”Dünyada ən böyük sosial iş Yeni Vətən quruculuğudur” Zahid Oruc
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Bakıda Sosial Tədqiqatlar Mərkəzinin və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə "Social Work and Social Research" 2-ci beynəlxalq konfransın açılış mərasimini keçirilib.
Redaktor.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc açılışda çıxış edib.
"Azərbaycan Konstitusiyanın 30 illik yubileyinin- Ana Qanunda əksini tapan suverenlik və sosial hüquqların tam təmin edildiyi bir ildə hər birinizi salamlayırıq.
“2025-ci-Konstitusiya və Suverenlik İli”-nə həsr edilmiş : Sosial iş və Sosial Tədqiqatlar üzrə II Beynəlxalq Konfransın bizimlə birgə təşkilatçılarını: Azərbaycan Universiteti, Fırat Universiteti (Türkiyə), Rəcəb Tayyib Ərdoğan Universiteti (Türkiyə)-təmsilçilərinin bir araya gəlməsi təkcə elmi hadisə deyil, həm də dünyanın gələcəyinə birgə baxış, ideya və fikir mübadilələri üçün millətlərarası platformadır".
Zahir Oruc qeyd edib ki, Azərbaycan Universiteti ölkəmizin adını daşımaqla növbəti dəfə dünyanın tanınmış alimlərini Bakıya toplayaraq, gələcək sosial çağırışları müəyyənləşdirməyə çalışır.
"Tam inamla demək olar ki, təhsil ocaqları milli gündəliyimizin formalaşmasında aktiv iştirak edir, dövlət quruculuğuna böyük töhfələr verirlər.
Ölkəmizdə son 6 ildə-Qələbəmizin parlaq beş illiyini təntənə ilə qeyd edəcəyimiz bir dövrdə təkcə nəzəri və akademik axtarışlar üçün yeni yol xəritəsi hazırlamaq deyil, həm də müəllimlər və tələbələrimizi prezidentin bəyan etdiyi Yeni ideologiya quruculuğu prosesinə cəlb etmək, yeni hədəfləri müəyyənləşdirməkdən ibarətdir. Biz təkcə sahəvi mövzuları tədqiq edib irəliyə gedə bilmərik. Hazırki dünyada əsas çağırışlar bir-biirlə üzvi şəkildə bağlı olaraq, sürətlə dəyişir.
Qlobal tədqiqat və təhlil mərkəzləri hər il əsas trendləri müəyyən edirlər. Brunswick Qlobal Analitik Qrupun Cari 2025-ci ilin Top 20 qlobal trendlərindən bəzilərini nəzərinizə təqdim etmək, təhlil müəlliflərinin sosial məzmun və xarakterli olmasını vurğuladığını qeyd etmək isdərdik:
• Güvən, etibar böhranı(kollapsı)
• Əhali artımında böhran, doğum nisbətinin azalması
• Süni İntellekt(Sİ),Rəqəmsallaşma və İş yerləri Paradoksu
• İctimai-siyasi qütbləşmə
• Sosial parçalanma və tənhalıq
• Diqqət: Ən Dəyərli Əmtəə
• Resurs Millətçiliyi
• SI-mərkəzli Səhiyyə
• İdarə edilən ticarət
• Wearable Tech Boom
• Qida və Su Təhlükəsizliyi
• İqlim Qaçqınları, miqrantları
• 21-ci əsrin müharibəsi
• Biotexnoloji inqilab
• Kosmosun Kommersiyalaşdırmas;
• İqlim və Sığorta
Konfransa təqdim etdiyimiz tezis mövzusu onlardan birinə “İqlim böhranı, onun sosial müdafiəyə və sosial inkişafa təsiri”nə həsr edilib.
Açılış nitqində qlobal problemlərin demək olar ki, mütləq əksəriyyətini təşkil edən sosial trendlərin bəzi məqamlarına, sosial tədqiqatların bu sahədə töhfəsinin nə qədər vacib olduğuna toxunmaq istərdik. Məntiqi olaraq, sözü gedən qlobal sosial məsələlərin həllində sosial tədqiqatlar və sosial iş sahəsində çalışanlardan gözləntilər də böyükdür. Hər bir böhranın həm də fürsətə çevrilməsi yönündə onlara ehtiyac da çoxdur.
Sosial Tədqiqatlar Mərkəzi ölkəmizin və regionun həyatı ilə bağlı 50-dən artıq fundamental araşdırmlara müəlliflik edən və Veb Of science, Scopus meyarları ilə elmi legitimlik qazanan beyin mərkəzlərindən biri kimi qərarqəbuledicilər, universitetlər və ictimaiyyətimiz üçün son dərəcə qiymətli intellektual irs formalaşdırıb. Xüsusilə, müqəddəs ailə institutu, uşaqlarımızın gələcəyi, nəsillərarası ünsiyyət problemi, ahıllara qayğı siyasəti və Böyük qayıdışla bağlı tədqiqatlar hər zaman alimlərimizin istinad etdiyi mənbələrdən birinə çevrilib, elmi fikri irəliyə aparıb.
Yaşadığımz XXI əsrin ortalarında sosial iş və sosial tədqiqatların missiyası da mahiyyətcə dəyişir. Onun təməlində duran “sosial-ictimai” missiya cəmiyyətlərin, dövlətlərin varlığını, birliyini təmin edən fundamental amildir. Rəqəmsallaşma və Süni İntellektin nüfuz etdiyi bütün sahələrdə müsbət nəticələrlə yanaşı, mənfi təsirlər də ortaya çıxır.
Qlobal trendlər sırasında yer alan “XXI əsrin müharibəsi” Azərbaycanda özünəməxsus məna kəsb edir və hazırda əsrin yeganə qalib ölkəsidir. Diqqəti Zəfərimizdən sonra Azərbaycanda həyata keçirilən digər misilsiz bir layihəyə-azad edilmiş torpaqlara Böyük Qayıdış layihəsinə cəlb etmək istərdik.
Böyük Qayıdış-miqyas, əhatə, bərpa və quruculuğun xüsusiyyətləri baxımından dünyada rast gəlinməyən, milyondan artıq qaçqının on illərlə sonra öz torpaqlarında yenidən məskunlaşmasını təmin edən nadir sosial missiyalı hadisədir.
Otuz ildən artıq Konstitusiya ilə təsbit edilmiş sosial hüquqlarından məhrum olan, həyatları boyu tikib qurduqları ev-ocaqlarını, mülklərini itirən bir milyondan artıq qaçqın soydaşımız ağlagəlməz çətinlikdə, qaçqınlıq, məcburi köçkünlük həyatına dözdülər.
Müharibədən sonra Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələ - Böyük Qayıdışın təmin olunmasıdır və yaxın 10 ilin bir nömrəli vəzifəsidir. “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmiş,bu prioritetlərə söykənən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanmışdır.
Hazırda azad edilmiş ərazilərdə yüzlərlə sosial layihələr həyata keçirir. Məcburi köçkünlər üçün sosial infrastruktur, müasir yaşayış evləri inşa edilir, yeni iş yerləri yaradılır, təhsil və səhiyyə xidmətləri təkmilləşdirilir. Bu proses, yenidən məskunlaşan əhalinin illər sonra öz torpaqlarında firavan həyat sürmələrinə yönəlib.
Böyük Qayıdışın sosial missiyalı layihə olması bölgənin sosial-iqtisadi inkişafı ilə yanaşı, qayıdan məcburi köçkünlərin sosial-psixoloji adaptasiyasının da təmin olunmasına həssaslıq tələb edir. Qayıdan əhali üçün müxtəlif proqramlar təşkil olunur.
Xüsusilə qeyd edək ki, dünyada əsrin bu nəhəng layihəsi hazırda inkişaf etmiş Qərb ölkələrində “ sosial rifah dövləti” konsepsiyasının böhran yaşadığı, əhalinin həssas təbəqələrinin:miqrantların və s. sosial hüquqi-konstitusional əsaslarının köklü dəyişikliyə uğramasının tendensiyaya çevrildiyi bir vaxtda həyata keçirilir.
İllər ərzində hüquqları pozulan milyonlarla vətəndaşımızın bu gün işğaldan azad edilən ərazilərə geri dönməsi-XXI əsrin ən böyük konstitusion, sosial hüquq, rifah və qayğının təmin edilməsi hadisəsidir. Azərbaycan dünyanın heç bir yerində baş verməyən, heç bir çox ölkənin bacarmadığı nəhəng sosial layihəni-Böyük Qayıdış layihəsini təkbaşına reallaşdırır. Xaricdən yardım almadan tam suverenliyini təmin etdiyi kimi viran edilmiş şəhər, qəsəbə və kəndlərə yeni nəfəs verməklə Azərbaycan dünyada ən böyük sosial yönümlü siyasət yürütdüyünü təsdiqləyir.
Böyük Qayıdış: sosial dövlət quruculuğunun bütün missiyasını: sosial- iqtisadi hüquqları, sosial təhlükəsizliyi, sosial iş və qayğı siyasətini, dayanıqılı ekoloji inkişaf-bir sözlə-Azərbaycan Konstitusiyasında təsbit edilən bütün fundamental sosial hüquqların təminatını əhatə edən unikal tarixi sosial missiyadır.
Böyük Qayıdış siyasəti yeni dövlət və millət quruculuğunun tərkib hissəsidir. Söhbət 17 min kvadrat kilometr ərazidə-Küveytin əraziisnə bərabər miqyasda aparılan misilsiz işlərdən gedir. Ona görə də azad torpaqlara dönüş infrastruktur quruculuğu hadisəsindən çox yeni dövlət və millət inşasının, yeni milli kimlik və mədəniyyətin yaradılmasının yeni mərhələsidir. Son 3 əsrdə müxtəlif formasiyalardan keçən xalqımızın müstəqillik, azadlıq və siyasi gələcəyinin qarşısında ən böyük sədd Qarabağ ixtilafı olub. İndi təkcə coğrafi deyil, həm də siyasi mənada Qarabağ müharibədə olduğu kimi, milli birlik və həmrəylik simvoluna çevrilib.
Ona görə də təklif edirik ki, “44 günlük müqəddəs müharibədəki milli birliyi böyük tikinti-quruculuq prosesinə daşımaq” devizi ilə hərəkət edərək, “Böyük Qayıdış Mükafatı”nın təsis etmək məqsədəuyğun olar. Əmək qəhrəmanları, ictimai həyatın bütün sferalarında fədakarlıq göstərən insanları xüsusi təyinatlı ordumuzun qəhrəmanlığının davamı kimi qəbul etməliiyk.
“Böyük Qayıdış” marşının yazılması bizim Vətən quruculuğunun himninə çevrilə bilər. Xalqın gündəlik həyatını zənginləşdirən sənət nümunələri əslində millətimizin yeni quruculuq ideologiyasını təşkil edəcəkdir.
128 ölkəni, 3 milyonadək sosial işçini birləşdirən Beynəlxalq Sosial İş Federasiyası dünyada sosial işçilərə ehtiyac duyan ölkələrin siyahısını dərc edib. Əlbəttə, son 5 ildə beynəlxalq təhülkəsizlik sistemi böhran keçirir və biz qarşımızda ən azı 51 konflikt nəticəsində həm daxili, həm də xaricə üz tutan qaçqın və məcburi köçkünlərin sayı 25 faiz artaraq 110 milyona çatıb. Lakin Azərbaycan xalqı 90-cı illərdə müəyyən həcmdə beynəlxalq yardımlar aldığı halda sonrakı illərdə kömək tamamilə kəsildi, ona görə ki, neft gəlirlərini əsas göstərərək, yardımları dayandırdılar.
Lakin indi 700-minə qədər vətəndaşımızın doğma torpaqlara dönüşünü nəzərə alaraq, təkəbaşına savaşı qazanan bir dövlətin həm də 100 milyardlarla manat vəsaiti xərcləyərək insanlarımızın dogma torpaqlarda məskunlaşması ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatı, Uşaqları Xilas edin, Sülh Korpusu, Beynəlxalq Ədalət Missiyası və digər təşkilatlar da ən azı bir ailənin Zəngilana, Qubadlıya, Kəlbəcərə qayıtmasını, yeni həyat quruculuğunu təmin etsinlər. Dünyada ən böyük sosial layihəsi Böyük Qayıdışdır. Biz azad torpaqlarda fiziki infrastukturu millətimizin gücü ilə yaradarıq, lakin münasibətlərin infrastrukturunun qurulmasında beynəlxalq tərəfdaşların dəstəyinə açığıq.
Qarabağı sosial iş üzrə beynəlmiləl hərəkatın ünvanına çevirmək üçün ikinci dünya müharibəsindən sonrakı Marşal planına uyğun siyasətə ehtiyac duyulur. Yeni qurucluq planını birinci növbədə, iki gün əvvəl Hun torpağında bir araya gələn türk dövlətlərindən başlamaq daha uğurlu nəticələr verər. 1.2 trilyon dollarlıq ÜDM-ə malik olan türk dünyası Kürəkçaydan Şuşaya adlı beynəlxalq kampnaiyada aktiv iştirak edə bilər. On minlərlər insanın sosial yükünü çiyinlərinə alan tərəfdaşlar əbədilik millətimizin tarixində yer qazanacaqlar. Dünyada ən böyük sosial iş-Yeni Vətən və Yeni Dövlət quruculuğudur.
İkinci təklifimiz sosial iş ixtisasına yiyələndirən ali təhsil müəssisələrimizin Qarabağ Universiteti ilə birlikdə tədqiqtlar planı müəyyənləşdirilsin və dövlət tərəfindən layihələr maliyyələşdirilsin. Çünki 30 ildən artıq müddətdə torpağa mina əkən bir xalqın yerində indi daimi yaşamaq üçün dönən insanların, xüsusilə gənclərin gələcək idealları, arzuları və planlarını inkişaf etdirmək mühüm milli vəzifədir.
Təhsilsiz sosial inkişaf mümkün deyil. O cümlədən, yalnız elm adamlarımızın sayəsində əbədi qayıdış mümkündür.
Dövlət başçımızın qeyd etdiyi kimi, “Tarixi Zəfər nəticəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışı sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır.”
Beləliklə, Azərbaycanda hazırkı dövrdə başqa dövlətlərdə rast gəlinməyən sosial missiya- vətəndaşlar üçün rahat və təhlükəsiz mühitin yaradılmasına və hər kəs üçün layiqli həyat səviyyəsinin təmin edilməsi sosial siyasətinin mühüm hissəsidir.


