Dünya üç liderin masasına sığmır
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Şençjen masasında dünya nizamının görünməyən sərhədləri
Noyabrın 19-da Çinin Şençjen şəhərində ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli görüşü beynəlxalq münasibətlər sistemində güc balansının yenidən tənzimləndiyini göstərən mühüm siyasi hadisədir.
Noyabrın 18-19-da keçirilən 33-cü APEC sammiti çərçivəsində baş tutan və öncəsində Donald Trampın Vladimir Putin, ardınca isə Si Cinpin ilə ayrı-ayrılıqda apardığı ikitərəfli danışıqlarla müşayiət olunan toplantı qlobal diplomatiyanın əsas müzakirə predmetinə çevrildi. Qərb mərkəzli liberal media resurslarında üç böyük dövlət rəhbərinin dünyanı nüfuz dairələrinə bölüşdürə biləcəyi barədə ehtimallar səsləndirilsə də, obyektiv siyasi təhlil Şençjen görüşünün 1945-ci il Yalta konfransının təkrarı olmadığını, əksinə, kəskin geosiyasi ziddiyyətlərin idarə olunmasına yönələn praqmatik diplomatik proses kimi meydana çıxdığını nümayiş etdirir.
Tarixi paralellərə baxmayaraq, 2026-cı ilin siyasi reallıqları 1945-ci ildən ciddi şəkildə fərqlənir. İkinci Dünya müharibəsindən sonra qalib dövlətlər dünya nizamını formalaşdırmaq imkanına malik idilər. Bu gün isə qlobal düzəni yalnız Vaşinqton, Pekin və Moskvanın iradəsi ilə müəyyənləşdirmək mümkün deyil. Üstəlik, üç paytaxt arasında dərin strateji ziddiyyətlər vahid qlobal razılaşmanın əldə olunmasını çətinləşdirir. Buna görə də Şençjen sammitini dünyanın bölüşdürülməsi deyil, böyük güclər arasında strateji sabitliyin qorunması və qlobal qarşıdurma risklərinin azaldılması cəhdi kimi qiymətləndirmək daha doğru olar.
Trampın siyasi umacağı
ABŞ Prezidenti Donald Trampın Şençjen danışıqlarından güddüyü əsas siyasi məqsəd ənənəvi çoxtərəfli bürokratik strukturları kənara qoyaraq, liderlərarası vasitəsiz diplomatiya yolu ilə ABŞ-ın strateji yükünü azaltmaqdır. Ağ Ev administrasiyası eyni vaxtda həm Şərqi Avropada, həm Yaxın Şərqdə, həm də Hind-Sakit okean hövzəsində gərginliyin artmasının Amerika xarici siyasəti üçün ağır yükə çevrildiyini anlayır. Donald Tramp üçtərəfli formatdan istifadə edərək Rusiya ilə Çin arasında tam hərbi-siyasi blokun formalaşmasını əngəlləməyə, nüvə silahlarının azaldılması üzrə yeni danışıqlara başlamağa və Rusiya-Ukrayna müharibəsinin, eləcə də İran ətrafındakı hərbi böhranın diplomatik yolla dondurulmasına nail olmağa çalışır.
Putinin özəl məqsədi
Rusiya Prezidenti Vladimir Putinin Şençjen sammitində iştirakı isə Moskvanın Qərb tərəfindən tətbiq edilən siyasi təcrid cəhdlərinin tamamilə nəticəsiz qaldığını dünya ictimaiyyətinə nümayiş etdirmək məqsədinə xidmət edir. Rusiya rəhbərliyi üçün ABŞ və Çin liderləri ilə bərabərhüquqlu tərəf kimi eyni masada oturmaq beynəlxalq arenada fövqəldövlət statusunun qeyd-şərtsiz təsdiqidir. Vladimir Putin üçtərəfli görüşdə, xüsusilə də Donald Tramp ilə keçirdiyi ikitərəfli təmasda Ukrayna müharibəsinin Kiyev və Avropa paytaxtlarının iştirakı olmadan, döyüş meydanında yaranmış reallıqlar və Moskvanın təhlükəsizlik tələbləri əsasında nizamlanmasını gündəmə gətirir.
Si Cinpinin dünya nizamı
Çin Xalq Respublikasının Sədri Si Cinpin üçün Şençjen zirvəsi Pekinin qlobal diplomatiyanın mərkəzi moderatoruna çevrildiyini təsdiqləyən mühüm platformadır. Çin rəhbərliyi həm ABŞ ilə münasibətlərdə sabitliyi qoruyub saxlamağa, həm də Rusiya ilə strateji tərəfdaşlığını zədələməməyə çalışır. Si Cinpin görüşdən istifadə edərək çoxqütblü dünya nizamı konsepsiyasını təşviq edir, heç bir dövlətin təktərəfli üstünlük əldə etmədiyi, daxili işlərə qarışmamaq prinsipinə söykənən beynəlxalq sistemin vacibliyini vurğulayır. Pekin qlobal böhranların, xüsusən Ukrayna və Yaxın Şərq münaqişələrinin diplomatik dialoqla tənzimlənməsini dəstəkləməklə beynəlxalq aləmdə məsuliyyətli qlobal güc imicini möhkəmləndirir.
Sammitin ən mürəkkəb mövzularından biri nüvə silahlarının azaldılması və strateji sabitliyin qorunmasıdır. ABŞ-Rusiya silah nəzarəti mexanizmlərinin zəifləməsi qlobal nüvə rəqabətini daha da dərinləşdirir. 2026-cı ilin yanvarına olan məlumatlara görə, Rusiyanın 5420, ABŞ-ın 5042, Çinin isə 620 nüvə başlığı var. Tramp Pekinin də nüvə tərksilahı danışıqlarına qoşulmasını tələb edir. Çin isə nüvə arsenalının ABŞ və Rusiyadan xeyli kiçik olduğunu əsas gətirərək bərabər məhdudiyyətlərə qarşı çıxır. Buna baxmayaraq, üç ölkə arasında nüvə eskalasiyasının qarşısını almaq üçün ortaq prinsiplərin müzakirəsi qlobal təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Yaxın Şərqdə İran ətrafında yaranan hərbi qarşıdurma və regional təhlükəsizlik böhranı da görüşün əsas müzakirə istiqamətlərindəndir. ABŞ və İsrailin İrana zərbələri, Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması, eləcə də Fars körfəzi ölkələrinə raket və dron hücumları qlobal enerji təhlükəsizliyini təhdid edir. Tramp Moskva və Pekinin Tehrana təsir imkanlarından istifadə edərək İranın nüvə və raket proqramlarının dayandırılmasına nail olmağa çalışır. Rusiya və Çin isə hərbi müdaxilə əvəzinə İranın suverenliyinə hörmət əsasında diplomatik nizamlanmanı müdafiə edirlər. Mövqelər fərqli olsa da, regionda genişmiqyaslı müharibənin qarşısının alınması hər üç tərəfin marağındadır.
Müasir texnoloji rəqabət və süni intellektin hərbi-siyasi idarəetmədə tətbiqi də sammitin müzakirə mövzularındandır. Şençjen kimi texnologiya mərkəzində bu məsələnin gündəmə gəlməsi təsadüfi deyil. Avtomatlaşdırılmış silah sistemləri, kiberhücumlar və strateji qərarlarda süni intellektdən istifadə beynəlxalq təhlükəsizlik üçün yeni risklər yaradır. Vaşinqton və Pekin texnoloji üstünlük uğrunda rəqabət aparsalar da, süni intellektin nüvə idarəetmə sistemlərindən kənarda saxlanılması məsələsində ortaq mövqeyə ehtiyac duyurlar.
ABŞ, Çin və Rusiya arasındakı münasibətlərin hazırkı dinamikası klassik soyuq müharibə qütbləşməsindən tamamilə fərqlənən mürəkkəb strateji üçbucaq yaradır. Donald Trampın həm Vladimir Putin, həm də Si Cinpin ilə şəxsi münasibətləri vurğulayaraq diplomatik jestlər etməsi Vaşinqtonun Moskva-Pekin yaxınlaşmasını zəiflətmək taktikası kimi də şərh olunur. Bununla belə, Çin və Rusiya rəhbərləri Şençjendə ikitərəfli münasibətlərin sarsılmazlığını təsdiqləyərək çoxqütblü dünyanın qurulmasında aparıcı rol oynamağa davam edəcəklərini bəyan ediblər.
Şençjen görüşü nə liberal medianın ehtiyat etdiyi kimi planetin 1945-ci il modelində yenidən bölüşdürülməsi aktıdır, nə də bütün ziddiyyətləri həll edən yekun sülh müqaviləsidir. Şençjen sammiti çoxqütblü dünyanın artıq reallığa çevrildiyini, qlobal problemlərin yalnız fövqəldövlətlərin dialoqu və bütün suveren dövlətlərin hüquqlarına qarşılıqlı hörmət əsasında tənzimlənə biləcəyini sübuta yetirir.
Yusif Şərifzadə
XQ
Ekspert rəyi
Vilson JU, “The Copenhagen Post” nəşrinin beynəlxalq əlaqələr üzrə rəhbəri
Şençjen görüşü beynəlxalq münasibətlər sistemində baş verən əsas dəyişikliklərin göstəricisi kimi qiymətləndirilməlidir. Bu görüşün əsas mahiyyəti dünyanın qlobal güc mərkəzlərinin bir-biri ilə ziddiyyətlərini hansı amillərlə idarə edəcəklərinin müəyyənləşdirilməsidir. Artıq heç bir dövlət, hətta ən böyük hərbi və iqtisadi potensiala malik güclər belə, beynəlxalq prosesləri təkbaşına müəyyənləşdirmək imkanına sahib deyil.
Burada diqqət çəkən əsas məqam Çin, ABŞ və Rusiyanın bir-birinə rəqib olmaqla yanaşı, müəyyən qlobal məsələlərdə ortaq maraqlara köklənməsidir. Nüvə təhlükəsizliyi, regional münaqişələrin genişlənməsinin qarşısının alınması, enerji marşrutlarının qorunması və süni intellektin hərbi məqsədlərlə istifadəsi kimi məsələlər tərəflər arasında dialoqu zəruri edir.
Mən hesab edirəm ki, bu prosesin mühüm nəticələrindən biri orta güclərin və regional dövlətlərin beynəlxalq siyasətdə artan roludur. Şençjen görüşünün tarixi əhəmiyyəti də məhz bundan ibarətdir. Dünya artıq bir-birinin mövcudluğunu nəzərə almağa məcbur olan güclərin mürəkkəb münasibətləri fonunda formalaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 19 Noyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















