Cənubi Qafqaz regionunun yeni nəqliyyat xəritəsi müəyyənləşir
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Zəngəzur dəhlizinin (TRIPP) açılması Orta Dəhliz coğrafiyasında yerləşən Türk dövlətlərini sıx birləşdirəcək
Oktyabrın 21-də Astanada Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranının ikinci iclasında Mərkəzi Asiya-Xəzər iqtisadi bağlantılarının əhəmiyyətinə, eləcə də Türk dövlətləri arasında dərinləşən ticari-investisiya bağlantılarına dair mühüm fikirlər səsləndirilib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Qazaxıstan regional təşkilatlarda sıx əməkdaşlıq edərək enerji-nəqliyyat və logistika sahələrində birgə səyləri intensivləşdirərək yeni nailiyyətlər əld etməkdədir. Nəqliyyat əməkdaşlığının ən mühüm bloku olan Orta Dəhliz üzrə atılan birgə addımlar tranzit daşımalarının artmasına müsbət töhfə verir. Yeri gəlmişkən, səfər çərçivəsində Prezidentlər - İlham Əliyev və Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” birgə layihəsinin təqdimatı bir daha iki qardaş dövlətin qlobal nəqliyyat alyansında qətiyyətini və yorulmaz iradəsini əks etdirir. Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycan və Qazaxıstan Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində yeni təşəbbüslər üzərində çalışır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin vurğuladığı kimi bölgənin ən iri infrastruktur layihələrindən biri olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Bu ilin nəticələri də ümidvericidir, artım 2 faiz təşkil edib. Xarici tərəfdaşlarla “darısqal yerlər” adlanan problemlərin sinxron şəkildə aradan qaldırılması, dəhliz boyunca uzunmüddətli vahid tariflərin müəyyənləşdirilməsi üzərində işləyirik. Sözsüz ki, bu addımlar səmərəliliyi artıracaq, bütün marşrut üzrə fasiləsiz tədarükləri təmin edəcək və bizim planlaşdırdığımız kimi, yükdaşımaların həcmini 10 milyon tona çatdırmağa imkan verəcək.
“2022-2027-ci illər üçün Yol Xəritəsi”nin hədəfləri reallaşır
2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022-2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur. Həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsində dair niyyətlər ifadə olunub. Bəyannamədə Orta Dəhlizin daha rentabelli və dayanıqlı işləməsi üçün TDT ölkələri tərəfindən nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə tərəflər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarının əsaslı şəkildə yenidən qurulması və infrastrukturların təmirinə investisiyalarını cəlb edilməsi, nəqliyyat əməliyyatları və gömrük prosedurlarının optimallaşdırılması üçün üzərinə öhdəliklər götürüb.
Yaxın illərdə Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ən mühüm xətti kimi region ölkələri -Mərkəzi Asiya-Xəzər-Avropa coğrafiyası üzrə Türk dövlətləri arasında nəqliyyat və logistika ilə bağlı məsələlərdə ötürücülük qabiliyyətini xeyli artıracaq.
Azərbaycan və Qazaxıstanın təşəbbüsü sayəsində...
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının gündəliyində yer alan əsas prioritetlərdən biri Orta Dəhlizlə daşınan yüklərin həcmini artırmaq üçün infrastrukturu daha da inkişaf etdirməkdir. Bu plana uyğun olaraq, dəhlizin bir çox coğrafiyalarında əsaslı yenidənqurma işləri aparılıb, Mərkəzi Asiya bölgəsində dəmir yolu və liman infrastrukturları müasirləşdirilib, digər nəqliyyat xətləri ilə birləşdirilib. Qazaxıstan “Trans-Xəzər”də zəruri nəqliyyat infrastrukturlarını yeniləşdirib. Məngistay vilayətində uzunluğu 64 kilometr olan Kurık və Jetıbay kəndlərini birləşdirən respublika əhəmiyyətli yolun əsaslı təmirini başa çatdırıb. Kurik limanı Azərbaycanın Beynəlxalq Dəniz Limanı ilə əlaqələndirilib. Aktau ilə yanaşı, həmin limandan daşınan beynəlxalq yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Limanına, oradan isə Gürcüstan,Türkiyə və Avropa ölkələrinə göndərilməkdədir.
Orta Dəhliz ailəsinin digər üzvü Özbəkistan da öz nəliyyat infrastrukturlarını yeniləyərək şaxələndirmədə fəal rol alır. Bir müddət əvvəl Özbəkistan-Qırğızıstan-Çin yeni dəmir yolunun inşası razılaşdırılıb və bu layihənin icrası “Avrasiya Marşrutu”nu rolunun artırılmasına hesablanıb. Eləcə də “Tacikistan Dəmir Yolları” nəqliyyatın səmərəli işləməsi üçün infrastrukturu inkişaf etdirmək, təkmilləşdirmək, optimal nəqliyyat marşrutları, kommunikasiyalar qurmaq yönündə tədbirlər həyata keçirməkdədir. Türkiyə Dövlət Dəmir Yolları da Orta Dəhlizdə yükdaşımaları artırmaq üçün öz səylərini gücləndirməkdədir.
Layihənin yaradıcılarından biri olan Azərbaycan Orta Dəhlizə inteqrasiya istiqamətində fasiləsiz infrastrukturları yeniləyib, Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernləşdirilib, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücü artırılıb, qonşu ölkələrlə nəqliyyat bağlatılarının çevikliyi təmin olunub.
Sərfəli tarif dərəcələri müəyyənləşir
Orta Dəhliz ailəsinin 2025-ci ildə planlaşdırdığı hədəflərdən biri də tarif dərəcələrinə düzəlişlərdir. Tərəflər hazırda nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması üçün stimullaşdırıcı mexanizmlərin tətbiqini nəzərdən keçirir. Həmin mexanizmlər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarında əməliyyatlar və gömrük prosedurlarının asanlaşdırılmasını, sərfəli tariflərin tətbiqini nəzərdə tutur. Ötən ilin sonlarında Orta Dəhliz boyu “Bir pəncərə” prinsipindən istifadə edilməsi, tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanması məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri, eləcə də Ümumdünya Gömrük Təşkilatının və Türk Dövlətləri Təşkilatının rəhbərliyi, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının nümayəndələri bir araya gələrək güzəştli tarif dəhlizinin yaradılmasına razılıqlarını bəyan ediblər.
Azərbaycan həmin razılaşmadan irəli gələn tələblərə qısa bir müddətdə əməl edərək Transxəzər Gömrük Tranzit Portalını istifadəyə verib. Digər ölkələr də eyni elektron resurslarıın yaradılmasını yaxın vaxtlarda başa çatdırmağı planlaşdılrır.
Beləliklə, Orta Dəhlizdə yer alan Türk ölkələrin vahid nəqliyyat şəbəkəsinin yaradılması və dəhlizin sinxronlaşdırılması tədbirləri tranzit həcmlərini yüksəltməklə, bölgə dövlətlərinin iqtisadi-ticari imkanlarını daha da böyütmüş olacaq.
E.CƏFƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 25 Oktyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















