Sinqapur korrupsiya ilə necə mübarizə apardı... VI HİSSƏ
Icma.az, Modern.az saytına istinadən bildirir.
Məmurların qanunsuz gəlirlərini müəyyən etmək üçün 1959-cu ildə xüsusi idarə - (Corrupt Practices Investigation Bureau) Korrupsiyanı təhqiq edən büro yaradılmışdır. Büronun direktoru Sinqapurun Baş nazirinə tabe idi, heç kim bu büroya istintaqı dayandırmağa dair göstəriş verə və təsir edə bilməzdi. Büroya qeyri-məhdud səlahiyyətlər verilmişdir, büronun agentləri təkcə məmurların deyil, onların uşaqlarının, arvadlarının, qohumlarının və dostlarının bank hesablarını yoxlayırdılar. Məmur qanunsuz vəsaitlər hesabına yaşayarsa, büro yuxarıdan göstəriş gözləmədən istintaqa başlayırdı. Təqsirsizlik prezumpsiyası artıq məmurlara şamil edilmirdi. Əgər hansısa məmur malikanə və ya limuzini hansı mənbədən aldığını izah edə bilməzsə, bu, avtomatik olaraq rüşvət sayılır və məmur işdən çıxarılaraq məhkəmə qarşısına çıxarılırdı.
Büronun əsas vəzifələri bütün vəzifəli şəxslərin hərəkətlərinin və qərarlarının qanuniliyini yoxlanılması, vətəndaşların korrupsiya ittihamlarını ehtiva edən və dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı şikayətlərinə baxılması, dövlət məmurlarının səhlənkarlığı və ehtiyatsızlığı hallarının araşdırılmasından ibarət idi.
Büro tərəfindən potensial korrupsiya vəzifələrini tutan yüksək vəzifəli məmurlara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına xüsusi diqqət yetirilirdi.
Daha sonra o, qeyd edirdi ki, korrupsiya yerli jarqonda necə adlandırılsa da, “faiz”, “mükafat”, “bəxşiş”, “çirk” – mahiyyəti dəyişmir, olduğu kimi qalır - korrupsiya Asiya həyat tərzinin xüsusiyyətlərindən biridir. İnsanlar rüşvəti açıq şəkildə qəbul edirlər, bu onların həyatının bir hissəsidir. Nazirlər və məmurlar tutduqları vəzifənin tələb etdiyi səviyyəyə uyğun olaraq aldıqları əmək haqqı ilə yaşaya bilmirlər. Vəzifə nə qədər yüksəkdirsə, onların evləri bir o qədər çox olur, kişilərinin mövqeyinə və təsirinə uyğun olaraq ləl-cəvahiratla bəzənmiş arvadları, məşuqələri və ya aşnalarının da sayı bir o qədər çox olur. 1998-ci ildə Transparency International beynəlxalq təşkilatı Sinqapuru ən az korrupsiyalaşmış yeddi dövlət sırasında yerləşdirmişdir. Bunun necə əldə edildiyini izah edən Li Kuan Yu, xüsusilə yazırdı: “Korrupsiyaya qalib gəlmək üçün amansız olmaq lazımdır. Biz diqqəti hakimiyyətin ən yüksək eşelonlarında olan iri rüşvətxorlara yönəltmək qərarına gəldik.”.
Belə bir ingilis deyimi var – “qanun və qayda” (law & oder)? Qayda olmadığı yerdə qanun işləməz.
Millətin atası Li Kuan Yu deyirdi ki, onun ölkəni idarə etmək üçün iki yolu var: ailəsi və dostları ilə birlikdə dünyanın ən zəngin adamı olmaq üçün oğurluq etmək və Sinqapur xalqını yoxsulluq içində saxlamaq. Yaxud xalqın xidmətçisi olmaq və Sinqapuru dünyanın ən inkişaf etmiş ölkələrinin ilk onluğuna çıxarmaq.
1985-ci ildə parlamentə verdiyi hesabatda baş nazir aparatın saxlanması xərclərini belə əsaslandırmışdı: “Mən üçüncü dünyanın ən çox maaş alan və yəqin ki, ən kasıb baş nazirlərindən biriyəm... Müxtəlif həll yolları var. Mən yolumuzu bazar iqtisadiyyatı çərçivəsində, dürüst, açıq, əsaslandırıla bilən və həyata keçirilə bilən yol təklif edirəm. Əgər siz ondan riyakarlığı üstün tutsanız, ikiüzlülük və fəsadla qarşılaşacaqsınız. Seçim edin”.
Parlament, tarixin göstərdiyi kimi, düzgün seçim etdi, eyni zamanda, baş nazirin nazirlər və yüksək vəzifəli məmurlar üçün maaşların bazar dəyərinə yaxın təyin edilməsi ilə bağlı əsaslandırmasını dəstəklədi. Baş nazirin maaşı, məsələn, 1,9 milyon Sinqapur dolları təşkil etdi və həqiqətən də dünyada ən yüksək maaş idi.
Korrupsiya ilə ciddi mübarizə aparmaq məqsədilə Büro hakimiyyətin yuxarı dairələrində korrupsiya ilə mübarizə aparmağa başladı. Araşdırmalar hətta Li Kuan Yu-nun yaxın qohumları barəsində də həyata keçirilməyə başladı. Korrupsiya əməllərində təqsiri olan bir sıra nazirlərdən kimisi müxtəlif cəzalara məhkum edildilər, kimisi intihar etdi, kimisə də ölkədən qaçdı. Onların arasında Li Kuan Yu-nun yaxın silahdaşları da var idi.
Yeri gəlmişkən, ilk məsuliyyətə cəlb olunanlardan biri İndoneziyanın kurortlarında başqasının hesabına istirahət edən Sinqapurun ətraf mühit naziri Vi Tun Bun olub. Milli İnkişaf Naziri Te Tsi Van isə rüşvət alarkən yaxalananda intihar etmişdi.
Başqa bir misal. Barəsində istintaq hərəkətləri aparılan yüksək rütbəli məmur Fey Yu Kok sonradan zaminə buraxılsa da, Taylanda qaçmağa və həyatının qalan hissəsini acınacaqlı həyat sürərək orada keçirməyə məcbur olmuşdur. Beləliklə, sırf kriminal aspektdən əlavə, Sinqapurda korrupsioner məmur total ictimai qınaq obyektinə düşür ki, bu da ona və karyerasına son qoyur.
Ən dramatik hadisələrdən biri isə milli inkişaf naziri Te Çin Vanla bağlı baş vermişdi. Li Kuan Yu “Sinqapur tarixçəsi: “üçüncü dünyadan” birinciliyə” adlı kitabında bu hadisəni belə xatırlayır: 1986-cı ilin noyabr ayında milli inkişaf nazirinin köhnə tərəf müqabillərindən biri Korrupsiyanı təhqiq edən Büroda izahat verərkən etiraf etmişdir ki, dövlətə məxsus torpaq sahəsini özəl tikinti şirkətinin mülkiyyətində saxlamağa və podratçıya dövlət torpağı əldə etməyə kömək məqsədilə 1981-1982-ci illərdə Te Çin Vana iki dəfə nağd şəkildə 400.000 sinqapur dolları rüşvət vermişdir. Te Çin Van rüşvət almasını inkar edirdi və bu işin dayandırılması üçün komissiyanın baş köməkçisi ilə sövdələşməyə çalışırdı.
Hökumətin köməkçisi bu barədə mənə məlumat verdi və bildirdi ki, Te Çin Van mənimlə görüşməyə şərait yaradılmasını xahiş etmişdir. Mən bildirdim ki, istintaq qurtarmamış onunla görüşə bilmərəm. Bir həftə sonra, 1986-cı il dekabrın 15-də təhlükəsizlik zabiti mənə xəbər verdi ki, Te Çin Van ölmüş və mənə məktub yazmışdır. Məktubun məzmunu belə idi: Son iki həftə ərzində mən kədər və ruh düşgünlüyü içində idim. Yaranmış xoşagəlməz anlaşılmazlığa görə öz məsuliyyətimi dərk edir və hesab edirəm ki, mən buna görə cavab verməliyəm. Bir alicənab şərq centlmeni kimi hesab edirəm ki, öz səhvimə görə ən ağır cəzaya layiqəm.
Səmimiyyətlə Sizin Te Çin Van.
Mən Te Çin Vanın dul qalmış arvadına baş çəkdim. O, bildirdi ki, əri bütün həyatı boyu hökumətə xidmət etmiş və öz şərəfini qorumağa çalışmışdır. Xanımın narahatlığı meyitin yarılması ilə bağlı idi. Bu isə o halda mümkün olardı ki, həkim mərhumun təbii qaydada öldüyünü təsdiq etmiş olsun. Ölümün səbəblərini müəyyən etmək üçün meyiti yarmaq lazım gəldi. Meyidi yardıqdan sonra məlum oldu ki, o, amital natriy (sodium amytal) içərək intihar etmişdir. Müxalifət bu məsələni gündəmə gətirərək istintaq komissiyasının yaradılmasını tələb etdi. Mən buna şərtsiz razı oldum. Komissiyanın rəyi onun arvadı və qızı üçün o qədər çətin və ağır oldu ki, onlar Sinqapuru tərk etməli oldular və bir daha oraya qayıtmadılar.
Onun 800.000 dolları niyə götürdüyünü heç vaxt başa düşmədim. O, bacarıqlı və çalışqan bir memar idi və özəl sektorda milyonlar qazana bilərdi.”.
Sinqapur haqqında danışarkən, bu ada dövlətinin fenomenal transformasiyasının həm də Li Kuan Yu-nun mübahisəli metodlarının nəticəsi olduğunu qeyd etməmək mümkün deyil: nəinki genişmiqyaslı iqtisadi islahatlar aparıldı, həm də korrupsiyaya görə ölüm cəzası tətbiq edildi. Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, 1991-2011-ci illər arasında Sinqapurda təxminən 450 nəfər edam edilmişdir. Həddindən artıq xərclərdə ittiham olunan, rüşvətxorluqda yaxalanan məmur dərhal manşetlərin “qəhrəmanı”na çevrilirdi.
Geniş yayılmış korrupsiya demək olar ki, tamamilə yox oldu. Sinqapur 2015-ci ilin göstəricisinə görə Cənub-Şərqi Asiyada birinci, dünyada isə dördüncü yerdə olmuşdur.
Böyük Britaniyanın sabiq Baş naziri Marqaret Tetçer öz xatirələrində qeyd edirdi ki, vaxt var idi Sinqapur Böyük Britaniyadan öyrənirdi, indi biz Sinqapurdan öyrənirik.”. Daha sonra o qeyd edirdi: “Baş nazir olduğum dövrdə mən Li Kuan Yu-nun bütün çıxışlarını oxuyurdum və analiz edirdim. O, təbliğat dumanını necə dağıtmağı bilirdi, müasir dövrün əsas problemləri ilə bağlı fikirlərini son dərəcədə özünəməxsus aydınlıqla ifadə etmək və həmin problemləri həll etmək bacarığına malik idi. O, bir dəfə də olsun səhv etməmişdir.”.
Tərifə o qədər də səxavətli olmayan ABŞ-ın keçmiş prezidenti ata Corc Buş qeyd edirdi ki, “Li Kuan Yu indiyə qədər rast gəldiyim ən parlaq və bacarıqlı insanlardan biridir. O, iyirminci əsrin ən uzaqgörən dövlət xadimlərindən biridir”.
Məhz onun səyləri nəticəsində Sinqapur, BMT-nin keçmiş baş katibi Kofi Annanın sözləri ilə desək, “bütün inkişaf etməkdə olan ölkələrin arzusunu reallaşdırmağa – Üçüncü Dünyadan Birinci Dünyaya keçməyə” nail olan dövlətə çevrildi.
Yaponiyanın keçmiş baş naziri Kiiçi Miyazava daha da irəli getmişdir: “Bu, demək olar ki, təkbaşına kiçik bir adanı böyük millətə çevirən bir adamın hekayəsidir... Bu, dünyanın ilk dövlət quruculuğu dərsliyidir”.
Ağıllı strateq və amansız praqmatik Li Kuan Yu Sinqapuru heç bir təbii sərvəti olmayan kiçik bir adadan inkişaf edən iqtisadiyyata çevirmişdir.
Eyni zamanda, baş nazir kadr siyasətində meritokratiya prinsipini rəhbər tutaraq, sosial vəziyyətindən və etnik mənsubiyyətindən asılı olmayaraq, ən bacarıqlı və istedadlı insanları yüksək vəzifələrə təyin edirdi.
O, öz xatirələrində qeyd etmişdir ki, bizim heç bir təbii sərvətimiz yoxdur. Bizdə ancaq kiçik, strateji əhəmiyyətli torpaqda yaşayan insanlar var.
O dövrdə Cənub-Şərqi Asiyanın əksər ölkələrində olduğu kimi Sinqapurda da qohumbazlıq və rüşvətxorluq çiçəklənirdi. Bu hallara qarşı iki prinsipi rəhbər tutaraq mübarizə aparmaq qərara alındı: cəzanın qaçılmazlığı və millətindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hamının qanun qarşısında bərabərliyi. Hər kəs, o cümlədən yüksək vəzifəli siyasətçilər korrupsiya sxemlərində iştiraka görə məsuliyyət daşıyırdılar.
Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun nəzdində olan Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası (ASEAN) Mərkəzinin aparıcı eksperti, “Valday” klubunun eksperti, siyasi icmalçı Viktor Sumski qeyd edir ki, Li Kuan Yu kimi insanlar hər nəsildə doğulmur. Bu insanların özləri nadir şəxsiyyətdir və heç kim Sinqapurun nə vaxt belə bir liderə sahib olacağını bilmir.
Sinqapurlulara nəzakətli, daha az səs-küylü olmağı, tualeti özündən sonra yumağı və saqqız çeynəməyin pis adət olduğunu izah edirlər. Şəhərdə bir dənə də olsun qraffiti yoxdur, çünki hökumət heç bir qraffitinin olmaması barədə qərar vermişdi.
Hazırda Sinqapur informasiya texnologiyaları sahəsində Danimarka və İsveçrədən sonra dünyada üçüncü yeri tutur. İnsanların həyat səviyyəsi həddindən artıq yüksəkdir. Qızıl ehtiyatlarına görə Çin və Yaponiyadan sonra Sinqapur dünyada üçüncü yerdədir. Ölkə dünyada ən rahat yaşanası yer sayılır. Bir sözlə, bu ölkənin uğurlu inkişafı və çiçəklənməsi bir sıra inkişaf etmiş ölkələr üçün nümunədir.
Onun fəaliyyəti dövründə Sinqapurun ÜDM-i hər il təxminən doqquz faiz artaraq bu gün 547,39 milyard dollara çatıb. Sinqapur İnsan İnkişafı İndeksində ABŞ və Böyük Britaniyanı qabaqlayaraq 12-ci yerdədir. Bu ölkə uzun illərdir ki, dünyanın ən aşağı korrupsiya səviyyəsinə malik ilk on ölkəsi sırasındadır və 2021-ci ildə ölkə bu göstəriciyə görə İsveç, Hollandiya və İsveçrəni qabaqlayaraq beşinci yerə yüksəlib.
Li Kuan Yu öz xatirələrində qeyd edirdi ki, Çinin təbliğat nazirinin müavini Çu Veyçen Sinqapurun korrupsiyasız və səmərəli idarəçiliyinə heyran qalmışdı və insanların yüksək sosial və mənəvi keyfiyyətlərini necə qoruyub saxlamağı bacardığımızı soruşdu. Dedim ki, bizim gördüyümüz hər şey insanların onsuz da malik olduqları mədəni dəyərləri, onların fitri dəyərlərini, doğru və yanlış hisslərini gücləndirmək idi.
Valideynlərə sədaqət, loyallıq və ədalət, zəhmətkeşlik və qənaətcillik, dostlara səmimiyyət və vətənə sədaqət kimi konfutsi dəyərləri hüquq sisteminin mühüm sütunlarını təşkil edir. Biz bu ənənəvi dəyərləri yalnız onlara uyğun gələn davranışı mükafatlandırmaq və onlara zidd olan davranışı isə cəzalandırmaq yolu ilə gücləndirmişik. Eyni zamanda, Çin konfutsiçilərinin ailəyə kömək etmək öhdəliyinin qaranlıq tərəfi olan qohumluq, favoritizm və korrupsiya kimi pislikləri aradan qaldırmağa qərar verdik.
Sinqapur təcrübəsi çoxmillətli dövlətdə millətlərarası sülhün qorunması, korrupsiyaya qarşı səmərəli mübarizə, xarici investisiyaların məharətlə cəlb edilməsi, səhiyyə və təhsilin yüksək səviyyəsi, son dərəcə müdrik sosial mühəndislik və dövlət idarəçiliyi sahəsində uğurlu siyasət nümunəsi kimi ibrətamizdir.
Eldar Əsgərov (Şəkibəyov),
hüquqşünas, Dövlət qulluğunun baş müşaviri
ardı var...


