COP29 tarixə “Bakı sıçrayışı” kimi yazıldı
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Yaşıl maliyyələşmə” 100 milyarddan 300 milyard dollara yüksəldildi
Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda dövlətimizin başçısı bir sıra məsələlər barədə ətraflı danışıb. Ölkə rəhbəri açılış mərasimindəki çıxışında XII Qlobal Bakı Forumunu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrildiyini vurğulayıb.
Dövlətimizn başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin ötən ilin noyabrında Azərbaycanda keçirilmiş COP29-da fəal iştirakından məmnunluğunu vurğulayaraq qurumun Bakı iqlim konfransında 16 panel müzakirəsi təşkil etdiyini yada salıb və bunu ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi tədbirə böyük töhfə kimi dəyərləndirib. Prezident İlham Əliyev bildirib ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının keçirilməsinin Azərbaycana həvalə edilməsi ölkəmizə olan hörmətin, etimadın təzahürü, eləcə də dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platforması sahəsində uğurlu fəaliyyətimizə verilən qiymət idi. Məhz bunun nəticəsi idi ki, təqribən, 200 ölkənin yekdil qərarı ilə Azərbaycan paytaxtı mötəbər iqlim tədbirinin keçirilməsi üçün əlverişli məkan kimi seçildi. Bu isə olduqca qürurverici idi.
Dövlət başçısı bu tarixi tədbirin bir ildən az olan müddətdə yüksək səviyyədə təşkil edildiyini xatırladaraq, adətən, ölkələrə belə layihələrə hazırlaşmağa iki il vaxt verildiyini bildirib. Ancaq buna baxmayaraq, Azərbaycan COP29-u beynəlxalq aləmi heyrətləndirən bir şəkildə başa çatdırdı.
Respublikamız adıçəkilən beynəlxalq konfransa uğurla rəhbərlik etməsi ilə bir daha bütün dünyaya sübut etdi ki, beynəlxalq aləmdə ciddi narahatlıq doğuran məsələlərin müzakirəsi üçün əlverişli məkan, ən mürəkkəb, genişmiqyaslı tədbirləri yüksək səviyyədə təşkil edə və zəruri nəticələrin reallaşdırılmasına dəyərli töhfələr verə bilən bir ölkə, ideal bir platformadır. Ölkəmizdə yaradılan və ən müasir tələblərə cavab verən infrastruktur, dövlətin zəngin təşkilatçılıq təcrübəsi və yüksək təhlükəsizlik təminatı bu nüfuzlu beynəlxalq sessiyanın yüksək səviyyədə yekunlaşmasını, uğurla başa çatmasını şərtləndirən əsas amillər sırasında xüsusi diqqət çəkir.
COP29 bir sıra məqamları ilə yadda qaldı. Əvvəla, bu iqlim konfransında taleyüklü məsələnin – iqlim dəyişikliyi ilə bağlı mübarizənin müzakirəsi aydın və hərtərəfli şəkildə gerçəkləşdirildi, ölkələrin daha səmərəli əməkdaşlığı istiqamətində gələcəkdə dəyərli layihələrin həyata keçirilməsinə imza atıldı, yeni dostluq, əməkdaşlıq, sülh körpülərinin qurulmasına əlverişli zəmin yaradıldı. Bütün bunlarla bərabər, xalqımızın qonaqpərvərliyi iqlim sessiyasının iştirakçılarında xoş təəssürat doğurdu.
Eyni zamanda, Azərbaycanın belə bir nüfuzlu sessiyanı yüksək səviyyədə keçirməsi, 76 min nəfərin heç bir problemlə üzləşmədən konfransda fəal, səmərəli iştirakına əlverişli şərait yaradılması, onların məişət məsələlərinin diqqət mərkəzində saxlanılması ölkəmizin dünya siyasətinin ön cərgəsindəki mövqeyini daha da möhkəmləndirdi, beynəlxalq ictimaiyyətin respublikamıza olan hörmət və etimadını daha da gücləndirdi. Bütün bunlarla yanaşı, beynəlxalq ictimaiyyət iqlim konfransı ilə Azərbaycanın regionda sülh, inkişaf və əməkdaşlıq naminə yorulmaz fəaliyyətinin və bu istiqamətdə irəli sürdüyü dəyərli təşəbbüslərin şahidi oldu.
Beynəlxalq aləm COP29-da ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədə həyata keçirdiyi layihələrlə ətraflı tanış oldu. Neft–qaz ölkəsi kimi tanınan respublikamızda ətraf mühitin yaxşılaşdırılması ilə bağlı çağırışlara yüksək səviyyədə reaksiya verildiyi də dünyanın diqqətinə çatdırıldı. Belə ki, 2030-cu ilə qədər istilik effekti yaradan qazların həcminin ölkəmizdə 35 faizə qədər azaldılmasının qarşıya mühüm vəzifə olaraq qoyulduğu xatırladıldı. Konfransda sürətlə bərpa olunan enerji sahələrinin yaradıldığı və 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin “yaşıl” enerji üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəliyin diqqətdə saxlanıldığı vurğulandı. Bu məqsədlə günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı layihələrin davamlı olaraq reallaşdırıldığı da bildirildi. Ölkəmizdə “yaşıl” enerji sahələrinin genişləndirilməsi ilə əlaqədar təcrübəsi olan beynəlxalq aparıcı şirkətlərlə sazişlərin imzalanması da Azərbaycanın bu sahəyə necə həssaslıqla yanaşdığını sübuta yetirdi.
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumundakı çıxışında COP29 zamanı bir sıra mühüm məsələlərlə bağlı razılığa gəlməyin o qədər də asan olmadığını, lakin buna baxmayaraq birgə səy və ölkəmizin nüfuzu sayəsində tarixi uğurlar əldə edildiyini bildirərək deyib: “Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus idi. On ildən artıq idi ki, tərəflər razılığa gələ bilmirdi. Lakin biz burada konsensus əldə edə bildik və karbon bazarını işlək etdik”.
Dövlətimizin başçısı fikrinin davamında bu prosesin gələcək inkişaf üçün mühüm önəm daşıdığını və COP29-da bərpa olunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olunduğunu bildirib. “Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, bizdə maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir”,– deyə ölkə rəhbəri qeyd edib.
Xatırladaq ki, neft-qaz ölkəsi olan Azərbaycan bu gün “yaşıl” enerji növlərinin yaradılmasına və onun dünya bazarlarına nəqlinə hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi yanaşır. COP29-un Bakıda keçirilməsi qərarının verilməsi, habelə beynəlxalq aləmdə razılıqla qarşılanması, eləcə də bu iqlim konfransının uğurla reallaşdırılması da məhz Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi müdrik iqlim siyasətindən qaynaqlanır. Şübhəsiz ki, bu məsələdə dövlətimizin başçısının bərpaolunan enerji potensialının gerçəkləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliyyəti də əsaslı rol oynayır.
Onu da qeyd edək ki, hazırda ölkəmizin əsas fəlsəfəsi həm neft, həm də qaz sahəsində qlobal enerji inqilablarının ön sırasında olmaqdır. Azərbaycanın yaxın gələcəkdə “yaşıl” enerji inqilabında, eləcə də CO2 emissiyası ilə mübarizədə ön sıralarda yer alacağı da şübhəsizdir. Ona görə də tam əminliklə qeyd edə bilərik ki, COP29-a ev sahibliyinin Azərbaycana verilməsi, respublikamızın isə bu etimadı yüksək səviyyədə gerçəkləşdirməsi ölkəmizin “yaşıl” enerji sahəsində atdığı addımlara verilən dəyər – mükafatdır. Bu, eyni zamanda, Azərbaycanın fəaliyyətini bütün dünyaya göstərmək üçün bir fürsətdir.
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumundakı çıxışında təəssüf doğuran bir məqamı da xatırladıb: “Deməliyəm, əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, bizi qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi. Bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik. Lakin bizdən əvvəl bir sıra ölkələr, o cümlədən Avropada nefti və qazı olan ölkələr var idi. Lakin dırnaqarası media tərəfindən buna məhəl qoyulmaması normal bir hal kimi qəbul olunmuşdur”.
Dövlətimizin başçısı çıxışında fikrinin təsdiqi olaraq bəzi məqamları diqqətə çatdıraraq Azərbaycanın neft hasilatının, məsələn, Kanadanın hasilatından 10 dəfə az olduğunu, ölkəmizin qlobal qaz emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyini vurğulayıb. Eyni zamanda, bir ölkə kimi bizim qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq olmadığımızı iddia edənlərin bir neçə mərkəzdən, əslində, ikisindən qaynaqlandığını bildirib: “Onlardan biri – ABŞ-ın Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsweek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər. İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi. Bir sözlə, bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi”.
Azərbaycan lideri nitqində bu təəssüf doğuran vəziyyətin müxtəlif səbəblərinin ola biləcəyini vurğulayıb. Qeyd edib ki, onlardan biri ondan ibarətdir ki, onlar bizə öz iradəsini yeridə bilmədilər. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti, hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. COP29-da iştirak etmiş dünya liderlərindən etibarlı informasiyamız var və onlar bizə bu haqda məlumat verdilər. Hətta gəlməyən rəhbərlər mesaj göndərdilər ki, şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı.
Bəli, həqiqətən də COP29 ərəfəsində və bu konfransın keçirildiyi günlərdə Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, respublikamıza şər-böhtan atmaqdan belə çəkinməyən bir sıra ölkələrin diqtəsi ilə sözügedən iqlim konfransının reallaşması ilə bağlı aparılan qarayaxma kampaniyaları uğursuzluqla nəticələndi. Konfrans iştirakçılarında Azərbaycanda mövcud xalq-iqtidar birliyi haqqında aydın təsəvvür yarandı. Dövlətimizin başçısının iqlim konfransında dərin məzmunlu çıxışları, müxtəlif ölkə rəhbərləri və digər ali qonaqlarla səmimi görüşlərindəki söhbətləri Prezident İlham Əliyevin sülhpərvər siyasət yürütdüyünü, yerləşdiyimiz coğrafiyada əmin-amanlığın tərəfdarı olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Yeri gəlmişkən, Azərbaycan lideri COP29-da etdiyi çıxışında ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın işğalçılıq siyasəti və onun ağır fəsadları barədə iştirakçıları məlumatlandırması beynəlxalq ictimaiyyətdə respublikamız barədə olan real düşüncəni daha da dərinləşdirdi. Başqa sözlə, dövlət başçımızın belə bir fəaliyyəti ölkəmizin ədalətli mövqeyinin dünya səviyyəsində daha geniş anlaşılmasını və dəstək qazanmasını şərtləndirdi.
Dünya ölkələrinin qlobal iqlim dəyişikliklərinin mənfi təzahürlərinin aradan qaldırılması yollarının müzakirə edilməsi üçün məhz Bakı şəhərini seçməsi isə heç də təsadüfi deyildi. Çünki ölkəmizin paytaxtı son illər bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirilməsi sahəsində kifayət qədər zəngin təcrübə əldə etmişdi. Eyni zamanda, Azərbaycan ötən müddətdə bir çox qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi tanınmışdı. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil enerji siyasəti Azərbaycanı bütün dünyada etibarlı tərəfdaşa, strateji müttəfiqə çevirmişdi.
Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev isə dünya arenasında ölkəmizin dostlarının sayının xeyli artmasına müvəffəq oldu. Ötən müddətdə Azərbaycan zəngin karbohidrogen ehtiyatları ilə Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfə verdi. Prezident forumdakı çıxışı zamanı hazırda Azərbaycandan təbii qaz alan 12 ölkənin 10-nun Avropa ölkəsi olduğunu xatırladaraq bildirib: “Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində, həqiqətən, böyük dəyişiklik yaradır. Buna “yaşıl” enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir”. Dövlətimizin başçısı forumdakı çıxışı zamanı təkcə enerji sərvətlərinin olmasını kifayət hesab etməyərək bu sahədə uğur qazanmağın formulunu da aydın şəkildə izah edərək deyib ki, əgər qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olmasanız, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə bilməzsiniz.
Göründüyü kimi, Cənubi Qafqazın faydalı qazıntılarla zəngin ölkəsi olan Azərbaycan artıq “yaşıl keçid”in də ön sıralarında gedir. Ölkəmiz bu mövqeyə məhz zəngin bərpaolunan enerji mənbələri sayəsində yüksələ bilib. Yeri gəlmişkən, ölkəmizin alternativ və bərpaolunan enerji potensialı ilə zəngin olması öz təsdiqini tapıb. Belə ki, son tədqiqatlar Azərbaycanın quru ərazisində 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı dağ çaylarının payına düşür. Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu rəqəmlər tamamilə realdır və onlar artıq imzalanmış müqavilələrə, anlaşma memorandumlarına əsaslanır.
Hazırda bərpaolunan enerli mənbələri üzrə mövcud potensialın hərəkətə gətirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir, “yaşıl” enerji istehsalı ilə əlaqədar cəlb olunan sərmayələr nəticəsində ölkəmizin ayrı-ayrı yerlərində günəş, külək və su elektrik stansiyaları tikilir. Ümumilikdə isə, Azərbaycanda enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində, ümumilikdə, 2 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. 20-25 il müddətinə hesablanan həmin iri miqyaslı layihələr, Azərbaycanda yaradılmış əlverişi biznes mühitinin, ölkəmizə olan inamın göstəricisidir.
Artıq ölkəmiz bərpaolunan enerji mənbələrinin hərəkətə gətirilməsi istiqamətində bir sıra uğurlara imza atıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə Azərbaycanın “yaşıl” enerji mənbələri üzrə elektrik enerjisi istehsalı əvvəlki ilə nisbətən 1 milyard 728,7 milyon kilovat-saat artaraq 3 milyard 850,9 milyon kilovat-saata çatıb. Təmiz enerjinin 3 milyard 11 milyon kilovat-saatı su elektrik stansiyalarının, 839,9 milyon kilovat-saatı isə bərpaolunan enerji mənbələrinin payına düşüb. İl ərzində ölkənin günəş elektrik stansiyalarında 556,3 milyon kilovat-saat, külək elektrik stansiyalarında 51,1 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunda qeyd etdiyi kimi, Azərbaycan faydalı qazıntılarla zəngin olmasına baxmayaraq, bərpaolunan enerjiyə də xüsusi diqqət yetirir: “Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına, demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bizim bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6,5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, biz bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq”.
Bunun sayəsində ölkəmiz özünün neft və qaz ehtiyatlarını Xəzərin sahilindən Avropanın dərinliklərinədək uzanan şaxələndirilmiş boru kəmərləri sistemi ilə nəql etməyə müvəffəq olduğu kimi, bərpaolunan enerji mənbələrindən aldığı “yaşıl” sərvəti də dünya bazarına çıxara biləcək. Diqqətçəkən daha bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan “yaşıl” enerjinin ixracı üçün tələb olunan infrastrukturun yaradılması ilə bağlı təşəbbüsün də ilk iştirakçılarındandır. Məlum olduğu kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Azərbaycanın “yaşıl” enerjisinin Avropaya çatdırılmasını nəzərdə tutan həmin sazişə əsasən, Qara dənizin dibi ilə 4 qiqavat gücündə və 1195 kilometr uzunluğunda elektrik enerjisi kabelinin tikintisi nəzərdə tutulur. Həmin kabel Azərbaycanda hasil edilən “yaşıl” enerjini Gürcüstan və Qara dəniz vasitəsilə Macarıstana və Avropanın qalan hissəsinə çatdırmaq üçün Rumıniyaya tədarük edəcək. Bu da ölkəmizdə istehsal olunan “yaşıl” enerjinin Avropaya ixracına imkan yaradacaq. Beləliklə də, Azərbaycan “köhnə qitə”nin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək.
“XQ”-nin analitik qrupu
