Icma.az
close
up
RU
Dövlətlər korrupsiya ilə necə mübarizə aparır? IV HİSSƏ

Dövlətlər korrupsiya ilə necə mübarizə aparır? IV HİSSƏ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bu sahədə ABŞ-nin təcrübəsi xüsusilə böyük maraq doğurur. 

ABŞ-də korrupsiyaya qarşı mübarizə sahəsində əsas hüquq mənbələrindən biri ABŞ-ın “Dövlət Qulluğu haqqında” Federal Qanunudur ki, qanunvericilik praktikasında ilk dəfə olaraq müəyyən edilmişdir ki, yüksəliş yalnız məmurun işgüzar keyfiyyətləri və xidmətləri əsasında həyata keçirilməlidir.

Korrupsiyaya qarşı mübarizə sahəsində digər ən əhəmiyyətli normativ hüquqi aktlardan biri isə Birləşmiş Ştatların Qanunlar Külliyatıdır. Belə ki, başlıq 5, “Hökumət və İşçilərin Təşkilatı”, § 3110, “Qohumların işə götürülməsi; Qadağalar” və § 2302, “Qadağan edilmiş Kadr Təcrübələri” federal dövlət qulluqçusuna qohumlarının işə götürülməsinə və ya irəli çəkilməsinə köməklik göstərməsini və ya hər hansı şəkildə təsir göstərməsini qadağan edir.

Vəzifəli şəxsin şəxsi dostluq münasibətdə olduğu şəxslərin işə qəbulu və ya irəli çəkilməsində də belə yardımın göstərilməsi qadağandır. Qanun pozuntuları aşkar edildikdə, yardımın göstərilməsində təqsiri olan vəzifəli şəxs qanunla müəyyən edilmiş məsuliyyəti daşıyır, onun himayədarı isə işə qəbul və ya irəli çəkilmə nəticəsində əldə etdiyi maliyyə vəsaitini geri qaytarmalıdır.

Oxşar normalar keçmiş SSRİ respublikalarının qanunvericiliyində də nəzərdə tutulmuşdur. Məsələn, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının, Qazaxstanın, Qırğızıstanın və bir sıra dövlətlərin qanunvericiliyində nəzərdə tutulmuşdur.

Yaxın qohumlar anlayışı Cinayət Prosessual Məcəlləsində və Əmək Məcəlləsində verilmişdir. Fikrimizcə, bu Qanunun məqsədləri üçün babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr, qudalar, ərinin (arvadının) valideynləri, qardaşlar, bacılar yaxın qohumlar hesab edilməlidirlər. 

Hələ “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilməmişdən öncə vəzifəli şəxsin yaxın qohumları bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər tələbi Azərbaycan Respublikasının bəzi normativ hüquqi aktlarında öz əksini tapmışdır.

Hazırda qüvvədə olan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin “i” bəndinə müvafiq olaraq hərbi qulluqçular vəzifəyə təyin edilərkən riayət etməli olduqları şərtlərdən biri ondan ibarətdir ki, bir-biri ilə yaxın qohum olanlara - qudalıq əlaqəsində olan hərbi qulluqçulara (valideynlər, ər-arvadlar, qardaşlar, bacılar, oğullar və qızlar, eləcə də ər-arvadın qardaşları, bacıları, valideynləri və uşaqları) onların bir hərbi hissədə (idarədə, təşkilatda, hərbi təhsil müəssisəsində, müəssisədə), birləşmədə həqiqi hərbi xidmət  keçməsinə əgər birinin digərinə tabeçiliyi və ya nəzarəti altında olması ilə bağlıdırsa, icazə verilmir.

Qanun tərəflərə imkan verir ki, bu tələblərin pozulması müəyyən edildiyi təqdirdə həmin tələbləri pozan şəxslərdən biri 30 gün müddətində tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilsin, bu mümkün olmadıqda isə onlardan biri tutduğu vəzifədən azad olunsun. Vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamədəki bu tələb “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun layihəsi üzərində işlənilərkən “Yaxın qohumların birgə işləməsinə yol verilməməsi” başlığı altında mövcud Qanunun 7-ci maddəsində öz əksini tapmışdır.

Təəssüf ki, təcrübədə Qanunun bu tələbinə bəzi rəhbər işçilər tərəfindən düzgün əməl olunmur. Əminliklə deyə bilərəm ki, bəzi vəzifə sahibləri Qanunun bu tələbini ya özləri tam anlamırlar, ya da heç fərqində deyillər. Məsələn, yaxın qohumlar uzun müddətdir ki, hansısa dövlət orqanında fərqli şöbələrdə işləyirlər, əvəzsiz mütəxəssisdirlər, bir-birilərinə də tabeçiliyi yoxdur. Dövlət orqanının rəhbəri Qanunun bu tələbini bilərəkdən və ya bilməyərəkdən (daha doğrusu, ona sərf edən varianta üstünlük verir), işçilərin birinin işdən kənarlaşdırılması barədə qərar qəbul edir. Başqa bir misal. Bir dövlət qulluqçusu hansısa dövlət orqanında işləyir. Bu qulluqçunun yaxın qohumu dövlət qulluğuna qəbul olunmaq üçün bu orqana müraciət edir. Bu halda da müraciət etmiş dövlət qulluqçusuna Qanunun 7-ci maddəsinin tələblərini düzgün anlamadan imtina edilir. 

Maddənin fəlsəfəsi ondan ibarətdir ki, bir qohum digərinin tabeçiliyi və ya nəzarəti altında işləyə bilməz. Qanunun başqa cür şərhi yolverilməzdir. Bir həqiqət də vardır ki, sui-istifadə hallarına da yol vermək olmaz.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda verilmiş korrupsiya anlayışında konkret olaraq hədiyyə ilə bağlı müddəa öz əksini tapmamasına baxmayaraq vəzifəli şəxsin hər hansı hədiyyə qəbul edə bilib-bilməməsi Qanunda təfsilatı ilə çox aydın şəkildə izah edilmişdir.

Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsus hesab edilir.

Bir çox ölkələrin qanunvericiliyində olduğu kimi vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir. 

Bu tələb “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində də təsbit edilmişdir. Bu maddədə də qeyd edilir ki, dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Elə buradaca “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 8.2-ci maddəsinə istinad edilir.
Vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar alınan hədiyyələr Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il 11 may tarixli R(2000) 10 nömrəli “Dövlət qulluqçuları üçün davranış haqqında kodeks”in tövsiyyələrinə uyğun olaraq kiçik hədiyyələr və adi qonaqlıq hədiyyə hesab edilmir. Məsələn, Amerika Birləşmiş Ştatlarının qanunvericiliyinə görə vəzifəli şəxsi ələ almağın qarşısını almaqdan ötrü 33 ştatda hədiyyə almaq, 29 ştatda isə dövlət qulluqçularına hətta məqalə və çıxışlara görə qonorar almaq qadağandır.

ABŞ-nin qanunvericiliyinə müvafiq olaraq ölkənin birinci şəxsləri və digər yüksək vəzifəli şəxslər əcnəbilərdən hədiyyə alarlarsa və həmin hədiyyənin dəyəri 300 ABŞ dollarından çox olarsa, o, Milli arxivə təhvil verilməlidir. Yeri gəlmişkən, ABŞ-nin dövlət başçılarına verilən hədiyyələri onların prezident kitabxanalarında və xüsusi sərgilərdə görmək olar.

 “Amerika Birləşmiş Ştatlarının dövlət qulluqçularının etik davranışının standartları”nda hədiyyə qismində nəyin götürülə biləcəyi, nəyin götürülə bilinməyəcəyi, hədiyyənin hansı məbləğdə, hansı miqdarda götürülə biləcəyi dəqiqliyi ilə göstərilmişdir.

Amerika senatorları üçün xarici vətəndaşlardan və təşkilatlardan daxil olan hədiyyənin dəyəri 75 ABŞ dollarından, konqresmenlər üçün isə 100 dollardan çox ola bilməz. Hədiyyə xoşuna gələrsə, dövlət qulluqçusu həmin hədiyyənin dəyərini ödəməklə onu əldə edə bilər. İl ərzində senatorlara verilən hədiyyənin dəyəri 300 ABŞ dollarından çox ola bilməz.

Amerikanın dövlət qulluqçusuna verilən istənilən suvenirin dəyəri il ərzində 100 dollardan çox olarsa, bu rüşvət hesab olunur. Hədiyyə yol verilən dəyərdən artıq olarsa, dövlət qulluqçusu onu 60 gün müddətində öz idarəsinin müvafiq şöbəsinə təhvil verməlidir.

Amerikanın Dövlət Departamenti hər il ölkənin birinci şəxslərinə verilən hədiyyələrin siyahısını Milli arxivin “Federal Register” adlı xüsusi məcmuəsində dərc edir. Prezident hədiyyələrinin siyahısından məlum olur ki, Ağ evin sahiblərinə verilən hədiyyələr onların tabeçiliyində olanlardan azdır.

2007-ci ildə sabiq dövlət katibi Kandoliza Rays amerika məmurları arasında ən çox hədiyyə alanlar siyahısında olmuşdur. Dövlət Departamentinin ekspertlərinin hesablamalarına görə xanım Rays təkcə İordaniyanın və Səudiyyə Ərəbistanının krallarından 316.000 dollar dəyərində zinət əşyalarını qəbul etmişdir. Yeri gəlmişkən, sabiq prezident Corc Buşa verilən hədiyyələrin dəyəri bu məbləğdən üç dəfə az olmuşdur, birinci ledi Lora Buşa verilən hədiyyələrin cəmi isə 85.000 ABŞ dolları təşkil etmişdir.

Müəyyən edilmişdir ki, Dalay Lama Amerika prezidentinin xanımına 6 dollar dəyərində olan ən ucuz hədiyyə - qurudulmuş meyvə və çərəzlə doldurulmuş kisəçik hədiyyə etmişdir.

Hədiyyələrlə bağlı Amerikanın çox da uzaq olmayan tarixinə kiçik ekskurs etmək istərdim.

Tomas Cefferson pendirin böyük həvəskarı kimi tanınırdı. Bu faktı Amerika prezidentlərinin ilk hədiyyələrini qeydə alan sənədlər də təsdiq edir. 1802-ci ildə Yeni il gecəsi Tomas Ceffersona 300 kiloqramlıq bir yumru pendir verilmişdir. Hədiyyə uzun bir yol qət etmişdir və Birləşmiş Ştatların bütün ərazisində təyinat yerinə çatmaq üçün tam bir ay çəkmişdir. Donorlar - Baptist Respublikaçılar - indi heç kimin xatırlamadığı şeyə etirazlarını bu şəkildə ifadə etmişdilər. Prezident pendirə 200 dollar ödəmişdi, çünki o, heç vaxt pulsuz hədiyyə qəbul etmirdi.

Franklin Ruzvelt, ehtimal ki, şirniyyatların böyük bir pərəstişkarı idi. 59-cu ad günündə prezident çəkisi 100 kq, hündürlüyü 1,5 metr olan tort hədiyyə almışdır. Hədiyyə Ruzveltə amerikalı şirniyyatçılar, Amerika Çörək və Şirniyyat İşçiləri Beynəlxalq İttifaqı tərəfindən təqdim edilmişdir. Tortla yanaşı, prezident poliomielit fondu üçün 500 dollarlıq çek də almışdır.

Prezident olduğu illərdə Ronald Reyqan çoxlu sayda yəhər və 372 ədəd kəmər tokaları almışdır. Belə elitar hədiyyələri prezidentə onun pərəstişkarları təqdim etmişdilər. Ən gözəl yəhər Reyqana 1985-ci ildə Əlcəzair prezidenti tərəfindən hədiyyə edilmişdir. Amma maraqlısı odur ki, prezidentə verilən atların sayı barədə heç bir mənbə məlumat vermir.

Litva Respublikasının 1997-ci il 2 iyul tarixli Qanununa müvafiq olaraq hədiyyələr beynəlxalq protokol qaydalarına və ənənələrə uyğun alınmışsa, bu qadağalar tətbiq olunmur. Latviya Respublikasının “Korrupsiyanın qarşısının alınması haqqında” 1998-ci il 23 oktyabr tarixli Qanununun 13-cü maddəsinə müvafiq olaraq vəzifəli şəxs yalnız diplomatik rəsmi səfərlər, Latviyanın milli bayramları zamanı və əlamətdar günlərdə və Hökumətin müəyyən etdiyi bir sıra hallarda hədiyyə ala bilər.

Korrupsiya ilə mübarizə çərçivəsində son illər Cənubi Koreyada vəzifəli şəxslər kənar şəxslərdən heç bir hədiyyə və buna oxşar şeylər ala bilməzlər. Qanuna görə dövlət qulluqçusu dəyəri 30.000 vondan (27 dollar) çox olan hədiyyəni qəbul edə bilməz, başqasının hesabına nahar etmək isə qadağan edilir.

Bu məbləğ Koreya üçün çox cüzidir. Hədiyyə göstərilən məbləğdən yuxarıdırsa, yaxşısı budur ki, belə hədiyyəni qəbul etməyəsən, qəbul etmisənsə, onu dövlətə təhvil verməlisən. Əks halda bu rüşvət kimi qiymətləndiriləcəkdir.

Əlbəttə, dövlət qulluqçuları ilə bağlı Koreyada baş verən korrupsiya qalmaqalları korrupsiyaya qarşı mübarizə haqqında qanunu pozanların sayının o qədər də az olmadığını deməyə əsas verir.

Buna baxmayaraq, dövlətin ehtiyat fondu dövlət qulluqçularına verilən qiymətli avtoqələmlərlə, rəsm əsərlərilə, spirtli içkilər və digər əşyalarla zənginləşir. Söhbət Koreyanın ali rəhbərliyinə verilən hədiyyələrdən gedirsə, bütün hədiyyələr anbarlara yığılır, sonradan nadir və maraqlı əşyalar xüsusi sərgilər keçirilən zaman ictimaiyyətə sərgilənir.

Misal üçün, Koreya Xalq Demokratik Respublikasında Mexyansan dağlarının füsunkar guşələrinin birində qayalıqlarda KXDR-nın rəhbərləri Kim İr Sen və Kim Çin Er tərəfindən alınan hədiyyələrin əvəzsiz muzeyi yaradılmışdır. Burada nələr yoxdur, 178 ölkədən 219.000 hədiyyə: vazalar, qılınclar, gümüş qablar, rəsm əsərləri, nadir mineraldan və qara ağacdan hazırlanmış xırda şeylər və s. və i.a. Hesablamalara görə hər hədiyyəyə bir dəqiqə ərzində baxmağa vaxt sərf edərsənsə, gözünü qırpmadan  muzeydə 1,6 il vaxt keçirmək lazım gələr. 


Vaxtı ilə SSRİ və ÇXR-nın rəhbərləri İosif Stalin və Mao Sze Dun Kim İr Senə hərəsi bir fərdi zirehli dəmiryolu vaqonu hədiyyə etmişlər. Bütün eksponatların içində ölçülərinə görə bunlar ən böyük hədiyyələr hesab olunur. Bununla belə, belə nəhəng hədiyyələrlə yanaşı, daha maraqlı suvenirlər də var: macar ziyarətçilərindən dəri qamçı, Puqaçova və Kirkorovdan bukletlər və breloklar. Bu hədiyyələr muzeylərdə saxlanılır. 

Sinqapurda nazirlər və onların ailə üzvlərinə verilən hədiyyələri qəbul etmək nazirliyin davranış kodeksi ilə qadağandır. Dəyəri 50 Sinqapur dollarından (32 dollar) az olan hədiyyələrin saxlanmasına icazə verilir, nazirlər daha bahalı olanları geri ala bilər. Digər məmurlar bütün hədiyyələr barədə fəaliyyət göstərən xüsusi komitəyə məlumat verirlər. Komitə hədiyyəni qiymətli hesab edərsə, o, hərraca çıxarılır və pul büdcəyə daxil olur.

Böyük Britaniyada bir məmura hədiyyənin dəyəri 140 funt sterlinqdən (266 dollar) çox ola bilməz. Daha bahalı hədiyyələr yalnız o halda mümkündür ki, onu alan şəxs analoji məbləğdə geri hədiyyə etmək niyyətindədir.
Bu ölkənin tarixinə nəzər salsaq vaxtı ilə hədiyyə ilə bağlı tələblərin hansı səviyyədə olmasının şahidi olarıq. Belə ki, Böyük Britaniyada 1889-cu ildə qəbul edilən Dövlət İdarələrində Rüşvət Aktı dövlət qulluqçusunu istər Böyük Britaniyada, istərsə də Birləşmiş Krallıqda vəzifə əldə etmək üçün hər hansı bir işə, o cümlədən işə sövq etmək üçün rüşvət tələb etməyi və ya borc, hətta hədiyyə və ya digər ödənişi qəbul etməyi və ya qəbul etməyə razılığı cinayət hesab edirdi. Bunun cəzası iki ilədək müddətə azadlıqdan məhrum etmə və ya aldığı hədiyyənin, borcun və ya mükafatın dəyərinin ödənilməsi idi, həmçinin o, əlavə olaraq yeddi il müddətinə hər hansı vəzifəyə seçilmək və ya təyin olunmaq hüququndan məhrum edilməli idi. Təkrar cinayət törətdikdə isə, o, ömürlük vəzifə tutma hüququndan, vəzifəli şəxs kimi ümid edə biləcəyi vəsaitdən (kompensasiya və ya pensiya) məhrum edilə bilərdi.

Bundan əlavə, 1346-cı ildə Böyük Britaniyada Kral III Eduardın Hakimlər haqqında Sərəncamı qəbul edilmişdir və sözün əsl mənasında aşağıdakıları ifadə edirdi: “Biz əmr edirik ki, bundan sonra hakimlərimizə şəxsiyyətindən asılı olmayaraq, eyni dərəcədə zəngin və kasıb bütün təbəələrimizin qanunun və hüquqlarının həyata keçirilməsini təmin etsinlər...”. Eyni zamanda vurğulanıb ki, “hakimlər bundan sonra və öz vəzifələrini yerinə yetirdikləri müddətdə kraldan başqa heç kimdən pul mükafatı və paltar qəbul etməyəcəklər, işinə baxmalı olduqları şəxslərdən isə nə şəxsən, nə də başqaları vasitəsi ilə açıq və ya gizli şəkildə, cüzi dəyəri olan yemək və ya içki istisna olmaqla, heç bir halda heç bir şəkildə hədiyyə və ya rüşvət qəbul etməyəcəklər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Avqust 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qafqazda sülh və güc oyunu: ABŞ ın vasitəçiliyi, Rusiyanın zəifləməsi və İranın yumşalması...

09 Avqust 2025 15:09see336

Messi MLS dəki növbəti oyunu buraxacaq

10 Avqust 2025 12:54see170

Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər (VİDEO)

09 Avqust 2025 15:24see130

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see126

“İnter” belçikalı müdafiəçi üçün danışıqları bərpa etdi

09 Avqust 2025 14:31see126

Qarabağ ın maraqlandığı hücumçu İspaniya klubunda

08 Avqust 2025 22:49see125

Vaşinqtonda Əliyev, Tramp və Paşinyanın imzaladıqları tarixi sənədin FOTOLARI

09 Avqust 2025 01:10see124

ABŞ ın Zəngəzur dəhlizini açması Çinə ciddi zərbə vura bilər İran təxribatdan ƏL ÇƏKMİR KONKRET

08 Avqust 2025 22:41see124

Vaşinqtonda nələr oldu? Azərbaycan XİN dən AÇIQLAMA

09 Avqust 2025 10:47see121

Tramp daha bir ölkənin prezidentini Vaşinqtona dəvət etdi

09 Avqust 2025 14:36see120

Diş çürüməsinin qarşısını almağın təsirli yolu kəşf edilib

08 Avqust 2025 23:37see120

Qəzada ölən Aydan yeni məzun olubmuş FOTO

09 Avqust 2025 23:08see118

Xərçəng kimləri hədəfə alır?

10 Avqust 2025 16:35see118

Antonio Quterreşdən bəyanat: Qafqazda mühüm mərhələ...

09 Avqust 2025 21:41see118

İlham Əliyev Ərdoğana zəng edib Nələr müzakirə olunub?

09 Avqust 2025 19:25see117

Ən zərərli 10 qida Hər evdə var

09 Avqust 2025 14:56see117

İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik ŞAHBAZ ŞƏRİF

09 Avqust 2025 09:04see117

İlham Əliyev: Azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası olub

09 Avqust 2025 06:59see115

Erməni bloqer: Rusiya istehzalı müdafiə tonunda cavab verib, təxribatını əsaslandırmağa çalışacaq

09 Avqust 2025 19:22see114

Azərbaycanın enerji diplomatiyasında yeni istiqamət: Yaxın Şərq bazarı

09 Avqust 2025 23:21see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri