Cibimizdəki dövlət qurumları: Ən çox istifadə olunan mobil tətbiqlər SİYAHI
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rəqəmsallaşan dünyada informasiyaya sürətli çıxış, vətəndaşla dövlət arasında şəffaf münasibətlərin qurulması və xidmətlərin operativ həyata keçirilməsi müasir idarəçilik sistemlərinin əsas prioritetlərindən birinə çevrilib. Bu məqsədlə son illərdə Azərbaycanda bir sıra dövlət qurumları mobil və veb əsaslı tətbiqlər hazırlayaraq vətəndaşlara təqdim edir.
Bu proqramlar təkcə texnoloji yenilik deyil, eyni zamanda idarəetmədə çevikliyi, hesabatlılığı və əlçatanlığı artıran mühüm vasitə kimi çıxış edir. Artıq bir çox rəsmi xidmətlərə yerindən tərpənmədən, bir neçə kliklə daxil olmaq mümkündür. Bu, həm də ictimai nəzarətin gücləndirilməsinə, vətəndaş iştirakçılığının artmasına və ümumilikdə dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsinə şərait yaradır.
Modern.az vətəndaşlar arasında ən çox istifadə olunan rəsmi qurumların mobil tətbiqlərini araşdırıb.

1. myGov
myGov tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb və idarə olunur.
myGov – qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Bu portal vasitəsilə vətəndaşlar öz şəxsi məlumatlarına çıxış əldə edə, dövlət xidmətlərindən onlayn şəkildə yararlana və müxtəlif sənədləri rəqəmsal formada əldə edə bilirlər.
Tətbiq vasitəsi ilə istifadəçilər şəxsi məlumatlara çıxış, məlumatların digər qurumlara ötürülməsi, qurumlara müraciət imkanı, elektron xidmətlərdən istifadə etmək imkanı yaradılır. Tətbiq indiyədək 1 milyondan çox yüklənib.

2. SİMA – Rəqəmsal imza
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan SİMA - Rəqəmsal imza tətbiqinin məqsədi vətəndaşlara elektron imzalama xidmətini mobil cihazlar vasitəsilə, sürətli və təhlükəsiz şəkildə təqdim etməkdir.
“SİMA” bulud texnologiyası, üztanıma sistemi və açıq açar infrastrukturu əsasında işləyir. İstifadəçi sadəcə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçərək mobil tətbiq üzərindən istənilən sənədi təsdiqləyə bilər. Sənədin təsdiqlənmə prosesi tamamilə onlayndır və əlavə avadanlığa ehtiyac yoxdur.
“SİMA” imzası bank, sığorta, dövlət portalları və digər xidmətlərdə geniş şəkildə istifadə olunur. Bu tətbiq rəqəmsal xidmətlərə keçidin sürətlənməsinə və vətəndaşlara vaxt itkisini minimuma endirməyə imkan verir. “SİMA - rəqəmsal imza”da inidyədək 1 milyondan çox istifadəçi tərəfindən yüklənib.

3. Smart Customs
Dövlət Gömrük Komitəsi tərəfindən yaradılan “Smart Customs” mobil tətbiqi fiziki şəxslərin xaricdən sifariş etdikləri malların gömrükdə bəyan edilməsini sadələşdirmək üçün hazırlanıb. Xüsusilə poçt və kuryer xidmətləri vasitəsilə ölkəyə daxil olan məhsullar üçün gömrük bəyannamələrinin elektron şəkildə təqdim olunmasını təmin edən bu sistem, gömrük prosedurlarını vətəndaş üçün daha əlçatan və şəffaf edir.
İstifadəçilər tətbiq üzərindən sadələşdirilmiş elektron gömrük bəyannaməsi dolduraraq mallarını rəsmiləşdirə bilirlər. Bu proses tamamilə onlayn şəkildə baş tutur və əlavə sənəd daşıma və ya fiziki ziyarətə ehtiyac qalmır.
Proqram vasitəsi ilə elektron bəyannamə təqdimatı, gömrük ödənişlərinin onlayn həyata keçirilməsi, proses barədə ətraflı məlumat əldə etmək imkanı mümkündür. Tətbiq inidyədək 1 milyondan çox yüklənib.

4. e - Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istifadəyə verilən rəqəmsal platformadır.
Tətbiqin məqsədi vətəndaşların əmək, sosial müdafiə və təminat sahəsindəki məlumatlarına birbaşa çıxışını təmin etmək və xidmətlərə əlçatanlığı artırmaqdır.
Tətbiqin vasitəsi ilə Əmək müqaviləsi bildirişlərinə baxış, Fərdi şəxsi hesabla pensiya kapitalı, sosial sığorta ödənişləri və s. məlumatları əldə etmək imkanı, ünvanlı dövlət sosial yardımı, əlillik, reabilitasiya, sosial müavinətlərə dair məlumat və müraciət imkanı, birbaşa olaraq elektron arayışlar və müraciətl etmək imkanının verilməsidir. “e-Sosial” tətbiqindən istifadə edənlərin sayı 1 milyonu keçib.

5. e-TƏBİB
e-Təbib Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşəbbüsü ilə hazırlanıb. e-Təbib Azərbaycan Respublikası vətəndaşlarının və ölkədə müvəqqəti və ya daimi yaşayan əcnəbilərin səhiyyə məlumatlarına asan və təhlükəsiz çıxışını təmin edən mobil tətbiqdir. Tətbiqin əsas funksiya və üstünlükləri: TƏBİB-in tabeliyindəki tibb müəssisələrində verilən laborator analizlərin nəticələrini asanlıqla əldə etmək, müayinə nəticələrinə tətbiq vasitəsilə baxmaq və onları idarə etmək. Əvvəlki müraciətləri izləmək, diaqnozlar və göstərilən tibbi xidmətlərlə tanış olmaq. Dövlət tibb müəssisələri tərəfindən təqdim edilən göndərişlərlə tanış olmaq, göndərişlə gediləcək özəl tibb müəssisəsini seçmək və onların statusunu izləmək. Tibb müəssisəsinə əvvəlcədən növbə götürmək imkanı. Ailə həkiminizin məlumatları ilə tanış olmaq. Övladlarınızın tibbi məlumatlarına, analiz nəticələrinə və digər vacib sənədlərə baxmaq. TƏBİB tabeli tibb müəssisələrinin siyahısı və xəritədə yerləşməsi ilə tanış olmaq. Sağlamlıq haqqında arayışlarınızı, icbari tibbi sığorta şəhadətnamənizi və digər sənədlərinizi onlayn qaydada əldə etmək.
Tətbiqdən indiyədək 1 milyondan çox insan istifadə edib.
6. Mobil Notariat
Ədliyyə Nazirliyi tərəfindən istifadəyə verilən bu mobil tətbiq vasitəsilə vətəndaşlar notariat xidmətlərini mobil cihazları üzərindən, istənilən vaxt və məkanda əldə edə bilirlər.
Əsas funksiyalar və üstünlüklər: Nəqliyyat vasitəsindən istifadə, vəkilə təmsilçilik və sosial məqsədlər üçün etibarnamələrin elektron qaydada verilməsi. Azyaşlıların ölkəni tərk etməsi, daşınmaz əmlaka sərəncam və digər məqsədlərlə ərizələrin elektron şəkildə hazırlanması. QR-kod və ya barkod vasitəsilə sənədlərin həqiqiliyinin yoxlanılması və sair. Tətbiq indiyədək 500 mindən çox yüklənib.

7. ASAN növbə və ASAN ödəniş
Hər iki tətbiq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
ASAN Növbə mobil tətbiqi vətəndaşların ASAN xidmət mərkəzlərində təqdim olunan xidmətlər üçün əvvəlcədən onlayn növbə götürməsinə imkan yaradır. Bu tətbiq vasitəsilə istifadəçilər mərkəzlərə gəlmədən, istədikləri vaxt və məkandan növbə təyin edə bilərlər. Tətbiqin əsas funkisyaları: təqdim olunan xidmətlər siyahısından lazım olanı seçmək, istədiyiniz ASAN xidmət mərkəzini və uyğun vaxtı təyin etmək.
ASAN Ödəniş isə vətəndaşların dövlət və qeyri-dövlət qurumlarına aid ödənişlərini onlayn şəkildə həyata keçirmələri üçün yaradılmış elektron ödəniş platformasıdır. Bu sistem vasitəsilə müxtəlif ödənişləri sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirmək mümkündür. Tətbiq vasitəsi ilə cərimələr, rüsum və verigilər, o cümlədən başqa ödənişləri həyata keçirmək mümkündür.

8. e - Polis
Daxili İşlər Nazirliyinin elektron tətbiti olan "e- Polis"in məqsədi vətəndaşların hüquq-mühafizə ilə bağlı xidmətlərə asan çıxışını təmin etməkdir.
Tətbiqin yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin yoxlanması və ödənilməsi, şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsi, sürücülük vəsiqəsi və s. ilə bağlı məlumatların əldə olunması, polisə onlayn müraciət imkanı, qeydiyyatda olan avtomobilin axtarışda olub-olmaması ilə bağlı məlumat, elektron sənədlərə baxış və arxivə çıxış imkanı verir. Tətbiqdən istifadə edənlərin sayı 100 mini ötüb.
9. ADY mobile
Azərbaycan Dəmir Yolları QSC (ADY) tərəfindən təqdim edilən bu tətbiq dəmir yolu istifadəçiləri üçün səyahət prosesini rəqəmsallaşdırır və sadələşdirir.
Tətbiqin əsas funksiyaları aşağıdakı kimidir:
• Qatar biletlərinin onlayn alınması və qaytarılması
• Qatarların hərəkət cədvəllərinin izlənməsi
• Əlverişli qiymət və yerlərin seçilməsi
• Mobil biletin tətbiqdə saxlanılması və yoxlanması
• Balansın idarə olunması və ödənişlərin icrası
Tətbiqdən istifadə ödənişsizdir, lakin bilet alışı zamanı ödəniş tələb olunur. Tətbiq indiyədək 100 min dəfədən çox yüklənib.

10. AZAL – Book Flight Ticket
Azərbaycan Hava Yolları (AZAL) tərəfindən hazırlanmış bu tətbiq sərnişinlərə səyahət planlamasını sürətli və rahat şəkildə həyata keçirmək üçün nəzərdə tutulub. Tətbiq vasitəsi ilə bilet axtarışı və onlayn satınalma, rezervasiyaların idarə olunması, bağlama qaydaları və uçuş haqqında məlumatlar, əlavə xidmətlərdən (baqaj, yemək və s.) istifadə, mobil bilet ilə qeydiyyat və elektron biletə çıxış imkanı verir. 100 mindən çox şəxs bu tətbiqdən istifadə edir.

11. AzParking
AzParking tətbiqi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təqdim olunub.Tətbiq sürücülərə şəhər daxilində parklanma yerlərini tapmaq, vaxtı idarə etmək və onlayn ödəniş həyata keçirmək imkanı verir. Mobil proqramı GPS əsasında ətrafda boş parklama yerlərinin göstərilməsi, parklama müddətinin izlənməsi və artırılması, onlayn ödəniş imkanı və sair funksiyalardan istifadəyə imkan verir. “AzParking” tətbiqindən istifadə edənlərin sayı 100 mindən çoxdur.
12. Elektron Səhiyyə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən bu tətbiq vətəndaşlara və tibb işçilərinə tibbi məlumatlara və xidmətlərə rəqəmsal çıxış imkanı yaradır.
e - Səhiyyə tətbiqi ilə tibbi arayışların elektron formada əldə edilməsi, doğum və ölüm haqqında şəhadətnamələrin elektron registrindən məlumatların verilməsi, elektron resept və epikriz sənədlərinə çıxış, tibb işçiləri üçün registr məlumatlarının idarə olunması, sahibkarlar üçün ərizələrin elektron qəbul edilməsi kimi bir sıra funksiyaları həyata keçirmək mümkündür. Tətbiqdən istifadə edənlərin sayı 10 mindən çoxdur.
13. AniPay
Bu tətbiq Azərbaycan Respublikasının Mərkəzi Bankının nəzdində fəaliyyət göstərir. Mobil proqram vətəndaşlara bank hesablarını bir platformadan idarə etmək və sürətli ödənişlər həyata keçirmək imkanı yaradır.
“AniPay” vasitəsi ilə aşağıdakı əməliyyatları həyata keçirmək mümkündür:
1. Bank hesablarının bir nöqtədən idarə olunması
2. Hesablararası köçürmələrin icrası
3. Kommunal və büdcə ödənişlərinin həyata keçirilməsi
4. QR kod vasitəsilə ödənişlərin icrası
5. Alternativ identifikatorlarla (mobil nömrə, e-poçt, FİN, VÖEN) ödənişlərin həyata keçirilməsi
Bu tətbiqdən indiyədək 10 min nəfər istifadə edib.
14. e - vergi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə yaradılan bu tətbiq vergi ödəyicilərinə və vətəndaşlara vergi xidmətlərindən mobil cihazlar vasitəsilə istifadə imkanı yaradır
Tətbiqin əsas funksiyalar:
1. Vergi bəyannamələrinin təqdim edilməsi
2. Vergi borclarının öyrənilməsi və ödənilməsi
3. Vergi ödəyicisinin məlumatlarının yoxlanılması
4. Elektron qaimə-fakturaların tərtib və göndərilməsi
5. ƏDV ödəyicisinin axtarışı və məlumatların əldə edilməsi
Bu tətbiqdən indiyədk 5 min nəfər istifadə edib.

15. Biletim.az
Şəhərlər arası marşrutlara online bilet almaq üçün nəzərdə tutulub. Mobil tətbiqlərin köməyi ilə vətəndaşlar şəhərlərarası hərəkət edən müntəzəm reyslərdəki istənilən təyinat məntəqəsinə sərnişin biletini sifariş verə bilər. Sifarişlər üzrə ödənişlər plastik kartlar vasitəsi ilə həyata keçirilir. Onlayn tətbiqlər vasitəsi ilə bir əməliyyatla ən çoxu 5 bilet əldə etmək mümkündür. Mobil əlavə 100 mindən artıq istifadəçi tərəfindən yüklənib.
16. "Bakı Kart"
“BakıKart” ictimai nəqliyyatda istifadə edilən plastik kartlarınidarə etmək və səfər planlamasını aparmaq üçün nəzərdə tutulub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən idarə edilən tətbiq üzərində hazırda təkmilləşdirmə işləri görülür. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartlarının balansını artıra və gedişhaqqını ödəyə bilərlər. Tətbiq 10 mindən çox istifadəçi tərəfindən yüklənib.
17. E-Qidam
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanıb. Vətəndaşlar qida sahəsində hər hansı bir neqativ halla rastlaşdıqda, bu barədə “E-Qidam” tətbiqi vasitəsilə dərhal AQTA-ya bildirə biləcəklər.


