Çinin Avropa İttifaqına sanksiya bumeranqı
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən həftə Avropa İttifaqının imzaladığı Rusiyaya qarşı sanksiyaların 21-ci paketi ilə bağlı razılaşmanın mürəkkəbi qurumamış, Şərqdən Brüsselə son dərəcə xoşagəlməz bir cavab gəldi. Bu dəfə Rusiyadan deyil, uzaq Çindən. Cavab inanılmaz dərəcədə tez və sərt reaksiya oldu. Aİ-nin Rusiyaya qarşı sanksiyalar paketinə, Brüssel sadəcə, Moskva ilə hərbi əməkdaşlıqda şübhəli bilinən böyük və işgüzar aləmdə nüfuzlu 14 Çin şirkətini də əlavə etmişdi.
Çinin Ticarət Nazirliyinin açıqlamasında deyilir: “23 iyul 2026-cı il axşamı, Pekin vaxtı ilə Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin tətbiq olunduğunu rəsmi olaraq elan edib və Çinin materik hissəsindən və Honkonqdan 14 şirkəti sanksiyalar siyahısına əlavə edib. Ölkəmizin milli təhlükəsizliyini və maraqlarını qorumaq, eləcə də yayılmama sahəsində beynəlxalq öhdəliklərimizi yerinə yetirmək üçün, Avropa tərəfinin yuxarıda qeyd olunan qərəzli hərəkətlərinə cavab olaraq və “Çin Xalq Respublikasının İxrac nəzarəti haqqında Qanunu” və Çin Xalq Respublikasının ikili təyinat mallarının ixrac nəzarəti haqqında Əsasnaməsi” kimi qanunvericilik aktlarının müddəalarına uyğun olaraq, biz ixrac nəzarəti siyahısına 14 Aİ qurumunu əlavə etmək qərarına gəldik”.
Buradan aydın görünür ki, Aİ-nin bu addımı qətiyyən Pekinin xoşuna gəlməyib və qəzəblənən Çin Brüsselə sərt sanksiya “şilləsi çəkib”: Aİ-nin 8 ölkəsindən, əsasən müdafiə və texnologiya sektorlarında fəaliyyət göstərən 14 şirkətə qarşı çox ağır əks-sanksiyalar elan olunub.
Çox çəkmədən aydın oldu ki, bu şirkətlərin əksəriyyəti heç də orta səviyyəli şirkətlər deyil, əksinə bəziləri Avropa sənayesinin ağır çəkili sənaye nəhəngləridir. Siyahıda birinci sırada Almaniya müdafiə sənayesinin bayraqdarı olan “Rheinmetall” şirkəti yer alıb. Çin məhdudiyyətlərinin mərkəzində yer alan digər sənaye nəhəngləri də eyni şəkildə sanksiyalara məruz qalan şirkətlərdir: Çexiya yük maşınları istehsalçısı “Tatra”, Hollandiyanın dəniz gəmiqayırma şirkəti “IHC Merwede”, Almaniyanın örtük istehsalçısı “Sindlhauser Materials” və kimyəvi maddələr üzrə ticarətçi “Antraco”, Fransanın dron istehsalçısı “Cavok UAS” və İtaliya, Fransa, Polşa və digər yerlərdən bir neçə elektronika, optika və lazer şirkətləri. İndi onların hamısından Asiya nəhəngindən ikili təyinatlı mallar almaq üçün Çin Ticarət Nazirliyinin xüsusi icazəsi tələb ediləcək.
Bundan əlavə, xarici şəxslərə və ya təşkilatlara da Çin mənşəli ikili təyinatlı malları adları siyahıda olan şirkətlərə ötürmək və ya təchiz etmək də qadağandır. Məlum olduğu kimi, Çin, digər şeylərlə yanaşı, ikili təyinatlı mallar kimi təsnif edilən və vacib strateji əhəmiyyətli nadir metalların ixracını da ciddi nəzarətdə saxlayır. Bunsuz isə müasir sənaye, xüsusən də hərbi sektor inkişaf edə bilməz. Pekin tədbirlərin dərhal qüvvəyə mindiyini açıqlayıb.
Uzun müddət cəzasızlıq şəraitində sanksiyalar düyməsini basmağa öyrəşmiş Avropa Komissiyası bəlkə də ilk dəfədir ki, bu düymənin başqa istiqamətdə də işləyə biləcəyini anladı. Brüssel Çin şirkətlərini sanksiyaya məruz qoymaqla açıq şəkildə düşünürdü ki, ən pis halda Pekin özünü başqa bir diplomatik demarşla məhdudlaşdıracaq. Çünki heç kim ticarət müharibəsi istəmir. Lakin bu dəfə Pekin Avropaya daha aydın bir siqnal göndərdi: sanksiyaların yalnız Qərbin təzyiq aləti olduğu dövr artıq başa çatır. İnformasiya agentliyi “AP News”un qeyd etdiyi kimi, bu, Aİ-nin sanksiyalarına Pekinin birbaşa və ən qətiyyətli cavabıdır. Brüssel əsla belə bir bumeranqa hazır deyildi. Avropa Komissiyasının sözçüsü Paula Pinho sadəcə bildirdi ki, onlar hazırda elan edilmiş məhdudiyyətləri təhlil edir və nəticələrini anlamaq üçün üzv dövlətlərlə işləyirlər. “Və əlbəttə ki, bundan sonra nə baş verdiyini daha yaxşı başa düşmək üçün Çindəki tərəfdaşlarımızdan aydınlıq gətirmələrini istəyəcəyik”, - deyə o, barışığa ümid etdiklərini də gizlətmir.
Beynəlxalq analitiklər dərhal hadisələrin məntiqindən doğan bir çox suallar verirlər: bu, uzun müddətdir şayiə kimi yayılan yeni Aİ-Çin ticarət müharibəsinin başlanğıcıdır, yoxsa, sadəcə, birdəfəlik xəbərdarlıq xarakterli addımdır? Sonradan bu daha da gərginləşməyə səbəb olmayacaq ki? Çinin ixrac qadağası konkret Avropa şirkətləri üçün nə qədər ağrılı ola bilər?
Bəzi media orqanları isə başqa bir vəziyyətə diqqət yetiriblər: Çinin əks-sanksiyaları, demək olar ki, yalnız müdafiə sənayesində fəaliyyət göstərən Aİ şirkətlərinə yönəlib. Brüsselin sanksiya paketi isə guya Moskvaya ikili təyinatlı mallar tədarük etmək üçün vasitəçi kimi iştirak edən əsasən Çin və Honkonq Xüsusi İnzibati Bölgəsindən olan firmalara. Bu, açıq-aydın asimmetrik görünür. Yaponiyanın dəfələrlə Aİ ilə Çin arasında artan ticarət gərginliyi haqqında yazan ən böyük media portalı “Nikkei Asia” Pekinin bu addımının təsadüfi olmadığını qeyd edərək yazır: “Pekin bilərəkdən Avropanın əsas müdafiə və texnologiya brendlərini hədəf alır”. Digər media orqanları da bu aspekti vurğulayıblar.
Çinin əks-sanksiyalarına bu vurğunun Qərbin “Pekinin Rusiyanın hərbi müdafiə qüvvələrinə gizli dəstək verməsi ilə bağlı ittihamların” məntiqinə uyğun gəldiyini görmək çətin deyil. Axı, Çinin “əks-hücum” üçün Aİ-nın müdafiə şirkətlərini seçməsi asanlıqla Kiyevin hərbi maşınını gücləndirmək səylərini çətinləşdirmək cəhdi kimi şərh edilə bilər. Lakin həmişəki kimi yenə də heç bir dəlil təqdim edilmir; üstəlik, Çin tərəfi Rusiyaya hərbi yardımla bağlı bütün şübhələri ardıcıl olaraq rədd edir.
Bu məsələdə Pekinin öz arqumentləri var: birincisi, Rusiya ilə ticarət normal iqtisadi münasibətlər çərçivəsində aparılır və beynəlxalq normalara uyğundur. İkincisi, onların fikrincə, “ikili təyinatlı mallar” anlayışı həddindən artıq geniş yayılıb və indi Qərb tərəfindən siyasi təzyiq üçün istifadə olunur. Bundan əlavə, Çin Aİ-ni üçüncü ölkə şirkətlərini Rusiya ilə ticarət etdiklərinə görə ikinci dərəcəli sanksiyalarla cəzalandırmaqda ittiham edir. Pekin hesab edir ki, Avropa tədricən Amerikanın “iqtisadi təhlükəsizlik” məntiqini tətbiq edir: texnologiyanı məhdudlaşdırmaq, investisiyaları nəzarətdə saxlamaq və asılılıqları azaltmaq. Aİ-nin Çini “tərəfdaş, rəqib və eyni zamanda sistemli rəqib” qəbul etməsi Çin rəhbərliyini xüsusilə qıcıqlandırır. Yeri gəlmişkən, 2023-cü ildə bu formul hətta Almaniya Federativ Respublikasının “Çinlə münasibətlər Strategiyası”nda rəsmi olaraq təsbit edilib. Rəsmi Pekin üçün bu, faktiki olaraq, Çini strateji rəqib kimi tanımaqdır. Bu isə ABŞ kimi Aİ-nin də iqtisadi münasibətlərini Çinin strateji məhdudlaşdırma alətinə çevirmək yolunu tutmasını göstərir. Əlbəttə, bu, Pekin üçün narahatlıq doğurur. Münaqişənin əsas qaynağı da buradadır. İndi isə Pekin nümayişkaranə və birmənalı şəkildə bu yolun sonda hər iki tərəfi çıxılmaz vəziyyətə sala biləcəyini göstərmək qərarına gəlib.
Bir çox analitiklər hesab edirlər ki, Çinin Brüsselə cavabı sadəcə müəyyən məhdudiyyətlər toplusuna reaksiya deyil. Bu, bir xəbərdarlıqdır: Çin artıq hər hansı bir formada birtərəfli təzyiqə dözmək niyyətində deyil. Əks-sanksiyalar üçün hədəflərin seçilməsi bu cavabın ən vacib detalıdır.
Niyə Avropa silah istehsalçıları? Niyə logistika firmaları və ya kiçik vasitəçilər yox? Fikrimizcə, cavab Moskvaya siqnal deyil, əksinə, siyasi simvolizmdədir. Pekin ciddi cavab vermək və güclü siyasi rezonans yaratmaq istəyirdi. Odur ki, Avropa müdafiə sənayesinin yeni simvolu və Ukrayna rejiminə Avropa dəstəyinin əsas elementi olan “Rheinmetall” hədəf alındı. Məhz buna görə də ona qarşı sanksiyaların güclü siyasi alt məzmunu var. Pekinin Brüsselə mesajı çox aydındır: hətta müdafiə kimi həssas bir sahədə belə, Avropa hələ də Çin texnologiyasından və xammalından asılılıqdan azad ola bilmir. Əslində sanksiya dilində deyil, kompromis dilində danışmağı öyrənmək vacibdir. Əks təqdirdə, sanksiya siyasətinin nəticəsi çox ağır ola bilər.
“Rheinmetall” özü bildirib ki, Almaniya silah istehsalçıları daim Çindən asılılıqlarını azaltmağa çalışırlar və nadir və az tapılan ehtiyatlarını təmin ediblər. “Rheinmetall” hazırda Avropada barıt istehsalı zavodları tikir. Ötən həftə Bavariyanın Aşau-am-İnn şəhərində hazırda Avropanın ən böyük müəssisəsi olan zavodun təməlqoyma mərasimi olub. Rumıniyada bir zavod artıq tikilməkdədir, Bolqarıstanda isə başqa bir zavodun tikintisi planlaşdırılır.
Lakin Çinin məhdudiyyət siyahısındakıların heç də hamısı alman silah istehsalçısı kimi eyni hazırlıq səviyyəsi ilə öyünə bilməz. İndi optika, lazer texnologiyası, elektronika və avtomobil sənayesindəki bir sıra şirkətlər nadir metallar və digər vacib xammalın alternativ mənbələrini tapmaq üçün mübarizə aparmalı olacaqlar. Çünki onların kritik materiallarla bağlı vəziyyəti xüsusilə çətinləşəcək. Çin qallium və germanium kimi metalların, eləcə də optoelektronika və yarımkeçiricilər üçün vacib olan bir neçə nadir elementin qlobal istehsalına hakimdir. Bəzi məhsullar üzrə Çinin payı qlobal ümumi istehsalın yarısını ötür və bu sahədə Avropa şirkətlərinin dərhal alternativlər tapmaq şansı çox azdır.
Doğrudur, Aİ ümidlərini Cənubi Amerikanın “Merkosur” (Cənubi Amerika Ümumi Bazarı) ölkələrinə, Kanadada və bir neçə Afrika ölkələrindəki böyük yataqlara bağlayır. Yeri gəlmişkən, bu yaxınlarda Fransada keçirilən G7 sammitində vacib minerallar üçün yeni təchizat sisteminin formalaşdırılmasına ayrıca bir qətnamə həsr olunmuşdu. Qətnamədə həll yollarının da Avropanın özündə axtarılması nəzərdə tutulur.
Çinin sanksiyalarının ən çox ehtimal olunan nəticələri istehsalın dayandırılması deyil, fərdi layihələrin dəyərinin artması, təchizat zəncirlərinin yenidən qurulması, alternativ təchizatçıların axtarılması və ya vasitəçilərlə əlaqəli işləmək olacaq. Bu, bəzi texnoloji proqramlar üçün daha yüksək xərclərə və uzun tətbiq müddətlərinə səbəb ola bilər.
Aİ ilə Çin arasında yeni ticarət müharibəsi ilə bağlı narahatlıqlara gəldikdə isə, əksər politoloqlar və ekspertlər hələ məsələnin bu nöqtəyə gəlib çatmadığı fikrində qalırlar. Lakin bəzi ekspertlər düşünür ki, bu vəziyyət Aİ ilə Çin arasında uzun müddətdir davam edən ticarət münaqişəsinin yalnız sonuncu epizodudur. Son illərdə iki tərəf dəfələrlə qarşılıqlı məhdudiyyətlər tətbiq edib: Aİ Çin investisiyalarına nəzarəti gücləndirir, yüksək texnologiyalı ixracı məhdudlaşdırır və Çin elektrik avtomobilləri istehsalçılarına dövlət subsidiyalarını araşdırır, Çin isə vacib materiallara ixrac məhdudiyyətləri, Avropa bizneslərinin yoxlanılması və fərdi şirkətlərə qarşı sanksiyalarla cavab verir.
Bu dəfə Çin Aİ-yə sanksiyalarla simmetrik prinsip əsasında cavab verdi - Brüssel siyahısındakı 14 Çin şirkətinə qarşı 14 Avropa şirkəti. Güman etmək olar ki, bu yanaşma davam edəcək və Çinin gələcək eskalasiyada praqmatizmini nümayiş etdirəcək. Tərəflərdən heç biri hələlik münasibətlərin tam pozulmasında maraqlı deyil. Avropa sənayesi Çinlə çox sıx bağlıdır. Çin ixracatı Avropa bazarından asılıdır. Lakin əvvəlki etibar çoxdan arxada qalıb. Daha əvvəl qeyd etdiyimiz kimi, vəziyyət həddini aşmaq üzrədir, lakin bu, toqquşmanın qaçılmazlığı ilə deyil, idarə olunan ticarət qarşıdurması dövrü kimi təsvir edilə bilən sərt, asimmetrik məhdudiyyətlərin yeni mərhələsinə keçidlə xarakterizə olunur. Yaxın illərdə məhz bu trendin Aİ-Çin münasibətlərinin əsas xüsusiyyətinə çevrilməsi ehtimalı var. Yeri gəlmişkən, çox maraqlıdır ki, Avropa Parlament xarici işlər üzrə komitəsinin rəhbəri Devid Makkallisr də Çinə səfərini məhz Pekin demarşından bir gün əvvəl başa vurmuşdur.
“Euronews”un məlumatına görə, onun missiyasının məqsədi Avropa Parlamenti ilə Çin qanunvericilik məclisi arasında əlaqələri gücləndirmək və 8 illik münasibətlərdəki dondurulmuş vəziyyəti aradan qaldırmaq idi. Mövcud vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu münasibətlər hələ qeyri-müəyyən müddətə hələ belə də qalacaq.
Politoloqlar Pekinin hazırkı addımını Çin Xalq Respublikasının strategiyasında dəyişiklik əlaməti kimi də təqdim edirlər. Məsələ burasındadır ki, Çin Avropaya sanksiya təzyiqinin həddini göstərmək qərarına gələrək, ilk dəfədir öz maraqlarını qorumaq üçün Avropaya qarşı ən güclü iqtisadi rıçaqlardan istifadə etməyə hazır olduğunu bu qədər açıq şəkildə nümayiş etdirir. Başqa sözlə, Pekin artıq ticarətdən yalnız mənfəət mənbəyi kimi deyil, həm də milli güc elementi kimi istifadə edir ki, bunu da dünyanın artıq çoxqütblüyə doğru kəskin dönüşünün göstəricisi hesab etmək olar. Ukrayna münaqişəsi, sadəcə, uzun müddətdir ki, yaranan prosesdə katalizləşdirici rol oynayır: Brüssel və Pekin arasındakı ticarət münasibətləri tədricən geosiyasi qarşıdurmanın davamına və texnologiya, sənaye zəncirləri və qlobal iqtisadiyyatın gələcək arxitekturası üzərində nəzarət uğrunda daha böyük mübarizənin elementinə çevrilir.
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ
Baxış sayı:131
Bu xəbər 01 Avqust 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















