Çox, yoxsa bahalı geyinirik? Azərbaycanda geyim xərcləri ARTIR
Gözəl və yaraşıqlı görünmək insanların ən təbii və eyni zamanda ən böyük arzularından biridir. Hər kəs görünüşü ilə özünü daha yaxşı hiss etmək və cəmiyyətin gözləntilərinə cavab vermək istəyir. Geyim insanların xarici görünüşünü ifadə edən əsas elementlərdən biri olmaqla yanaşı, rahatlıq və funksionallıq baxımından mühüm əhəmiyyətə malikdir. O, həm də sosial statusumuzu, şəxsiyyətimizi və dünyaya baxışımızı əks etdirən mühüm bir vasitədir. Hər gün geyindiyimiz paltarlar bizə yalnız rahatlıq və istilik təmin etməklə kifayətlənmir, eyni zamanda ətrafdakılarla əlaqə qurmağımıza da təsir edir.
Çox, yoxsa bahalı geyinirik?
Geyim seçimi bir çox fərqli amillərdən - dəb trendləri, şəxsi zövqlər, iqtisadi imkanlar və sosial vəziyyətdən asılı olaraq dəyişir. Hər mövsüm yeni kolleksiyalar və dizaynlarda buraxılan markalar insanların geyimlə bağlı xərclərini artıran əsas amillərdən biridir. Moda dünyasında yeni məhsulların təqdim edilməsi ilə insanlar köhnə paltarları çıxarıb yeni geyimlər alır.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda son 10 ildə əhalinin geyimə xərclədiyi vəsait 2,1 dəfə artıb. 2014-cü ildə bu sektorun dövriyyəsi 3,9 milyard manatdan 2023-cü ildə 8,4 milyard manata yüksəlib.
Başqa sözlə, 1 nəfər ildə orta hesabla 840 manat, ayda 70 manatlıq geyim alıb. Bu göstəricilər bir il əvvəllə müqayisədə 5,5 faiz çox olub. Bu ilin 10 ayında isə geyimə xərclənən vəsait 6,8 milyard manat, adambaşına təxminən 680 manat təşkil edib. Bu məbləğ gəlir səviyyəsindən asılı olaraq dəyişir. İmkana görə minimum tələbatdan tutmuş lüks brendlərin alınmasınadək geyimə pul xərclənir.
Azərbaycanda geyimə olan tələbat yalnız gündəlik həyatla məhdudlaşmır, eyni zamanda iş dünyasında və sosial tədbirlərdə də böyük əhəmiyyət kəsb edir. Araşdırmalar göstərir ki, paltarın 40-50 faizi işgüzar məqəsdlər, 20-30 faizi xüsusi günlər və bayramlar, qalanı gündəlik istifadə üçün alınır.
Statistik məlumatlara görə, Azərbaycanda ildə 4,2 milyon cüt corab, 680 min ədəd üst geyimi, 940 min ədəd alt geyimi, 750 min cüt ayaqqabı istehsal olunur. Hazırda ölkədə geyimə tələbatın əksər hissəsi idxal hesabına ödənilir. Papaqdan tutmuş ayaqqabıyadək məhsulların çoxunu xaricdən alırıq. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ildə xarici ölkələrdən Azərbaycana 178 milyon dollarlıq paltar və geyim ləvazimatları, 51 milyon dollarlıq digər toxuculuq məmulatları, 136 milyon dollarlıq ayaqqabı, 9,7 milyon dollarlıq baş geyimi gətirilib.
Onlayn paltar alış-verişi
Mütəxəssislərin fikrincə, son 10 ildə geyim xərclərinin artması həm iqtisadi, həm də sosial amillərlə bağlıdır. İqtisadiyyatda baş verən inkişaflar insanların alıcılıq qabiliyyətini artırıb, eyni zamanda, sosial şəbəkələr və moda trendləri cəmiyyətdə geyimə olan marağı daha da gücləndirib. Nəticədə insanlar yalnız dəbli olmaqla kifayətlənməyib, həm də brend və keyfiyyətli məhsullara üstünlük verməyə başlayıblar.
Azərbaycanda geyimə olan tələbat yalnız şəxsi stilə uyğun paltar seçimi ilə məhdudlaşmır. İş həyatında, xüsusilə ofis mühitində daha ciddi və peşəkar geyimlərə olan ehtiyac artmaqdadır. Eyni zamanda, tədbirlər, bayramlar və digər sosial mərasimlər də insanların geyim tərzini müəyyən edən əsas amillərdəndir.
Onlayn alış-verişin artması da geyim istehlakının yüksəlməsində mühüm rol oynayır. Xüsusilə gənclər arasında internet üzərindən alış-verişin daha da populyarlaşması geyim alışını daha əlçatan və rahat edir.
Bununla yanaşı geyim qiymətlərindəki artım istehlakçıların xərclərini artırır.
Minimum geyinək, amma necə geyinək?
Geyim məsələsi yaşayış minuimumlarında da əksini tapıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş minimum istehlak səbətinin qeyri-ərzaq malları bölməsində yaş və sosial qrupların geyim ehtiyacları aşağıdakı şəkildə müəyyən edilib:
Palto və qalın üst geyimləri: Əmək qabiliyyətli əhali 8 ildə, pensiyaçılar 9 ildə, uşaqlar isə 2,6 ildə 3 palto almalıdır. Uşaqlarda müddətin az olması onların böyüməsi ilə bağlıdır.
Kostyum tipli üst geyimləri: Əmək qabiliyyətli əhali ildə 9 kostyum alır və onları 4,2 il ərzində istifadə edir. Pensiyaçılar 8 kostyumu 4,8 il, uşaqlar isə 12 2 il ərzində istifadə etməlidir.
Alt geyimləri: Əmək qabiliyyətli əhali 9 ədəd alt geyimini 2,5 il istifadə edir. Pensiyaçılar 9 alt geyimini 2,7 il, uşaqlar isə 12 alt geyimini 2 il ərzində geyinməlidir.
Corablar: Əmək qabiliyyətli əhali 7 cüt corabı 1,5 il ərzində, pensiyaçılar 4,5 cüt corabı 2 il, uşaqlar isə 6 cüt corabı 1,3 il ərzində istifadə etməlidirlər.
Baş geyimləri və xırdavat məmulatları: Əmək qabiliyyətli əhali 4 baş geyimini 5 il istifadə etməlidir. Pensiyaçılar 3 baş geyimini 6,4 il, uşaqlar isə 4 baş geyimini 3 il ərzində geyinməlidir.
Ayaqqabı: Əmək qabiliyyətli əhali üçün 3 il yarımda 6 cüt normadır. Pensiyaçılar 5 cüt ayaqqabını 3,5 il, uşaqlar isə 6 cüt ayaqqabını 1,3 il ərzində geyinməlidir.
Ailə böyüdükcə adambaşı geyim xərcləri azalır
Azərbaycanda əhalinin paltar və ayaqqabıya sərf etdiyi xərclər ev təsərrüfatlarının ölçüsünə görə müxtəlifdir. Dövlət Statistika Komitıəsinin ev təsərrüfatları üzrə açıqladığı məlumatlardan görünür ki:
1 nəfərlik ev təsərrüfatı paltar və ayaqqabıya ayda 54 manat xərcləyir ki, bu da ümumi xərclərin 6,7 faizini təşkil edir. 2 nəfərlik ailədə bu rəqəm adambaşı 37 manata düşür və ümumi xərclərin 6,5 faizini təşkil edir. 3 nəfərlik ailə ayda adambaşına 29,9 manat paltar və ayaqqabıya xərcləyir, bu da ümumi istehlak xərclərinin 6,4 faizini təşkil edir. 4 nəfərlik ev təsərrüfatında paltar və ayaqqabıya ayıran məbləğ adambaşı 24.5 manatdır, faiz nisbəti isə 6,2 -dir.Bu məlumatlar göstərir ki, ev təsərrüfatlarının ölçüsü böyüdükcə paltar və ayaqqabıya ayrılan məbləğ azalır. Bu daha böyük ailələrdə daha çox ehtiyacın olması və paltar və ayaqqabıya daha az üstünlüyün verilməsi ilə əlaqədardır. Bundan əlavə, paltar və ayaqqabıya sərf olunan xərclərin ümumi istehlak xərclərinə olan nisbəti də ailə ölçüsü artdıqca azalır. Kiçik ailələrdə bu xərclər nisbətən daha yüksək olsa da, böyük ailələrdə faiz aşağı düşür.
Xaricilər də geyimlərindən qalmırlar
Azərbaycanda geyimə xərclənən vəsaitin xərclərdə payı digər inkişaf etmiş ölkələrlə müqayisədə yüksəkdir. Rəsmi statistikaya görə, pərakəndə ticarət obyektlərində satılan məhsulların 14 faizi geyim olub.
Bəzi iqtisadçılar hesab edir ki, bir insanın geyim xərcləri aylıq gəlirin 5 faizdən çox olmamalıdır, amma bu, yalnız tövsiyədir. Çünki hər kəsin maliyyə vəziyyəti və prioritetləri fərqli ola bilər.
Məsələn, dünyada orta hesabla bir insan hər ay geyimə təxminən 161 dollar xərcləyir. Qadınlar üçün geyimə sərf edilən pul kişilərə nisbətən daha çoxdur. Araşdırmalara görə, qadınlar bir ayda orta hesabla 150-400 dollar arasında geyimə pul xərcləyirlər, bu rəqəm kişilərin geyim xərclərindən 40 faiz yüksəkdir.
Geyimə xərclənən vəsait hər bir ölkənin iqtisadi vəziyyəti, əhalisinin gəlir səviyyəsi və dəbə marağı, ölkənin coğrafi iqlim şəraiti, milli və dini mənsubiyyətindən asılı olaraq fərqlidir. Təbii ki, isti Afrika ölkələri ilə şimal rehgiopnlarında yaşayanların geyimə yanaşması fərqli olacaq. Eyni zamanda bəzi ölkələrində dinin tələb etdiyi qaydalar insanların geyim xərclərinə təsir edir.
Türkiyə
Türkiyə geyim istehlakı sahəsində sürətlə inkişaf edən bazarlardan biridir. Türk istehlakçıları geyimə ciddi şəkildə pul xərcləyirlər və moda sektoru ölkənin iqtisadiyyatında mühüm yer tutur. Türkiyədə geyim xərci ildə təxminən 34 milyard dollar arasında dəyişir. Bir Türkiyə vətəndaşı ildə ortalama 300-500 dollar arasında geyimə sərf edir. Türkiyədə geyim sənayesinin ən böyük xüsusiyyətlərindən biri həm daxili, həm də xarici markaların bazarda geniş yayılmasıdır.
Rusiya
Rusiya geyim istehlakı sahəsində mühüm bir bazar olmasına baxmayaraq son illərdə iqtisadi çətinliklər və beynəlxalq sanksiyalar səbəbindən bazarda müəyyən tənəzzül müşahidə olunur. Rusiya əhalisi ildə təxminən 75 milyard dollar geyimə xərcləyir. Orta hesabla bir Rusiya vətəndaşı ildə təxminən 400-600 dollar arasında geyimə xərcləyir.
ABŞ
ABŞ dünyada geyimə ən çox pul xərcləyən ölkələrdən biridir. ABŞ vətəndaşları ildə geyim və ayaqqabıya 600 milyard dollar xərcləyirlər. Başqa sözlə, bir amerikalı il ərzində geyimə təxminən 1800 dollar pul xərcləyir. ABŞ-da geyimə ayrılan büdcə ümumi xərclərin 3,4 faizini təşkil edir. Geyim yüksək həyat səviyyəsinə sahib olan insanlar üçün daha az əhəmiyyət kəsb edir. Bunun səbəbi müasir amerikalıların brend və lüks geyimlərdən çox elektronika və digər texnoloji cihazlara həvəs göstərməsidir. Bu gün ABŞ-da moda ənənələri və yeni nəsil alıcı davranışları geyimə xərcləri azaldıb.
Avropa ölkələri
Avropada geyimə xərclənən vəsaitin miqdarı ölkələrdən asılı olaraq fərqlənir. Almaniyada bir nəfər ildə geyimə təxminən 700-800 avro pul xərcləyir. Fransada bu rəqəm 1000 avro, Böyük Britaniyada 800 funt sterlinq təşkil edir.
Avropada geyimə sərf olunan məbləğ istehlakın 5-7 faizi səviyyəsindədir. Bu regionda geyim xərclərinin ümumi istehlakda payı fərqlidir. Məsələn hollandlar xərclərinin 5 faizini geyimə sərf edir, onlar pullarını səyahət və mədəni istirahətə xərcləyir. Litvada insanlar daha çox paltar almaqda maraqlıdır.
Yaponiya
Yaponiya da geyimə xərclənən vəsaitin çox olduğu ölkələrdən biridir. Yaponiya əhalisi geyim və ayaqqabılara təxminən təxminən 100 milyard dollar pul sərf edir. Yaponiyada geyimə xərclənən vəsait ümumi büdcənin 3,4 faizi təşkil edir. Yaponlar həm də yüksək keyfiyyətli məhsul almağa meyllidir . Yaponiyada ev kirayəsi və gündəlik ehtiyaclara ayrılan büdcə çox olsa da onlar geyimlərindən də qalmırlar.
Çin
Çinli istehlakçılar ildə təxminən 6 trilyon dollar geyimə sərf edirlər. Bir çinli ildə 400-500 dollar arasında geyimə pul xərcləyir. Ölkənin sürətli iqtisadi inkişafı və əhali sayı onu qlobal geyim bazarının mühüm oyunçusuna çevirir. Son illər online alış-veriş platformalarının geniş yayılması bu rəqəmi daha da artırır.
Avstraliya
Avstraliya da geyim xərclərini yüksək səviyyədə saxlayan ölkələrdən biridir. Bu ölkıədə adambaşına ildə 1100 dollar geyimə pul xəclənir. Avstraliyalılar arasında geyimə olan maraq onlayn alış-verişin artması ilə daha da güclənib. Onlayn alış-veriş imkanları, istehlakçılara daha çox brend və trend məhsulları rahatlıqla əldə etməyə imkan verir. Həmçinin, Avstraliyada geyim sektoru mövsümi dəyişikliklərdən də təsirlənir, xüsusən yay və qış dövrlərində yeni kolleksiyaların satışı artır.
Hindistan
Hindistan geyimə sərf olunan məbləğ baxımından Çin və Avstraliya ilə müqayisədə daha aşağıdır. Orta hind istehlakçısı ildə təxminən 150-200 dollar geyimə pul xərcləyir. Bu rəqəm inkişaf etmiş ölkələrdəki geyim xərclərindən xeyli azdır. Buna baxmayaraq Hindistanda dəb sürətlə dəyişir və gənc nəsil arasında brendlərə olan marağın artması müşahidə olunur.
Proqnozlara görə, gələcəkdə dünyada geyim xərcləri daha da artacaq. Texnoloji yeniliklər, onlayn alış-verişin genişlənməsi, moda trendləri və istehlakçıların dəyişən davranışları bu artımı təşviq edəcək.
Son olaraq qeyd etmək yerinə düşər ki, bahalı geyim şərt deyil, əsas olan özünüzü rahat hiss edəcəyiniz, üslubunuzu əks etdirən və büdcənizə uyğun geyimlər tapmaqdır. Geyim xərcləri şəxsi istəklərə görə dəyişə bilər, amma yaraşıqlı görünmək üçün yüksək qiymətə malik geyimlər almağa ehtiyac yoxdur.