Dörd fəsil: Payız Bir rəsmin dedikləri
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin "İncəsənət və dizayn" fənn birləşmə komissiyasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Qabaqcıl təhsil işçisi" Rəsmiyyə Mahmudovadır. Müsahibimizlə məşhur fransız rəssamı Pol Sezanın "Dörd fəsil: Payız" əsərindən danışmışıq.
Sezanın yaradıcılığı ilkin mərhələdə romantizm və realizmin təsiri altında formalaşıb. Bu dövrün əsərlərində tünd rənglər, emosional ifadə və güclü fırça vuruşları diqqəti cəlb edir. Sonralar rəssam impressionistlərlə əlaqə qurub, xüsusilə Kamil Pissarronun təsiri ilə təbiəti müşahidə etməyə və açıq havada işləməyə başlayıb. 1874-cü ildə impressionistlərin ilk sərgisində iştirak etsə də, Sezanın sənət axtarışları bu cərəyanın prinsipləri ilə məhdudlaşmayıb. O, ani işıq və rəng təəssüratlarından daha çox, əşyaların daxili quruluşunu, həndəsi formasını və məkandakı münasibətlərini araşdırmağa çalışıb.
Pol Sezanın sənət tarixindəki əhəmiyyəti təsviri sənətin inkişafına yeni istiqamət verməsi ilə bağlıdır. Onun forma, rəng və məkan münasibətlərinə əsaslanan prinsipləri Pablo Pikasso, Jorj Brak və başqa modernist rəssamların yaradıcılığına təsir göstərib, kubizmin formalaşmasına zəmin yaradıb. Buna görə də Sezan çox vaxt "modern incəsənətin atası" adlandırılır.
- Bu əsər Sezan yaradıcılığının hansı dövrünə təsadüf edir?
- Pol Sezanın "Dörd fəsil: Payız" əsəri rəssamın erkən yaradıcılıq mərhələsinə aiddir və onun ilkin bədii axtarışlarını, klassik incəsənət ənənələrinə münasibətini əks etdirir. Əsər 1860-1861-ci illərdə yaradılmış "Dörd fəsil" dekorativ kompozisiyalar silsiləsinin bir hissəsidir. Silsiləyə "Bahar", "Yay", "Payız" və "Qış" mövzularını əks etdirən dörd monumental panel daxil idi.
Əsərlərin yaradılması Sezan ailəsinin Eks-an-Provans yaxınlığındakı Jas de Bouffan malikanəsi ilə bağlıdır. 1859-cu ildə rəssamın atası Lui-Ogüst Sezan bu mülkü satın almışdı. Malikanənin böyük salonunun divarlarını bəzəmək üçün Sezan dörd fəsli alleqorik obrazlarla təqdim edən kompozisiyalar yaratmağa başlayıb. Əsərlər əvvəlcə birbaşa divar səthinə çəkilib, sonradan divarlardan ayrılaraq kətan üzərinə köçürülüb.
"Payız" əsərində rəssam fəsli qadın obrazı vasitəsilə alleqorik şəkildə təqdim edir. Qadının başı üzərində tutduğu meyvə səbəti payızın məhsuldarlığını, təbiətin bolluğunu və bərəkəti simvolizə edir. Bu təsvir qədim incəsənətdəki bolluq və bərəkət rəmzlərini də xatırladır.
Əsərin yaradıldığı dövrdə Sezanın fərdi üslubu hələ tam formalaşmamışdı. Erkən yaradıcılığında klassik rəngkarlıq, xüsusilə neoklassisizm ənənələrinin təsiri hiss olunur. "Dörd fəsil" silsiləsində rəssam fransız klassik rəssamı Jan-Oqüst-Dominik Enqrin (Jean-Auguste-Dominique Ingres) üslubuna yaxınlaşmağa çalışıb, fiqurların idealizə edilmiş təsvirinə, hamar rəng səthlərinə və dekorativ kompozisiyaya üstünlük verib.
Maraqlı məqamlardan biri də Sezanın əsərdə öz imzasını "Ingres" şəklində qeyd etməsidir. Bu, onun Enqrin sənətinə marağını və klassik rəssamlıq ənənələri ilə əlaqəsini göstərir. Eyni zamanda, rəssamın erkən yaradıcılığındakı üslubi axtarışları və müəyyən təqlid elementlərini də üzə çıxarır.
"Dörd fəsil" silsiləsi Sezanın erkən yaradıcılığında mühüm yer tutur. Bu əsərlər onun monumental kompozisiya qurmaq, insan fiqurunu dekorativ mühitlə əlaqələndirmək və alleqorik məzmunu vizual vasitələrlə ifadə etmək bacarığını nümayiş etdirir. Sonrakı illərdə forma, rəng və məkan münasibətlərinə əsaslanan fərdi üslubu inkişaf etsə də, bu panellər rəssamın bədii təfəkkürünün formalaşmasında əhəmiyyətli rol oynayıb.
Jas de Bouffan malikanəsi 1899-cu ildə satıldıqdan sonra dekorativ panellər müxtəlif şəxslərin mülkiyyətinə keçib. Sonralar divarlardan ayrılaraq kətan üzərində qorunan əsərlər kolleksiyaçı Ambroaz Volların (Ambroise Vollard) mülkiyyətində olub. 1950-ci ildə Volların varislərindən alınan "Dörd fəsil" silsiləsi Parisdəki Petit Palais muzeyinin kolleksiyasına daxil edilib.
- Əsərin kompozisiya həlli necədir?
- Pol Sezanın "Dörd fəsil: Payız" əsəri monumental kompozisiyası, fiqurun şaquli istiqamətdə yerləşdirilməsi və dekorativ elementlərin harmoniyası ilə diqqəti cəlb edir. Uzununa düzbucaqlı format qadın fiqurunun tam boy təsvirinə imkan yaradır, kompozisiyanın şaquli inkişafını gücləndirir. Rəssam əsas obrazı mərkəzi ox üzərində yerləşdirərək təsvirin bütövlüyünü və sabitliyini təmin edib.
Kompozisiyanın əsasını başı üzərində meyvə səbəti tutan qadın fiquru təşkil edir. Qadının qollarını yuxarı qaldırması səbət, baş və qollar arasında vizual əlaqə yaradır, kompozisiyanın yuxarı hissəsini formalaşdırır. Qolların açılması və səbətin geniş forması üçbucaqvari quruluş yaradır. Bu quruluş bədənin aşağıya doğru uzanan silueti ilə birlikdə təsvirin tarazlığını təmin edir.
Qadının geyimi də kompozisiyanın quruluşunda mühüm rol oynayır. Tünd göy üst geyimlə açıq rəngli uzun ətək arasındakı kontrast fiquru daha aydın göstərir. Ətəyin geniş, şaquli istiqamətdə uzanan forması kompozisiyanın aşağı hissəsində sabitlik yaradır, geyimin qırışları isə fiqura plastik ifadəlilik və ritm verir.
Arxa plandakı təbiət mənzərəsi əsas fiquru tamamlayan dekorativ elementdir. Göy səma, yumşaq formalı buludlar və aşağı hissədəki dağlıq mənzərə qadın obrazının ətrafında harmonik mühit yaradır. Arxa planın sadələşdirilmiş quruluşu fiqurun diqqət mərkəzində qalmasına imkan verir. Üfüqi istiqamətdə qurulmuş mənzərə qadın fiqurunun şaquli kompozisiyası ilə kontrast yaradaraq vizual tarazlığı gücləndirir.
Fiqurun ön planda, təbiət mənzərəsinin isə arxa planda yerləşdirilməsi qadın obrazının monumentallığını artırır və onun alleqorik məzmununu önə çəkir. Qadının qollarının yuxarı açılması, bədəninin mərkəzi ox üzərində yerləşməsi kompozisiyaya sabitlik verir. Meyvə səbətinin müxtəlif formaları, geyimin qırışları və təbiət elementləri isə təsvirə ritm və dekorativ zənginlik gətirir.
- Rəng həlli haqqında nə deyə bilərsiniz?
- "Dörd fəsil: Payız" əsərinin rəng həlli onun dekorativ xarakterini və alleqorik məzmununu müəyyənləşdirən əsas vasitələrdəndir. Sezan mavi, çəhrayı, sarımtıl-oxra, qəhvəyi, yaşıl və ağ rənglərin müxtəlif çalarlarından istifadə edərək qadın fiqurunu təbiət mənzərəsi ilə əlaqələndirib, payızın xarakterik xüsusiyyətlərini poetik şəkildə ifadə edib.
Mavi rəng əsərdə mühüm kompozisiya və koloristik əhəmiyyət daşıyır. Səmanın geniş sahəsini əhatə edən açıq mavi çalarlar təsvirə sakitlik və genişlik hissi verir. Qadının üst geyimindəki tünd mavi rəng isə fiqurun arxa plandan seçilməsini təmin edir. Bu iki çalar arasındakı kontrast əsas obrazı ön plana çıxarır.
Ağ və açıq krem rəngləri qadının uzun ətəyində üstünlük təşkil edir. Ətəyin səthindəki incə kölgələr və şaquli rəng keçidləri geyimin plastik xüsusiyyətlərini ifadə edir. Açıq rənglər fiqurun aşağı hissəsinə vizual yüngüllük verir, qadın obrazının idealizə edilmiş klassik xarakterini gücləndirir.
Çəhrayı və solğun narıncı rənglər arxa plandakı buludlarda və üfüqə yaxın sahələrdə müşahidə olunur. Bu çalarlar səmanın mavi tonları ilə yumşaq keçid yaradaraq təsvirin koloristik harmoniyasını təmin edir, əsərə poetik və romantik ovqat gətirir.
Meyvə səbətindəki qırmızı, narıncı, sarı və yaşıl rənglər kompozisiyanın ən zəngin koloristik hissəsini təşkil edir. Onlar meyvələrin müxtəlifliyini, təbiətin məhsuldarlığını ifadə edir. Səbətdəki isti rənglərin qadının tünd mavi geyimi ilə qarşılaşdırılması rəng balansını gücləndirir, payızın bolluq və bərəkət rəmzlərini önə çıxarır.
Arxa plandakı dağlıq mənzərədə yaşıl, boz, qəhvəyi və mavi çalarlar üstünlük təşkil edir. Bu rənglərin nisbətən yumşaq verilməsi məkan dərinliyi yaradır və qadın fiqurunun əsas vizual element kimi qalmasına şərait yaradır.
Əsərin rəng həllində isti və soyuq rənglərin münasibəti xüsusi əhəmiyyət daşıyır. Mavi və göy çalarları soyuq, sarı, narıncı, çəhrayı və qəhvəyi tonlar isə isti rəng qrupunu təmsil edir. İsti rənglərin meyvə səbətində və üfüqdə, soyuq rənglərin isə səma və qadının geyimində cəmləşməsi kompozisiyanın koloristik bütövlüyünü təmin edir.
Sezan rəngdən yalnız təsvir vasitəsi kimi deyil, alleqorik məzmunu ifadə etmək üçün də istifadə edib. Meyvələrin isti və zəngin çalarları payızın məhsuldarlığını, təbiətin bolluğunu və həyatın davamlılığını simvolizə edir. Səmanın mavisi və qadının açıq rəngli ətəyi isə əsərə sakit, harmonik və poetik xarakter verir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- "Dörd fəsil: Payız" əsəri rəssamın erkən yaradıcılığında klassik rəngkarlıq ənənələrinə bağlılığını və dekorativ kompozisiya yaratmaq bacarığını nümayiş etdirir. İlk baxışda sakit və sadə təsir bağışlayan əsərin daxilində zəngin simvolik məna və estetik ifadəlilik var. Sezanın payız fəslini qadın obrazı vasitəsilə təqdim etməsi mənə təbiət, insan və həyat arasındakı harmoniyanı xatırladır.
Məni əsərdə ən çox cəlb edən məqam qadının başı üzərində meyvə səbəti tutmasıdır. Mən bu təsviri payızın məhsuldarlığının, bolluğunun və təbiətin insana bəxş etdiyi nemətlərin simvolu kimi qəbul edirəm. Meyvələrin rəngarəngliyi, qadının sakit duruşu və təbiət mənzərəsinin harmoniyası əsərə xüsusi gözəllik verir. Fiqurun idealizə edilmiş təsviri isə klassik incəsənətin gözəllik və mükəmməllik anlayışları ilə səsləşir.
Rəng həlli də mənim üçün xüsusi əhəmiyyət daşıyır. Mavi səma, tünd göy geyim, açıq rəngli ətək və meyvələrin isti çalarları arasındakı kontrast təsvirin bütövlüyünü təmin edir. Hesab edirəm ki, rəssam rənglər vasitəsilə yalnız payızın təbii xüsusiyyətlərini deyil, onun yaratdığı emosional atmosferi də ifadə etməyə nail olub.
Bu əsər mənə təbiətin hər fəslinin özünəməxsus gözəllik və mənəvi məna daşıdığını xatırladır. Payız yalnız təbiətin dəyişməsi və məhsul yığımı dövrü deyil, həm də həyatın zənginliyini, bolluğunu və davamlılığını ifadə edən mərhələdir. Pol Sezanın bu alleqorik kompozisiyası vasitəsilə təbiətin gözəlliyinə, insanın onunla harmonik münasibətinə və incəsənətin simvolik ifadə imkanlarına daha dərindən nəzər salmaq mümkündür.
Aytac SAHƏD
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 27 Noyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















