Icma.az
close
up
RU
Dövlətçilikdə varislik xaricdə təhsil SƏRDAR CƏLALOĞLU YAZIR

Dövlətçilikdə varislik xaricdə təhsil SƏRDAR CƏLALOĞLU YAZIR

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təhsil dövlət üçün vətənpərvər, millətsevər, dövlətə, xalqa sədaqətli olan, bu yolda hər cur fədakarlığa hazır vətəndaş, kadr və mütəxəssis hazırlayan təhlükəsizlik sistemidir…

Xalqların siyasi həyatı yaratdığı dövlətlərin vaxtından, ərazisindən, rejimindən, idarəçilik tipindən asılı olmayaraq, yalnız varislik prinsipi ilə vahid siyasi tarixə çevrilir. Bu baxımdan, tarixdə mövcud olmuş dövlətlərimizlə indiki Azərbaycan dövləti arasındakı varislik əlaqələrini aşkarlamaq siyasi tariximizin bir tam kimi öyrənilməsi uçun çox mühüm əhəmiyyət kəsb edir.

Dövlətləri xarakterizə edən əsas faktor dövlətin təhlükəsizlik orqanlarıdır. Politologiya elmində dövlətin beş təhlükəsizlik orqanı müəyyən edilir ki, bunlardan biri və məncə, ən əhəmiyyətlisi təhsildir. Ən ümumi şəkildə təhsil əvvəlki nəsillərin elmi-mədəni, o cümlədən siyasi təcrübəsinin yeni nəsilə ötürülmə vasitəsi kimi təyin oluna bilər. Məhz təcrübənin bu cur ötürülməsi paralel olaraq nəsillərarası mənəvi varisliyin, həm də cəmiyyətin və şəxsiyyətin fasiləsiz yeniləşməsinə xidmət edir. Varisliklə yeniləşmə vəhdətdə xalqa qarşı xarici təsirlərin və tərəqqiyə əngəl olan hər cür təbii və sosial müqavimətin dəf edilməsini təmin edir. Xalq müxtəlif nəsillərin məcmusundan təşkil olunduğundan, təhsil bu nəsilləri bir-birinə bağlayan, onları vəhdətə gətirən sosial faktor kimi çıxış edir.

Təhsilin digər bir funksiyasi insanı cəmiyyətə bağlamaqdan, fərddən şəxsiyyətə çevirməkdən ibarətdir. Cəmiyyət fasiləsiz funksiyalaşdığından, fərdi mövcudluq keçici və məhdud olduğundan, təhsil hər bir fərdin istedad və qabiliyyətlərinin cəmiyyətin uzunömürlülüyünə xidmət etməsini təşkil edir. İnsanlar ölür, amma təhsil onların əldə etdiyi nailiyyətləri yaşadaraq, yeni nəsillərə ötürür. Cəmiyyət təbii faktor kimi təkrarlanan (nəsillər kimi) və sosial faktor kimi təkrarlanmayan (tərəqqi kimi) dəyişilmələrin məcmusu olaraq təzahür etdiyindən, təhsil cəmiyyətin təkrarlanmayan dəyişilmələrini - tərəqqini təmin edir. Təbii dəyişilmələr kortəbii, sosial dəyişilmələr nizamlılıq tələb etdiyindən, təhsil bu dəyişilmələri nizama salan prosesdən ibarətdir.

Təhsil insanı mədəni və elmi şəkildə əhliləşdirən vasitədir. Cəmiyyətlərin mədəni səviyyəsi ilə onların təhsil sistemi arasındakı əlaqə də məhz bununla bağlıdır. Məlumdur ki, xalqlar yalnız oz tarixi təcrübələrinə yox, həm də başqa xalqların - fərqli tarixlərdə və coğrafiyalarda yaşamış xalqların, təcrübəsindən bəhrələnməklə insanlıq tərəqqi edir. Təhsilin bir vəzifəsi də ümum insanlıq təcrübəsini insanlara oyrətməkdən ibarətdir. Amerikan filosofu, proqmatizmin nəhəng nümayəndələrindən olan Conn Dyui “Demokratiya və təhsil” adlı kitabında yazır: “Cəmiyyətin mövcudluğu naminə öyrətmək və öyrənmək o qədər aydındır ki, adama elə gələ bilər, biz açıq qapını sındırmaq istiyirik... Məktəbdə öyrətmə - cəmiyyətin böyüməkdə olan nümayəndələrinin görüşlərinin formalaşmasına az tohfə verməyən təcrübənin ötürülməsinin vacib üsuludur və bu, yalnız üsullardan biri deyil, həm də kifayət qədər başqaları ilə səthi müqayisədə belədir. Daha fundamental və dərin təhsil proseslərinin vacibliyini anlayaraq, biz məktəb təhsilinin ondakı yerini aydın görə bilərik”.

Nəsil problemi hər bir cəmiyyətə xasdır və bu problemin duzgun həlli cəmiyyətin monolitliyini təmin edir. Təcrübə göstərir ki, ilbəil uşaqların imkanları ilə böyüklərin tələbləri arasındakı fərq böyük sürətlə inkişaf edir. Tarixi inkişaf prosesində uşaqların intellektual inkişafının sürəti ilə böyüklərin mövcud olduğu intellektual potensial arasındakı fərq durmadan azalır. Böyüklərin kiçiklərin həyatında proqressiv rolu məktəblərdə təhsilin təşkili ilə bağlıdır. Dyuiyə görə, sosial həyatda təhsilin rolu fizioloji mövcudluq uçun qidanın və nəsilvermənin rolu ilə analogiya təşkil edir.

Təhsil prosesi özünəməxsus sosial ünsiyyət formasıdır, hansı ki, fərdin cəmiyyət həyatındakı sonrakı soasial münasibətləri üçün bazis təşkil edir. Ona görə, məktəb cəmiyyətin məscid və ailə ilə birlikdə üçüncü ən mühüm tərbiyyə vasitəsi kimi çıxış edir. Bütün bunlar qısa da olsa təhsilin fərd, cəmiyyət və dövlət münasibətlərində müstəsna rol oynadığını sübut edir.

Təhsil dövlət üçün - vətənpərvər, millətsevər, dövlətə, xalqa sədaqətli olan, bu yolda hər cur fədakarlığa hazır vətəndaş, kadr və mütəxəssis hazırlayan təhlükəsizlik sistemidir. Məhz buna görədir ki, təhsilə diqqət dövlət təşəkkül tapan andan prioritet təşkil edib. Böyuk İsgəndərin atası çar Flip deyib ki: “Mən fəxr etmirəm ki, İsgəndərin atasıyam. Və onunla da fəxr etmirəm ki, İsgəndər məhz mənim oğlumdur. Onunla fəxr edirəm ki, Aristotel onun müəllimidir”. Bu bir cümlə təhsilin dövlət həyatında nə qədər önəm daşıdığını gostərir. Əmir Teymur da öləndə “məni müəllimim Seyid Bərakənin ayaqları altında dəfn edin”, - deyə vəsiyyət etmişdi.

Təhsil yalnız yüksək ixtisaslı kadrlar hazırlamır, həm də yüksək insani keyfiyyətlərə malik şəxsiyyət formalaşdırır. Bəs insanlarda yüksək kefiyyətlər necə meydana çıxır? Məlum məsələdir ki, hər bir insanda bu və ya başqa istedad və qabiliyyət vardır. Cəmiyyətin problemi həmin istedad və qabiliyyətləri üzə çıxarmaq, onların azad inkişafına zəmin yaratmaqdır. Bu mənada təhsil insanın daxili imkan və potensiallarının qapısını açan, onun bütün potensialını məqsədə doğru səfərbər edən proses kimi meydana çıxır.

Azərbaycan dövlətçilik tarixində təhsilə böyük qiymət verilməsinin sonsuz nümunələri vardır. Tarix boyu hakimiyyətə şahzadələrin hazırlanması zamanı onların təhsilinə xüsusi diqqət edilmişdi. Təhsil yeganə sahədir ki, burada insanın sosial statusu müəyyənedici deyil. Əksinə, təhsil cəmiyyətdə sosial statusun müəyyənedici faktoru kimi çıxış edir. Bu baxımdan, müxtəlif sosial təbəqələr təhsilə həmişə önəm vermişlər. Başqa xalqların tarixi təcrübəsini başqa sosial mühitdə öyrənmək zərurəti xarici təhsil məsələsini aktuallaşdırmışdır. Xarici təhsili zəruri edən faktorlara konkret ixtisas təhsilinin ölkə daxilində verilməməsi, başqa xalqların sosial həyatında iştirak və mənimsəmək, ünsiyyət yolu ilə xalqalar arasında xalq diplomatiyasını inkişaf etdirmək, ən vacibi başqa xalqların əldə etdiyi sosial islahatların ölkədə aparılmasına kadr və zəmin hazırlamaqdan ibarətdir.

Odur ki, yalnız ölkədaxili təhsil təşkil etməklə ciddi nailiyyətlər əldə etmək olmaz. Məlumdur ki, elm və  mədəniyyət tarixi dövrlər, xalqalar və coğrafiyalar arasında qeyri-müəyyən inkişaf edir. Buna görə, ən inkişaf etmiş ölkələr belə, xaricdə təhsilə böyük diqqət ayırır. Xüsuilə, ən qabaqcıl təhsil müəssisələrində təhsil almaq zərurəti dövlətdə xarici təhsilə böyük diqqət ayırmağı tələb edir.

Çagdaş dövrdə öz ölkəsinin siyasi həyatında yüksək mövqe tutan, eləcə də elmi-mədəni, sosial-iqtisadi sahələrdə avanqard olan şəxslərin böyük əksəriyyətinin xaricdə təhsil alması bununla bağlıdır.

Dövlət dəstəyi ilə xaricdə oxumağın nə kimi əhəmiyyəti var?

Məlumdur ki, dövlət dəstəyi xaricdə təhsil almağa haqq qazanmış imkansız tələbələr üçün həm də çox ciddi stimuldur. Con Dyui stimul haqqında yazır: “Mahiyyətcə, istənilən stimul fəaliyyəti nəinki oyandırır və ya təhrik edir, hətta onu məhz konkret, müəyyən məqsədə istiqamətləndirir. Əgər həmin məqsəd dövlətə və xalqa xidmət kimi formalaşırsa, onda aydın olur ki, dövlətin xarici təhsilə dəstəyi dövlətin və xalqın bilavasitə öz maraqlarına xidmət edir. Beləliklə, istedadlı gənclərin xaricdə təhsilinə dövlət yardımı bir tərəfdən stimul təqdim etməklə gənclərdə bu və ya başqa reaksiya yaradır, digər tərəfdən xaricdə təhsil almaq istəyən həmin reaksiya təhsil almaq istəyən gənclərdə mövcud olan meyllərə əsaslanır”.

Bu səbəbdən, o gənclərin xaricdə təhsili dövlətə xidmət edir ki, onlar dövlətə və xalqa xidmət ruhunda tərbiyə olunsunlar. Bu da dövlət yardımı ilə xaricdə təsilə seçici yanaşmağı tələb edir. Dövlət hesabına xaricdə təhsil alan gənclərin təhsili başa vurduqdan sonra dovlətin və cəmiyyətin inkişafinda iştirak etməməsi seçimin yanlış olduğunu göstərir.

Azərbaycan dövlətçilik tarixində xaricdə təhsilin dövlət səviyyəsində təşkilində Qacarlar İmperiyasının vəliəhd şahzadəsi, Azərbaycan tarixində birinci Böyük Şah Abbasdan sonra mütərəqqi rol oynamış Abbas Mirzə önəmli qərarlar vermişdir. Qacarlar tarixinin araşdırıcılarından və bu sülalə ilə yaxınlığı olan Əminə Pakrəvan “Abbas Mirzə və Azərbaycan” adlı monoqrafiyasında yazır ki, Abbas Mirzə Təbriz əyanlarının yüzlərlə ovladını təhsil almaq üçün Avropanın müxtəlif təhsil mərkəzlərinə göndərmişdir. Onlar tibb, texnika, texnologiya, xüsusən hərbi sənaye sahəsində mütəxəssis kimi formalaşaraq, ölkəyə qayıdıb, Abbas Mirzənin həyata keçirməyə cəhd etdiyi hərbi, sosial, iqtisadi islahatlarda iştirak etmişlər.

Azərbaycan parçalandıqdan sonra Çar Rusiyasının tərkibinə daxil edilmiş Şimali Azərbaycanda XIX əsrin axırlarından başlayaraq, xarici təhsil Azərbaycan milyonçuları tərəfindən ictimai əsaslarla həyata keçirilməyə başlamışdır. Təkcə böyük xeyriyyəçi və maarifsevər Zeybnalabdin Tağıyev yüzlərlə gəncin Avropa və Rusiyanın qabaqcıl universitetlərində təhsil almalarını maliyyələşdirmişdir.

1918-ci il may ayının 28-də Demokratik Cümhuriyyət elan edildikdən sonra atılan ilk addımlardan biri xaricdə ali təhsil almaq üçün 100 nəfərdən artıq istedadlı gəncin seçilib göndərilməsi olmuşdur. Azərbaycan yenidən Rusiya tərəfindən işğal olunduğundan, bu tələbələrin böyük əksəriyyəti ya təhsilini yarımcıq qoymuş, ya da sonradan Vətənə qayıtmayıb, təhsil aldıqları ölkələrdə qalmışdır.

Sovet hakimiyyəti illərində dünyadan özünütəcrid yolu tutmuş sovet insanlarının xarici ölkələrdə təhsil almaq imkanı demək olar ki, aradan qaldırılmışdır. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının rəhbərliyinə keçən Heydər Əliyev ilk növbədə Azərbaycan gənclərinin respublikadan kənarda - SSRİ-nin müxtəlif şəhərlərində təhsil almaları üçün nəhəng dövlət siyasəti həyata keçirmiş və nəticədə on mninlərlə Azərbaycan gənci yüksək ixtisaslara yiyələnmişdir. Sonradan onların çoxu Azərbaycana qayıdaraq, ölkəmizdə elm, texnika və texnologiyanın inkişafında mühüm rol almışlar. H.Əliyev Moskvaya işləməyə getdikdən sonra bu proses sürətlə zəifləmiş və son illərdə demək olar ki, təşkil olunmamışdır...

1991-ci ildə hakimiyyətə gələn Əbülfəz Elçibəy iqtidarının da ilk işlərindən biri 150 nəfərdən ibarət gəncin Türkiyədə ali təhsil almasına dəstək verməsi olmuşdur. Elçibəy hakimiyyəti devrildikdən və Heydər Əliyev ikinci dəfə iqtidara gəldikdən sonra ölkədəki daxili sosial-iqtisadi səbəblər xaricdə təhsilə xüsusi diqqət ayırmağa imkan verməsə də, yenə də xaricdə təhsil diqqətdə saxlanılmışdır.

İlham Əliyevin hakimiyyətə gəlməsi ilə AZƏRBAYCAN GƏNCLƏRİNİN YENİDƏN DÜNYANIN MÜXTƏLİF ÖLKƏLƏRİNDƏ DÖVLƏT DƏSTƏYİ İLƏ BAKALAVR, MAGİSTR, DOKTORANTLIQ TƏHSİLİNİN BİLAVASİTƏ DÖVLƏT TƏRƏFİNDƏN MALİYYƏLƏSDİRİLMƏSİ VƏ XARİCDƏ TƏHSİLİN TƏŞVİQ EDİLMƏSİ VƏ DƏSTƏK VERİLMƏSİ MİNLƏRLƏ GƏNCİN MÜXTƏLİF ÖLKƏLƏRDƏ YÜKSƏK TƏHSİL ALIB, ÖLKƏYƏ QAYIDARAQ KADR POTENSİALININ KEYFİYYƏTCƏ YENİLƏŞMƏSİNƏ VƏ İSLAHLATLARIN HƏYATA KEÇİRİLMƏSİNDƏ İŞTİRAKLARINA YOL AÇMIŞDIR.

Bütün bu kiçik qeydlər göstərir ki, təhsil, dövlət təhlükəsizlik inistutlarından biri kimi, son ikiyüz illik Azərbaycan dölətçilik tarixində dövlət tipindən, rejimindən asılı olmayaraq, Azərbaycanda dövlətçilikdə varisliyi təmin etmişdir. Abbas Mirzədən başlayıb, bu gün İlham Əliyev tərəfindən davam etdirilən xaricdə təhsilin aşağıdakı ən mühüm əhəmiyyətləri vardır:

Birincisi, tədrisi ölkədə təşkil edilməmiş təhsil üzrə xüsusi ixtisaslı kadraları hazırlanması ilə belə kadrlara ehtiyacın ödənilməsi. Məlumdur ki, ayrıca bir ölkədə bütün ixtisaslar, əsasən də xüsusi maddi-texniki baza və pedaqoji kolletiv tələb edən ixtisasları tədris etmək mümkün deyil. Bu da xüsusi ixtisaslar üzrə xaricdə təhsil almağı aktuallaşdırır.

İkincisi, ölkədə nisbətən aşağı səviyyədə təşkil olunmuş daha yüksək səviyyədə eyni ixtisas təhsili almış kadrların yetişdirilməsi. Məktəblər arasındakı fərq onların yetişdirdiyi kadrlar arasındakı fərqdə ifadə olunur. Məktəbin üç funksiyası vardır: sadələşdirilmiş mühit təşkil etməsi, sosal mühitin qəbuledilməz təsirlərindən inkişaf edən şəxsiyyətin qorunması, hər bir adama cəmiyyətdən gələn müqavimətin dəf edilməsində kömək göstərməklə, onlara daha geniş qruplarla ünsiyyət imkanı təmin etmək. Bu üç funksiya birlikdə tələblərdə dünyaya arzuolunan rasional baxışın inkişaf etməsinə yardım etmək, cəmiyyətdə yetkin olmayan üzvlərin məruz qaldığı real mövcud olan işlərin təmizlənməsi və optimallaşdırılması ilə daha geniş, balanslaşmış mühitin yaradılması.

Üçüncüsü, ölkədə həyata keçirilməsi nəzərdə tutulan sosial-iqtisadi və hüquqi-siyasi islahatların kadr bazasının yaradılması. Cəmiyyətin gələcəyini onda həyata keçirilən islahatlar müəyyən edir. Təhsil ya keçmişə baxmaqla, ya da gələcək haqqında fikirləşməklə qurula bilər. Milli təhsil sistemləri daha çox keçmişə baxışla formalaşdığından, gələcək haqqında düşüncələr əsasında qurulan təhsil ölkədə islahatların həyata keçirilməsində daha mühüm rol oynayır.

Hər islahat konkret hazırlıqlı kadrlar olmadan mümkün deyil. Xarici ölkələrdə təhsil bu ölkələrdə mövcud sistemə həmin tələbələrin təsiri ilə müəyyən olunur. Belə ki, fərdin yaşadığı və inkişaf etdiyi sosial mühitin mövcudluğu onun fəaliyyətinə təsir edən və onun fəaliyyətini istiqamətləndirən kifayət qədər effektli faktordur. Bu o deməkdir ki, yüksək inkişaf etmiş cəmiyyətlərdə təhsil alan gənclər yalnız universitetlərdə kadr kimi deyil, həm də cəmiyyətdə şəxsiyyət kimi formalaşır ki, bu da cəmiyyətdə yüksək insani keyfiyyətlərə malik kadrlar deməkdir.

İnsanların qarşılıqlı təsiri şəxsiyyətin formalaşmasında az rol oynamır. Xarici təhsil həm də təhsil dövründə gənclərə pozitiv təsir edən insanların olması ilə xarakterizə olunur. Buradan sual doğur: xaricdə təhsil alan gənclərə həmin ölkələrin insanları necə təsir edir? Dyui belə hesab edir ki, idarəetmənin ən mühüm fundamental vasitəsi başqa insanların kənardan birbaşa şəxsi göstərişi, əxlaq öyrətməsi yox, müxtəlif predmetlərdən istifadə zamanı başqa insanlarla uzlaşma prosesində, başadüşmə adətlərində təzahür edən şüura təsir etməklə mümkün olur. Buna görə də xaricdə təhsil alan gənclərin fərqli düşüncə və davranışları onların kim tərəfindən “verbovka” olunması ilə yox, təhsil aldığı mühitin insanları ilə üzləşməsilə bağlı olur.

İslahatların həyata keçirilməsinin effektliyi hər şeydən əvvəl bu islahatlarda iştirak edən insanların azadlığı ilə bağlıdır. Dyui yazır: “Bütün münasibətlərdə fiziki fəaliyyətin azadlığı fikir və mühakimələrin azadlığının vasitəsidir, hansı ki, insan məhz buna görə seçdiyi məqsədə doğru irəliləyir”. Bu cür azadlığa təlabat bütün insanlarda müxtəlifdir. Xaricdə təhsil tələbələrdə daha azad fikir və düşüncə formalaşdırır ki, bu da onların ölkədə islahatların həyata keçirilməsində daha inadkar və produktiv olmalarına səbəb olur.

Dördüncüsü, xarici ölkələrin mütərəqqi nəaliyyətlərinin Azərbaycana tətbiqi. Bu, sosial mühitin maarifləndirmə funksiyası ilə bağlıdır. Dyui yazır ki, sosial mühit fərdləri fəaliyyətə cəlb etməklə, onların davranışlarında intellektual və emosional istiqamət formalaşdırmaqla, onlarda konkret məqsədi və və bunun ardınca müəyyən nəticələri olan müəyyən cəhdlər yaradır və gücləndirir. Başqa sözlə, sosial mühit özü ayrılıqda bir məktəb kimi çıxış edir. Təhsildən asılı olmayaraq, bu təhsil xaricdə təhsil alanlarda daha ciddi dünya görüşü və davranış təcrübəsi qazanmağa gətirib çıxarır. Buraya yaxşı manera-sosial davranış dəsti, yüksək estetik zövq, dil səlahiyyəti, dünyagörüşü və s. aiddir. Məlumdur ki, müxtəlif ölkələrdə müxtəlif sosial modellər, siyasi rejimlər, ictimai nizam hökm sürür. Bu da ölklərin ictimai-siyasi həyatının plüral olduğunu göstərir. Müxtəlif aparıcı ölkələrdə təhsil alan tələbələr birlikdə ölkədə plüralizmin daşıyıcıları kimi çıxış etdiyindən, xarici ölklərdə təhsil demokratiyaya doğru inkişafda mühüm rol oynayır. Dyui demokratoya haqqında yazır ki, demokratiya sadəcə müəyyən edilmiş idarəetmə formasından  daha böyük bir şeydir. Hər şeydən əvvəl demokratiya, birgə yaşam forması, təcrübənin qarşılıqlı mübadilə fomasıdır. Buradan da anlaşılır ki, xaricdə təhsil müxtəlif təcrübələrin daşıyıcılarını hazırladığından, onların ölkədə birgə fəaliyyəti və xaricdə qazandıqları təcrübəni ölkə daxilində yetişmiş kadrlarla mübadiləsi demokratiyanın əsasını təşkil edir.

Beşincisi, xaricdə təhsilin dövlət səviyyəsində dəstəklənməsi  yüksək təhsil alan və mədəniyyət səviyyəsi olan gənclərin nümunəsində Azərbaycan xalqının xarici ölkələrdə nüfuzunun  artırılması və möhkəmləndirilməsinə səbəb olur. Belə gənclər həm də ölkələr arasında münasibətlərin xalq diplomatiyası yolu ilə yeni müstəviyə qaldırılmasında iştirak edə bilər. Xaricdə təhsil alan tələbə öz xalqının mədəniyyətinin, tarixininin, dininin daşıyıcısı kimi, mənsub olduğu xalqı təmsil edir. Xalqımız haqqında xarici ölkə vətəndaşlarında rəy formalaşdırır, milli problemlərimizin düzgün dərk edilməsində müstəsna rol oynayırlar. Hər bir tələbə xalq diplomatı rolunu oynayır. Bu da xalqın maraqlarının xarici ölklərdə müdafiə edilməsində müəyyən elektoratın meydana çıxması ilə nəticələnir.

Altıncısı, xarici diasporların intellkektuallar hesabına zənginlədirilməsi və yenidən təşkili. Xaricdə təhsil alan hər bir tələbə o ölkədəki diaspora ilə fəaliyyətini əlaqələndirərsə, bu, diaspor işinin düzgün təşkil olunmasında, xalqımızla diaspor arasında əlaqələrin yaranmasında müsbət rol oynamaqla yanaşı, diasporun gənc intetellektuallarla güclənməsinə də gətirib çıxarır.

Yeddincisi, ən müxtəlif təbəqlərdə böyüyən istedadlı gənclərin dövlət hesabına yüksək ali təhsil alaması ilə öz sosial statuslarını dəyişdirmək imkanı qazanmalarına səbəb olur. Bu da ölkə üçün böyük təhlükə olan təbəqələşmənin zəifləməsinə, ayrı-ayrı təbəqələr arasında diffuziyaya gətirib çıxarır ki, millətin monolitliyi həm də bu prosesdən asılı olur.

Nəhayət, “xaricdə təhsilin mənfi təzahürləri ola bilərmi?” sualına cavab vermək lazımdır. Məlumdur ki, mövcudluq əksiliklərin vəhdəti və zidiyyəti qanununa tabe olduğundan, həyatda yalnız müsbət tərəfləri olan heç bir proses yoxdur. Bu mənada təhsilin, xüsusən xaricdə təhsilin də bəzi təhlükələri yox deyildir. Bura xaricdə təhsillə milli təhsil sistemi arasındakı ziddiyyətləri qeyd etmək olar. Burada hər şeydən əvvəl fəaliyyətlə bağlı fikirlər arasında ziddiyyətlər, cəmiyyət həyatı ilə fərdi şüur arasındakı zidiyyətlər, təcrübi davranışla nəzəri mədəni fərqlilik, həyat vasitələrinin təmin edilməsində yerli kadrlarla xaricdə hazırlanan kadrlar arasında qanuni və layiqli üsul və vasitələrin seçilməsi arasındakı fərqlilikləri göstərmək olar.

Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətçiliyinin bu ənənəsi hələ uzun illər yaşadılmalı və inkişaf etdirilməlidir ki, bu da bizim dövlət təhlükəsizliyimizin, təhsil inistutunun effektliyinin artmasına xidmət edəcəkdir.

Sərdar CƏLALOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 İyul 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see693

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see165

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see132

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see121

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see119

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see119

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see119

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see118

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see117

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see117

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see117

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see116

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see116

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see116

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see116

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see116

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see116

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see115

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see115

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri