Çin, ŞƏT və Yeni dünya düzənində Azərbaycan amili
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaxud qlobal siyasi arxitekturada Bakı-Pekin əməkdaşlıq formulu
Dünən Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirildi. Paradın Çinin daha bir şəhəri Tiencində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci sammitinin əsnasında düzənlənməsi diqqət çəkməkdədir. O sammit ki, orada Prezident İlham Əliyev də iştirak etdi. Dövlətimizin başçısı təntənəli parada da qatıldı.
Bütün bunlar, eyni zamanda Prezident İlham Əliyevin Çində yüksək səviyyədə qarşılanması, rəsmi Pekinin Azərbaycan amilinə verdiyi böyük önəmin nəticəsidir. Önəm nə ilə səciyyələnir və Azərbaycanın Çinlə münasibətlərə, o cümlədən ŞƏT platformasına yanaşması necədir, bu barədə yazımızın ikinci hissəsində söz açacağıq.
Hələlik onu bildirək ki, ŞƏT-in 25-ci sammiti yeni dövrün qloballaşma arxitekturası baxımından son dərəcə böyük əhəmiyyət daşıdı. Toplantı dünyaya Çinin hegemon rolunu göstərdi. Parad isə sanki son nöqtəni qoydu. Nəzərə alaq ki, sammitə parad möhürünün vurulması bir çox mətləblərdən xəbər verir. Hər halda, tarixə nəzər salsaq, Çinin İkinci Dünya müharibəsindəki qələbədə pay nisbətini o qədər də yüksək saymaq olmaz. Deməli, onun qələbə paradı iddiasında fərqli məqamlar var. Hansı məqamlar, fikrimizi ən sonda açıqlayacağıq.
Bəli, ŞƏT-in 25-ci sammiti Çinin yeni dünya düzənindəki rolunun parlaq təzahür təntənəsi kimi yadda qaldı. Amma ölkənin hegemonluq nümayişi sözügedən deyimin klassik formalarına əsaslanmayan trayektoriyadır. Pekin, mahiyyətcə, çoxqütblülüyün hegemoniyasını təbliğ edir. Mövcud təbliğat öncüllük amilini demarşda yox, əməkdaşlıqda və əməkdaşlığın təşviqində görür, tələb və təklif mühitində rəqabət üstünlüyü doktrinasını irəli sürür, təşəbbüskarlığı və ümumi işə töhfəni yüksək qiymətləndirir. Deməli, siyasətdə və iqtisadiyyatda yeni forma və metodlar, o cümlədən, əsaslı struktur dəyişiklikləri labüddür. Bu, həm də İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal nizamın ciddi dəyişikliklərə uğraması deməkdir. O nizam ki, yaradıcısı Qərb və keçmiş SSRİ idi. İndi Qərb var, ancaq Çinlə müqayisədə iflic durumdadır. SSRİ yoxdur, onun yerindəki Rusiya barədə danışarkən, ölkə Prezidenti Vladimir Putinin ŞƏT kluarlarında necə qarşılanmasına diqqət yetirmək kifayətdir. Hər halda, ortada Rusiya adına xoş olmayan mənzərə var.
Əlqərəz, Çin hegemonluğun klassik təzahürləri, habelə İkinci Dünya müharibəsindən sonra formalaşmış blok qarşıdurması trayektoriyasına alternativ düzən irəli sürür. Bu düzənin məğzində dayanan başlıca güc ölkənin iqtisadi potensialıdır. Hazırda bütün dünya Çin iqtisadiyyatının məhsullarına ehtiyac duyur və onların ixracatçısıdır. Ölkənin iqtisadiyyatı isə günü-gündən böyüyür və inkişaf edir. Belə bir durumda Çin mallarının bazarlara çıxmasında ay, gün, saat yox, bəzən dəqiqə amili də müstəsna önəm daşıyır. Deməli, istər-istəməz, Çin özü də ixraca yönəlik iqtisadiyyatının partnyor ölkələr vasitəsilə zəncirvari strukturunda maraqlıdır. Mövcud düzəndəki hegemonluq isə həmin struktura nəzarətin həyata keçirilməsidir. Yəni, hər kəs öz missiyasını dəqiq yerinə yetirməlidir. Pekin başqa heç nə tələb etmir və onun hegemonluğunu fərqləndirən başlıca xüsusiyyət həm də budur.
