üçün təşkil edilmişdi. Məqsəd yalnız fermerlərin fəaliyyətini göstərmək deyil, kənd təsərrüfatında tətbiq olunan yenilikləri, dövlət və özəl sektorun dəstəyi ilə inkişaf edən biznes layihələri, aqroturizm imkanları və kənd insanının zəhmətini cəmiyyətə daha yaxından tanıtmaq idi.

Səfər boyu bir həqiqət daha aydın göründü: kənd təsərrüfatı artıq yalnız məhsul istehsalı deyil. Bu gün o, elm, texnologiya, turizm, marketinq, sahibkarlıq və biznesin bir-birini tamamladığı müasir iqtisadi fəaliyyət sahəsinə çevrilir.

Bal pətəyindən arı muzeyinə gedən yol

Media-turda jurnalistlərin ilk dayanacağı Lənkəranın Şovu kəndində yerləşən Arıçılıq Muzeyi oldu. "Balçı Səyavuş" damazlıq-arıçılıq təsərrüfatının rəhbəri Səyavuş Yağubov uzun illərin təcrübəsini sadəcə təsərrüfat yaratmaqla kifayətlənməyib, onu demək olar ki, həm maarifləndirici və tədris, həm də sağlamlıq mərkəzinə çevirə bilib. Texniki bilik və bacarıqlarının olması isə bu işdə çox karına gəlib.

S.Yağubov 2015-ci ildən arıçılıqla məşğul olmağa başlayıb. Lakin ənənəvi arıçılıqla fərqli olaraq innovativ arıçılıqla məşğul olur. İlk işləri də arı pavilyonlarının qurulması ilə bağlı olub. Daha sonra Azərbaycanda ilk Arıçılıq Muzeyinin təşkili ideyası yaranıb. İdeyaya "Aqrar Tədarük və Təchizat" ASC-nin "Şəhərdən Kəndə" layihəsindən dəstək gəlib. Bütün təchizat və təmir işləri isə "PAŞA Holdinq"in dəstəyi ilə həyata keçirilib.

Açılışı 2026-cı il iyunun 16-da olmuş bu unikal obyektin hər guşəsi arıçılığın müxtəlif mərhələlərini əks etdirir. Bir tərəfdə Talış bölgəsindən toplanmış qədim kötük və palçıq pətəklər, digər tərəfdə isə şüşə pətəklərdə canlı arı ailəsinin gündəlik həyatı əyani şəkildə nümayiş etdirilir. Burada ziyarətçilər ana arının yumurta qoymasını, işçi arıların pətəkdəki fəaliyyətini, balın hazırlanma prosesini təhlükəsiz şəkildə müşahidə edə bilirlər.

Muzeydə arıların biologiyası və pətəkdaxili həyatı barədə ətraflı məlumatlar təqdim edilir. Burada peşə məktəblərinin arıçılıq ixtisası üzrə təhsil alan tələbələri üçün yaradılmış guşə isə əsl əyani vəsait rolunu oynayır. Konkret olaraq Lənkəran Dövlət Peşə Təhsili Mərkəzi ilə əməkdaşlıq çərçivəsində tələbələrin ixtisas təlimləri burada keçirilir. Gələcəkdə burada "Azərbaycan Arıçılıq Tarixi" guşəsinin də yaradılması nəzərdə tutulur.

Muzeydəki ən çox maraq doğuran yeniliklərdən biri də yerli mütəxəssislər tərəfindən hazırlanmış "ağıllı pətək tərəzisi"dir. Pətəyin altına yerləşdirilən smart sistem vasitəsilə arıçı mobil telefonundan və ya internet üzərindən pətəyin çəkisini, temperaturunu və rütubətini real vaxt rejimində izləyə bilir. Gələcəkdə sistemə günəş paneli və videomüşahidə cihazlarının da inteqrasiya edilməsi planlaşdırılır. Yaxın gələcəkdə Lənkəran Dövlət Peşə Təhsili Mərkəzi ilə birgə, "Bal Team" layihəsi çərçivəsində bu tərəzilərin həm kütləvi istehsalı, həm də mobil tətbiqi və proqram təminatının hazırlanması nəzərdə tutulur.

Muzeydə apiterapiyanın, yəni arı və arı məhsulları ilə müalicənin tətbiqi imkanları da nümayiş olunur. Burada xüsusi qurğu vasitəsilə pətəkdəki arı havasından müalicə məqsədilə istifadə edilir. Belə ki, xüsusi 15 çərçivəli pətəyin yerləşdirildiyi sistemin kuler və tibbi maskanın köməyi ilə tənəffüs yolları, bronxial astma, immunitetin bərpası və gücləndirilməsi üçün müalicəvi effektə malik olduğu bildirilir. Bu pətək forması Kəlbəcərdə keçirilən Bal Festivalında da təqdim olunub. Bundan əlavə gələcəkdə müalicə məqsədləri üçün "Arı Evi"nin yaradılması da planlaşdırılır. Ümumilikdə artıq bir çox ölkələrdə geniş tətbiq edilən apiterapiyanın Azərbaycanda da geniş maraqla qarşılanacağı gözlənilir.

Təsərrüfatda istehsal olunan və muzeyin satış guşəsində təqdim olunan bal, parafinsiz təbii mum şamları, propolis, arı südü, çiçək tozu və digər məhsullar isə həm yerli sakinlər, həm də turistlər tərəfindən böyük tələblə qarşılanır. Əldə olunan gəlirlərdən isə ilk növbədə muzeyin saxlanması və inkişafı üçün istifadə olunur: "Bu, muzeyin ilkin mərhələsidir. Muzeydə eskponat və avadanlıqlarımız hələlik azdır. Amma mütəmadi olaraq həm qədim və müasir arıçılıqla bağlı eksponatlar, həm keçmişdə və hazırda istifadə olunan avadanlıqlar əldə edildikcə muzeyə veriləcək, təkmilləşdiriləcək," - deyə balçı Səyavuş əlavə etdi.

Qısası, arıçılıq burada sadəcə peşə deyil, elm, turizm və sağlamlıq xidmətlərini özündə birləşdirən bir kompleks fəaliyyət modelinə çevrilib.

Riyaziyyatdan həsirçiliyə

Vilvan kəndində bizi tamamilə fərqli bir həyat hekayəsi gözləyirdi. 45 il riyaziyyat müəllimi işləmiş Xalidə İsmayılova pensiyaya çıxdıqdan sonra uşaqlıq illərində bibisindən öyrəndiyi qədim həsirtoxuma sənətini yenidən həyata qaytarıb. Beləcə, unudulmaq təhlükəsi ilə üzləşən xalq sənəti həm ailənin əlavə gəlir mənbəyinə, həm də aqroturizmin maraqlı istiqamətlərindən birinə çevrilib.

Xalidə xanım deyir ki. vaxtilə riyaziyyat müəllimi olması ona bu sənətdə çox kömək edib. Çünki hesablamalarsız bu işdə gözəl nəticə almaq mümkün deyil: "Uzun müddət, yəni 45 ilə yaxın riyaziyyat müəllimi işləmişəm. Müəllimlikdən uzaqlaşmaq mənim üçün çox çətin oldu. Amma yaxşı ki, bu sənəti öyrəndim və ona bağlandım. Bu naxışların salınması özü adamdan riyazi qabiliyyət tələb edir. Riyaziyyatçı olduğum üçün bunun diaqonallarını, naxışların simmetrik olmasını hesablayıram. Həsirtoxuma maraqlı sənətdir, əsəbləri çox sakitləşdirir, çünki barmaqlarla iş görürsən".    

Amma bu sənət böyük zəhmət və səbr tələb edir. Əvvəlcə bataqlıqlarda bitən və qamışın talışca lığ adlanan növü iyul-avqust aylarında toplanır, qurudulur və xüsusi üsulla emal olunaraq "keşi" adlı xammala çevrilir. Daha sonra isə bu təbii materialdan müxtəlif əşyalar toxunur, insan əlinin incə toxunuşu ilə müxtəlif formalara düşür.

Təsərrüfatın "Leynə Co" adlandırılması da təsadüfi deyil. Leynə Talış dilində məhz qamış a qadın çantaları, şlyapalar, dekorativ əşyalar, hətta ev heyvanlarının daşınması üçün hazırlanmış səbətlərə dəyişir. Onların hamısı da tamamilə əl əməyinin məhsuludur. Bəzi əl işlərinin ərsəyə gəlməsi saatlarla, bəziləri isə günlərlə, həftələrlə vaxt aparır. Onların qiyməti də məhz sərf olunan materiala və əl əməyinə görə dəyişir. Kiçik həsirlərin qiyməti 5 manatdan başlayır, ən bahalı və daha ağır zəhmət tələb edənlər isə 15-20 manata təqdim olunur. Xalidə xanım deyir ki, onun müştəriləri arasında yerli sakinlərlə yanaşı, Bakıdan və hətta Çexiyadan olan qonaqlar da var.

Bu gün ailə üzvlərinin də dəstəyi ilə fəaliyyət göstərən təsərrüfat artıq yalnız istehsal məkanı deyil. Burada turistlər və məktəblilər üçün master-klasslar keçirilir, qədim sənətin sirləri yeni nəslə öyrədilir.

Xalidə xanımın sözlərinə görə, onlar daha çox şey edə bilərlər, lakin hələlik maddi səbəblərdən həyata keçirə bilmirlər. Məsələn, adi normal həsir toxumaq üçün dəzgahın alınmasına ehtiyac var, amma dəzgah baha olduğundan onu ala bilmirlər.

Baxımsız bağ tanınmış aqroturizm mərkəzinə necə çevrildi?

Media-tur çərçivəsində son dayanacaq İstisu qəsəbəsi yaxınlığında yerləşən "Citrus Valley" ailə təsərrüfatı oldu. Bu təsərrüfatın yaradıcısı və sahibəsi Rəftarə Şükürovadır. Bu xanımın hekayəsi isə əslində bir çox fermer üçün motivasiya nümunəsi ola bilər.

Vaxtilə bu təsərrüfat sahibi də orta məktəbdə müəllim işləyib və 2009-cu ildən bağçılıqla məşğul olmağa başlayıb. Lakin başqaları yaxşı düşünməz deyə, bağlanğıcda məşğuliyyətini çoxlarından gizlədib. Hətta ilkin mərhələdə həyat yoldaşı da onu bu işdən çəkindirməyə çalışıb, lakin sonralar ən yaxın köməkçisinə çevrilib. Hazırda oğlu da ailə biznesinin inkişafına töhfə verir.

"Daha sonra Kənd Təsərratı Nazirliyinin "Kəndə Şəhərə", "Şəhərdən Kəndə" layihələrinə qoşuldum. İstehsal etdiyimiz məhsulları Bakıda yarmarkalarda təqdim elədik və satışını həyata keçirtdik. Demək olar ki, o vaxtdan da təsərrüfatımızın inkişafı başladı," - deyən Rəftarə xanım indi artıq müasir suvarma sistemi ilə təchiz edilmiş və 15 hektarlıq sahəni əhatə edən iri təsərrüfatın sahibi və rəhbəridir. Bağda 6 hektar feyxoa, 3,5 hektara yaxın kivi, 4 hektardan artıq sahədə isə limon, portağal, mandarin və kinkan yetişdirilir.

Meyvəciliklə yanaşı təsərrüfatın digər istehsal məhsullarının da çeşidi getdikcə artır, əlavə dəyər yaradılır. Belə ki, burada müxtəlif cemlər, mürəbbələr, kompotlar və turşular istehsal olunaraq Azərbaycanın müxtəlif bölgələrində satılır. "Citrus Valley"in məhsulları ölkə xaricinə, daha dəqiq desək, ilkin mərhələdə Rusiyaya da ixrac olunmağa başlayıb. Təsürrüfatçının sözlərinə görə, həmin məhsullara maraq böyükdür, müştərilər çox bəyənirlər və artıq növbəti partiya üçün sifarişlər də verilib.

Bu işdə "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən xüsusi dəstək verilir. Belə ki, "Citrus Valley"ə 30 min banka kompot və 10 min banka mürəbbənin qablaşdırılması üçün dəstək göstərilib, məhsulların ölkənin müxtəlif bölgələrində satışının təşkili təmin olunub, təsərrüfatın marketinq imkanlarının genişləndirilməsi istiqamətində iş aparılıb.

Azərbaycan dilində sitrus vadisi mənasını verən "Citrus Valley" artıq kənd təsərrüfatı obyekti ilə yanaşı həm də bir turizm məkanına çevrilir. Xüsusən payız mövsümündə bura turistlərin xüsusən sevimli məkanına çevrilir. Onlara imkan yaradılır ki, meyvələri özləri dərsinlər, istədikləri qədər yeyib dadına baxsınlar və lazım olduqda alıb aparsınlar. Ümumilikdə istər məktəblilər, istər yerli və xarici turistlər, gələn qonaqlar burada həm istirahət edir, həm də məhsulun bağdan süfrəyə qədər keçdiyi yolu yaxından izləyə bilirlər.

Fermer deyir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyeva da bir neçə dəfə bağı ziyarət edib. Leyla xanım gördüklərindən o qədər məmnun qalıb ki, ona qolf avtomobili hədiyyə edib. Daha sonra isə onun təşəbbüsü və dəstəyi ilə istehsal olunan məhsulların saxlanması üçün burada 150 tonluq iri soyuducu anbarın inşasına başlanılıb.

Dəstək yalnız maliyyə ilə bitmir

Səfər boyu diqqətçəkən əsas məqamlardan biri də dövlət və özəl sektor əməkdaşlığının nəticələri idi. "Aqrar Tədarük və Təchizat" ASC-nin həyata keçirdiyi və "PAŞA Holdinq"in maliyyə dəstəyi ilə reallaşan "Şəhərdən Kəndə" layihəsi artıq ölkənin müxtəlif bölgələrində onlarla təsərrüfatın inkişafına töhfə verib. Bu günədək layihə çərçivəsində təxminən 35 təsərrüfata dəstək göstərilib. Onlardan 9-u cənub bölgəsində, 4-ü isə Lənkəran rayonunda yerləşir. Özü də fermerlərə yalnız maliyyə dəstəyi verilmir, onlara məhsulların qablaşdırılması, satış şəbəkəsinə çıxışı, marketinq həlləri, aqroturizm infrastrukturu, abadlıq işləri və tanıtım istiqamətində də kompleks dəstək göstərilir.

ASC-nin şöbə müdiri Nilufər Mustafaqızının sözlərinə görə, "Şəhərdən Kəndə" layihəsinə işğaldan azad olunan ərazilər də daxil olaqla Azərbaycanın müxtəlif regionlarından qoşulmaq fürsəti var: "Müraciət edənlər sıfırdan başlayanlar deyil, artıq müəyyən qədər işlər görmüş təsərrüfatlar olmalıdır. Reqlamentə əsasən, daha sonra həmin təsərrüfatlarda monitorinqlər həyata keçirilir və meyralara uyğun gələnlərə lazımi dəstək göstərilir. Ümumilikdə "Şəhərdən Kəndə" layihəsi aqroturizmin inkişafına və fermerlərin əlavə gəlir potensialının artırılmasına yönəlib".

Layihənin fəlsəfəsi də məhz bundan ibarətdir: fermer yalnız məhsul istehsalçısı kimi deyil, sahibkar və turizm iştirakçısı kimi də inkişaf etməlidir.

Kəndlə şəhər arasında yeni körpü

İki gün ərzində baş çəkdiyimiz təsərrüfatlar fərqli sahələri təmsil etsələr də, onları birləşdirən müəyyən ortaq cəhətlər çoxdur. Onların hamısında ailə zəhməti var, hamısında ənənə müasir texnologiya ilə birləşir, hər yerdə məhsulun sadəcə istehsalı deyil, onun təqdimatı, satış bazarı, turizm potensialı və gələcək inkişafı düşünülür.

Media-tur zamanı əsas təəssürat da məhz bu oldu - Kənd artıq şəhərə yalnız məhsul göndərmir, o, öz hekayəsini, mədəniyyətini, peşəsini, ənənəsini, innovasiyasını və qonaqpərvərliyini də təqdim edir. Məhz bu səbəbdən "Şəhərdən Kəndə" layihəsi sadəcə bir dəstək proqramı deyil. O, kəndlə şəhər arasında yeni münasibətlər formalaşdıran, fermer əməyini görünən edən və aqroturizmin inkişafına yeni nəfəs verən təşəbbüs kimi diqqət çəkir.

Lənkərandan qayıdarkən isə bir fikir daha aydın görünürdü: torpağın bəhrəsi yalnız məhsulda deyil. O, həmin məhsulu yetişdirən insanların əzmində, yeniliklərə açıq düşüncəsində və bu zəhməti dəstəkləyən düzgün əməkdaşlıq modelindədir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 İyul 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri