“Dövlət rüsumlarının elektron idarəedilməsi (e rüsum)” informasiya sistemi haqqında ƏSASNAMƏ
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il “ 19 ” mart tarixli 87 nömrəli
Qərarı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Sistem rəqəmsal və informasiya-kommunikasiya texnologiyaları vasitəsilə dövlət rüsumu tutan orqanların (qurumların) fəaliyyətini, eləcə də fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqələrin operativ, səmərəli və şəffaf olmasını təmin edir, habelə göstərilən xidmətlərin və saxlanılan məlumatların sistemli və əlçatan olmasına xidmət edir.
1.3. Sistemin tətbiqi dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsini, aidiyyəti orqan (qurum) tərəfindən dövlət rüsumunun hesablanmış daxilolmaları ilə bağlı məlumatların real vaxt rejimində əldə edilməsini, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulunu və həmin müraciətlərə dair aidiyyəti üzrə baxılması prosedurunun səmərəliliyinin artırılmasını, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə nəzarətin və uçotun təşkil olunması proseslərinin rəqəmsallaşdırılmasını və optimallaşdırılmasını, dövlət rüsumu üzrə hesablanmış daxilolmalar barədə hesabatlılığı təmin edir.
1.4. Sistemdə yaradılan, toplanılan və əldə edilən bütün məlumatlar və elektron sənədlər Azərbaycan dövlətinə məxsusdur.
1.5. Fərdi məlumatların Sistemdə toplanılması və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci və 1.3-cü bəndlərində qeyd olunanların təmin edilməsidir. Fərdi məlumatların dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.6. Bu Əsasnamədə istifadə olunan anlayışlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.2-ci bəndində və digər qanunvericilik aktlarında göstərilən mənaları ifadə edir.
1.7. Sistemin sahibi və operatoru Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir.
1.8. Sistemin idarə olunması, inkişafı və fəaliyyəti ilə bağlı xərclər dövlət büdcəsi, qanunla nəzərdə tutulan hallarda xidmət haqqı və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
2. Sistemin texniki-texnoloji infrastrukturu
2.1. Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri.
2.2. Proqram-texniki vasitələr və proqram təminatı, vətəndaş və biznesyönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurulur. Bu yanaşma Sistemin funksiyalarını, etibarlılığını və təhlükəsizliyini təmin etməklə yanaşı, Sistemdən istifadəni və məlumat mübadiləsini də mümkün edir.
2.3. Sistem fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlərin göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. Sistemin qurulma topologiyasına uyğun olaraq telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.4.1. Sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin struktur bölmələri tərəfindən;
2.4.2. Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları, kanalları Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.
2.5. Sistemdə formalaşdırılan, Sistemə daxil edilən və ötürülən məlumatlar Sistemin informasiya ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli Sistemin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Sistem, o cümlədən Sistemdə toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
2.8. Sistemdə aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
3. Sistemin altsistemləri
3.1. Sistem və onun altsistemləri Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
3.2. Sistemin daxilində olan altsistemlər aşağıdakılardır:
3.2.1. bildirişlər altsistemi;
3.2.2. dövlət rüsumları altsistemi;
3.2.3. dövlət rüsumlarının qaytarılması altsistemi.
3.3. Müvafiq sahədə lazımi məlumatların toplanılması və emalını, dövlət informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyasını, monitorinqini və analitik təhlilinin aparılmasını, proqnozların hazırlanması və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsi məqsədilə Sistemin altsistemləri vasitəsilə aşağıdakılar təmin edilir:
3.3.1. bildirişlər altsistemi vasitəsilə – “e-bildiriş”lərin və “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzlərinin (bundan sonra – mədaxil qəbzi) yaradılması və statusların izlənməsi;
3.3.2. dövlət rüsumları altsistemi vasitəsilə – dövlət rüsumlarının idarə olunması və dövlət büdcəsinə düzgün yönləndirilməsi, “e-bildiriş” və mədaxil qəbzləri ilə əlaqədar məlumatların ətraflı izlənilməsi;
3.3.3. dövlət rüsumlarının qaytarılması altsistemi vasitəsilə – dövlət rüsumu tutan orqanlar (qurumlar) tərəfindən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması ilə bağlı təqdim edilən müraciətlərə dair məlumatların qəbulu və həmin müraciətlərə aidiyyəti üzrə baxılması.
4. Sistemə daxil edilən və ötürülən məlumatlar
4.1. Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.2. Sistem ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) Sistemə müvafiq qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.
4.3. Sistemdə formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.
4.4. Dövlət rüsumu tutan orqanlar (qurumlar) tərəfindən Sistemə ötürülən əsas məlumatlar aşağıdakılardır:
4.4.1. dövlət rüsumu tutulan hüquqi hərəkətin və ya xidmətin adı;
4.4.2. ödəniş statusları (ödəniş yaradıldı, ödəniş edildi, ödəniş ləğv edildi, ödəniş geri qaytarıldı və s.);
4.4.3. “e-bildiriş”in ləğv edilməsi ilə bağlı statuslar;
4.4.4. dövlət rüsumu tutan orqanın (qurumun) (tabeliyindəki orqan (qurum) olduqda, həmçinin həmin orqanın (qurumun) adı;
4.4.5. dövlət rüsumu tutan orqanın (qurumun) (tabeliyindəki orqan (qurum) olduqda isə həmin orqanın (qurumun)) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (bundan sonra -VÖEN);
4.4.6. ödəyicinin tipi;
4.4.7. dövlət rüsumu ödəyicisi barədə məlumatlar (fiziki şəxs olduqda: adı, atasının adı, soyadı, qeydiyyatda olduğu ünvan, FİN kodu, telefon nömrəsi (olduğu halda) və vergi ödəyicisi olduğu halda VÖEN-i; hüquqi şəxs olduqda: tam adı, VÖEN-i, hüquqi ünvanı, telefon nömrəsi; əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda: adı, atasının adı, soyadı, müvafiq sərhədkeçmə sənədinin seriya və nömrəsi, telefon nömrəsi (olduğu halda);
4.4.8. bu Əsasnamənin 4.5-ci bəndi nəzərə alınmaqla mədaxil qəbzinin “e-bildiriş”də olmayan məlumatları;
4.4.9. ödənilmiş dövlət rüsumu üzrə dövlət rüsumu ödəyicisinə xidmətin göstərilməsi və ya hüquqi hərəkətin icrası ilə bağlı məlumat;
4.4.10. dövlət informasiya ehtiyatları və sistemində icra prosesi zamanı yer alan digər statuslar.
4.5. Sistem tərəfindən dövlət rüsumu tutan orqanlara (qurumlara) sorğu əsasında ötürülən məlumatlar aşağıdakılardır:
4.5.1. “e-bildiriş”in seriyası və nömrəsi;
4.5.2. dövlət rüsumu tutulan xidmət və ya hüquqi hərəkət üzrə dövlət rüsumunun dərəcəsi nəzərdə tutulan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi və dövlət rüsumunun məbləği;
4.5.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na uyğun büdcə təsnifatı kodu və büdcə səviyyəsinin kodu;
4.5.4. vəsaiti alan xəzinədarlıq orqanı və vəsaiti alan dövlət orqanı barədə məlumatlar;
4.5.5. “e-bildiriş”də olan məlumatları özündə cəmləşdirən QR kod;
4.5.6. mədaxil qəbzinin seriyası və nömrəsi;
4.5.7. mədaxil qəbzində olan məlumatları özündə cəmləşdirən QR kod.
4.6. Sistemə inteqrasiya edən orqanlar (qurumlar) “e-bildiriş”də və mədaxil qəbzində Sistem tərəfindən təqdim olunan məlumat hədlərinin aktuallığını və yenilənməsini təmin etmək üçün ən azı ayda bir dəfə yoxlama aparmalıdırlar.
4.7. “e-bildiriş” məlumatlarında dəyişiklik olduqda, bu barədə məlumat mübadiləsi ilə yenilənmiş məlumatlar digər qurumlara göndərilir.
4.8. Dövlət rüsumu tutan orqanlar (qurumlar) dövlət rüsumu tutulan hər bir xidmət və ya hüquqi hərəkət üzrə “e-bildiriş”i əldə etmək üçün real vaxt rejimində sorğu edirlər.
4.9. “e-bildiriş” əldə edilmədən dövlət rüsumunun tutulmasına icazə verilmir.
4.10. Artıq ödənilmiş və ya səhv tutulan dövlət rüsumları ilə bağlı müraciətlər zamanı dövlət rüsumu tutan orqanlar (qurumlar) tərəfindən aşağıdakı məlumatlar ötürülür:
4.10.1. dövlət rüsumu ödəyicisi barədə məlumatlar (fiziki şəxs olduqda: adı, atasının adı, soyadı, qeydiyyatda olduğu ünvan, FİN kodu, telefon nömrəsi (olduğu halda) və vergi ödəyicisi olduğu halda VÖEN-i; hüquqi şəxs olduqda: tam adı, VÖEN-i, hüquqi ünvanı, telefon nömrəsi; əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda adı, soyadı, atasının adı, müvafiq sərhədkeçmə sənədinin seriya və nömrəsi, telefon nömrəsi (olduğu halda);
4.10.2. düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun məbləği, yaranma tarixi, qaytarılma səbəbləri, qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə), “e-bildiriş”in və mədaxil qəbzinin nömrəsi və tarixi.
5. Sistemdən istifadə qaydası
5.1. Sistemin digər dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadəsi həmin informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan dövlət rüsumu tutan orqanların (qurumların) Sistemdən istifadəsi, onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda həmin orqanların (qurumların) rəhbər şəxsi tərəfindən Sistemdə qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq Sistemdən istifadə edirlər.
5.3. Sistem vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə həmin Sistemin rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə, ödənişlərin edilməsi isə elektron informasiya sistemləri vasitəsilə (elektron kabinetdə elektron informasiya sistemlərinə keçid verilməklə) həyata keçirilir
5.4. Sistem vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və digər) istifadəçilərin Sistemin fəaliyyətində iştirakını və onlardan istifadəni, habelə elektron xidmətlərə müraciət edilməni təmin edir. Elektron xidmətlər istifadəçi təcrübəsi və istifadəçiyönümlülüyü nəzərə alınmaqla, xidmət kanalları vasitəsilə təqdim edilir.
6. Sahibin vəzifələri və hüquqları
6.1. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. Sistemin idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. Sistemin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) hallarda isə fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
6.1.3. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin, həmçinin fərdi məlumatların Sistemdə toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
6.1.4. Sistemin təşkili və fəaliyyəti üzrə qiymətləndirilməsini aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra - Nazirlik) şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə Sistemə çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;
6.1.5. Sistemin informasiya təhlükəsizliyini XRİTDX və operator ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirlik ilə birlikdə təmin etmək;
6.1.6. Sistemin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə, həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.7. Sistemə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.8. Sistemə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.9. Sistemin o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;
6.1.10. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
6.1.12. Sistemə çıxışı olan, habelə onların aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.13. aidiyyəti qurumların Sistem ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
6.1.14. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirliklə birlikdə tədbirlər görmək;
6.1.15. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Sistemə daxil etmək;
6.1.16. Sistemdən sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
6.1.17. Sistemdə dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
6.1.18. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
6.2.1. Sistemin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla əməkdaşlıq etmək;
6.2.2. Sistemdən istifadə və onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.2.3. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7. Operatorun vəzifələri və hüquqları
7.1. Operatorun vəzifələri aşağıdakılardır:
7.1.1. Sistemin informasiya təhlükəsizliyini XRİTDX və sahiblə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliklə birlikdə təmin etmək;
7.1.2. Sistemin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə, həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
7.1.3. Sistemə qarşı müdaxilə cəhdləri aşkar etdikdə bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
7.1.4. Sistemin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;
7.1.5. Sistemin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə həmin informasiya ehtiyatlarının və sistemlərinin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;
7.1.6. Sistemin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla, texniki tədbirləri görmək və bu barədə Sistemin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
7.1.7. Sistemdən sərbəst və maneəsiz istifadəni, onların dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Sistemin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi olaraq texniki baxış keçirilməsini təşkil etmək;
7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Sistemə daxil etmək;
7.1.9. Sistemi EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
7.1.10. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.11. Sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik işlər aparmaq;
7.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında Sistemdə dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
7.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
7.1.14. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;
7.1.15. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
7.1.16. Sistemdən istifadəni, habelə onun üzərindən göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi elektron marketlərdə yerləşdirmək (mobil tətbiq olduğu halda);
7.1.17. aidiyyəti qurumların Sistemin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
7.1.18. normativ hüquqi aktlar ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
7.2. Operatorun aşağıdakı hüquqları vardır:
7.2.1. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. Sistemin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.2.3. Sistem ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;
7.2.4. Sistemin parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.2.5. iştirakçılar və istifadəçilər Sistemin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə Sistemə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
7.2.6. normativ hüquqi aktlar ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
8. İştirakçıların vəzifələri və hüquqları
8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
8.1.1. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.1.2. Sistemə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə Sistemə ötürmək, bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
8.1.5. Sistemdən, habelə həmin Sistemdə olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.1.6. Sistemdə saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
8.1.7. sahibin və operatorun Sistemə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
8.1.8. Sistemin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;
8.1.10. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatı və sistemində zəruri dəyişikliklər etmək.
8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
8.2.1. Sistemin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
8.2.2. Sistemin təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
9. İstifadəçilərin hüquqları
9.1. İstifadəçilərin Sistemdən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:
9.1.1. EHİS vasitəsilə Sistemdəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla özləri barədə olan məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahib və ya operatora müraciət etmək;
9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;
9.1.4. sahib, operator, iştirakçılar və digər istifadəçilər ilə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
9.1.5. Sistemin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.1.6. Sistemdən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
9.1.7. normativ hüquqi aktlardan irəli gələn digər hüquqları həyata keçirmək.

