Dövlət Neft Fondu Yaxın Şərq və Avstraliya Yeni Zelandiya ölkələrinə investisiyanı artırıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Yaxın Şərq və Avstraliya-Yeni Zelandiya ölkələrinə investisiyaları müvafiq olaraq 1,1 faiz və 0,3 faiz artırıb.
AZƏRTAC ARDNF-nin cari ilin üçüncü rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il oktyabrın 30-na ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 1,4 faizi Yaxın Şərq ölkələri, 1 faizi isə Avstraliya-Yeni Zelandiya ölkələri təşkil edib.
Ötən ilin eyni dövrünə olan məlumata görə isə fondun coğrafi regionlar üzrə təsnifatında müvafiq olaraq həmin ölkələr 0,3 faiz və 0,7 faiz təşkil edib.
Müqayisə olunan dövrdə Dövlət Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Şimali Amerika ölkələrinə investisiyaları 8,3 faiz azalaraq 24,8 faiz, Cənubi Amerika sabit qalaraq 0,1 faiz, Avropa 1 faiz azalaraq 29,1 faiz, Asiya 2,3 faiz azalaraq 8,5 faiz, Afrika 0,08 faiz azalaraq 0,02 faiz, beynəlxalq maliyyə təşkilatları isə 4,8 faiz azalaraq 2,3 faiz təşkil edib.

