Icma.az
close
up
RU
Dramatik Madrid derbisində yenə “Real” sevindi

Dramatik Madrid derbisində yenə “Real” sevindi

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İkinci oyun günü Fransada start götürdü.

Mövsümün sürprizlərindən olan “Lill” səfərdəki heç-heçədən sonra mərhələni adlamaq şansını yetərincə artırmışdı. Üstəlik “şimallı itlər” qapıçı Kobelin kobud səhvindən sonra artıq 5-ci dəqiqədə hesabda önə keçdilər. Amma tədricən özünə gələn və ÇL-in son finalçısı olduğunu xatırlayan “Borussiya” xarakter nümayiş etdirdi. Niko Kovaçın komandası hələ fasiləyə qədər bir neçə gözəl fürsət yaratsa da, özünə lazım olan qolları yalnız 2-ci hissədə vura bildi. Komandanın əsas qol silahı Girassi fərqlənə bilməsə də, hər iki qolda yaxından iştirak etdi. Əvvəlcə məhz ona qarşı kobudluğa görə təyin olunan penaltini Əmrə Can dəqiq yerinə yetirdi. Çox keçmədən Girassinin ötürməsindən sonra Bayer topu uzaq “9-luğ”a sancaraq ÇL-də ilk qolunu vurdu. “Borussiya” çətinliklə də olsa, mərhələni adlayaraq “Barselona”nın rəqibi oldu.
İngiltərədə keçirilən hər iki qarşılaşmada intriqa, demək olar, yox idi. “Arsenal”ın səfərdəki şoudan sonra mərhələ adlayacağı şübhə doğurmurdu. Nüfuzunu qorumaq üçün meydana çıxan PSV iki dəfə hesabda geri düşdüyü qarşılaşmada məğlubiyyətdən qurtulmağı bacardı. Niderland çempionunu ən azı buna görə alqışlamaq olar. “Villa Park”dakı oyunda isə intriqa yalnız bir halda – “Brügge” hesabı açacağı təqdirdə bərpa oluna bilərdi. Amma Belçika çempionu erkən qol vurmaq əvəzinə erkən qırmızı vərəqə alaraq işini daha da qəlziləşdirdi. Cinah müdafiəçisi Sabbe “son ümid folu”na görə 17-ci dəqiqədə meydandan qovuldu. “Brügge” bu şərtlər altında rəqibə yalnız bir hissə müqavimət göstərə bildi. “Aston Villa”ya transfer olunandan sonra yenidən adından söz etdirməyə başlayan “Real”ın sabiq və unudulmuş ulduzu Asensio 11 dəqiqəyə dubl etməklə qəhrəmana çevrildi. Beləliklə, Emerinin komandası bir baş üstün olduğu dueldə hər iki oyunda 3 qol vuraraq asanlıqla növbəti mərhələyə yüksəldi və PSJ-nin rəqibi oldu.
Günün şah oyunu Madrid derbisi oldu. Bu mövsüm böyük oyunlarda ümidləri doğrultmaqda çətinlik çəkən “Real”ın prinsipial rəqiblə səfər matçında necə təsir bağışlayacağı maraqla gözlənilirdi. Oyun “kral klubu” üçün kabus kimi başladı. Artıq 27-ci saniyədə Qallaher sağ cinahdan qurulan hücum zamanı önünə düşən topu yaxın məsafədən tora göndərməklə yerli fanatları sevincdən dəli olmaq həddinə çatdırdı. Bu, “Atletiko”nun ÇL-də vurduğu ən erkən qol kimi tarixə düşdü. Amma “Real”ın ÇL-də bundan da erkən buraxdığı qol olub. “Real” topa nəzarətdə 60 faizlik üstünlüyə malik olsa da, ciddi fürsət yarada bilmirdi. Çünki belə vəziyyətlərdə özünü suda balıq kimi hiss edən və əla müdafiə olunmağı bacaran “Atletiko” rəqibə boş zona vermirdi. Meydan sahibləri əks-hücumlarda tez-tez Kurtuanı oyuna qoşulmağa məcbur edirdilər. Fasilədən sonra oyunun ssenarisi dəyişmədi.
Ançelottinin komandası, nəhayət, 2-ci hissənin ortalarında əks-hücumda ilk dəfə rəqib müdafisəində boşluq yaxaladı. Mbappe iki rəqibdən sıyrılandan sonra zərbə vurmaq üzrə olarkən kobudluğa məruz qaldı və şübhə doğurmayan penalti qazandı. Amma Vinisius topu tora yox, qapının çox üstündən tribunalara göndərdi. Sanki onun məqsədi qol vurmaq yox, oyunboyu ünvanına pis sözlər qışqıran azarkeşlərdən birini topla vurmaq idi. Hesab dəyişmədiyindən və ümumi hesab bərabər olduğundan əlavə vaxta ehtiyac duyuldu. “Atletiko”nun artıq yavaş-yavaş yorulmağa başladığı hiss olunurdu. “Real”ın isə topa sahibolmada üstünlüyü 70 faizə yüksəlsə də, komanda heç 1 xG (qol fürsəti) də yaxalaya bilmədi! Nəticədə bu dramatik gecədə hər şey penalti seriyasında həll olundu və burda da dramatik an yaşandı. Alvaresin zərbəsi qolla nəticələnsə də, işə VAR qarışdı. Çünki argentinalı zərbə zamanı cüzi də olsa, topa digər ayağı ilə də toxundu. Bu üzdən qol sayılmadı! Oblak “Atletiko”ya daha bir ümid verərək Vaskesin zərbəsini dəf etdi. Amma meydan sahiblərinin son ümidini topu tirə vuran Lyorente “dəfn etdi”. Rüdiger ötən mövsüm “Mançester Siti” ilə dueldə olduğu kimi, yenə həlledici zərbəni vurmaq öhdəliyini üzərinə götürdü və “Real”ı 1/4 finala daşıdı. Madrid nəhəngini bu mərhələdə “Arsenal”la oyunlar gözləyir.
Lill – Borussiya D 1:2 (1:0)
Lill (Fransa): Şevalye, Menye, Diakite, Ribeyro, İsmaili (Qudmundsson, 67), Buaddi (Fernandes, 64), Mukau (Qomes, 83), Andre, Kabella (Akpom, 67), Haraldsson (Sahraui, 83), Devid.
Borussiya (Dortmund, Almaniya): Kobel, Anton (Bensebayni, 72), Can, Şlotterbek, Ryuyerson, Qross (Salih Özcan, 85), Zabitser, Adeyemi (Gittens, 79), Brandt (Çukvuemeka, 85), Bayer (Reyna, 85), Girassi.
Qollar: Devid, 5 (1:0). Can, 54-p. (1:1). Bayer, 65 (1:2).
Vərəqələr: Anton, 32. Qross, 51. Menye, 52. Mukau, 83 – sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
12 mart. Lill. 48042 tamaşaçı.
İlk oyun – 1:1.
Atletiko – Real 1:0 (1:0, 0:0, 0:0), p. - 2:4
Atletiko (Madrid, İspaniya): Oblak, M.Lyorente, Ximenes, Lanqle (Le Norman, 91), Reynildo (Aspilikueta, 98), Barrios, De Paul (Molina, 90), Simeone (Korrea, 89), Qallaher (Lino, 85), Qrizmann (Sörlot, 89), Alvares.
Real (Madrid, İspaniya): Kurtua, Valverde, R.Asensio, Rüdiger, Mendi (Qarsiya, 83), Modriç (Vaskes, 65), Çuameni (Kamavinqa, 65), Rodriqo (Dias, 79), Bellingem, Vinisius (Endrik, 115), Mbappe.
Qol: Qallaher, 1.
Vinisius 70-ci dəqiqədə penaltidən yararlana bilməyib (yan).
Vərəqələr: Çuameni, 39. Vinisius, 59. Simeone, 66. Lanqle, 68. Aspilikueta, 114. M.Lyorente, 115. Vaskes, 115 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
12 mart. Madrid. 69304 tamaşaçı.
İlk oyun – 1:2.
Arsenal – PSV 2:2 (2:1)
Arsenal (London, İngiltərə): Raya, Uayt (Timber, 79), Kivyor, Qabriel, Lüis-Skelli, Jorjinyo, Zinçenko (Edeqor, 79), Rays (Kalafyori, 64), Sterlinq, Tirni (Martinelli, 79), Merino (Trossar, 64).
PSV (Eyndhoven, Niderland): Benites, Ledesma, Naqalo (Flaminqo, 77), Obispo (Boskalyi, 69), Malasia, Til, Babadi, Shouten (Veerman, 46), Bakayoko, Drioş (Bayraktareviç, 80), Perişiç (De Yonq, 68).
Qollar: Zinçenko, 6 (1:0). Perişiç, 18 (1:1). Rays, 37 (2:1). Drioş, 70 (2:2).
Vərəqələr: Babadi, 34. Kivior, 42. Rays, 63. Sterlinq, 90+3 – sarı.
Hakim: Rade Obrenoviç (Sloveniya).
12 mart. London. 59410 tamaşaçı.
İlk oyun – 7:1
Aston Villa – Brügge 3:0 (0:0)
Aston Villa (Birmingem, İngiltərə): Martines, Keş (Disasi, 73), Konsa, Minqs (Torres, 66), Maatsen, Tilemans, Kamara (Beyli, 46), Rocers (Remsi, 66), Makqinn, Reşford, Uotkins (M.Asensio, 46).
Brügge (Belçika): Minyole, Sabbe, Ordonye (Romero, 58), Mexele, De Kuyper, Onyedika, Yaşari (Nilsen, 58), Talbi (Skuras, 58), Vanaken, Tsolis (Sike, 66), Xutqla (Nilsson, 58).
Qollar: M.Asensio, 50 (1:0). Maatsen, 57 (2:0). Asensio, 61 (3:0).
Vərəqələr: Vanaken, 70 – sarı. Sabbe, 17 – qırmızı.
Hakim: Daniel Zibert (Almaniya).
12 mart. Birmingem. 42461 tamaşaçı.
İlk oyun – 3:1.
Bombardirlər: Rafinya (Barselona) – 11, Girassi (Borussiya D), Keyn (Bavariya) – 10, Levandovski (Barselona) – 9.
Faktlar
* “Real” ardıcıl 5-ci, ümumulikdə 40-cı dəfə ÇK-ÇL-də 1/4 finala yüksəldi və turnirin tarixində bunu bacaran ilk komanda oldu. “Bavariya” 34, “Barselona” 24 dəfə 1/4-ə yüksəlib.
* Oyunsonrası penalti seriyasını nəzər almasaq, Vinisius “Real” karyerasında ilk dəfə penalti qaçırdı! Buna qədər o, 8 penaltinin hamısını dəqiq yerinə yetirmişdi.
* “Real” ÇK/ÇL-də 4-cü dəfə oyunsonrası penalti seriyasına qalib gəldi. Bu, turnirin tarixinin yeni rekordudu!
* “Real” “Atletiko”ya qarşı ÇK/ÇL-də ev səfər prinsipi ilə keçirilən 4 pley-offun hamısından qalib ayrılıb. Bundan başqa, “Real” tarixi ərzində “Atletiko”ya qarşı keçirdiyi 6 oyunsonrası penalti seriyasının hamısında qalib gəlib!
* Qallaher Madrid derbisində qol vuran ilk ingiltərəli futbolçu kimi tarixə düşdü! Bundan başqa, Qallaher ÇL tarixində 1-ci dəqiqədə qol vuran ilk ingiltərəli futbolçu oldu.
* Dortmund “Borussiya” tarixində 8-ci dəfə avrokubokların pley-offuna evdə heç-heçə etməklə başladı və cəmi 2-ci dəfə mərhələni adladı. İlk belə hal 1993/94-də UEFA kubokunun 1-ci mərhələsində “Alaniya” ilə dueldə yaşanmışdı (evdə 0:0, səfərdə 1:0).
* Niko Kovaç baş məşqçi kimi ÇL-də keçirdiyi 8-ci səfər oyununda da məğlub olmadı (6 qələbə, 2 heç-heçə). Turnirin tarixində yalnız 3 məşqçinin bundan daha yaxşı seriyası var. Van Qal ilk 14, Qvardiola ilə Ten Haq isə ilk 11 səfər qarşılaşmasında məğlubiyyət acısı yaşamamışdı.
* Qvineyalı Girassi bu mövsüm ÇL-də artıq 14 qolun vurulmasında yaxından iştirak edib (10 qol, 4 məhsuldar ötürmə). Bununla da o, afrikalı futbolçular arasında rekord göstəricini təkrarlayıb. Daha öncə bu göstəriciyə yalnız “Liverpul”un misirli ulduzu Salah nail olub (2017/18).
* “Arsenal” ÇL-in pley-offunda iki oyunun nəticəsinə görə ən azı 9 qol vuran 2-ci İngiltərə təmsilçisi oldu. “Mançester Siti” 2018/19-un 1/8 finalında “Şalke-04”ə 10 qol vurmuşdu.
Oyundan sonra
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“Təbii ki, mərhələni adlaya bilmədiyimizə görə çox üzgünük. Bu mövsüm əsas hədəfimiz ən azı finala yüksəlmək idi və hər birimiz buna can atırdıq. Bu gecə gözümə yuxu getməsi üçün iki çıxış yolum var. Ya pis oynadığımızı və meydanda var gücümüzü qoymadığımızı düşünməli, ya da öz-özümə “biz bu gün nə bacarırdıqsa, onu da etdik” deməliyəm. Komandam bu gün həqiqətən də bütün bacarığını ortaya qoydu. Fanatlarımız möhtəşəm idi. Ümumiyyətlə, atmosfer çox gözəl idi. Düzdü, biz növbəti dəfə “Real”ı ÇL-də məğlub edə bilmədik. Amma hər dəfə onları əziyyət çəkməyə məcbur etmişik. Onlar bu gün meydanı sevinc içində tərk etsələr də, həmişə bizə qarşı oynamağın çətin olduğunu xatırlayacaqlar. Alvaresin penaltisi? Görünür, hakim zərbədən öncə topa iki toxunuşun olduğunu düşündü. Amma top tərpənmədi. İndiyə qədər penalti seriyasında VAR-ın işə qarışdığını görməmişdim. Siz jurnalistlərdən soruşuram: Alvaresin penaltisində topa iki toxunuşun olduğunu kim gördüsə, əlini qaldırsın. Görürsüz, heç kim əlini qaldırmadı”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Çətin olacağını bilirdik. 1-ci dəqiqədə qol buraxandan sonra işimiz bir qədər də çətinləşdi. Bu qol oyunun dinamikasına təsir etdi. “Atletiko” həm yaxşı müdafiə olunurdu, həm də əks-hücumlardan gözəl istifadə edirdi. Bizim isə penaltini saymasaq, yüzfaizlik qol fürsətimiz olmadı. “Atletiko” ilə oyunda fürsət yaxalamaq çətindi. Çünki onlar komanda şəklində ən yüksək səviyyədə müdafiə olunurlar. Oyunda tarazlığı itirəcəyimizdən qorxurdum. İkinci hissədə meydanın rəqibə aid hissəsində topa yaxşı nəzarət etdik. Ancaq iş elə alındı ki, qalib yalnız penalti seriyasında bəlli oldu. Alvaresin penalti epizodu çox qəribə oldu. Topa iki dəfə toxundu. Zərbəni sağ ayağı ilə vursa da, sol ayağı ilə də toxundu. Penalti seriyası, sadəcə, lotereyadı. Əslində 5-ci zərbəni Endrik vurmalıydı. Amma Rüdigerin daha soyuqqanlı olduğunu gördüm. Endrikdən zərbəni vurmağa hazır olub-olmadığını soruşduqda psixoloji durumu xoşuma gəlmədi. Bu üzdən ona bir qədər də gözləməyi məsləhət gördüm”.


Şimon Marçinyak, “Atlketiko” – “Real” oyununun baş hakimi:

“Mən özüm Alvaresin topa iki dəfə toxunmasından şübhələndim və epizodun incələnməsi üçün VAR-a müraciət etdim. VAR da epizodu ətraflı şəkildə təhlil etdi. Mbappe deyir ki, guya bunu mənə o dedi. Amma onun açıqlaması reallığı əks etdirmir. Düzünü desəm, hakimlik karyeramda daha öncə belə bir halla qarşılaşmamışdım. Amma futbolçular qaydaları bilməlidi”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Oyuna yaxşı başladıq və erkən qol vurduq. İki dəfə hesabda öndə olsaq da, təəssüf ki, qalib gələ bilmədik. İkinci hissədə yorğun görünürdük. Bəzi epizodlarda topa vaxtında müdaxilə edə bilmirdik. Ümumiyyətlə, fasilədən sonra komanda şəklində oyunumuz yaxşı alınmadı. Çoxaylı əvəzetmələrin və yerdəyişmələrin də bunda rolu oldu. Amma təbii ki, mərhələni adladığımıza görə sevincliyik. Əvvəlki oyunlarda az oynayan, amma şans qazanmağa layiq olan bəzi futbolçulara bu gün özlərini göstərmək fürsəti yaratdım. Bununla belə, üzərində işləməli olduğumuz məqamlar da az deyil”.


Unay Emeri, “Aston Villa”nın baş məşqçisi:

“İlk yarıda gərgin təsir bağışladıq. Topa və oyuna nəzarət edə bilmədik. Çünki “Brügge” istəkliydi. Hərçənd onların belə oyunu bizim üçün sürpriz olmadı. ÇL-də hər komanda sona qədər döyüşməyə çalışır. İkinci hissədə isə oyunumuzu tam dəyişdik. Planımız işə yaradı. Topa daha yaxşı nəzarət etməyə başlayan kimi ardıcıl qollar vurduq. İkinci hissədəki oyunumuzu həmişə göstərməyə can atmalıyıq. Bunu tək azlıqda qalan yox, tam heyətlə oynayan rəqiblərlə oyunda da etməliyik”.


Niko Kovaç, Dortmund “Borussiya”sının baş məşqçisi:

“Əla oyun izlədik. Əvvəldən sona qədər üstünlüyə malik olduq. Erkən qol buraxmağımız heç yaxşı olmadı. Amma komandam qalan müddətdə xarakter və yüksək ustalıq nümayiş etdirdi. Aqressiv oynadıq və bir çox qol fürsəti yaxaladıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Mart 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ 350 milyard dollardan çox vəsait ala bilər

01 May 2025 08:28see128

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see128

Elməddin Cəfərov: Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir

02 May 2025 02:34see128

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see124

Zamiq Əliyev finalda 120 dəqiqə oynadı

02 May 2025 00:21see122

Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı

01 May 2025 17:41see122

Sosial yardım adı altında dələduzluq Diqqətli olun!

01 May 2025 20:31see121

Azərbaycan yığmasının məşqçisi: Reqatadakı nəticələrimizin davamını beynəlxalq arenada gətirmək istəyirik

01 May 2025 17:41see120

“Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” “Traktor” sabah çempion ola bilər

01 May 2025 21:51see119

Zəngin insanlar hansı rənglərdən uzaq durur və nə üçün?

01 May 2025 17:28see118

BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır

02 May 2025 04:36see118

Sel körpünü dağıtdı

02 May 2025 03:01see117

Səhərlər bir ovuc kişmiş yeyərək ÖMRÜNÜZÜ UZADIN

01 May 2025 20:08see115

Qızıl almaq istəyənlər üçün fürsət sürətlə enir

01 May 2025 09:41see115

Manaf Ağayev oğullarından şikayət etdi

01 May 2025 14:44see114

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see113

25 ölkədən 175 gimnast Bakıda medal uğrunda yarışacaq...

01 May 2025 19:36see112

Aİ də qaz idxalı sabit olaraq qalır

01 May 2025 22:30see112

Trampın müşaviri və müavini vəzifələrindən gedir

01 May 2025 19:30see112

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri