Doktorantlar elm dalınca niyə getmir?
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Azərbaycanda elmi kadr hazırlığı və elmi fəaliyyət sahəsində müəyyən problemlər uzun müddətdir müzakirə olunur.
Xüsusilə doktorantura mərhələsində təhsil alan şəxslərin elmi fəaliyyətlərini davam etdirməsi və dissertasiya müdafiəsinə çatması məsələsi diqqət çəkir. Statistik göstəricilər isə bu sahədə ciddi fərqin olduğunu göstərir.
2025-ci ilin statistikası göstərir ki, doktoranturanı bitirən 707 nəfərdən yalnız 59-u dissertasiya müdafiə edib. Beləliklə, 648 nəfərin, yaxud məzunların 91,7 faizinin doktoranturanı dissertasiya müdafiəsi olmadan başa vurduğu qeydə alınıb.
Doktorantura mərhələsini başa vurmaqla dissertasiya müdafiəsi arasında belə böyük fərqin yaranmasının əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında təhsil eksperti Afərim Seyidova bildirib ki, son dövlət doktoranturasını bitirənlərlə dissertasiya müdafiə edənlər arasındakı ciddi fərq elmi kadr hazırlığında müəyyən problemlərin olduğunu göstərir:
“Bu göstərici hazırda elmi kadr hazırlığı sistemində nəticəyönümlülük baxımından problemlərin mövcudluğuna diqqət çəkir. Bəzən düşünülür ki, doktorantın fəaliyyəti yalnız tədqiqat aparmaqla məhdudlaşır. Halbuki doktorantura təhsilinin müxtəlif mərhələləri, elmi seminarlar, tədqiqatın təqdim olunması, görülən işlərin qiymətləndirilməsi və dissertasiyanın müdafiəsinə qədər olan prosesin bütün mərhələləri bir-biri ilə əlaqəlidir. Xarici ölkələrin təcrübəsində də doktorantların tədqiqat fəaliyyətinə, elmi işlərinin keyfiyyətinə və əldə etdikləri nəticələrə ciddi tələblər qoyulur.
Əgər şəxs doktorantura mərhələsini başa vurduğu halda dissertasiyasını müdafiə edə bilmirsə, burada nəticəyönümlülük prinsipinin pozulmasından danışmaq mümkündür. Kurikulum nəticəyönümlü təhsili nəzərdə tutursa, doktorantura da təhsilin bir pilləsi olduğu üçün bu prinsipə uyğun qurulmalıdır. Burada əsas məsələ doktoranturanı neçə nəfərin bitirməsi deyil, həmin şəxslərin real elmi nəticə əldə etməsidir.
Doktoranturanın qəbulundan dissertasiyanın müdafiəsinə qədər olan müddətdə doktorantın hansı işləri gördüyü, tədqiqat prosesində nə qədər intensiv çalışdığı və hansı nəticələr əldə etdiyi əsas göstəricilərdən biri olmalıdır. Sənədləşmə və digər prosedurlar səbəbindən doktoranturanı bitirməklə dissertasiya müdafiəsinin eyni vaxtda baş verməməsi mümkündür. Lakin əsas diqqət bu müddət ərzində doktorantın elmə nə verdiyinə yönəlməlidir".
Onun sözlərinə görə, burada əsas məsələ kəmiyyət deyil, keyfiyyətdir:
“Doktoranturanı bitirən şəxsin əldə etdiyi uğur, elmi yenilik, elmə verdiyi töhfə, tədqiqatının plagiatdan uzaq olması və müdafiəyə qədər hansı işləri həyata keçirməsi qiymətləndirilməlidir. Əsas məqsəd real nəticəni görmək və doktoranturanın elmə hansı töhfəni verdiyini müəyyənləşdirməkdir. Eyni zamanda, yaranmış problemlərin yalnız doktorantın mənfi xüsusiyyətləri ilə əlaqələndirilməsi düzgün olmazdı.
Dissertasiya mövzusu seçildiyi andan etibarən elmi rəhbərin də bu prosesdə mühüm rolu var. Ola bilər ki, müəyyən hallarda elmi rəhbər doktoranta lazımi dəstəyi göstərməyib, tədqiqat mərhələsində onun fəaliyyəti vaxtında qiymətləndirilməyib və ya qarşılaşdığı problemlərin həllində ona kifayət qədər kömək edilməyib. Bu amillər də prosesin uzanmasına səbəb ola bilər”.
Ekspert qeyd edib ki, məsələnin psixoloji və sosial tərəfi də nəzərə alınmalıdır:
“Doktorantura müddətinin uzanması gənclər üçün müəyyən maddi və mənəvi çətinliklər yarada bilər. Maddi dəstəyin kifayət qədər olmaması, uzunmüddətli tədqiqat prosesinin yaratdığı yük və gələcəklə bağlı qeyri-müəyyənlik gənclərin motivasiyasına təsir göstərə bilər. Eyni zamanda, gənclərin xaricə üz tutması və orada daha yaxşı iş, əməkhaqqı və inkişaf imkanlarının olduğunu düşünməsi də elmi kadr hazırlığında mövcud problemlərin göstəricilərindən biri kimi nəzərdən keçirilməlidir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Doktorantlar Afərim Seyidova
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 05 Oktyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















