Dağların zirvəsində yazılan Zəfər dastanı ŞƏRH
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıyan, milli qürurumuzu və dövlətçilik iradəmizi təcəssüm etdirən əlamətdar tarixdir. Bu gün yalnız Şuşanın işğaldan azad olunmasının deyil, həm də uzun illər davam edən torpaq həsrətinin sona çatmasının, tarixi ədalətin bərpasının rəmzidir. Azərbaycan xalqı üçün Şuşa sadəcə bir şəhər deyil, milli-mədəni kimliyimizin, zəngin tariximizin və mənəvi dəyərlərimizin ayrılmaz parçasıdır.
XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa qısa müddətdə Azərbaycanın mühüm siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Bu şəhər Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif kimi görkəmli şəxsiyyətlər yetişdirmiş, Azərbaycan musiqisinin, ədəbiyyatının və incəsənətinin inkişafında mühüm rol oynamışdır. Məhz bu xüsusiyyətlərinə görə Şuşa xalqımızın mənəvi paytaxtı hesab olunur.
1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi Azərbaycan xalqının tarixində ağır hadisələrdən biri oldu. Şəhərin işğalı nəticəsində tarixi-mədəni abidələrimizə ciddi ziyan dəydi, minlərlə sakin doğma yurdlarından didərgin düşdü. Lakin xalqımız Şuşa həsrətini heç vaxt unutmadı, bu şəhərin azad olunacağına inamını qoruyub saxladı.
Şuşa Zəfərinə gedən yol uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət Azərbaycanın iqtisadi və hərbi potensialının gücləndirilməsinə, müasir ordu quruculuğuna geniş imkanlar yaratdı. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması gələcək tarixi qələbənin mühüm əsaslarını formalaşdırdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı bir-birinin ardınca işğaldan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi Şuşaya doğru irəliləyiş üçün mühüm zəmin yaratdı. Lakin Qarabağ Zəfərinin zirvəsinə çatmaq üçün Şuşanın azad edilməsi xüsusi əhəmiyyət daşıyırdı.
Şuşa əməliyyatı Vətən müharibəsinin ən mürəkkəb hərbi əməliyyatlarından biri kimi tarixə düşdü. Şəhərin dağlıq relyefi, sıldırım qayalıqları və əlverişsiz coğrafi mövqeyi döyüşlərin aparılmasını son dərəcə çətinləşdirirdi. Buna baxmayaraq, Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələri böyük peşəkarlıq, cəsarət və fədakarlıq nümayiş etdirərək Şuşaya daxil oldular. Ağır döyüşlər şəraitində əldə edilən bu qələbə Azərbaycan əsgərinin Vətən sevgisinin, yüksək döyüş ruhunun və sarsılmaz iradəsinin təcəssümü oldu.
Nəhayət, 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Bu müjdə ölkəmizin hər yerində böyük sevinc və qürur hissi ilə qarşılandı. Şuşanın azad edilməsi Vətən müharibəsinin gedişində həlledici rol oynadı və 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasına gətirib çıxaran əsas hərbi-siyasi amillərdən biri oldu.
Bu gün Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Tarixi abidələr bərpa olunur, yeni infrastruktur yaradılır, şəhərin əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı bu qədim şəhərin yeni inkişaf dövrünə qədəm qoyduğunu göstərir.
8 Noyabr – Şuşa şəhəri günü bizə bir daha xatırladır ki, bu tarixi qələbə xalqımızın birliyinin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının və milli iradəmizin nəticəsidir. Şuşa əməliyyatı Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmış, gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsinə çevrilmişdir. Bu gün azad Şuşada dalğalanan üçrəngli bayrağımız xalqımızın Zəfər ruhunun, milli qürurunun və sarsılmaz dövlətçilik iradəsinin rəmzidir.
Şuşa azaddır, Şuşa bizimdir və bu Zəfər Azərbaycan xalqının tarixində əbədi yaşayacaqdır!
Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini
Baxış sayı:81
Bu xəbər 02 Noyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