Çin real sektorların bir-birinə inteqrasiyasını əsas götürür. Ölkə maliyyəni deyil, onu əldə etmək vasitələrini düşünür. Halbuki, Qərb yanaşması tamamilə fərqlidir. Nəzərə alaq ki, Qərb ölkələrində iqtisadiyyat, başlıca olaraq, yalnız maliyyə kapitalı üzərinə formalaşmış platformadır. Ona görə hazırda Çinin tətbiq etdiyi model qarşısında uduzur. Bilavasitə real sektorların inteqrasiyasına gəldikdə, ilk olaraq, qlobal logistika zəncirlərini vurğulamaq lazımdır. Bu baxımdan ön plana çıxan COSCO (China Ocean Shipping Company), yəni Çin Okean Gəmiçilik Şirkətidir.
Nəzərə alaq ki, şirkət dünyanın ən böyük dəniz daşıma və logistika qurumlarından biridir və yalnız konteyner daşıma, zəifləməsi perspektivi var. Çünki bir sıra ekspertlər Çinin təklif etdiyi sistemin çoxvalyutalı strukturundan söz açırlar. Bu isə öz növbəsində partnyor ölkələrin pul vahidlərinin dayanınıqlılıq təminatıdır. tanker və quru yük gəmiləri ilə beynəlxalq yükdaşıma xidmətləri göstərməklə, yüzlərlə gəmini idarə etməklə, dünyanın əsas limanları ilə əlaqə saxlamaqla kifayətlənmir, paralel surətdə, logistika və təchizat zənciri xidmətləri həyata keçirir. Bura anbar xidməti, multimodal daşımalar (dəniz, dəmir yolu, avtomobil), gömrük xidmətləri və təchizat zəncirinin idarə olunması sahələrində də fəaliyyət daxildir. Dövlət şirkəti olan COSCO-nun işinin strateji əhəmiyyətinə gəldikdə isə qurum Çin hökumətinin “Bir Kəmər, Bir Yol” (Belt and Road Initiative) təşəbbüsünün əsas iştirakçılarından biridir və rəsmi Pekinin beynəlxalq ticarət və nəqliyyat strategiyalarında böyük rol oynayır.
Əlbəttə, Çinin real sektorların inteqrasiyası iqtisadi düzənində rəqəmsal platformalar, telekommunikasiya infrastrukturu və istehlak malları xüsusi rol oynamaqdadır. Nəticə etibarilə, rəsmi Pekin həyata keçirdiyi kursla xeyli sayda ölkənin maraqlarını öz iqtisadiyyatı ilə birləşdirmək imkanı əldə edir. Zəncirvari struktur və haqqında söz açdığımız real sektorların inteqrasiyanın daha bir təzahürü məhz budur. Amma mövcud inteqrasiya bərabərtərəflidir. Saat mexanizminə əsaslanmış bu sistemdə təşəbbüskar tərəf həm də güclü mövqeyə sahib tərəfdir. Çin mərkəzi fiqur kimi həmin tərəfin maraq və mənafelərini daha çox nəzərə alır. Necə deyərlər, çox işləyən, çox da qazanmalıdır.
Digər tərəfdən, Çinin təklif etdiyi sistem xarici aləmin İkinci Dünya müharibəsindən sonra formalaşmış ikiqütblü, SSRİ-nin dağılması ilə yaranmış təkqütblü dünya düzəninə antipatiyası fonunda meydana çıxmış çoxqütblü dünya modelidir. Nəzərə alaq ki, Çin, mahiyyət və təbiət etibarilə, imperialist maraqlar güdmür. Ona görə də onun təklif etdiyi platformada hərbi ittifaq anlayışı yoxdur. Burada münasibətləri müəyyənləşdirən başlıca meyar iqtisadiyyat və onun təhlükəsizliyi, infrastruktur üzərində qurulmuş strateji çərçivədir. Bu çərçivənin özü də Qərb institutlarına alternativ qismində çıxış etməkdədir. Deməli, sistem özündə dünyanı iqtisadi vasitələrlə çalxalamaq cəhdlərinə qarşı da immunitet formalaşdırır. Belə bir durumda dominant valyuta olaraq dolların zəifləməsi perspektivi var. Çünki bir sıra ekspertlər Çinin təklif etdiyi sistemin çoxvalyutalı strukturundan söz açırlar. Bu isə öz növbəsində partnyor ölkələrin pul vahidlərinin dayanınıqlılıq təminatıdır.
***
Yazımızın ikinci hissəsinə keçid alaq. Əvvəlcə bildirək ki, ŞƏT çərçivəsində Çinin təklif etdiyi düzən Qlobal Cənub kimi böyük mahiyyətə malikdir. Qlobal Cənub isə Qərbə alternativ sistemdir. İlk baxışdan, Çin-Rusiya-Hindistan üçbucağı bu sistemin qarantı rolunda çıxış edə bilər. Ancaq məsələ son dərəcə nəzəridir. Çünki Çin-Hindistan rəqabəti var. Üstəlik, bilavasitə imperiya ambisiyalı Rusiyaya etimad yoxdur. Mövcud durumda Qlobal Cənub üçün başlıca qarant rolunda çıxış edən tərəflərdən biri Türkiyədir. Türkiyə özlüyündə çoxqütblü mürəkkəbliyin nümunəsi rolunda çıxış etməkdədir və xüsusi missiya daşıyır. Nəzərə alaq ki, qardaş ölkə NATO üzvü olmaqla yanaşı, həm də ŞƏT-lə tərəfdaşlığını dərinləşdirir. Deməli, Ankaranın indiki durumda manevr kimi həyata keçirdiyi siyasət əslində, düşünülmüş mahiyyətə malikdir və onun konkret regional hədəfləri var. Ankaranın Bakı ilə müştərək hərəkət etdiyini isə vurğulamağa ehtiyac yoxdur.
Amma məsələni Azərbaycanın Türkiyə ilə maraqlarının uzlaşması kontekstində qoymaq daha doğrudur. Çünki ölkəmiz Prezident İlham Əliyevin şəxsində özünün məxsusi gündəliyinə malikdir. Bu gündəlik onu deməyə əsas verir ki, Azərbaycan Çinin Qlobal Cənub siyasi-iqtisadi infrastrukturunda və “Bir Kəmər, Bir Yol”unda yalnız tranzit məmləkət statusu ilə məhdudlaşmayacaq. Ölkəmiz qlobal kommunikasiya habına həm də töhfə verən tərəfdir və bu, son dərəcə vacib məqamdır. Loru dildə desək, pul xərcləməlisən ki, onu qazana biləsən.
Əlbəttə, Azərbaycanla Çin arasında bu il aprelin 25-də imzalanmış “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat” kimi mötəbər sənəd var. Kifayət qədər əhatəli və Azərbaycan-Çin münasibətlərinin bütün spektrini özündə birləşdirən, Çinin ölkəmizin ŞƏT-ə üzvlüyünə dəstək mahiyyəti daşıyan həmin sənəddə Çin–Avropa–Çin transxəzər ekspress-marşrutlarının yaradılması, gömrük rəsmiləşdirilməsinin rahatlıq səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq məsələləri əksini tapıb. Bəyanatda, həmçinin, hər iki tərəfin beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılmasının və bağlanmasının sürətlənməsində, qarşılıqlı avtomobil daşımaları üçün əlverişli şəraitin gücləndirilməsində, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaqların yaradılmasında maraqlı olduqları açıqlanıb. Bu yerdə Prezident İlham Əliyevin aprelin 25-də Pekində Çinin CGTN (China Global Television Net ork) telekanalına müsahibəsindəki bəzi fikirləri diqqətə çatdırmaq istərdik. Həm də ona görə ki, böyük siyasətdə bir çox məsələləri şəxsi münasibətlər həll edir. Bu mənada dövlətimizin başçısının Çin Xalq Respublikasının sədri Si Cinpin ilə münasibətləri yalnız qibtəyə layiqdir: “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir, çünki o, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Cinpin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik”.
Bilavasitə “Bir kəmər, bir yol” layihəsinə gəlincə, az əvvəl ölkəmizin qlobal kommunikasiya xabında yalnız tranzit məmləkətə çevrilməklə kifatyətlənmədiyini vurğuladıq və hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət, o cümlədən, Zəngəzur dəhlizinin reallaşmasına yönələn işlər, ümumən isə işğaldan azad edilmiş torpaqlarda gerçəkləşdirilən genişmiqyaslı tədbirlər onu deməyə əsas verir ki, Bakı öz məqsəd və məramını xeyli geniş götürməkdədir. Əslində, Prezident İlham Əliyev CGTN telekanalına müsahibəsində də bunu vurğulamışdı. Nəzərə alaq ki, dövlətimizin başçısı fikirlərini məhz “Bir kəmər, bir yol” layihəsi xüsusunda açıqlamışdı: “Bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi bir həftədən də az vaxt bundan əvvəl biznes-forumda hər iki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər, onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzaladılar. Bu gün mən həmkarlarıma söylədim ki, bu, bizim üçün yaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstərici daha böyük ola bilər”.
***
Sonda ümumiləşdirmə apararaq, belə qənaətə gələ bilərik ki, ŞƏT-in 25-ci sammitinin Çinin hegemon mövqeyini vurğulayan ab-havası və bu ab-havanın açıqladığımız ayrı-ayrı paramentrləri fonunda Azərbaycanın Pekinin egidası altında formalaşan yeni dünya nizamındakı iştirakçılığı, kifayət qədər, məqsədyönlüdür, dövlətimizin və xalqımızın maraq və mənafelərinin daha qətiyyətli şəkildə müdafiəsi, habelə yaşadığımız Cənubi Qafqaz regionunun rifahı, onun müstəqil siyasi və iqtisadi orqanizm kimi özünü təsdiqləməsi naminə son dərəcə ciddi təminatdır. Heç şübhəsiz, belə bir təminatın mövcudluğu da Azərbaycanın böyük xarici siyasət uğurudur.
Ən sonda yenə Pekində təşkil edilmiş təntənəli parada qayıdaq. Əlbəttə, parad Çinin hərbi qüdrətinin təzahürüdür və onun nümayişə çıxarılmasında müəyyən siyasi subliminalizm notları var. Onu da bildirdik ki, ümumi tarixşünaslıq Çinin İkinci Dünya müharibəsindəki qələbədə olan payını bir o qədər yüksək qiymətləndirmir. Ancaq hazırda ölkə özünün ən yüksək səviyyəsindədir və onun ŞƏT və digər beynəlxalq platformalarda irəli sürdüyü prinsiplər və həmin prinsiplərə əsasən gerçəkləşdirdiyi fəaliyyət, ortaya qoyduğu yüksək performans əsl qələbə nümunəsidir. Bu qələbə ilə Çin İkinci Dünya müharibəsindən sonra qərarlaşmış siyasi və iqtisadi düzən üzərində də zəfər çaldığını göstərir və əslində, yeni eraya start verildiyi sübuta yetirir. Söhbət Pekinin hakim rol oynadığı və forma və məzmununu açıqladığımız yeni eradan gedir. Hesab edirik parad da məhz yeni eradakı Çin təntənəsinin təzahürü kimi qiymətləndirilə bilər.
Ə.CAHANGİROĞLU
XQ


