DİQQƏT: Zəngəzur dəhlizi açılır? MÜSAHİBƏ
Sia Az-dan alınan məlumata görə, Icma.az xəbər verir DİQQƏT: Zəngəzur dəhlizi açılır? MÜSAHİBƏ.
Milli Məclisin deputatı Azay Quliyevin SİA-ya müsahibəsini təqdim edirik:
- Rusiya-Azərbaycan arasındakı münasibətlər bir qədər gərgin hal alıb. Sizcə, bu proseslər nə vaxta qədər belə davam edəcək və çıxış yolunu nədə görürsünüz?
- Biz bu barədə son iki aya yaxındır ki, müxtəlif mətbuat vasitələri ilə fikirlərimizi bildiririk, bu barədə dövlətin yanaşması aydındır. Bir məsələ hamı üçün aydın olmalıdır ki, bugünkü vəziyyətin yaranmasında Azərbaycan heç bir məsuliyyət daşımır. Sadəcə ona görə ki, məhz dekabrın 25-də təyyarəmizə açıq-aşkar hücum edildi. Başa düşürük ki, Ukraynanın dronlarının neytrallaşması üçün müəyyən əməliyyatlar aparılıb. Buna baxmayaraq hadisələr onu göstərdi ki, aparılan əməliyyatlar qeyri-peşəkar aparılıb. Azərbaycan təyyarəsi vurulandan 8 dəqiqə sonra Rusiyanın Qroznı üzərində hava məkanı bağlanıb, pilotlara bu barədə məlumat verilməyib. Nəticədə Azərbaycan təyyarəsinə iki dəfə atəş açılıb. Bütün naviqasiya sistemi sıradan çıxıb. Bütün faktlar ortadadır. Təəccüblüdür ki, bütün faktlar ortada ola-ola Rusiya sivil qaydada məsələlərə yanaşmadı. Düzdür, Rusiya prezidenti cənab Prezidentdən üzr istədi, amma detallı şəkildə deyildi. Biz deyirdik ki, məsuliyyəti üzərinizə götürün, etiraf edin ki, təyyarə vurulub. Qazaxıstanın son hesabatındakı izahatda da bu, aydın şəkildə özünü göstərir. Hətta raketin qalıqları da tapılıb, bunu ekspertiza sübut edib. Amma təəssüflər olsun ki, Rusiya təkzib siyasətini həyata keçirməyə, Azərbaycana qarşı qarayaxma kampaniyası başladı. Demək istəyirəm ki, bütün bunların səbəbkarı Rusiyadır, Azərbaycan deyil. Ümumiyyətlə, Azərbaycan qonşuları ilə, heç kimlə münasibətlərinin korlanmasını istəmir. Amma kimsə Azərbaycanın maraqlarını nəzərə almırsa, ona qarşı hörmətsizlik edirsə, onun legitim tələblərini görməzdən gəlirsə, buna adekvat cavab verilir və veriləcək. Dünyada elə bir ölkə yoxdur ki, Azərbaycanla belə hörmətsiz rəftar etsin. Bunu tarix sübut edir. Çıxış yolu çox sadədir. Rusiya Azərbaycanın tələblərini qəbul etməlidir. Həm zərərçəkənlərə, həm həyatını itirənlərin ailələrinə kompensasiya ödəməlidir. Həm də Azərbaycana dəymiş zərər ödənilməlidir. Bu cinayəti törədənlərin adları da, rütbələri də məlumdur. Cinayəti törədənlər cəzalandırılmalıdır. Əslində bunun çox sadə yolu var. Bu olmasa, biz beynəlxalq ədalət məhkəməsinə müraciət edib haqqı, ədaləti beynəlxalq məhkəmə vasitəsilə əldə edəcəyik. Bunun ikinci alternativi yoxdur. Düşünürük ki, gec deyil, gec-tez həll olunmalıdır.
- Rusiyanın bu davranışlarının kökündə nə dayanır, nəyə nail olmaq istəyir, niyə inadkarlıq edir? Bu inadkarlıqla başlıca tələbi nədir?
- Rusiya iki səbəbdən belə davranır. Birinci, Rusiyanın imperialist keçmişi müttəfiq ölkələrə, təəssüflər olsun ki, yuxarıdan aşağı baxmaq yanaşması var. Bu, imkan vermir ki, Rusiya öz qonşuları ilə, ətraf ölkələrlə daha normal, bərabərhüquqlu münasibətlərini qursun. Rusiya bu imperialist, şovinist yanaşmadan əl çəkməlidir. Çünki, bu, Rusiyanın özünə də xeyir vermir. Rusiya haranısa işğal edə bilər, amma bu, ona heç bir üstünlük gətirmir. Çünki daim düşmən mövqeyində olan mühit yarada bilməzsən. İkinci səbəb isə, Rusiya indiyə qədər alışmayıb ki, etdiyi hər hansı səhvə görə üzrxahlıq etsin, günahını boynuna alsın. Məsələn, 2014-cü ildə Malayziya təyyarəsinin Rusiya tərəfindən vurulması real fakt idi. Amma bu hadisəni Ukraynanın üzərinə atdı. Bu cür müxtəlif formalarda məsuliyyətdən yayınmaq Rusiyanın dövlət olaraq şakərinə çevrilib. Üçüncüsü isə dövlətlərin eqo prinsipindən qaynaqlanır. Beynəlxalq hüquq normaları nə qədər ayaqlar altına atılsa da, istinad etdiyimiz normalardan başqa normalar da yoxdur. Qəbul olunmuş konvensiyaya əsasən Rusiya tam məsuliyyət daşıyır. Rusiya gec-tez bunu qəbul edəcək. Başqa həll yolunu görmürəm. Azərbaycan çox səbrlə rahat şəkildə öz mövqeyini müdafiə edib, bundan sonra da edəcəkdir.
- Bu günlərdə Rusiyanın Azərbaycanda casus şəbəkəsinin olduğu da ortaya çıxdı. Hətta onların arasında çinli məmurların adları da var idi. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.
- Rusiyanın cəsus şəbəkəsinin olması məni təəccübləndirmir. Ona görə ki, Rusiyanın bölgədə 200 illik tarixi var. Bu müddət ərzində özünün cəsus şəbəkəsini formalaşdırıb. Bunların qarşısını almaq üçün artıq Azərbaycan kifayət qədər güclü dövlətə çevrilib. Əvvəl bizim Dövlət Təhlükəsizliyi Xidmətində bir çox uğurlu məsələlərimiz olmuşdu, amma indi vəziyyət tamamilə dəyişib. Azərbaycanda Dövlət Təhlükəsizliyi orqanları həm kifayət qədər peşəkarlaşıb, həm də müasir texniki təchizata malikdir. Möhtəşəm qələbəmizdən sonra Azərbaycanda özgüvən var. Cəsusları, hətta xaricdəki cəsusları belə ifşa edib Azərbaycana gətiririk. Onların ədalət məhkəməsi qarşısında cavab vermələrini təmin edirik. Məlumat var ki, "Rus evi"nin əməkdaşları məhz bu məsələlərlə daha çox məşğul olurmuşlar, nəinki ölkələrimiz arasındakı mədəni əlaqələrin qurulması ilə. Baxmayaraq ki, Venesiya konvensiyasına əsasən diplomatik nümayəndəliklər də bununla məşğul ola bilməz, o cümlədən bu cür humanitar layihələri həyata keçirən zaman Azərbaycanın milli maraqları əleyhinə fəaliyyət göstərə bilməzlər. Rəsmi şəkildə araşdırılır, zamanı gələndə, əlbəttə ki, üzə çıxacaq. İstənilən halda "Rus evi"nin bağlanmasının səbəbi bəllidir.
- "Rus evi"nin bağlanmasının ətrafında yaranan ajiotaja səbəb nə idi?
- Biz birinci bilməliyik ki, Azərbaycan hüquqi dövlətdir. Burada fəaliyyət hər bir qurum hüquqa söykənməlidir. İndiyə bağlanmamasının səbəbi isə ikitərəfli münasibətlərdə müəyyən mənada Rusiyaya qarşı jest, qarşılıqlı anlaşma kimi atdığımız addım kimi qəbul edilirdi. Bu qarşılıqlı münasibətlər, jestlər ikitərəfli olmayacaqsa, bunun qalmasına ehtiyac da yoxdur. 2017-ci ildə Dünya Azərbaycanlıları Konqresinin Rusiyada fəaliyyəti dayandırıldı. Biz buna etirazımızı bildirdik, hələ indiyə kimi həll olunmayıb. Bu gün isə belə bir hal varsa, niyə qanunun pozulmasına göz yummalıyıq? Dostluq, qonşuluq münasibətləri qarşılıqlı olmalıdır. Bu kontekstdən yanaşmaq lazımdır. Rusiyada olan reaksiyanı nəzərdə tutursunuzsa, onlar elə bilirdilər ki, Azərbaycan öz prinsipial mövqeyini göstərə bilməz, amma gördülər ki, yanılırlar. Lazım gəlsə, biz bu cür addımlar da ata bilərik. Bu addımları atarkən münasibətlərin bilərəkdən korlanmasını istəmirik. Amma bizə qarşı hörməti də tələb edirik. Olmasa, əlimizdəki imkanlardan istifadə edirik.
- Belə fikirlər var ki, əgər Rusiya prezidenti Vladimir Putin Azərbaycandan üzr istəyərsə, vəziyyət səngiyəcək. Siz bu barədə nə düşünürsünüz?
- Vladimir Putin Azərbaycandan üzr istədi. Biz həm də onun fərqindəyik ki, bu gün Rusiya-Azərbaycan münasibətlərini süni şəkildə pozmaq istəyənlər də var. Biz bunu anlayırıq, üçüncü tərəfin təhriki ilə addım da ata bilmərik. Biz heç vaxt tələb qoymamışıq ki, üzrxahlıq edilməlidir. Bizim tələbimiz öz günahını etiraf etməsidir. Etiraf etməlidir ki, Qroznı üzərində hava məkanını gec bağladılar. 8 dəqiqə sonra bizə dedilər, halbuki 1-2 dəqiqə bizə kifayət idi. Bunu edənlər mütləq şəkildə cəzalanmalıdır. Rusiya, Qazaxıstan vətəndaşları da burada həlak olub. Hesabatın nəticəsi bir ildən sonra bəlli olacaq. İlkin hesabatda, onsuz da, bu, verilib. Cənab Prezident çıxış etdi, həm rus dilində, həm də Azərbaycan dilində bu məsələlərə münasibət bildirdi. Bizim verdiyimiz ilkin versiya Qazaxıstanın yaydığı ilkin hesabatda da öz əksini tapdı. O qədər vizual görüntü var ki, xüsusi komissiyaya da ehtiyac yoxdur. Ona görə də, xüsusi variant da olmadığı üçün deyə bilmərik ki, xüsusi araşdırma lazımdır. Vuran da, vurulan da, aparılan istintaqın nəticəsi də bəllidir. Biz istəmirik ki, məsələ bundan sonra gərginləşsin. Belə davam edərsə, biz münasibətləri beynəlxalq məhkəmədə araşdıracağıq. Heç kim şübhə etməsin ki, ədalət məhkəməsi Azərbaycanın xeyrinə qərar çıxarmayacaq. Çünki faktlar ortadadır. Ona görə də, istərdik ki, məsələ sivil qaydada həllini tapsın.
- Bəzi məlumatlara görə Moskva və bir çox şəhərlərində azərbaycanlı miqrantların deportasiyası, saxlanılması, hətta təcridxanaya salınmaqları ilə bağlı informasiya yer almaqdadır. Bu barədə nə deyə bilərsiniz?
- Bu cür məsələlərdə, məncə, təsdiq olunmuş məlumatlara daha çox üstünlük vermək lazımdır. Mənə də belə bir neçə məlumat daxil oldu. Sonra araşdırdım, gördüm ki, bunlar dezinformasiyadır. Rusiyada yaşayan azərbaycanlıların təşkilatının da bir açıqlamasına rast gəldim. Gördüm ki, bununla bağlı fakt yoxdur. Fakt yoxdursa, bunu şərh etməyimiz düzgün deyil. Əgər fakt varsa, əlbəttə ki, biz bunu birmənalı şəkildə pisləməliyik. Əgər kiməsə qarşı dini, irqi ayrıseçkiliklə amansızlıq göstərilirsə, bu, bizim vətəndaşımız olacağı təqdirdə biz də buna səssiz qalmayacağıq. Azərbaycan dövləti dünyanın harasında olmasından asılı olmayaraq öz vətəndaşlarının arxasındadır və onların haqlarını müdafiə edir və buna qadirdir. Bu yaxınlarda İranda həbs olunan vətəndaşımızın geri qaytarılması onu göstərdi ki, Azərbaycan öz vətəndaşlarına qarşı həmişə həssas olub. Cənab Prezident 2003-cü ildə bəyanatında demişdi ki, hər bir azərbaycanlının Prezidenti olacam. Bunu praktikada da sübut edib. Ona görə də, bu məsələlərdə dəqiq araşdırma aparmalıyıq. Ola bilsin ki, kimsə bunu körükləyir, yalan məlumatlar verməklə həssas məsələlərə toxunur. Ancaq emosional məsələyə toxunmaq lazım deyil, əgər kimsə Azərbaycanda ictimai rəyi öyrənmək istəyirsə, dezinformasiyaya ehtiyac yoxdur. İctimai rəy, ümumi yanaşma ondan ibarətdir ki, dövlətimiz haqlıdır. Dezinformasiya həmişə olub və olacaq. Vətən müharibəsində və ondan sonra Azərbaycan xalqı, dövləti, Prezidenti arasında elə bir birlik yarandı ki, bunu heç kim poza bilməz. İndi də bu var və davam edir. Hətta Azərbaycanda siyasi həmrəyliyin səviyyəsi də ən yüksək səviyyədədir. Ona görə də, harada ki, Azərbaycanın milli maraqları müzakirə obyektidir, onda bizim mövqeyimiz ondan ibarətdir ki, biz dövlətimizin yanındayıq. Əgər dövlətə, vətəndaşlara qarşı hər hansı bir təhdid olacaqsa, Azərbaycan xalq, millət, dövlət olaraq ona qarşı mübarizə aparacaq. Azərbaycan imkan verməyəcək ki, kimsə bizi hər hansı formada təhdid etsin, miqrant adı altında azərbaycanlılara həqarət etsin. Təbii ki, buna imkan verilməyəcək. O ki qaldı qanuna, hər bir ölkənin öz daxili qanunları var, daxili işlərə qarışa bilmərik. Bizim yanaşmamız belə olub ki, hər bir ölkədə yaşayan azərbaycanlılar da yerli qanunlara riayət etməlidirlər. Necə ki, Azərbaycan da eyni qanunu Azərbaycanda yaşayan hər bir insandan irqindən, dinindən asılı olmayaraq tələb edir. Biz buna hörmətlə yanaşırıq.

