Icma.az
close
up
RU
Yeni dünya düzənində Azərbaycan Afrika əməkdaşlığı

Yeni dünya düzənində Azərbaycan Afrika əməkdaşlığı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Strateji tərəfdaşlığın gələcək mənzərəsi

Yürütdüyü uğurlu beynəlxalq siyasət kursuna diqqətlə baxanda, ilk nəzərə çarpan məqamlardan biri Azərbayxanın yaxın regionlarla yanaşı, coğrafi cəhətdən ən uzaq məkanlarda da etibarlı tərəfdaş kimi tanınmasıdır. Hətta rəngarəngliyi ilə gözoxşayan Afrikada belə. Hazırki mövcud əlaqələr nə tarixi köklərə söykənən keçmiş münasibətlərin davamıdır, nə də bir vaxtlar müxtəlif çərçivələrdə formalaşmış mürəkkəb münasibətlərin izi. Əksinə, Azərbaycan–Afrika münasibətləri XXI əsrin çağdaş tələblərinə, yeni imkanlarına və dəyişən geosiyasi konfiqurasiyanın ehtiyaclarına cavab verən, gələcəyə yönəlmiş əməkdaşlıq modelidir.

Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli münasibətlərində siyasi praqmatizm və humanitar məsuliyyət, iqtisadi maraq və təhsil investisiyası, regional mövqe və qlobal məsuliyyət faktorları bir-birini tamamlayır. Hər şey dövlətimizin müxtəlif beynəlxalq təşkilatlarda həmin ölkələrlə yanaşı çıxış etməsindən başlasa da, sonrakı illərdə bu xətt daha konkret istiqamət aldı. Azərbaycan 2011-ci ildə Afrika İttifaqı yanında müşahidəçi statusu qazandıqdan sonra qitə ilə münasibətlərdə şaxələnmə müşahidə olundu.

Ölkəmizin qazandığı status uzunmüddətli əməkdaşlıq üçün fundamental çərçivənin mövcudluğunu bir daha təsdiqlədi. Bir çox Afrika dövlətləri ilə enerji, kənd təsərrüfatı, innovasiya, nəqliyyat, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, humanitar əməkdaşlıq və təhsil üzrə əlaqələr formalaşmağa başladı. Azərbaycan tədricən qitə ilə daha sıx inteqrasiya olunan müasir tərəfdaşlığa qədəm qoydu.

Sərbəst gediş-gəliş imkanı

Qarşılıqlı əməkdaşlığın ən maraqlı tərəflərindən biri, heç şübhəsiz, insanların sərbəst gediş-gəlişi məsələsidir. Azərbaycan pasportuna sahib olan vətəndaşların Afrika qitəsinə səyahəti əvvəllər çətin prosedurlarla müşayiət olunurdusa, diplomatik dialoq nəticəsində bu məkanla əlaqələr getdikcə asanlaşır. Məsələn, hazırda Mərakeş vətəndaşlarımıza vizasız giriş tətbiq edən Afrika ölkələrindən biridir.

Ümumən, Azərbaycan son illər Afrikanın müxtəlif ölkələri ilə elektron viza, sərhəddə viza və diplomatik pasportlar üçün sadələşdirilmiş mexanizmlər üzərində işləməyə maraq göstərir ki, bu da yeni siyasi xəttin formalaşmasından xəbər verir. Sözügedən istiqamətdə mexanizmlərin genişlənməsi, təbii ki, ticarətin, turizmin, humanitar əlaqələrin və tələbə mübadiləsinin artmasına səbəb olur.

Bu günlərdə isə Azərbaycanla Anqola arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi, Azərbaycan Bəhreyn arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi, Cibuti, Dominikan, Qvineya-Bisau, Surinam arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələblərindən qarşılıqlı azad edilməsi, Azərbaycanla Dominikan arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş Milli Məclisdə qəbul olunub.

Pandemiya dövrü

Azərbaycanın Afrika ilə münasibətlərinin ən parlaq səhifəsi pandemiya dövründə yazılıb. 2020-ci ilin ağır qlobal böhranı zamanı dünya ölkələrinin çoxu özünü xilas etməyə çalışdığı halda, Azərbaycan beynəlxalq platformalarda iştirak etməklə, müxtəlif dövlətlərə dəstək verən azsaylı ölkələr arasında idi. Təbii ki, proses sadəcə texniki yardım və ya tibbi ləvazimat göndərişi ilə məhdudlaşmırdı. Qlobal həmrəyliyin real nümunəsi kimi ölkəmizin atdığı addımlar yüksək qiymətləndirilirdi. Təsadüfi deyil ki, Azərbaycan BMT Baş Assambleyasının COVID-19 ilə mübarizə mövzusunda xüsusi sessiyasının təşəbbüskarı oldu. Afrika ölkələrinin də böyük dəstəyi ilə həyata keçən sessiya nəticəsində qlobal pandemiya idarəçiliyi məsələləri beynəlxalq hüquqi çərçivəyə düşdü.

Xatırladaq ki, bir çox Afrika dövləti pandemiya dövründə nəinki çətin iqtisadi şərtlər, həm də zəif səhiyyə infrastrukturu ilə üz-üzə qalmışdı. Rəsmi Bakı bu ölkələrə tibbi vasitələr, humanitar yardım, tibbi heyətin hazırlanması üçün proqramlar və pandemiyadan sonrakı bərpa fondlarına maliyyə dəstəyi göstərdi. Yardım qitənin müxtəlif bölgələrinə çatdı və Azərbaycanın Afrika ilə münasibətlərinin humanitar məsuliyyət səviyyəsində yüksəldiyini nümayiş etdirdi.

Ümumiyyətlə, dünya təcrübəsinə nəzər yetirsək, görərik ki, humanitar yardım bir çox ölkələrin qarşılıqlı əlaqələrində yeni dövrün başlanğıcında böyük rol oynayır. Daha dəqiq desək, bu cür addımlar gələcək münasibətlər üçün möhkəm etibar bazalarından birinə çevrilir. Ona görə də, bu gün Afrika ölkələrinin Azərbaycana münasibətində məhz pandemiya dövrünün təsiri açıq şəkildə hiss olunur.

Təhsilə dəstək

Daha bir təqdirəlayiq addım Azərbaycanın təhsili təhlükəsizlik və sağlamlıq böhranından çıxış yollarından birinə çevirməsi idi. Doğrudan da, təhsil ölkələr arasında mənəvi, siyasi və mədəni bağların möhkəmləndirilməsinin ən uzunömürlü üsuludur. 2023-2024-cü tədris ili göstərir ki, Azərbaycan ali məktəbləri Afrika qitəsi üçün cəlbedici təhsil mərkəzinə çevrilməkdədir. Hazırda ölkəmizdə Afrikanın 35 dövlətindən ümumilikdə 365 tələbə təhsil alır. Prezident İlham Əliyevin 8 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis olunan “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı məhz prosesin institusional əsasını formalaşdırıb.

Proqram çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına daxil olan Afrika ölkələrinin vətəndaşlarına Azərbaycan universitetlərində dövlət hesabına təhsil almaq imkanı təmin olunur ki, bu da qitə ilə humanitar əməkdaşlığın genişlənməsinə ciddi təkan verir.

Bu ilin fevralında Somali Prezidentinin Bakıya səfəri zamanı təhsil sahəsində əməkdaşlığı nəzərdə tutan xüsusi sənədin imzalanması da Afrika ilə akademik tərəfdaşlığın artıq sistemli və uzunmüddətli xarakter aldığını göstərir. Bununla yanaşı, Heydər Əliyev Fondunun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” adlı təşəbbüsü də Azərbaycanın qitə ilə humanitar əməkdaşlıq siyasətində yeni mərhələ açır. Layihə çərçivəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın Ruandaya səfəri bu strateji xəttin praktiki ifadəsi kimi diqqət çəkdi.

Kiqali yaxınlığındakı məktəbdə keçirilən görüş Afrika gəncliyinin inkişafına yönəlmiş uzunmüddətli humanitar siyasətin ardıcıl davamı idi. Leyla Əliyeva məktəbin müəllim və şagird kollektivi ilə bir araya gələrək, tədris prosesinin mövcud vəziyyəti, texniki təminat və inkişaf ehtiyacları barədə yerindəcə məlumat aldı. Fondun dəstəyi ilə məktəbin kompüterlərlə təchizatı, həmçinin stabil internet infrastrukturunun qurulması şagirdlərin rəqəmsal savadlılığının artırılması və qlobal informasiya məkanına inteqrasiyası baxımından önəmli addım idi.

Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq

Qoşulmama Hərəkatına sədrliyimiz dövrü Afrika dövlətlərinə Bakını tamamilə fərqli prizmadan görməyə şərait yaratdı. Afrika liderlərinin Bakıya ardıcıl səfərləri, Hərəkatın yüksək səviyyəli toplantılarında Azərbaycanın mövqeyinə dəstək nitqləri və ikitərəfli görüşlər bunun təsdiqi idi. Əslində, dövlətimiz uzun illərdir ki, beynəlxalq münasibətlərdə balanslaşdırılmış siyasətin tərəfdarı kimi tanınır. Lakin QH-yə sədrliyi Bakıya tamam başqa bir imkan açdı. Məhz həmin illərdə Afrika dövlətləri Azərbaycanı müstəqil siyasət yürüdən və öz sözünü deyən aktor kimi bir daha tanımağa başladılar. Prosesdə həm siyasi məntiqlə izah olunan amillər vardı, həm də psixoloji nüanslar.

Hər şeydən əvvəl, Afrika ölkələri Azərbaycanın ədalətli mövqeyini, neokolonial təfəkkürdən uzaq siyasətini və beynəlxalq hüquqa istinad edən davranış modelini özlərinə yaxın hiss edirdilər. Ona görə də, Bakının Afrika üçün cazibədarlığı təsadüfi deyildi. Azərbaycan qlobal platformalarda, istər QH, istərsə də İslam Əməkdaşlıq Təşkilatında həmişə Afrika ölkələrinin legitim narahatlıqlarını səsləndirən dövlətlərdən biri olub.

COP29 qlobal platforma kimi

Ötən ilin noyabrında Bakının COP29-a uğurla ev sahibliyi də ikitərəfli əlaqələri möhkəmləndirdi. Ölkəmiz Afrika qitəsindən gələn ali nümayəndə heyətləri üçün mühüm dialoq platformasına çevrildi. Afrika dövlət başçıları ilə keçirilən yüksək səviyyəli görüşlər, eləcə də son illər Misir, Əlcəzair, Konqo, Somali kimi ölkələrlə qarşılıqlı rəsmi səfərlərin reallaşdırılması, Keniya ilə əməkdaşlığın intensivləşdirilməsi Azərbaycan–Afrika tərəfdaşlığının gələcək konturlarını formalaşdırmaqla, çoxvektorlu əməkdaşlığın inkişafı üçün əsas istiqamətləri müəyyənləşdirdi.

2023-cü il aprelin 4–5-də Konqo Prezidenti Deni Sassu-Nqessounun, 2024-cü il fevralın 11–14-də isə Somali Prezidenti Həsən Şeyx Mahmudun Bakıya rəsmi səfərləri zamanı tərəflər münasibətlərin daha da gücləndirilməsinə sadiqliklərini bildirdilər. Görüşlər çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan mühüm hüquqi-normativ sənədlər imzalandı.

Tam əminliklə deyə bilərik ki, hazırda Prezident İlham Əliyevin uzaqgörən strateji baxışına əsaslanan siyasət nəticəsində Afrika ölkələri ilə əlaqələrin dərinləşdirilməsi davam etdirilir. Müxtəlif sahələr üzrə əməkdaşlıq xətti genişləndirilir, qitə ilə münasibətlərdə Azərbaycanın milli maraqlarına uyğun yeni hədəflər ardıcıl şəkildə gerçəkləşdirilir.

Müxtəlif sahələrdə ortaq perspektivlər

Bu gün Azərbaycanla Afrika qitəsinin müxtəlif ölkələri arasında iqtisadiyyat, neft-qaz sənayesi, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil və humanitar fəaliyyət kimi sahələrdə əməkdaşlığı genişləndirmək üçün kifayət qədər böyük imkanlar mövcuddur. Xüsusilə “ASAN xidmət” modelinin Afrika dövlətlərində tətbiqi istiqamətində göstərilən maraq əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Hazırda Azərbaycanın qitədə daha sıx iqtisadi əlaqələr qurduğu ölkələr sırasında Tunis, Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Liviya və Keniya xüsusi yer tutur.

Onu da deyək ki, son dövrlərdə Konqo ilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni addımlar atılıb. Bu çərçivədə “SOCAR” ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun modernləşdirilməsi və genişləndirilməsinə dair sənədin imzalanması diqqətçəkən irəliləyişdir. Misir şirkətləri ilə enerji və digər sahələrdə əməkdaşlıq istiqamətində də danışıqlar genişləndirilir. Yeri gəlmişkən, Azərbaycanla Afrika ölkələri arasında neft-qaz sahəsində əməkdaşlıq əsasən xam neftin, neft və qaz-kimya məhsullarının, həmçinin mayeləşdirilmiş təbii qazın (LNG) ticarəti üzərində qurulub. Afrikanın təbii minerallarla zəngin olması mədənçilik sahəsində də əməkdaşlıq üçün geniş perspektivlər yaradır. Bununla bağlı Konqo, Syerra-Leone, Keniya, Niger, Burkina Faso və Mali dövlətlərinin aidiyyəti qurumları ilə aparılan görüşlər və müzakirələr sözügedən istiqamətdə real addımların atıldığını göstərir.

Azərbaycanın Afrika ilə əlaqələrində önəmli istiqamətlərdən biri də müdafiə sənayesi sahəsidir. Cari ildə Somali Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı müdafiə və müdafiə sənayesi üzrə əməkdaşlıq haqqında imzalanmış sənəd adıçəkilən sahədə yeni mərhələnin başlanğıcını qoydu. Səfər zamanı Somali liderinin ölkəmizin müdafiə sənayesi məhsulları ilə əyani tanışlığı da bu marağın göstəricisidir.

Əvvəl qeyd etdiyimiz, Afrika dövlətlərinin böyük maraq göstərdiyi “ASAN xidmət” modeli əməkdaşlığın daha bir mühüm xəttini təşkil edir. Mərakeş, Uqanda və Efiopiya ilə bu istiqamətdə imzalanan Anlaşma memorandumları xidmət idarəçiliyinin ixracında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Məsələn, Uqandada artıq “ASAN xidmət” prinsipləri əsasında formalaşdırılmış 6 Dövlət Xidmətləri Mərkəzinin fəaliyyət göstərməsi modelin uğurla tətbiq olunduğunu nümayiş etdirir. Hazırda Esvatini, Konqo, Tanzaniya, Qambiya və Zimbabve ilə “ASAN xidmət” təcrübəsinin ötürülməsi üzrə aparılan danışıqlar da Azərbaycanın idarəetmə modeli üzrə beynəlxalq əməkdaşlığının coğrafiyasını daha da genişləndirir.

Qeyd etdiyimiz bütün faktlar göstərir ki, Azərbaycan–Afrika münasibətləri artıq təsadüfi diplomatik təmaslar mərhələsini çoxdan geridə qoyub. Qarşılıqlı əlaqələr konseptual şəkildə formalaşan, strateji düşüncə ilə idarə olunan və həm Bakının, həm də Afrika ölkələrinin inkişaf ehtiyaclarına cavab verən çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Enerjidən mədənçiliyə, müdafiə sənayesindən xidmət idarəçiliyinə, humanitar təşəbbüslərdən təhsil və idarəetmə islahatlarına qədər uzanan geniş spektr ölkəmizin qitə ilə tərəfdaşlığının gələcək perspektivdə daha da genişlənəcəyini söyləməyə əsas verir.

Nəzrin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri