Dünya geosiyasətinin Bakı səhnəsi: qlobal və regional miqyasların kəsişməsində
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
K.Əlioğlu
Ekspertlər hesab edirlər ki, dünya siyasəti "yenidən qarışıb". Əsas səbəb kimi D.Trampın qeyri-adi görünən addımlar atması göstərilir. Burada müəyyən əsaslar vardır. Lakin həmişə geosiyasi dinamikanı qlobal miqyasda dəyişən hadisələr baş verir. Siyasi liderlərin qənaətinə görə, dünya indi məhz bu prosesi yaşayır. Onun fonunda isə regionlarda geosiyasi mənzərənin formalaşması özəllikləri xüsusi olaraq aktual görünür. Bu baxımdan Cənubi Qafqaz ekspertlərin diqqətini daha çox çəkir. Bu regionu ayrıca həssas edən elə məqamlar vardır ki, geniş geosiyasi məkan üçün maraqlıdır. Bütün bu məqamların prizmasından indiki şəraitdə Cənubi Qafqazda geosiyasi proseslərin qlobal kontekstdə təhlilinə ciddi ehtiyac yaranıb.
Vaşinqtondan "əsən külək"
Hazırda dünya miqyasında geosiyasi proseslərin dinamikası çoxlarını çəkindirir. D.Trampın xarici siyasətini riskli hesab edənlər az deyil. Həqiqətən də, ABŞ-ın Prezidenti formal məntiqdən və proqnozlardan kənar addımlar atır. Bu da bütün dünyanın geosiyasi durumuna təsir göstərir.
Heç bir müstəqil dövlət bu gedişata laqeyd qalmır. Sirr deyil ki, Çin, Rusiya, Avropa İttifaqı (Aİ) də daxil olmaqla, ranqından və təsir dairəsindən asılı olmayaraq, hər bir dövlət D.Trampın siyasətinə reaksiya verir və bu proses davam edir.
Bundan başqa, dünyanın hər bir regionunun indiyə qədər formalaşmış özünəməxsus geosiyasi dinamikası mövcuddur. Obrazlı desək, Vaşinqtondan "əsməyə başlayan yeni küləyin" regional dinamikaya necə təsir edəcəyi məsələsi də çox aktuallaşıb. İndi demək olar ki, dünyanın həssas regionlarında məsələnin bu tərəfi siyasi dairələrdə geniş müzakirə edilir. XII Qlobal Bakı Forumu bu baxımdan dünya əhəmiyyətli beynəlxalq tədbirdir!

Bizim üçün tədbirin başqa bir əhəmiyyəti də şübhə doğurmurdu. Cənubi Qafqazın lider dövləti kimi dünyanın Azərbaycana olan münasibətini bir daha duymaq maraqlı idi.
Qlobal Bakı Forumu beynəlxalq platforma kimi
Prezident İlham Əliyev tədbirdəki çıxışında vurğulayıb: "Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib".
Dövlət başçısının bu fikri Azərbaycanın ev sahibliyi etdiyi mühüm beynəlxalq tədbirlərdən birinin geosiyasi statusunu ifadə edir. Qlobal miqyasda geosiyasi dinamikanın daha da mürəkkəbləşməsi və risklərin artması fonunda bu, əhəmiyyətli məqamdır. Bakı Forumu beynəlxalq platforma kimi dünya miqyasında xüsusi yer tutursa, Azərbaycanın regional statusunun yüksək olduğunu ifadə edir. Bunun fonunda Azərbaycanın COP29-u uğurla keçirməsi təsadüfi deyildir. Dövlət başçısının COP29-u ötən il keçirilən "əsas beynəlxalq tədbir" kimi qiymətləndirməsi vurğulanan kontekstdə əhəmiyyət kəsb edir.
Göründüyü kimi, Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq davamlı və ardıcıl xarakter alıb. COP29, şübhəsiz ki, qlobal geosiyasətlə sıx bağlı olan tədbirdir. Onun uğurla keçirilməsindən sonra Bakı Forumunda dünya üçün vacib olan məsələlərin müzakirəsi bir regional fenomendən xəbər verir – Azərbaycan indi regional və qlobal miqyaslarda cərəyan edən geosiyasi proseslərin müzakirə meydanlarından birinə çevrilib. Bu tezisin əsaslı olduğuna Forumun keçirildiyi müddətdə regionumuzla bağlı atılan bir sıra geosiyasi addımların fonunda əmin ola bilərik.
Azərbaycanla bağlı üç yeni informasiya
D.Trampın hətta böyük dövlətlərlə bağlı çox sərt və təhdid dolu ritorika ilə fikirlər səsləndirdiyi bir zamanda Azərbaycanla bağlı üç informasiya böyük maraq doğurur. Onlardan biri D.Trampın xüsusi nümayəndəsinin Moskvadan dərhal sonra Bakıya gəlişi ilə bağlıdır. Əlbəttə, bu, təsadüfi deyildir. Ekspertlər bu gəlişdə müzakirə olunan məsələlər haqqında konkret informasiyaya malik olmasalar da, təxmin etmək olar ki, həmin səfər ciddi geosiyasi məsələ ilə bağlıdır. Elə məsələ ki, onun həlli ABŞ-Rusiya münasibətlərinə də müsbət təsir edə bilər.
Bunun əlaməti ikinci informasiyada əks olunub. Biz amerikalı rəsminin Azərbaycanı tərk edəndən sonra Kremldən V.Putinin Azərbaycan Prezidentinə zəng etməsini nəzərdə tuturuq. Həm də V.Putin tək deyilmiş – A.Lukaşenko və İ.Rahmon da orada imişlər. Yenə də danışıqların ümumi ruhundan duymaq olur ki, Rusiya Prezidenti Azərbaycanın dövlət başçısı ilə üz-üzə danışmaqda çox maraqlıdır.
Nəhayət, üçüncü informasiya İsrailin Azərbaycanla ABŞ-ı strateji müttəfiq etmək üçün hərəkətə keçməsi ilə bağlıdır. İsrailin Baş naziri ilə yanaşı, Amerikada 50-dən çox yəhudi ravvininin Azərbaycanla strateji tərəfdaşlıqla bağlı müraciəti olub.
Belə bir mənzərə alınır: hansısa dairələr İsrail-Azərbaycan-ABŞ strateji konfiqurasiyası yaratmağa çalışırlar. Özlüyündə Azərbaycan dünyanın hər bir dövləti ilə yaxın əməkdaşlıqda maraqlıdır. Bu aspektdə İsrail və ABŞ da istisna deyildir. Ancaq məhz indiki dövrdə məsələni həm "İbrahim razılaşması" layihəsi çərçivəsində Qazaxıstan və Özbəkistanı da daxil etməklə qaldırmaları xüsusi məqsəd daşıyır. Bu məqalədə məsələnin həmin aspekti bizi maraqlandırmır. Əsas olanı odur ki, belə yanaşmada Azərbaycan Cənubi Qafqazla yanaşı, bütövlükdə Türk Dövlətləri Təşkilatı miqyasında ciddi güc kimi göz önünə gəlir. Bundan yararlanmağa çalışırlar. Yəni, Azərbaycanın geosiyasi çəkisi xeyli artıb.

XII Qlobal Bakı Forumunun gedişində "Euronews" televiziyasının təmsilçisinin Prezident İlham Əliyevə "Siz artıq Prezident Trampla danışmısınız və o, Sizin fikirlərinizi bölüşürmü?" sualını verməsi təsadüfi görünmür. Birincisi, indi hər dövlət başçısı D.Trampla danışa bilmir. İkincisi, Avropa siyasi və informasiya dairələrini D.Trampla İlham Əliyevin nələri müzakirə etdiyi ciddi düşündürür. Buna görə də Azərbaycan Prezidentinin suala dəqiq və qısa cavabı tamamilə başadüşüləndir: "Mən, sadəcə, onunla onu seçkilərdə qələbə münasibətilə təbrik etmək üçün danışmışam və bu da bizim aramızda baş vermiş yeganə söhbətdir".
Azərbaycan Prezidentinin XII Qlobal Bakı Forumundakı çıxışında ölkəmizin əldə etdiyi nailiyyətlərin geosiyasi, siyasi və informasiya xüsusiyyətləri geniş təhlil olunur. Onların təməlində rəsmi Bakının daim müstəqil xarici siyasət yeritməsi dayanır. Buna, təəssüf ki, dünyanın hətta böyük dövlətləri sırasında belə qeyri-obyektiv reaksiya verənlər tapılır. Onların sırasında, məsələn, Fransa vardır. Lakin "...onlar bizə öz iradəsini yeridə bilmədilər. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər".
Eyni zamanda, "Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman "bəli, cənab" deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi".
Böyük transformasiya: regionda yeni konfiqurasiya uğrunda
Bütün bu dəyişikliklər Azərbaycan üçün Cənubi Qafqazda böyük geosiyasi transformasiyanın baş verməsi, yəni regionda konstruktiv konfiqurasiyanın formalaşması baxımında çox əhəmiyyətlidir. Bunu Prezident İlham Əliyev belə ifadə edib: "...ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq…".
Məhz bu məqamda qlobal geosiyasi dinamika ilə Cənubi Qafqazın geosiyasi mənzərəsi birləşir. Azərbaycan həmin prosesdə aparıcı və müəyyənedici rol oynayır. Böyük dövlətlərin də ölkəmizlə əməkdaşlıqda maraqlı olmalarını ifadə etməsi və onların atdıqları konkret siyasi-diplomatik addımlar göstərir ki, Bakı indi kifayət qədər ciddi geosiyasi rola malikdir.
Belə görünür ki, yaxın perspektivdə Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanı Azərbaycanın formalaşdırmasına böyük dövlətlər də mane olmayacaqlar. Əksinə, onların yardımı da mümkündür. Bu isə o deməkdir ki, hazırda Cənubi Qafqaz, faktiki olaraq, "Azərbaycan erası"nı yaşayır! "Azərbaycan erası"nın əsas əlamətləri sülh, təhlükəsizlik və əməkdaşlıqdır!

