Icma.az
close
up
RU
Döyüşçü yazarın cəbhə gündəliyindən

Döyüşçü yazarın cəbhə gündəliyindən

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Partlayış səsləri, sülhməramlılar və kababdan bezmə...

1-ci epizod

Bu kəndlərin qarşısında düşmən önündə müəyyən yüksəklik–təpələrin bəzisində bizim batalyon yerləşib. Təbii ki, qarşılıq olaraq düşmənin artilleriya hücumları başlayır. Həm orada qalmağa imkan verməmək, həm də geri oturtmaq üçün toplardan və minaatanlardan mərmi yağmuru. Heyətimiz dərinliyi dizdən olan, ot basmış səngərə yerləşir. Qazılma istiqaməti və s. aydın hiss olunur ki, bu səngər Birinci Qarabağ savaşından qalmadır. Allah bilir, orada birinci savaşda kimlərimiz şəhid olub. İndi onların övladları idi o səngərdə olanlar. Bu qədər mərmi yağmuru, amma itkimiz hələ yoxdu, bəxtimiz gətirir. Bəlkə Birinci Qarabağ savaşında şəhid olanların ruhu idi bizi qoruyan?!

Bir neçə dəqiqə sonra sağ istiqamətimizdə yerləşən bölükdən artilleriya atışlarından sonra bir zabitimiz və iki əsgərimiz yaralanır. Səhv etmirəmsə, baş leytenant Əmrahov sağ əlinin barmaqlarını itirir. Bir əsgər boğazından, digərisə qarnından yaralanır. Digər bölmələrin köməyi ilə yaralılar oradan çıxarılır.

Bunun ardınca bizim ordunun şiddətli əks artilleriya hücumu, atışları başlayır. Bir neçə partlayış səsi raket atıldığından xəbər verirdi. Təhlükə içində raket partlayışlarına olan marağımı öldürə bilmirəm. Bu nədir, bu nə partlayışdır belə? Torpağın bağrı yarılır sanki... Düşmənin artilleriya atışları səngiyir, sonra isə tam kəsilir. Gecəyə yaxın bizə məlumat verilir: “qonaqlarımız” olacaq. Heç bir halda qarşı tərəfə, hərəkətliliyə atəş açmayın. Bildiyimiz budur ki, ordumuz, XTQ və digər bölmələr gecə ikən hücuma keçəcəklər...

...Qısa müddət ərzində o kəndlər, qarşısı və digər istiqamətlər düşməndən tam təmizlənir. Batalyonumuzun 20-yə yaxın yaralısı və 4 şəhidi var...

2-ci epizod

Siqnaxda erməni evlərindəyik. Müharibənin gedişində bizim batalyon Xocalı kəndləri, Şuşa uğrunda döyüşlərdə olsa da, hərbi hissəmizin digər batalyonu Laçın, dəhliz ətrafı döyüşlərdə idi. Müharibənin bitməsi ilə bərabər ordu tərxis olunur, evə göndərilir xəbərləri yayılmağa başladı. Öz düşüncəmizlə deyirdik ki, müqaviləyə əsasən, boşaldılası rayonlar boşaldılmadan dövlət belə riskə gedib bizi tərxis etməz. Amma inananlar da var idi.

Müharibə bitərkən olduğumuz yüksəkliklərdə qaldıq. Artıq ocaq qalaya bilir, şaxtanı birtəhər yola verməyə çalışırdıq. Mənim tağımımın olduğu mövqenin yaxınlığında erməni ferması var idi. Saymışdıq, qənimətimiz 97 iri dana idi. Düzü, çörəksiz kabab yeməkdən iyrənməyə düşmüşdük müharibədən sonra.

15 noyabr öncəsi aşağı enəcəksiniz, ordansa Cəbrayıla gedəcəksiniz deyilir. Amma 15 noyabrda Kəlbəcərin boşaldılmaması planları pozdu. Hər ehtimala qarşı orada qalacaqsınız. Müqaviləyə əməl edilməsə...

Bu hadisələrin sonu necə olacaq, - deyə düşünür, müxtəlif analizlər verirdik. Ən yaxşısı Ağdamı, 20 noyabrı gözləməkdir. Ağdamla bağlı xəbərləri gözləyirik. Kimisində təlaş, kimisində həyəcan... Yeni bir müharibə qaçılmazdırmı?

3-cü epizod

O xəbər gəlir: Ağdam boşaldıldı... 23 noyabr səhəri bizə rabitəylə xəbər verilir ki, Siqnax kəndinə gəlin. Ora gedirik. Müharibənin gedişində irəliləyəndə bir neçə saatlıq Siqnax kəndində olmuşduq. Həmin vaxtlar Siqnax ağır artilleriya hücumuna məruz qalırdı. Bu dəfə azad insanlar kimi kəndi gəzmək, özümüzə yemək üçün nəsə tapmaq olardı. Hər tağım bir evdə özünə yuva qurur. Otaqların birində taxtda üç əsgərim yerləşir, mənimçünsə ayrıca çarpayı ayırırlar.

Çıxaq, gəzək, müharibənin verdiyi “turizmdən” bəhrələnək. Əsgərlərin həvəsi daha çoxdu. Müxtəlif şəkillər çəkdirirlər. Daha çox bir villa diqqəti çəkir. Sonradan öyrənirəm ki, bu villa qondarma respublikanın milli təhlükəsizlik xidmətinin müavini bir general-mayorun evidir. Elə gözəyarı baxanda bu evin milyonlara, bəlkə də, daha artıq məbləğə başa gəldiyini açıq-aşkar görürsən.

Zirzəmisinə enir, otaqları gəzir, varlıların həyatını beynimdə qaralayıram. Çox qəribədir, yığdığın milyonların bir gün əsgərin ayağı altında qala bilər. Qapını əliylə taqqıldatma şansı olmayan bir kasıb balası onu təpiyi ilə aça bilər... Villanın yanında çəpərə alınmış ərazidə onlarla xırda və iribuynuzlu mal-qara var. Artıq kimindir, bilmədim... Kəndin içindəsə donuzlar veyillənir. Sahibsiz... Onlara heç bizlərdən də sahib çıxan yoxdu. Axşama doğru əsgərlər evə turşu, kartof-soğan, ev quşları və s. ərzaq məhsulları gətirirlər. İki aydan sonra evdə yatmağın ləzzəti – bunu heç boş vermək olar? Özümüzçün nələrsə bişiririk. Evin içində ocaq qalayarıq. Nəhayət, isti yerdə yatacağıq...

4-cü epizod

Laçın boşaldılır, biz getməliyik. 1 dekabr. Radioda Ali Baş Komandan İlham Əliyevin çıxışını dinləyirik. Laçın boşaldıldı. Sevinc səsləri hər yerdən duyulmağa başlayır. Artıq müharibə tam bitdi, deyə bilərik, düşünürük... Amma bizim hərbi hissənin Laçına gedəcəyi deyilir. Hazırlıqlar görülür. Siyahı tutulur. 24 yaşdan yuxarı əsgərlər Laçına getməyəcək. Onlar buradan tərxis olunacaq. Bəs zabitlər? Onlar da yaşından asılı olmayaraq, Laçına gedəcək. Orada təhvil-təslim edib silahları və əsgərləri təhvil verdikdən sonra 24 yaşdan yuxarı zabitlər tərxis ola biləcək. Hazırlıq vaxtı nədənsə yadıma laçınlı dostları salıram. Qayıdanda onlara danışacaq xeyli söhbətim olacaq. Bəlkə onlarla daha da doğmalaşacağıq...

Yadıma ilk düşən məktəbdə sevdiyim laçınlı qız olur. Sonra isə Rəşad Məcid, Şərif Ağayar... Çünki Laçın haqqında söhbətləri, yazıları daha çox onlardan görmüşdüm. Daha doğrusu, ünsiyyətdə olduğum insanlar arasında. Evdəkilərə, dostlara zəng edirəm. “Rabitə pisdi, əlaqəm olmasa, narahat olmayın”. Bunu xəbər verməyə bilməzdim. Yaxınlarım mən qayıdana kimi müharibənin içindən çıxa bilməmişdilər. Heç indi də çıxmayıblar. Bütün hazırlığımızı görüb yola düşürük...

5-ci epizod

Birinci gün çıxmağımızın səbəbi odur ki, ikinci gün sülhməramlıların keçid məntəqəsində olaq. Yəni cüt günün səhərinə özümüzü çatdıra bilək. Tək günlər ermənilər, cüt günlərsə biz o yoldan istifadə edə bilirik. Dəhliz qarşısında rus keçid məntəqəsində gözləyirik. Rusiya bayrağı...Qəribə oluruq. Müharibədən sonrakı gerçəkliyi indi-indi başa düşməyə başlayırıq. Bəziləri ruslara düşmən kimi baxır. Nə də olsa, ilk dəfədir belə rastlaşmaq. Bizi buraxmırlar, – əsəbiləşən zabitlərimiz olur.

– Başa düşün, biz burada sülhməramlıyıq. O biri heyət çatsın, sonra sizi aparacağıq. Öncə maşınlara baxaq.

Maşınlara baxırlar. Bir əsgər və toppuş rus zabiti maşınların içini gəzir. Məsələ məlumdur. Silahlar ayrıca maşında olmalı, heyət isə ayrı maşınlarda: Laçının mərkəzində ermənilərin içindən keçəndə hər hansı hadisə baş verməsin deyə. Maşınları yoxlayanda “Ural”ların birinin kabinəsində avtomat görürlər.

– Olmadı ki... Bütün silahları yığışdırın.

Yenidən harada silah varsa, ayrıca maşına yükləyirik. Yavaş-yavaş aramızda ünsiyyət yaranmağa başlayır. Zabitlər – Xəlilov, Şıxəliyev, Qayxılı rusca yaxşı bildiyindən onların vasitəsilə ünsiyyət qururuq, ya da ümumi danışırıq. Əsgərlərlə söhbət əsnasında məlum olur ki, əksəriyyəti Şimali Qafqazdan, Krımdan gələnlərdir. Bəziləri Bakıda da olub. Qohumları olanlar var. Qanımız qaynayır. Bilirsiniz, axı, bura bizim torpaqdı və s. kimi söhbətlərə “gediş” edirik.

– Biz sadəcə qulluqçuyuq, bura göndəriblər, gəlmişik. İşimiz aranızda hər hansı hadisələrin baş verməsinin qarşısını almaqdır.

Zabitlərimizdən biri “onsuz da bura da bizim olacaq” deyir. Ruslar gülümsəyir...

6-cı epizod

Laçında son gecəmiz. Səhv etmirəmsə, ya Həkəri, ya da Hoçazsu çayının sahilləridir. Ermənilərin keçmiş istirahət mərkəzi olub. Qapıları, pəncərələri aparılıb. Binaya isə od vurub yandırıblar. Orada məskunlaşırıq.

Ümumiyyətlə, dığalar çıxdıqdan sonra demək olar ki, hər şeyi yandırıblar. Xəbərdarlıq edirlər ki, ehtiyatlı olun, bunlar rayonu boşaldandan sonra bəzi yerlərə mina da basdıra bilərlər. Çay qırağında uzanıb yatmaq, ocaq çayı içmək... Yenə də bacardıqca müharibədən sonra turist kimi təbiətdən həzz almağa çalışıram. Bir də Laçında nə vaxt olacam ki?

...Silahları təhvil vermişik. Daha sonra əsgər heyətini. Düzü, zabitlər, əsgərlər kövrəlir. İlk dəfədir, zabit və əsgərin bir-birindən ayrıldığı üçün bu qədər kövrəldiyini görürəm. Axı, nə də olsa, müharibəni, döyüşləri bir yerdə keçiriblər... 30 dekabr gecəsi. Sabah hər şeyi hazır edib çıxmalıyıq. Çünki 31 dekabr cüt gündü. Əgər 31 dekabrda buradan keçməsək, bir də iki gün sonra şansımız olacaq. Belədə bayramı da evə çata bilməyəcəyik... 30 dekabrda həmin keçmiş istirahət mərkəzində son gecəmizi keçiririk...

7-ci epizod

31 dekabr səhəri tezdən sülhməramlıların qapısını kəsdirmişik. “9 tamamdan tez buraxa bilmərik”, – deyirlər. “Öncə məruzə edək, sizə zirehli maşın ayıraq, sonra...”. Zarafatlaşırıq, söhbət edirik. Narahat olmayın, elə sürətli və tez edəcəyik ki, Yeni il gecəsini evinizə çata biləsiniz.

– Мы же все Кавказцы, зачем нам враждовать? – zabit deyir.

Bəzi fikirlər içimi qıdıqladır. Mustafaya deyirəm ki, soruş gör, onların təminatını ermənilər verir? Ruslar tez etiraz edir: “Yox, hər şey bizə Rusiyadan gəlir. Ermənilərdən heç nə almırıq”.

Deyirəm, onlardan siqaret də almırsınız? Rus əsgəri əminliklə siqaretini çıxarır, Rusiya aksiz markası olan nazik “Kent 4”.

Bəlkə, dostluq naminə siqaretlərimizi dəyişək... Cibimdən siqareti çıxarmaq istəyirəm, amma qutunun üstündə ermənicə “Akhtamar” yazılıb. Öz-özümə gülürəm: mən ruslara elə deyirəm, özümdə isə erməni siqareti...

Sürücülərimiz yaşlı kişilərdi. Rus zabiti məəttəl baxır. Zabitləmiz isə sovet zarafatını edir: “döyüşə qocalar gedir”.

Söhbətdən sonra bizi buraxırlar. Bu dəfə Laçının mərkəzini gündüz görməli oluruq... Saatlar sonra Cəbrayıldayıq. Sənədlərimizi götürürük. Gecə isə artıq Sumqayıtdayam. Amma qafqazlı sülhməramlı zabitinin sözləri ara-sıra qulağımda pıçıldanır:

“Мы же все kавказцы, зачем нам враждовать?”.

Emin PİRİ,
Vətən müharibəsi veteranı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see431

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see233

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see226

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see196

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see193

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see193

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see177

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see175

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see168

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see161

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see159

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see157

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see157

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see154

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see149

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see149

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see145

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see145

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see145

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri