Icma.az
close
up
RU
Dünya Azərbaycanın sülh gündəliyini qəbul edir

Dünya Azərbaycanın sülh gündəliyini qəbul edir

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlham Əliyev: Artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir

Postmüharibə dövründə qalib Azərbaycanın təşəbbüsü ilə başlayan sülhyaratma prosesi məntiqi sonluğa çatmaq üzrədir. Bu günlərdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”  paraflandı. Bununla Azərbaycan və Ermənistan otuz ildən artıq davam edən münaqişəyə son qoymaq niyyətlərini və sülhə sadiq olduqlarını təsdiqləmiş oldular.

Beəliklə, onilliklər ərzində müharibə riskləri, təhdidlərlə üz-üzə dayanmış Cənubi Qafqaz regionu heç vaxt olmadığı qədər sülhə yaxındır. Artıq bir çox cəhətdən son dərəcə həssas coğrafiyada müharibə səhifəsi bağlanır, yeni bir dönəm başlayır. Vaşinqtonda Prezident Donald Trampın vasitəçiliyi ilə paraflanan sənəddə iki ölkənin gələcək münasibətlərinin təməl prinsipləri öz əksini tapıb ki, bu da tərəflər üçün böyük məsuliyyət yaradır.

Azərbaycanın yaratdığı reallıqların təsdiqi

Artıq tarixdə qalan otuz illik münaqişənin əsas səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından çıxış etməsi olub. Bu ölkə ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamıza qarşı ərazi iddialarını açıq müstəviyə keçirməklə işğalçılıq siyasətinə başlayıb. Qonşu dövlət xarici havadarlarının dəstəyi ilə və o dövrdə respublikamızdakı qarışıq vəziyyətdən sui-istifadə etməklə keçmiş Dağlıq Qarabağı və oraya bitişik əraziləri zəbt edib. Bu, dünya tarixində misli görünməmiş bir işğal idi. O dövrə aid foto və video materiallar işğalçıların Azərbaycan əsilli vətəndaşlarla necə qəddar davrandıqlarını, ələ keçirdikləri ərazilərdəki bütün sərvətləri vəhşicəsinə taladıqlarını , yaşayış məntəqələrini yerlə-yeksan etdiklərini, tarixi mədəni-dini abidələri dağıtdıqlarını, inanc yerlərimizi, o cümlədən də məscidləri və qəbiristanlıqları təhqirlərə məruz qoyduqlarını bütün cəhətləri ilə əks etdirir. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma ev-eşiyindən didərgin düşmək məcburiyyətində qalmışdı. Bu, o dövrdə iqtisadiyyatı zəif olan Azərbaycan üçün sözün əsl mənasında humanitar fəlakət idi. Ev-eşiyini itirən insanlar çadırlarda, vaqonlarda, uyğunlaşdırılmış qəzalı binalarda yaşamaq məcburiyyətində qalmışdılar. Eyni zamanda, Laçının və Kəlbəcərin işğal altına düşməsi nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaranmışdı. Bundan istifadə edən Ermənistan Dağlıq Qarabağı hərbiləşdirlmiş zonaya çevirmişdi. Buraya Laçın yolu vasitəsilə hərbi texnika daşınır, zorla ələ keçirilmiş ərazilərimizdə sayı-hesabı bilinməyən minalar basdırılırdı.

Təbii ki, Azərbaycan dövləti və xalqı işğal faktı ilə barışa bilməzdi və barışmadı da. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı. Ölkənin milli gücü bu ideya ətrafında səfərbər edildi. Belə ki, respublikamız  danışıqlar prsesində fəallıq göstərməklə yanaşı, həm də özünün iqtisadi-maliyyə imkanlarını genişləndirdi, müasir, güclü ordu qurdu. Prezident İlham Əliyev Minsk qrupu çərçivəsində aparılan danışıqlarda və digər beynəlxalq auditoriyalarda birmənalı şəkildə bildirdi ki, ərazi bütövlüyü bizim üçün qırmızı xətdir və buna istənilən yolla nail olacağıq.

Belə də oldu. Müzəffər Silahlı Qüvvələrimizin 44 günlük müharibədə qazandığı şanlı Zəfər sayəsində Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Bundan sonra 2023-cü ilin sentyabr ayında Ordumuz 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı həyata keçirdi, Xankəndidəki və digər ərazilərimizdəki separatizm yuvasını tamam dağıtdı. Bir vaxtlar ölkəmizə qarşı dövləti və amansız müharibə cinayətləri törətmiş şəxslər tutularaq Bakıya gətirildilər və hazırda onların məhkəməsi aparılır.

Yalnız lokal xarakterli antiterror əməliyatından sonra bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” deyən baş nazir  Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanat verdi və Qarabağın respublikamıza aid olduğunu bildirdi. Baş nazirin bu bəyanatı Ermənistandakı revanşist əhval-ruhiyyəli qüvvələri, eləcə də bu ölkənin yaxın-uzaq coğrafiyalardakı havadarlarını şoka salsa da, əslində, reallığın təsdiqi idi. Həmin qüvvələr dünyanın 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının nəticələrinin tanımamamsına nail olmaqdan ötrü dəridən-qabıqdan çıxırdılar. Makrondan “Ermənistanın yanındayıq” , şimal qonşumuzdan “Dağlıq Qarabağ məsələsini gələcəyə saxlayaq” məzmunlu bəyanatlar gəlirdi. Ancaq haqq yolunda olan, beynəlxalq hüquq çərçivəsində davranan, ədalətli müharibə aparan qalib Azərbaycan özünün həqiqətlərini, regionda yaratdığı reallıqları dünyaya qəbul etdirməyə nail oldu. Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə liderlərin verdiyi birgə Bəyanat, sülh sazişinin paraflanması bunun de-yure təsdiqlənməsidir. Qeyd olunan sənədlərin imzalanması bir daha göstərdi ki, dünya Azərbaycanın sülh gündəliyini qəbul edir.

Tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını bildirirlər

Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin, eləcə də ABŞ Prezidentinin iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanan “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnində əsas müddəalardan biri ərazi bütövlüyü ilə bağlıdır. Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər. Eyni zamanda, tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər. Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər. Paraflanan Sazişin 3-cü maddəsində qeyd edilir ki, tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər.

Beləliklə, onilliklər ərzində işğalçılıq siyasətindən əziyyət çəkən Cənubi Qafqaz coğrafiyasında yeni bir dönəm başlayır. Yuxarıda vurğuladığımız kimi, Azərbaycanın gücü və iradəsi sayəsində münaqişənin əsas səbəbi aradan qaldırılıb. Ölkəmizin yaratdığı reallıqlar regionda sülh, əməkdaşlıq və təhlükəsizlik üçün yeni fürsətlər açıb və bu fürsətlərdən istifadə olunmalıdır. O cümlədən yekun sülh sazişi imzalandıqdan və ratifikasiya olunduqdan sonra yeni reallıqlar şəraitində Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması da mümkün olacaq. Sənəddə vurğulanır ki,  tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar.

Əlbəttə, münasibətlərin tam normallaşması üçün  müəyyən müddət lazımdır. İlk növbədə iki ölkə arasında etimad quruculuğu prosesinə başlanılmalıdır. Dünyada çoxillik, uzanan müharibələr çox olub. Ancaq bu müharibələr nə qədər ağır fəsadlar versə də, zaman yaraların üstünü örtüb və və dövlətlər, cəmiyyətlər, xalqlar arasında əlaqələr qurulub. Azərbaycan və Ermənistan eyni coğrafiyanı bölüşürlər. Bu iki dövlətdən birinin qonşuluq coğrafiyasını dəyişmək imkanı sıfıra bərabərdir. Əlbəttə, vurulan yaralardan sonra barışıq mühiti yaratmaq asan deyil. Xüsusilə də Ermənistan cəmiyyətinin müəyyən kəsiminə revanşizm əhval-ruhiyyəsi hakimdir. Zamanla kilsə, xaricdəki lobbi dairələri Ermənistan cəmiyyətinə Azərbaycana və Türkiyəyə nifrət aşılayıb. Həmçinin bu ölkədə çoxları hələ də “dənizdən-dənizə Ermənistan” xülyası ilə yaşayırlar. Bunlar Ermənistan cəmiyyətinin, necə deyərlər, metastaz vermiş xəstəliyidir. Bu miflərdən qurtulmaq, xüsusilə də  gəncləri çürük idologiyanın əsirliyindən xilas etmək üçün illər lazım gələcək. Yeri gəlmişkən, yaxşı haldır ki, baş nazir Nikol Paşinyanın komandası bu istiqamətdə fəaliyyətlərə başlayıb. Son vaxtlarda çürük erməni mifləri bir-birinin ardınca darmadağın olur. Azərbaycanın qazandığı şanlı zəfərlər təsdiqlədi ki, “ermənilərin döyüşən xalq” olmaları mifinin heç bir əsası yoxdur. 44 günlük müharibədə Ermənistan ordusunda 10 mindən çox fərarinin qeydə alınması kədərli reallığı açıb ortaya qoydu. Erməni əsgərlərinin döyüş meydanından silah-sursatı qoyub qaçdıqlarına aid video görntülər internet resurslarında hələ də qalır. Digər erməni miflərini isə N.Paşinyanın  özü dağıdır. Onun bildirdiyi kimi, ermənilər aldadılıblar, virtual Ermənistan ideyası puçdur, real Ermənistanı qəbul etmək lazımdır. İndiyədək Ermənistan cəmiyyəti üçün ən qorxulu mif kilsə ilə bağlı idi. Azərbaycan və Türkiyəyə münasibətdə dözümsüzlük ideyası məhz kilsədən yayılırdı. Ən qorxulu cəhət o idi ki, Ermənistanda kilsə ətrafında bir tabu qurulmuşdu. Heç kəs kilsəyə qarşı danışa bilməzdi, oradan gələn ideyalar hər nə qədər zərərli olsa da, müqəddəs sayılırdı. N.Paşinyan kilsə mifini dağıtmaqla öz xalqını sanki dərin yuxudan oyatdı. Sazişin səkkizinci maddəsində vurğulanır ki, tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.

Ermənistan konstitusiyasını nə qədər tez dəyişərsə...

Hazırda Vaşinqtonda paraflanan sənədin imzalanması və sonradan ratifikasiyası üçün yeganə şərt Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Məlumdur ki, Azərbaycan və Ermənistan sazişin 17 maddəsini uzun diplomatik təmaslardan sonra bir neçə ay bundan əvvəl bütünlüklə razılaşdırdılar. Bundan sonra yekun sənədin imzalanması üçün qarşı tərəf daha iki öhdəliyini yerinə yetirməli idi.  Bunlardan biri ATƏT-in de-fakto mövcud olmayan Minsk qrupunun de-yure də ləğv olunmasına Ermənistanın razılıq verməsi idi. Minsk qrupu zamanında keçmiş Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılmışdı. Təxminən otuz il ərzində onun fəaliyyətində sıfır nəticə oldu. Azərbaycan çoxillik münaqişəni özü aradan qaldırdı.  Bundan sonra Minsk qrupunun qalmasına da heç bir ehtiyac yox idi. Ancaq Azərbaycanın israrlarına baxmayaraq, Ermənistan faktiki mövcud olmayan qurumun hüquqi baxımdan ləğvinə razılığını verməyə tələsmirdi. Minsk qrupunun de-yure ləğvi məsələsi Vaşinqton görüşü çərçivəsində həllini tapdı.

Bundan sonra yekun sülh sazişinin imzalanması yolunda yeganə maneə Ermənistanın indiki qüvvədə olan konstitusiyasının məzmunudur. Azərbaycan qalıcı sülh mövqeyindən çıxış edir. Bunun üçün isə yalnız sülh sazişini imzalamaq yetərli deyil. Qalıcı sülh üçün fundamental hüquqi baza olmalıdır. Ancaq Ermənistanın hazırkı konstitusiyası bu bazanı təmin etmir. Bu da onunla bağlıdır ki, Ermənistanın əsas qanununun preampula hissəsində açıq-aşkar respublikamıza qarşı ərazi iddialarının yer aldığı müddəalar var. Belə bir vəziyyətdə hansı məntiqlə qalıcı sülhdən danışmaq mümkündür? Buna görə də sülh təşəbbüsünün müəllifi olan Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirlməsini yekun sənədin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürüb. Ermənistan konstitusiya dəyişikliyinə getməklə sülh prosesinə nə qədər sadiq olduğunu ortaya qoyacaq. Bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. “...Sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı bizim müştərək müraciətimiz, hesab edirəm ki, birinci maneəni aradan qaldırıb. Yenə də deyirəm, bu gün bu paraflanma Ağ Evdə baş tutdu. Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, - Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, - Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”, - deyə Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində vurğulayıb.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Avqust 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri