DİQQƏT: Banan yeyənlər ZƏHƏRLƏNİR? AÇIQLAMA
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Son günlər marketlərdə satılan bananlarla bağlı şikayətlər artır. Son iki gündə iki nəfərin marketdən aldığı banandan zəhərləndiyi bildirilir.
"Bakupost"a müraciət edən S. Musayeva bildirib ki, həmişə alış-veriş etdiyi marketdən aldığı bananı birinci gün yedikdən sonra ürəkbulanma hiss edib. Növbəti gün həmin banandan yenidən yeyib və bu dəfə qusub. Onun sözlərinə görə, qusuntu zamanı mədəsindən banan parçaları çıxıb.
Məsələ ilə bağlı “Bakupost”a danışan qida eksperti İlkin Şirinov bildirib ki, banandan zəhərlənmə faktının təsdiqlənməsi üçün ilk növbədə laborator analizlərin nəticələri və tibbi müayinənin rəyi olmalıdır. O qeyd edib ki, Azərbaycana idxal olunan bananların böyük hissəsi Ekvadordan gətirilir:

“Bananlar ölkəyə yetişməmiş, yaşıl formada gətirilir və xüsusi anbarlarda qaz vasitəsilə yetişdirilir. Daha sonra satışa çıxarılır. Banan yetişdirilərkən bitki mühafizə vasitələrindən istifadə oluna bilər. Bu maddələrin qalıqları məhsulda qala bilər. Əgər onların miqdarı müəyyən edilmiş maksimum qalıq həddini aşarsa, sağlamlıq üçün risk yarana bilər.
Bəzən bananın rənginin qaralmasını onun tərkibində təhlükəli maddələrin olması ilə əlaqələndirirlər. Lakin bu, özlüyündə belə bir nəticəyə gəlmək üçün əsas deyil.Bananın üzərində ləkələrin olması və ya iç hissəsinin fərqli görünməsi pestisid qalıqlarının normadan artıq olduğunu sübut etmir. Burada laborator analizlərin nəticələri vacibdir. Eyni zamanda, məhsulun istehsalı, daşınması və saxlanması zamanı qida təhlükəsizliyi baxımından çirklənmə ehtimalı da nəzərdən keçirilməlidir. İdxal olunan bananlarda bitki mühafizə vasitələrinin qalıqları və məhsulun təhlükəsizlik göstəricilərinin necə yoxlanılması araşdırılmalıdır”.
İ.Şirinov bildirib ki, bananın yetişdirilməsi zamanı istifadə olunan etilen qazı özlüyündə zəhərlənmə səbəbi hesab edilə bilməz:
“Bananlar, adətən, tam yetişməmiş halda yığılır və xüsusi anbarlarda etilen qazının köməyi ilə yetişdirilir. Etilen bitkilərin təbii yetişmə prosesində iştirak edən qazdır. Düzgün tətbiq edildikdə, onun istifadəsi özlüyündə təhlükə yaratmır. Əsas məsələ yetişmə prosesinin hansı şəraitdə aparılması, istifadə olunan maddələrin müvafiq tələblərə cavab verib-verməməsi və məhsulun başqa kimyəvi maddələrlə çirklənmə ehtimalıdır. Əgər qadağan olunmuş maddələrdən istifadə edilibsə və ya məhsul emal zamanı təhlükəli maddələrlə çirklənibsə, bu, sağlamlıq üçün risk yarada bilər.
Bananın içərisində baş verən dəyişiklikləri birbaşa zəhərlənmə ilə əlaqələndirmək də düzgün deyil. Bu, saxlama şəraiti ilə də bağlı ola bilər. Yetişmə prosesindəki pozuntular da məhsulun daxili quruluşuna təsir göstərə bilər. Ancaq bu əlamətlər əsasında zəhərlənmə səbəbini müəyyənləşdirmək mümkün deyil".
Ekspertin sözlərinə görə, məhsulda mikrobioloji çirklənmə ehtimalı və zərərçəkənlərin başqa xəstəliklərinin olub-olmaması da araşdırılmalıdır:
"Banan geniş istehlak olunan meyvədir. Buna görə də onun daşınması və saxlanması zamanı təhlükəsizlik tələblərinə əməl edilməsi vacibdir. Əgər zəhərlənmənin həqiqətən banandan qaynaqlandığı təsdiqlənərsə, məhsulun yetişdirilməsi, daşınması, saxlanması və ya satış mərhələsindəki mümkün pozuntular araşdırılmalıdır. Bir daha qeyd edirəm ki, banandan zəhərlənmə faktını təsdiqləmək üçün laborator analizlərin nəticələri əsas götürülməlidir".
Lalə, Bakupost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 23 Oktyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















