Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Diplomatik protokol geosiyasətə qarşı

Diplomatik protokol geosiyasətə qarşı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yaxud Paşinyanın Qazaxıstan səfəri turizm arxivində yer alacaq

Qlobal güc mərkəzlərinin Şərqə doğru yerdəyişməsinin sürətləndiyi və Avrasiya materikinin geostrateji arxitekturasının yenidən müəyyənləşdirildiyi tarixi dövrdə diplomatik protokolların zahiri parıltısı çox vaxt sərt reallıqları pərdələmək üçün istifadə olunur ki, bu da beynəlxalq münasibətlərin səthi təhlili zamanı aldadıcı nəticələr doğura bilər. Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxıstana rəsmi səfəri Astanada yüksək səviyyədə qarşılanması və ona Qazaxıstanın ali dövlət mükafatının təqdim edilməsi də ilk baxışda İrəvanın xarici siyasətində yeni səhifənin açılması, postsovet məkanında yeni tərəfdaşlıq formatlarının axtarışı və ənənəvi təcrid vəziyyətindən xilasolma cəhdi təəssüratı yaradır.

Lakin beynəlxalq münasibətlərin dərin axınlarını, regionun iqtisadi və logistik xəritəsini, ən əsası isə Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı sarsılmaz geosiyasi status-kvonu fundamental şəkildə analiz etdikdə, Astanadakı təntənəli mərasimlərin arxasında Ermənistan diplomatiyasının növbəti strateji çarəsizliyi dayanır. Axı diplomatik etiketlər, ordenlər və memorandumlar coğrafiyanın diktə etdiyi amansız qanunları dəyişdirmək iqtidarında deyil və mövcud reallıq birmənalı şəkildə nümayiş etdirir ki, Ermənistanın Mərkəzi Asiya məkanına, o cümlədən Türk dünyasının dinamik inkişaf edən iqtisadi orqanizminə inteqrasiyası rəsmi Bakı ilə münasibətlərin tam normallaşması, Azərbaycanın ərazi bütövlüyünün sözdə yox, əməldə tanınması və kommunikasiya xətlərinin, xüsusən də Zəngəzur dəhlizinin açılması olmadan, sadəcə, icrası mümkünsüz olan siyasi xəyal kimi qalmağa məhkumdur.

Ermənistan rəhbərliyinin son dövrlərdə Mərkəzi Asiya istiqamətində nümayiş etdirdiyi qeyri-adi diplomatik fəallıq İrəvanın düşdüyü geosiyasi təcrid vəziyyətindən çıxış yolu axtarışlarının simptomatik təzahürü kimi qiymətləndirilməlidir. Ənənəvi müdafiə təminatı hesab edilən Rusiya ilə münasibətlərin strateji böhran və qarşılıqlı ittihamlar mərhələsinə daxil olması, Qərb platformalarından gözlənilən təhlükəsizlik qarantiyalarının yetərsizliyi və regionda Azərbaycanın dominant mövqeyi Paşinyan hökumətini təlaş içində yeni nəfəsliklər axtarmağa sövq edir. Qazaxıstan regionun iqtisadi lokomotivi, Mərkəzi Asiyanın siyasi lideri və Türk dünyasının mühüm ölkəsi olaraq İrəvan üçün ideal xilaskar və ya ən azından alternativ tərəfdaş obrazında görünür. N.Paşinyanın Astanaya səfəri zamanı ona göstərilən iltifatlar və təqdim edilən mükafat Ermənistan daxili auditoriyasına ölkənin təcrid olunmadığı və postsovet məkanında hələ də dostlarının olduğu barədə mesaj vermək üçün istifadə edilir. Lakin diplomatik reveranşların dərinliyinə varanda mənzərənin tamamilə fərqli olduğu və Qazaxıstanın bu addımının arxasında incə hesablanmış siyasi manevrlərin dayandığı ortaya çıxır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin xarici siyasət kursu ölkəsinin tranzit potensialını artırmaq, çoxvektorlu diplomatiyanı qorumaq və bütün tərəflərlə, o cümlədən Ermənistanla işlək münasibətlər saxlamaq praqmatizminə əsaslanır. Astanadakı qəbul Qazaxıstanın Azərbaycanla mövcud olan, illərin sınağından çıxmış strateji müttəfiqlik münasibətlərinin və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki mühüm öhdəliklərinin üzərindən xətt çəkmək anlamına gəlmir. Əksinə, Astana İrəvanı regional dialoqa cəlb etməklə onu Rusiyanın total nəzarətindən və ya Qərbin regionu qarışdırmağa yönəlmiş planlarından uzaqlaşdırmağa, dolayısı ilə Ermənistanı Azərbaycanın da maraqlarına uyğun olan konstruktiv sülh prosesinə təşviq etmək strategiyası yürüdür. Yəni Paşinyanın təltif olunduğu orden əslində, bir avans xarakteri daşıyır və sülhə gəlmək, kommunikasiyaları açmaq və regiona inteqrasiya olunmaq üçün verilən siyasi kreditdir. Əgər İrəvan prosesə real addımlarla, sülh sazişini imzalamaqla qarşılıq göstərməsə, Astananın gülər üzü tezliklə yerini soyuq və məsafəli münasibətə verəcək.

Qazaxıstan diplomatiyası yaxşı anlayır ki, Cənubi Qafqazda dayanıqlı sülh olmadan Mərkəzi Asiyanın dünya bazarlarına çıxış marşrutları daim risk altında qalacaq və buna görə də İrəvanı qucaqlayaraq ram etmək, onu destruktiv mövqedən çəkindirmək cəhdi Astananın Bakı ilə koordinasiyalı şəkildə həyata keçirdiyi yumşaq güc siyasətinin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Siyasi bəyanatlar nə qədər iddialı olsa da, iqtisadiyyatın və logistikanın dəyişməz qanunları mövcuddur və məsələnin kökündə dayanan əsas problem Ermənistanın coğrafi və logistik dalanda olmasıdır. İrəvanın Mərkəzi Asiya bazarlarına və ya əksinə, Mərkəzi Asiya ölkələrinin Ermənistan üzərindən Qərb bazarlarına çıxışı labüd şəkildə Azərbaycan ərazisindən keçən kommunikasiyalardan asılıdır.

Unutmaq olmaz ki, hazırda qlobal gündəmin əsas mövzularından biri olan, Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Türkiyə üzərindən Avropaya uzanan nəhəng arteriya olan Orta dəhliz layihəsinin mərkəzi halqası, əsas moderatoru və təhlükəsizlik qarantı məhz Azərbaycandır. Ermənistanın özünü sülh qovşağı kimi təqdim edərək həmin qlobal layihəyə qoşulmaq istəyi, yalnız kağız üzərində qalan bir xəritə qaralamasından ibarətdir. Reallıq ondan ibarətdir ki, Ermənistanın Azərbaycanla münasibətləri tənzimləmədən, ərazi iddialarından konstitusion səviyyədə imtina etmədən və Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən Zəngəzur dəhlizini açmadan bu qlobal şəbəkəyə qoşulması fiziki və hüquqi cəhətdən mümkünsüzdür.

Hazırda Ermənistan mallarının Qazaxıstana və ya digər Mərkəzi Asiya ölkələrinə çatdırılması üçün Gürcüstanın Qara dəniz limanları və ya Rusiyanın Yuxarı Lars keçid məntəqəsi istifadə edilir ki, hər iki marşrut mürəkkəbdir, bahalıdır və ən əsası, qeyri-sabitdir. Yuxarı Lars hava şəraitindən və siyasi konyunkturdan asılı olaraq tez-tez bağlanır, Qara dəniz limanları isə əlavə yükləmə-boşaltma əməliyyatları tələb etdiyi üçün daşımaların maya dəyərini artırır və rəqabət qabiliyyətini aşağı salır. Yeganə rasional, qısa və iqtisadi cəhətdən səmərəli yol Azərbaycanın dəmir yolu şəbəkəsindən istifadə etməklə Xəzər dənizinə, oradan isə Qazaxıstanın Aktau və Kurık limanlarına çıxışdır. Paşinyan Astanada nəqliyyat əməkdaşlığından danışarkən sanki Azərbaycan faktoru yoxmuş kimi davranmağa çalışır, lakin Qazaxıstan tərəfi reallığı çox yaxşı bilir.

Məsələ ondadır ki, Qazaxıstan neftinin, uranının və taxılının dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu həyati əhəmiyyət kəsb edir və Astana öz strateji ixracatını Ermənistanın qeyri-müəyyən vədlərinə görə riskə atmaz. Buna görə də Ermənistanın Mərkəzi Asiya ilə logistik inteqrasiyası Bakının icazəsindən və siyasi iradəsindən asılıdır. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Ermənistanın təcrid vəziyyətindən çıxmasının yeganə yolu regional əməkdaşlıq formatlarına qoşulmaq üçün Azərbaycanın irəli sürdüyü ədalətli şərtləri qəbul etməkdir.

Ermənistanın Mərkəzi Asiyaya inteqrasiya cəhdlərinin qarşısında dayanan ən böyük maneələrdən biri də regionun etnosiyasi kimliyidir. Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanı birləşdirən bağlar təkcə iqtisadi maraqlarla deyil, həm də qan yaddaşı, ortaq dil, din, mədəniyyət və tarixi köklərlə sıx bağlıdır. Türk Dövlətləri Təşkilatı artıq ciddi geosiyasi güc mərkəzinə çevrilməkdədir və Azərbaycan bu təşkilatın ideoloji mərkəzlərindən biri və əsas hərəkətverici qüvvəsidir. Türkiyə və Azərbaycanın razılığı olmadan Ermənistanın bu birliyə yad element kimi daxil olması, ondan faydalanması tam mümkünsüzdür.

Deməli, Astanadakı görüşlərdə nə qədər isti mesajlar verilsə də, Qazaxıstan cəmiyyəti, ziyalıları və siyasi elitası Vətən müharibəsi dövründə və ondan sonrakı antiterror tədbirlərində birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləmişdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda İrəvanın təcavüzkar siyasətini pisləyən qətnamələrə Qazaxıstanın səs verməsi Astananın strateji seçimini və dəyərlər sistemini aydın göstərir.

Ermənistanın Türk dünyasına qarşı onilliklər boyu apardığı nifrət siyasəti, soyqırımı iddiaları üzərindən Türkiyəyə qarşı formalaşdırdığı düşmənçilik və Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər Mərkəzi Asiya xalqlarının yaddaşından silinməyib. İrəvanın indi dostluq ritorikası ilə çıxış etməsi keçmişdə törədilən əməllərin yaratdığı dərin etimadsızlıq mühitini aradan qaldırmaq üçün yetərli deyil. Məsələyə sırf iqtisadi praqmatizm prizmasından yanaşdıqda belə Ermənistanın Mərkəzi Asiya üçün cəlbediciliyi Azərbaycanla müqayisədə olduqca sönükdür.

Digər tərəfdən, real rəqəmlər və göstəricilər İrəvanın ambisiyalarının nə qədər əsassız olduğunu sübuta yetirir. Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanla ticarət dövriyyəsi milyard dollarlarla ölçülür və hər il artan həndəsi silsilə ilə inkişaf edir. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm investor və strateji tərəfdaşdır. Azərbaycan Dövlət Neft Şirkəti Mərkəzi Asiya yataqlarında pay sahibi olmaq üçün danışıqlar aparır, Qazaxıstan neftini nəql edir, Özbəkistanda neft-kimya komplekslərinin inkişafında iştirak edir. Bakı-Tbilisi-Qars dəmir yolu, genişlənən Ələt Limanı və Bakı Gəmiqayırma Zavodu Mərkəzi Asiya donanmaları üçün gəmilər inşa etmək potensialına malikdir. Ermənistanın isə belə bir iqtisadi potensialı və ya təklif edə biləcəyi strateji layihəsi mövcud deyil.

Ermənistanın IT sektorundakı kiçik uğurlarını qabardaraq da Mərkəzi Asiya bazarına girmək cəhdləri ciddi perspektiv vəd etmir. Çünki Qazaxıstanın Astana Hub və Özbəkistanın IT parkları artıq bu sahədə regional mərkəzə çevrilmək üzrə Ermənistanı qabaqlayıblar. Bundan əlavə, Azərbaycanın yaratdığı investisiya fondları, məsələn, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu real layihələri maliyyələşdirir. Ermənistanın isə nəinki xarici ölkələrə investisiya qoymaq imkanı yoxdur, əksinə, özü xarici yardımlardan və kreditlərdən asılı vəziyyətdədir. Belə bir iqtisadi asimmetriya fonunda Mərkəzi Asiya dövlətlərinin Ermənistan naminə Azərbaycanla münasibətləri riskə atması və ya Bakının maraqlarını görməzdən gəlməsi iqtisadi baxımdan izahı olmayan bir addım olardı.

Ermənistanın Mərkəzi Asiyaya yönəlməsinin arxasında dayanan daha bir mühüm faktor qlobal geosiyasi qarşıdurmadır. Qərbin, xüsusən də ABŞ və Avropa İttifaqının Mərkəzi Asiyaya artan marağı fonunda Ermənistan özünü Qərbin regiondakı demokratik tərəfdaşı və ya bələdçisi kimi təqdim etməyə çalışır. Paşinyan hökuməti Qazaxıstan səfəri ilə həm də Qərbə Rusiyanın orbitindən çıxıb Mərkəzi Asiya ilə müstəqil əlaqələr qurduğu mesajını vermək istəyir. Lakin bu yanaşma Mərkəzi Asiya liderlərinin siyasi fəlsəfəsinə və regionun reallıqlarına ziddir. Mərkəzi Asiya dövlətləri, xüsusən də Qazaxıstan və Özbəkistan balanslaşdırılmış, çoxvektorlu siyasət yürüdürlər və regionun Rusiya ilə Qərb arasında qarşıdurma poliqonuna çevrilməsini qətiyyən arzulamırlar. Onlar üçün prioritet sabitlik, təhlükəsizlik və iqtisadi inkişafdır.

Bəli, Azərbaycanın Cənubi Qafqazda təmin etdiyi sabitlik, müstəqil xarici siyasət kursu və Qoşulmama Hərəkatı çərçivəsində nümayiş etdirdiyi qlobal liderlik Mərkəzi Asiya ölkələri üçün daha cəlbedici və etibarlı modeldir. Ölkəmiz Qərblə də, Rusiya ilə də, Çinlə də bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurur. Ermənistan isə xarici siyasətindəki yırğalanmaları, bir qütbdən digərinə kəskin keçidləri ilə etibarsız və proqnozlaşdırıla bilinməyən tərəfdaş kimi xarakterizə edilir.

Həmçinin COP29-a ev sahibliyi edən Azərbaycan qlobal iqlim dəyişmələri, “yaşıl enerji” keçidi və dayanıqlı inkişaf məsələlərində Mərkəzi Asiya ilə eyni dalğada hərəkət edir. Xəzər-Qara Dəniz-Avropa “yaşıl enerji” dəhlizi layihəsi Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutur və bu qlobal layihədə Ermənistanın yeri yoxdur. Metsamor Atom Elektrik Stansiyasının yaratdığı ekoloji təhdidlər və Ermənistanın dağ-mədən sənayesinin Araz çayını və regionun ekologiyasını zəhərləməsi İrəvanı yaşıl gündəlikdə tərəfdaş deyil, problem mənbəyi kimi göstərir.

Bütün təhlillər son nəticədə bir nöqtədə kəsişir və bu, Zəngəzur dəhlizidir. Ermənistanın Mərkəzi Asiya ilə, dolayısı ilə Şərqlə Qərbi birləşdirən böyük İpək Yolu ilə real inteqrasiyası yalnız bu dəhlizin açılmasından keçir. Azərbaycan Naxçıvanla quru əlaqəsini təmin edən bu dəhlizin açılmasını 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının əsas şərtlərindən biri kimi tələb edir. İrəvanın suverenlik bəhanəsi ilə bu öhdəlikdən yayınması isə, əslində, onun özünü blokadada saxlaması deməkdir. Mərkəzi Asiya ölkələri də Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar, çünki bu, Orta dəhlizin ən qısa və səmərəli qolu olacaq.

Paşinyan Qazaxıstanda nəqliyyatdan danışarkən Zəngəzur dəhlizi ifadəsini işlətməkdən çəkinsə də, həm Tokayev, həm də digər regional liderlər yaxşı bilirlər ki, səmərəli nəqliyyat əlaqəsi məhz bu marşrutdan keçir. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmağa davam edərsə, Azərbaycan İran üzərindən alternativ marşrutu reallaşdıracaq və ya Gürcüstan marşrutunu daha da genişləndirəcək ki, bu halda Ermənistan yenə də oyundankənar vəziyyətdə qalacaq. Yəni Mərkəzi Asiya yükləri isə ondan yan keçərək dünyaya çıxacaq. Zaman Ermənistanın əleyhinə işləyir və Astanada alınan mükafat dəmir yolunun olmamasını kompensasiya etmək iqtidarında deyil.

Ümumiləşdirərək qeyd etmək lazımdır ki, Paşinyanın Qazaxıstan səfəri və aldığı ali mükafat geosiyasi teatrın maraqlı, lakin həlledici olmayan epizodudur. Bu hadisə Ermənistanın regional təcrid vəziyyətindən çıxmaq üçün göstərdiyi ümidsiz və sistemsiz cəhdlərin bir hissəsidir. Qazaxıstanın jesti isə həm diplomatik nəzakət, həm də İrəvanı konstruktiv məcraya yönəltmək üçün atılmış strateji addımdır. Lakin Mərkəzi Asiyanın qapıları Azərbaycansız açılmayacaq və tarixi, mədəni, iqtisadi və hərbi-siyasi reallıqlar sübut edir ki, ölkəmiz regionun əsas qapısı və açar dövlətidir.

Ermənistanın Böyük Avrasiya ailəsinin, o cümlədən Mərkəzi Asiya inteqrasiyasının bərabərhüquqlu üzvü olmaq arzusu yalnız bir halda reallaşa bilər ki, rəsmi İrəvan öz destruktiv, revanşist və işğalçı keçmişindən tamamilə imtina etsin, Azərbaycanla sülh müqaviləsini imzalasın, ərazi iddialarını konstitusiyasından çıxarsın və Zəngəzur dəhlizini maneəsiz istifadəyə versin.

Bir daha deyək ki, Azərbaycanın icazəsi və razılığı olmadan Cənubi Qafqaz üzərindən Mərkəzi Asiyaya gedən heç bir yol Ermənistan üçün açıq olmayacaq ki, bu da sadəcə, Bakının siyasi iradəsi deyil, regionun təhlükəsizlik arxitekturasının və iqtisadi məntiqinin təməl prinsipidir. Mərkəzi Asiya ilə Azərbaycan arasındakı qardaşlıq və strateji tərəfdaşlıq sınaqlardan çıxmış sarsılmaz bir qaladır və Ermənistanın bu qalaya daxil olması üçün səmimi qonşu olmağı öyrənməsi şərtdir. Əks təqdirdə, Paşinyanın səfəri tarixin arxivində növbəti uğursuz diplomatik turist səfəri kimi qalacaq, Azərbaycan isə hər bir halda Avrasiyanın mərkəzində yeni güc və inkişaf dastanını yazmağa davam edəcək.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see568

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see293

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see202

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri