Dünya şöhrətli riyaziyyatçı
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Məhəmməd Mehdiyev – 85
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Məhəmməd Mehdiyev 2 oktyabr 1941-ci ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına daxil olmuşdur. O, keçmiş Sovet İttifaqının aparıcı elm mərkəzlərindən olan Rostov Dövlət Universitetinə (akademik İ.İ.Voroviçin rəhbərlik etdiyi elastikiyyət nəzəriyyəsi kafedrasına) ezam edilmişdir.
Gənc alim 1970-ci ildə təyinatla Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamış, 1975-ci ildə Rostov Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 1976-cı ildə baş elmi işçi, 1978-ci ildə Riyaziyyat və Mexanika İnsitutunun nəzdində fəaliyyət göstərən Xüsusi Konstruktor Bürosunda “Nazik divarlı konstruksiyalar” şöbəsinin rəhbəri, 1985-1991-ci illərdə isə Xüsusi Konstruktor Bürosunun elmi işlər üzrə direktor müavini işləmişdir.
Məhəmməd Mehdiyev kosmik uçuş aparatlarının təkmilləşdirilməsində və yeni kosmik aparatların yaradılmasında icraçı, məsul icraçı, mövzu rəhbəri və möhkəmlik məsələləri üzrə baş layihə konstruktoru olmuşdur. Kosmik uçuş aparatlarının real şəraitdə sınağı üçün nəzərdə tutulmuş sınaq stendinin müəlliflərindən olmaqla respublikanın bir çox sənaye obyektlərinin sifarişlərini yerinə yetirmişdir. Onun müəlliflərindən biri olduğu “Sualtı rezervuar” ixtirası iki dəfə beynəlxalq sərgidə (Dehli, Sofiya) ikinci yerə layiq görülmüşdür.
Məhəmməd Mehdiyev 1989-cu ildə Leninqrad Dövlət Universitetində (indiki Sankt-Peterburq) “Асимптотический анализ некоторых пространственных задач теории упругости для полых тел” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə, 1994-cü ildə professor elmi adına layiq görülmüşdür.
Alimin aldığı elmi nəticələr SSRİ EA-nın baş elmi katibinin məruzəsində mühüm işlər sırasında qeyd olunmuşdur. 1981-1985-ci illərdə “Örtük lövhələrin statistikası, rəqsi, dayanıqlığı” ümumittifaq elmi-tədqiqat proqramının rəhbərlərindən biri olmuşdur.
1991-2001-ci illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat kafedrasının professoru, 2002-2018-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi analizin riyazi üsulları kafedrasının müdiri, 2008-2023-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı olmuş 2024-cü ildən isə Tətbiqi analizin riyazi üsulları kafedrasında məsləhətçi professordur.
Məhəmməd Mehdiyev tərəfindən elastiklik nəzəriyyəsində yeni "Bircins həllər" metodu işlənib hazırlanmış, həmin metodun köməyilə örtük və lövhələr üçün elastikiyyət nəzəriyyəsinin üçölçülü məsələsindən ikiölçülü məsələyə keçid problemi öyrənilmiş, örtük və lövhələrin ümumi riyazi nəzəriyyəsi yaradılmış, bu dəqiq münasibətlər əsasında örtük və lövhələrin klassik nəzəriyyəsinin tətbiq olunma sahəsi müəyyən olunmuşdur. Nazik divarlı konstruksiyalarda əvvəllər məlum olmayan yeni dinamik effekt kəşf edilmişdir. Xüsusi halda klassik elastikiyyət nəzəriyyəsinin Sen-Venan prinsipinin rəqs tezliyinin müəyyən qiymətindən sonra doğru olmadığı isbat olunmuşdur. Alınmış dəqiq həllər əsasında Məhəmməd Mehdiyev tərəfindən örtük və lövhələrin klassik nəzəriyyəsinə istinadən daha dəqiq olan örtük və lövhələrin yeni tətbiqi nəzəriyyəsi verilmişdir.
Deformasiya olunan bərk cisim mexanikası sahəsində aldığı fundamental nəticələrlə yanaşı, Məhəmməd Mehdiyevin "Bircins həllər" metodu diferensial operatorların spektral nəzəriyyəsində, diferensial tənliklərin asimptotik inteqrallama sahəsində ciddi yenilikdir.
İzotrop halda müqayisədə anizotrop lövhə və örtüklərdə material sabitlərinin kifayət qədər çox olması üçölçülü məsələlərin həllini çətinləşdirir. Bundan əlavə, M.Mehdiyev izotrop haldan fərqli olaraq anizotrop halda sərhəd məsələsinin spektrinin yuxarı hissəsində budaqlanma nöqtəsinin olduğunu göstərmiş, bu da öz növbəsində həm mexaniki, həm də riyazi cəhətdən məsələni çətinləşdirir. Yalnız anizotrop cisimlər üçün xarakterik olan hesabi sayda yeni həllər alınır.
Son illərdə akademik M.Mehdiyev və tələbələri tərəfindən anizotropik örtüklərin ümumi nəzəriyyəsi yaradılmış və bu nəzəriyyələr əsasında mövcud texniki nəzəriyyələrin tətbiq olunma sahələri müəyyən edilmişdir.
Elastikiyyət nəzəriyyəsinin üçölçülü tənlikləri əsasında qeyri-bircins, laylı lövhələr və örtüklərin ümumi nəzəriyyəsini yaratmış, bu dəqiq həllərin köməyi ilə texniki nəzəriyyələrinin təyinolunma oblastını müəyyən etmişdir (statik, dinamik, izotrop, anizotrop hallarda).
Məhəmməd Mehdiyev dəfələrlə örtük və lövhələr üzrə Ümumittifaq konfranslarında, SSRİ mexaniklərinin qurultaylarında, seminarlarda elmi məruzələrlə çıxış etmişdir.
Akademik həm də optimallaşdırma məsələləri ilə məşğul olur. O, impuls təsirli determinik oyunlarda yəhərvari nöqtənin varlığı üçün zəruri şərtlər almış, eyni zamanda həmin şərtlərin zəruri və kafi olduğu sinifləri müəyyən etmiş və bu sahədə 6 nəfər elmlər namizədi hazırlamışdır.
Alınan elmi nəticələrə akademik İ.İ.Voroviçin, akademik V.T.Qrinçenkonun və başqalarının əsərlərində və çıxışlarında yüksək qiymət verilmişdir.
2001-ci ildə Məhəmməd Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. O, Amerika Bioqrafiya İnstitutu tərəfindən 2003-cü ilin adamı, 2004-cü ildə isə elm və bəşəriyyət qarşısında xidmətlərinə görə Qızıl medala layiq görülüb, Amerikanın “Albert Helson Marqus” fondu tərəfindən çap olunan “Dünyanın görkəmli adamları” eksiklopediyasının 23-cü cildində Məhəmməd Mehdiyev haqqında ətraflı məlumat verilib.
2008-ci ildə informatika sahəsində yüksək ixtisaslı kadr hazırlamaq məqsədilə onun rəhbərlik etdiyi tətbiqi riyaziyyat və kibernetika fakültəsinin nəzdində Azərbaycan-Koreya mərkəzi yaradılmışdır. 2010-cu ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “Öz ölkəsini dünyada şöhrətləndirən adam” nominasiyası üzrə Qızıl medala layiq görülmüş, İngiltərənin Kembric Universiteti tərəfindən böyük elmi nailiyyətlərinə görə “Leonardo Da Vinçi almazı” medalı ilə təltif olunmuşdur.
2013-cü ildə Kembric Universitetinin “Fəxri doktoru” seçilmiş, “Mətbuatın dostu” Fəxri diplomu ilə təltif edilmiş, Avropa şurasının “Elm və sənaye” palatası tərəfindən riyaziyyatvə mexanika elminə verdiyi fundamental töhfələrə görə Qızıl medala layiq görülmüşdür. 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir.
Məhəmməd Mehdiyev keçmiş SSRİ-də bir çox doktorluq və namizədlik dissertasiyalarının rəsmi opponenti, respublikada doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış şuraların üzvü, 2007-2024-cü illərdə isə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının sədri, Böyük Elmi Şuranın üzvü, “Xəbərlər” jurnalının baş redaktorunun müavini, AMEA-nın “Xəbərlər” (mexanika buraxılışı), Baku Mathematical Journal və Qaradəniz İqtisadi Əməkdaşlıq elmi mərkəzinin “Экологический вестник” elmi jurnallarının redaksiya heyətlərinin üzvü olub.
Məhəmməd müəllimin elmi rəhbərliyi ilə 20 elmlər namizədi və 2 elmlər doktoru hazırlamışdır. O, daim öz tələbələrinə yüksək tələbkarlıqla yanaşaraq onların elmi potensialını artırmaqla, bir şəxsiyyət kimi formalaşmaları üçün də böyük səylər göstərmişdir. Onun elmi-pedaqoji fəaliyyəti gənclərə layiqli nümunədir. Alim 150-dən çox (xaricdə və respublikada) əsərin, o cümlədən 4 monoqrafiya (onlardan 2-si dünyanın nüfuzlu Springer nəşriyyatında dərc olunub), 1 dərslik, 4 dərs vəsaitinin, keçmiş qapalı mətbuatda çap olunmuş bir sıra əsərlərin müəllifidir.
2009-cu ildə BDU-nun 90 illiyində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə akademik Məhəmməd Mehdiyev “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, Bakı Dövlət Universitetinin 100 illiyində isə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmiş, BDU-nun 100 illiyi yubiley medalına layiq görülmüşdür.
Akademik Məhəmməd Mehdiyev qayğıkeş insan, yaxşı yoldaş və dost, ən çətin vəziyyətlərdə belə dəyanətini itirməyən müdrik bir ziyalıdır, Vətəni Azərbaycanın şərəfini həmişə əziz və uca tutur.
Misir MƏRDANOV,
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi,
Tamilla HƏSƏNOVA,
dosent
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 01 Oktyabr 2026 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















