Icma.az
close
up
RU
Dini kimlik milli kimliyi sıxışdırır: Tehran Borçalını qaraya bükür

Dini kimlik milli kimliyi sıxışdırır: Tehran Borçalını qaraya bükür

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


İranın son dövrlər Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində aktivləşməsi hiss olunur.

Gürcüstanda, xüsusilə Kvemo Kartli (Borçalı) bölgəsində yaşayan etnik azərbaycanlılar arasında İranın dini və ideoloji təsirinin artması 2026-cı ildə həm Gürcüstanda, həm də Azərbaycanda geniş müzakirə olunan mövzulardandır. Borçalıdakı İranmeyilli radikal qrupların fəaliyyətlərində dünyəvi Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş çağırışlar və ölkəmizin daxili siyasətinə qarşı narazılıq toxumu səpmək meylləri aşkar olunub. Tədqiqatçılar, siyasətçilər və şərhçilər İranın Gürcüstanda şiə icmaları, məscidlər, dini təhsil ocaqları və Qum şəhərində təhsil alan gənclər vasitəsilə təsirini artırmağa çalışdığını bildirir. Bəzi müşahidəçilər və keçmiş rəsmilər dini ayinlər və aksiyalar zamanı İran rəmzlərinin istifadəsini və dini təbliğatın güclənməsini təhlükəsizlik riski kimi qiymətləndirirlər.

Bir müddət əvvəl Gürcüstanın üçüncü prezidenti Mixael Saakaşvili rəsmi sosial şəbəkə hesabında etdiyi paylaşımda İranı Gürcüstanda yaşayan azərbaycanlıların radikal islamlaşmasını həyata keçirməkdə günahlandıraraq, bunu Gürcüstanın müstəqilliyinə təhlükə adlandırıb. “Artıq Azərbaycana təsir göstərə bilməyən İran fəal şəkildə Gürcüstanda yaşayan azərbaycanlıların dini baxımdan radikallaşdırılmasını həyata keçirir. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Bu radikallar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün region üçün təhlükə yaradırlar”.

Görünən odur ki, Azərbaycan daxilində radikal şiə qruplarının fəaliyyətinin məhdudlaşdırılmasından sonra, Tehran özünün dini-ideoloji ekspansiyasını azərbaycanlıların sıx yaşadığı Gürcüstanın Borçalı regionuna, xüsusilə də Marneuli şəhərinə yönəldib.

Bildirilir ki, İran bölgədə müxtəlif dini fondlar, qeyri-hökumət təşkilatları, xeyriyyə cəmiyyətləri pərdəsi altında məscidlərin, dini mərkəzlərin tikintisini və fəaliyyətini maliyyələşdirir. Eyni zamanda, yerli gənclər İranın Qum şəhərində pulsuz dini təhsil proqramlarına cəlb olunurlar. Böyük ehtimalla İran bu yolla ərazidə süni şəkildə məzhəb qarşıdurması və ayrı-seçkilik toxumu səpməyə çalışır.

Marneuli küçələrində İran üslubunda radikal dini atributların, geyimlərin (hicabın bu növünün) yayıldığı və kütləvi dini ayinlərdə səslənən radikal şüarların artdığı müşahidə olunur.

Bu ilin Məhərrəm ayında Gürcüstanda yaşayan soydaşlarımızın keçirdikləri Tasua və Aşurə günləri də sözügedən müstəvidə sosial şəbəkələrdə olduqca ciddi müzakirə mövzusu olub. Həmin mərasimlərdə İrana aid simvollar, o cümlədən mərhum Ali dini lider Seyid Əli Xameneinin şəkilləri aktiv şəkildə istifadə olunub.

Onu da qeyd edək ki, məsələ Gürcüstan parlamentində də müzakirə olunub, parlamentin vitse-spikeri səviyyəsində məsələyə münasibət bildirilib.

İranın Gürcüstandakı bu sayaq fəaliyyəti nədən qaynaqlanır? Bu tendensiyalar Azərbaycan üçün hansısa terror təhdidlərdən xəbər verirmi?

Siyasi şərhçi Turab Rzayev “Bakupost”a bildirib ki, İran analoji fəaliyyətini təkcə Gürcüstanda deyil, bir çox ölkələrdə göstərir.

Onun sözlərinə görə, Azərbaycan İranın Gürcüstan azərbaycanlılarına münasibətdə həyata keçirdiyi bu fəaliyyətini neytrallaşdırmaq, onların həmin təsirin altına düşməmələri üçün özünün milli ideologiyasını yaymalıdır:

“Həm Azərbaycan daxilində, həm də ölkəmizdən kənarda yaşayan azərbaycanlıları milli ideologiya əsasında birləşdirməyə çalışmalıdır ki, onlar kənar təsirlərə deyil, daha çox Azərbaycan milli ideologiyasına bağlı olsunlar. Aydın məsələdir ki, Azərbaycan bu zaman soydaşlarımızın yaşadığı ölkələrin suverenliyinə hörmət etməlidir və edir. Yəni Azərbaycan öz ərazisində İran təsirinə qarşı fərqli üsullarla mübarizə aparırsa, digər ölkələrdə isə bu şəkildə mübarizə apara bilməz. Amma Gürcüstanın suverenliyi çərçivəsində ideoloji təsirlər, yerli hakimiyyət orqanları ilə əlaqələr, təhsil, mədəni, iqtisadi əlaqələrlə, milli, türk kimliyinin önə çıxarılmasıyla İranın bu kimi təsirlərinin qarşısını almaq mümkündür və buna da çalışmaq lazımdır. Azərbaycan bu istiqamətdə davamlı fəaliyyət göstərməlidir”.

Ekspert hesab edir ki, İran Gürcüstandakı soydaşlarımızla bağlı yürütdüyü siyasətlə yerli azərbaycanlılarla Azərbaycan dövlətində yaşayan azərbaycanlılar arasında kəskin fərq və ziddiyyətlərin yaranmasına, türkçülüyün arxa plana keçirilməsinə çalışır:

“İran bu istiqamətdə müəyyən addımlar atmağa çalışacaq. Amma İranın Borçalıda şansları Azərbaycan dövlətinin şansları ilə müqayisədə çox aşağıdır. Çünki Borçalı əhalisinin əsas hissəsi İslamın şiə məzhəbinə malik deyillər, sünnidirlər. Aydın məsələdir ki, onlar da İranın təsiri altına düşə bilməzlər. İranın yalnız şiə məzhəbinə malik ərazilərdə müəyyən təsirləri var və bu təsir müəyyən qədər də artıb. Xüsusilə bəlli din adamları, bəlli icmalar üzərindən həmin təbliğat aparılır. Bəllidir ki, İranın təsirinin artdığı ərazilərdə istər-istəməz dini kimlik statusu önə çıxacaq, nəinki milli kimlik. Bu mümkündür”.

T.Rzayevin fikrincə, görünən odur ki, bəzi hallarda Azərbaycan təsirini balanslaşdırmaq üçün rəsmi Tiflis də İranın hərəkətindən elə də ciddi narahatlıq keçirmir, ona maneə olmur:

“30 il əvvəl Kərkük türkmənləri özlərini Azərbaycana bağlı hesab edirdilərsə, bu gün şiə olanlar özlərini İrana, sünnilər isə Türkiyəyə bağlı hiss edir. Bu onu göstərir ki, vaxtında fəaliyyətə keçməsək, digər əsas ərazilərdə, Borçalıda da, Dərbəndə də bənzər siyasi gedişatın şahidi ola bilərik”.

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, İranın Gürcüstandakı soydaşlarımızı özünün dini tələsinə salması Tehranın regional siyasətinin tərkib hissəsidir:

“Onun əsas strateji xətti məhz İslam inqilabının ixracı məsələsidir. Amma burada əsas məqsəd din pərdəsi adı altında müəyyən şəbəkələrin İranın maraqlarına xidmət etmələrini təmin etməkdir. Gürcüstanda da şiəliyi özünün siyasi maraq alətinə çevirərək, özünə bağlı şəbəkələrin formalaşdırılmasına çalışmaq da məhz bundan qaynaqlanır”.

Ekspertin sözlərinə görə, bu müqavimət toxumunun genişləndirilməsi planının tərkib hissəsidir:

“İranın bu prosesdə yekun hədəfi isə regiona bağlı şəbəkələri silahlandırmaq, onları yarımsilahlı siyasi qruplaşmaya çevirməkdir. Məqsəd hakimiyyətlərə təsir etmək, hakimiyyəti ələ keçirmək, mövcud quruluşu dəyişdirməkdir. Azərbaycanda qanunazidd olan bu tendensiyanı 2015-ci ildə Nardaran və daha sonrakı Gəncə hadisələrində, “Müsəlman Birliyi” və “Hüseynin” qruplaşmasının fəaliyyətində gördük. İndi İran eyni siyasi xətti Gürcüstandakı azərbaycanlılar üzərində də həyata keçirməyə çalışır”.

Ekspert təəssüflə qeyd edir ki, İran bu istiqamətdə istədiyinə müəyyən qədər nail ola bilib:

“Azərbaycanda bu şəbəkə dövlətin müdaxiləsilə böyük ölçüdə sıradan çıxarıldı. Məktəblərdə vahid geyimlə bağlı baş verən proseslər göstərdi ki, İranın burada lazım olanda hərəkətə gətirə biləcəyi ocaqlar hələ də mövcuddur. Amma onlar artıq əvvəlki qədər effektiv deyillər. Amma Gürcüstan və Rusiyadakı azərbaycanlılar ciddi şəkildə İranın təsiri altına düşə bilir. Moskvanın özündə azərbaycanlıların getdiyi müəyyən məscidlər var ki, onlar sırf İranın təsiri altındadır. Borçalıda isə bunu daha kəskin şəkildə görə bilirik. Burada soydaşlarımız kompakt şəkildə yaşayır”.

Həmsöhbətimizin sözlərinə görə, Borçalıda İran üçün daha münbit şərait var:

“2003-cü ildə rəsmi Tiflis “Dini icmaların nəzarətə götürüməsi”lə bağlı qərar verdi. Ona əsasən sünnilər üzərində Türkiyənin təsirini zəiflətməyə çalışdılar. Proses 2009-cu ildə Borçalıya da çatdı. 2011-ci ildə rəsmi Tiflis Gürcüstan Müsəlmanları İdarəsi və Ali Dini İdarə yaratdı. Həmin idarə isə Marneulidə İranın təsiri altında olan şəxslər tərəfindən yaradılıb. Qafqaz Müsəlmanları İdarəsinin beləcə bölgədən çıxarılması onlar üçün əlavə münbit şərait yaratdı. Gürcüstan Müsəlmanları İdarəsinin tədbirlərində İrandan gələnlər nümayəndələr də iştirak edir. İranın bu təsiri Gürcüstanda sünnilərlə şiələr arasında məzhəb davasını qızışdıran amillərdən biridir. Tiflis üçün də şiə və sünnilərin parçalanmış vəziyyətdə fəaliyyət göstərmələri daha sərfəlidir”.

A.Nərimanlı qeyd edir ki, İranın bu fəaliyyəti Borçalıdakı soydaşlarımız üzərində dini kimliyin güclənməsinə səbəb ola bilər:

“Belədə isə milli kimlik arxa plana keçir. Vəziyyət heç də ürəkaçan deyil. Bu Azərbaycanın, eləcə də Gürcüstanın özünün təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər”.

Rüfət Sultan,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Noyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri