Dövlətin strateji məqsədlərinin maliyyə hədəfləri
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2027-ci ilin dövlət büdcəsi də sosialyönümlü olacaq, dayanıqlı inkişafı təmin edəcək
Hər ölkənin dövlət büdcəsi təkcə gəlir və xərclərin məcmusu deyil, həm də dövlətin iqtisadi siyasətinin, sosial prioritetlərinin və uzunmüddətli inkişaf strategiyasının maliyyə ifadəsidir. Büdcənin strukturu dövlətin hansı sahələrin inkişafına üstünlük verməsini, milli təhlükəsizliyin təmin edilməsinə, vətəndaşların rifahının yüksəldilməsinə, iqtisadi fəallığın artırılmasına və gələcək inkişaf üçün zəruri infrastrukturun yaradılmasına nə qədər vəsait yönəltdiyini göstərir.
Azərbaycanın 2027-ci il dövlət büdcəsinin layihəsi ölkənin qarşısında dayanan strateji vəzifələrin maliyyə təminatı baxımından mühüm önəm daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri sırasında Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, investisiyaların təşviqi və regionların sosial-iqtisadi tərəqqisi xüsusi yer tutur. Dövlət büdcəsi bu prioritetlərin reallaşdırılması üçün zəruri maliyyə resurslarını formalaşdıran başlıca iqtisadi mexanizmdir.
Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsində gəlirlərin 39 milyard 254 milyon manat, xərclərin isə 42 milyard 400 milyon manat səviyyəsində müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu göstəricilər büdcə siyasətinin həm dövlətin cari öhdəliklərinin yerinə yetirilməsinə, həm də ölkənin gələcək inkişafını gerçəkləşdirəcək layihələrin maliyyələşdirilməsinə yönəldiyini göstərir.
Büdcə xərclərinin istiqamətləri onu deməyə əsas verir ki, qarşıdakı ildə milli təhlükəsizlik, sosial müdafiə, təhsil, səhiyyə, iqtisadi inkişaf və infrastruktur quruculuğu dövlət siyasətinin əsas maliyyə prioritetləri olaraq qalacaq. Eyni zamanda, büdcə gəlirlərinin formalaşdırılması, dövlət borcunun idarə olunması və kəsirin maliyyələşdirilməsi məsələləri dövlətin maliyyə öhdəliklərini iqtisadi böhranlara və ya xarici təsirlərə məruz qalmadan, vergi və digər gəlir mənbələri hesabına davamlı şəkildə qarşılaya bilmək qabiliyyətinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müdafiə və milli təhlükəsizlik
Müstəqil dövlətin qarşısında dayanan mühüm vəzifələrdən biri milli təhlükəsizliyin təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və dövlət suverenliyinin qorunmasıdır. Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə yerləşməsi, regionda baş verən proseslər və beynəlxalq təhlükəsizlik mühitində müşahidə olunan dəyişikliklər bu istiqamətdə məqsədyönlü siyasətin həyata keçirilməsini zəruri edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi və müdafiə sənayesinin inkişafı istiqamətlərində mühüm addımlar atılıb. Dövlət büdcəsi bu siyasətin davamlılığını gerçəkləşdirən əsas maliyyə mənbələrindən biridir.
Bu baxımdan 2027-ci ilin dövlət büdcəsi layihəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat nəzərdə tutulması diqqətəlayiq göstəricidir. Bu məbləğ büdcənin ümumi xərclərinin, təxminən, 20,8 faizini təşkil edir. Başqa sözlə, dövlət büdcəsində nəzərdə tutulan hər 5 manatın, təxminən, biri müdafiə və milli təhlükəsizlik istiqamətinə yönəldiləcək.
Müdafiə və milli təhlükəsizlik xərclərinin həcmi dövlətin bu sahəyə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Bununla belə, həmin vəsaitlərin səmərəliliyi yalnız onların həcmi ilə deyil, həm də konkret nəticələrlə ölçülür. Müasir hərbi texnologiyaların tətbiqi, hərbi sənaye potensialının genişləndirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi, müdafiə infrastrukturunun təkmilləşdirilməsi və şəxsi heyətin hazırlığının yüksəldilməsi ayrılan maliyyənin qarşıya qoyulan məqsədlərə xidmət etməsinin mühüm göstəriciləridir.
Azərbaycanın müdafiə siyasəti yalnız hərbi potensialın artırılması ilə məhdudlaşmır. Güclü ordu, iqtisadi müstəqillik, enerji təhlükəsizliyi və dayanıqlı dövlət institutları milli təhlükəsizliyin bir-birini tamamlayan komponentləridir. İqtisadiyyatın inkişafı və dövlətin maliyyə imkanlarının genişlənməsi müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün daha etibarlı zəmin yaradır.
Bu mənada, müdafiə xərcləri ölkənin uzunmüddətli təhlükəsizlik maraqlarının təmin edilməsinə yönələn strateji investisiya kimi də qiymətləndirilə bilər. Əsas məqsəd Azərbaycanın sülh və sabitlik şəraitində inkişafını qorumaq, mümkün təhdidlərin qarşısını almaq və dövlətin təhlükəsizlik təminatlarını daha da gücləndirməkdir.
Humanitar inkişaf
Azərbaycanın sosial siyasətinin əsas məqsədlərindən biri də iqtisadi inkişafın nəticələrinin əhalinin rifahında əks olunması, həssas əhali qruplarının müdafiəsinin gücləndirilməsi və vətəndaşların sosial xidmətlərə əlçatanlığının artırılmasıdır. Bu baxımdan dövlət büdcəsinin sosialyönümlü xərcləri xüsusi əhəmiyyət daşıyır.
2027-ci il üçün sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 914 milyon manat həcmində nəzərdə tutulması isə dövlətin bu sahədəki öhdəliklərinin maliyyə təminatını formalaşdırır. Bu məbləğ büdcənin ümumi xərclərinin, təxminən, 11,6 faizinə bərabərdir.
Sosial müdafiə siyasəti pensiya və müavinətlərin ödənilməsi, sosial xidmətlərin təşkili, aztəminatlı ailələrin dəstəklənməsi, əlilliyi olan şəxslərin sosial təminatı, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müdafiəsi kimi istiqamətləri əhatə edir. Sosial siyasətin mühüm vəzifələrindən biri də iqtisadi və sosial dəyişikliklərin əhalinin həssas təbəqələrinə mənfi təsirini azaltmaqdır.
Dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondu büdcəsinin balanslaşdırılmasına isə 1,6 milyard manat ayrılması nəzərdə tutulur. Bu vəsait pensiya sisteminin maliyyə təminatında dövlət dəstəyinin əhəmiyyətini göstərir. Əhalinin yaş strukturunda baş verən dəyişikliklər, pensiyaçıların sayının dinamikası, əmək bazarının vəziyyəti və sosial sığorta daxilolmaları pensiya sisteminin uzunmüddətli dayanıqlılığına təsir göstərən əsas amillərdir. Buna görə də, sosial müdafiə sisteminin səmərəliliyinin artırılması təkcə büdcədən ayrılan vəsaitin həcminin yüksəldilməsi ilə deyil, eyni zamanda, məşğulluğun genişləndirilməsi, əməkhaqlarının leqallaşdırılması, sosial sığorta ödəyicilərinin sayının artırılması və əmək bazarında formal münasibətlərin təşviqi ilə də bağlıdır. Bu istiqamətlərdə əldə olunan nəticələr isə sosial sığorta sisteminin gəlir bazasını genişləndirərək dövlət büdcəsi üzərindəki təzyiqin uzunmüddətli perspektivdə azaldılmasına kömək edir.
Sosial siyasətin digər mühüm istiqaməti əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətlərinə çıxış imkanlarının genişləndirilməsidir. Çünki vətəndaşların rifahı yalnız pul gəlirləri ilə ölçülmür. İnsanların sağlamlığı, təhsil səviyyəsi, peşə bacarıqları, sosial xidmətlərin əlçatanlığı və layiqli həyat şəraiti də rifahın əsas göstəriciləridir.
Müasir dövrdə təhsilli, sağlam, müasir texnologiyalara yiyələnən və əmək bazarının tələblərinə uyğun bacarıqlara malik əhali dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən biridir. Bu baxımdan 2027-ci ilin dövlət büdcəsi layihəsində təhsil və səhiyyə xərclərinin mühüm yer tutması strateji əhəmiyyət daşıyır.
Təhsil sahəsinə 5 milyard 99 milyon manat ayrılması nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin, təxminən, 12 faizinə bərabərdir. Təhsil xərclərinin belə bir səviyyədə müəyyənləşdirilməsi məktəbəqədər təhsildən ali təhsilə qədər müxtəlif pillələrin maliyyələşdirilməsi, təhsil infrastrukturunun saxlanılması və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün əlverişli maliyyə imkanları yaradır. Layihəyə əsasən, ümumi təhsil sahəsinə 2 milyard 185,4 milyon manat, məktəbəqədər təhsilə 434,8 milyon manat, ali təhsilə isə 240,6 milyon manat ayrılması planlaşdırılır.
Məktəbəqədər təhsilin inkişafı isə uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətini şərtləndirir. Uşaqların erkən yaşlardan keyfiyyətli təhsilə çıxışının təmin edilməsi onların sonrakı təhsil uğurlarına, sosiallaşmasına və gələcək əmək bazarında rəqabət qabiliyyətinə müsbət təsir göstərir. Ali təhsilə ayrılan 240,6 milyon manat isə müasir iqtisadiyyatın ehtiyaclarına uyğun mütəxəssislərin hazırlanması, elmi potensialın inkişafı və universitetlərin əmək bazarı ilə əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Ümumiyyətlə, rəqəmsallaşma, süni intellekt, mühəndislik, informasiya texnologiyaları, sənaye və aqrar sahələrdə yeni ixtisaslara tələbatın artdığı şəraitdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi ölkənin innovasiya potensialına birbaşa təsir göstərir.
Dövlət büdcəsindən səhiyyə sahəsinə 2 milyard 84,1 milyon manat ayrılması nəzərdə tutulur. Bu məbləğ büdcənin ümumi xərclərinin, təxminən, 4,9 faizini təşkil edir. İcbari Tibbi Sığorta Fonduna 1,1 milyard manatın yönəldilməsi isə səhiyyə xidmətlərinin maliyyələşdirilməsində bu mexanizmin mühüm rolundan verir.
İcbari tibbi sığortanın əsas məqsədlərindən biri əhalinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək və səhiyyə xidmətlərinin maliyyələşdirilməsində daha sistemli mexanizm yaratmaqdır. Ayrılan vəsaitlərin səmərəli istifadəsi isə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, xəstəliklərin erkən aşkarlanması, profilaktik tədbirlərin genişləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir.
Aqrar bölməyə dəstək
Kənd təsərrüfatı Azərbaycanın iqtisadi və sosial həyatında mühüm yer tutur. Aqrar sektor ərzaq təminatının yaxşılaşdırılması, kənd yerlərində məşğulluğun qorunması, regionların inkişafı və qeyri-neft ixracının genişləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
2027-ci il dövlət büdcəsinin layihəsində kənd təsərrüfatı sahəsinə 1 milyard 379,5 milyon manat ayrılması nəzərdə tutulur. Bu vəsait aqrar siyasətin həyata keçirilməsi, istehsalın stimullaşdırılması və kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət tədbirlərinin maliyyələşdirilməsi üçün mühüm imkanlar yaradır.
Aqrar sektorda dövlət dəstəyinin səmərəliliyi istehsalın həcmi ilə yanaşı, məhsuldarlığın yüksəldilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin texnologiyalara çıxış imkanlarının yaradılması və məhsulların bazarlara çatdırılması kimi göstəricilərlə də qiymətləndirilməlidir.
Fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi, kooperasiya əlaqələrinin inkişaf etdirilməsi, emal müəssisələrinin yaradılması və logistika infrastrukturunun təkmilləşdirilməsi kənd təsərrüfatında əlavə dəyərin artırılmasını şərtləndirir. Xammal istehsalı ilə kifayətlənməyərək məhsulların emalı və qablaşdırılmasının genişləndirilməsi isə həm daxili bazarın təminatına, həm də ixrac gəlirlərinin artmasına müsbət təsir göstərir.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi bütün məhsullar üzrə tam özünütəminetmə demək deyil. Burada əsas məqsəd ölkənin strateji ərzaq məhsullarına çıxışının etibarlı olması, daxili istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi və xarici bazarlardakı mümkün narahatlıqlara davamlılığın artırılmasıdır. Bu baxımdan kənd təsərrüfatına ayrılan büdcə vəsaitləri uzunmüddətli məhsuldarlıq artımına, su ehtiyatlarının qorunmasına və fermerlərin gəlirlərinin davamlı yüksəlməsinə xidmət edir.
Ekoloji tarazlıq və “yaşıl” inkişaf
İqtisadi inkişafın davamlılığı təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin mühafizəsi ilə sıx bağlıdır. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, torpaqların deqradasiyası və biomüxtəlifliyin qorunması kimi məsələlər dövlət siyasətində ekoloji prioritetlərin önəmini artırır.
Elə bu səbəbə görə, 2027-ci ilin dövlət büdcəsi layihəsində ətraf mühitin mühafizəsi üçün 438,6 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitin ekoloji tədbirlərin, təbiətin mühafizəsi ilə bağlı dövlət funksiyalarının və müvafiq proqramların maliyyələşdirilməsində böyük əhəmiyyəti var.
Ekoloji siyasət ətraf mühitə dəyən zərərin aradan qaldırılması ilə bərabər, həm də təbii ehtiyatların qorunması, su və torpaqdan səmərəli istifadə olunması, tullantıların idarə edilməsi, meşə sahələrinin bərpası, eləcə də enerji səmərəliliyinin artırılmasının uzunmüddətli iqtisadi inkişafını da şərtləridir. “Yaşıl” texnologiyaların tətbiqi isə iqtisadiyyat üçün yeni investisiya imkanları yaradır. Bərpaolunan enerji mənbələrinin inkişafı, enerji itkilərinin azaldılması və istehsalatda ekoloji standartların tətbiqi ölkənin rəqabət qabiliyyətini yüksəldir.
Azərbaycanın enerji potensialının şaxələndirilməsi və “yaşıl enerji” layihələrinin həyata keçirilməsi həm daxili enerji tələbatının səmərəli təmin olunması, həm də gələcəkdə enerji ixracı imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, ekoloji layihələr üzrə ayrılan vəsaitlərin konkret nəticələrinin ölçülməsi zəruridir. Çünki mühafizə olunan ərazilərin vəziyyəti, suyun keyfiyyəti, tullantıların təkrar emalı, meşələrin bərpası və çirklənmənin azaldılması kimi göstəricilər büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsinə imkan verir.
Beləliklə, 2027-ci ilin dövlət büdcəsi təkcə növbəti ilin maliyyə planı deyil, həm də Azərbaycanın təhlükəsizliyini, iqtisadi müstəqilliyini və sosial rifahını möhkəmləndirməyə yönələn dövlət siyasətində atılan mühüm addımdır. Bu addımın uğurlu olması isə ayrılan vəsaitlərin şəffaf xərclənilməsindən, investisiyaların nəticəyönümlü planlaşdırılmasından və iqtisadi inkişafın yaratdığı imkanların cəmiyyətin rifahına çevrilməsindən asılıdır.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 27 Oktyabr 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















