“Dünyanın o biri ucuna Azərbaycana köçmək qorxulu idi, amma reallıq gözləntilərimi üstələdi” “Azərreyl”in legionerinin ə MÜSAHİBƏ + FOTO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Medison Bleyn ABŞ-nin Texas ştatından olan 23 yaşlı voleybolçudur. O, Azərbaycan Yüksək Liqasında “Azərreyl” klubunun heyətində çıxış edir. Voleybola nisbətən gec başlasa da, Azərbaycandakı müqavilə onun həm ilk beynəlxalq təcrübəsi, həm də peşəkar səviyyədə debütü olub. Bundan əvvəl Medison ABŞ-də universitet voleybolunda çıxış edib. Karyerası sürətlə inkişaf etsə də, o, artıq liderlik keyfiyyətlərinə malik güclü oyunçu kimi tanınır.
İdman.Biz Medison Bleynlə onun qeyri-adi yolu barədə söhbət edib – FTB əməkdaşı olmaq arzusundan, illərlə softbolla məşğul olmasından, “beynəlxalq münasibətlər və strateji kəşfiyyat” ixtisası üzrə təhsil almasından tutmuş, Azərbaycanda müqavilə imzalamasınadək.
– Voleybola necə gəldiniz?
– Voleybolçu karyerama kifayət qədər gec başlamışam. Bunun səbəbi odur ki, 5 yaşımdan 17 yaşıma qədər softbolla məşğul olmuşam. Bu, beysbola bənzər idman növüdür. Lakin bir müddət sonra tükəndiyimi hiss etdim – inkişaf etmədiyimi düşünürdüm və oyundan zövq ala bilmirdim. Paralel olaraq 15 yaşımdan etibarən məktəbdə dostlarımla birlikdə həvəskar səviyyədə voleybola başlamışam. O vaxt bu idman növü haqqında demək olar ki, heç nə bilmirdim.
Universitetə sənəd vermək vaxtı yaxınlaşanda maliyyə məsələsi gündəmə gəldi. Təhsil haqqını ödəmək üçün idman təqaüdünə ehtiyacım var idi. Bu təqaüdü almaq üçün peşəkar şəkildə idmanla məşğul olmalı və universitetin komandasını təmsil etməliydim. Mən isə bunu softbol vasitəsilə etmək istəmədim, çünki artıq ondan yorulmuşdum.
Voleybol mənim üçün tam yeni istiqamət idi. İlk vaxtlar çox zəif oynayırdım, amma risk etməyə qərar verdim. Tez öyrənən biriyəm və softboldakı illərlə formalaşmış idman təcrübəm də mənə çox kömək etdi. Cəmi iki il sonra artıq klub voleybolunda çıxış edirdim. Elə həmin dövrdə universitet məşqçisi məni gördü. 18 yaşımda isə idman təqaüdü ilə “Liberty” Universitetinə qəbul oldum. Nəticədə, məhz voleybol təklifi bu universiteti seçməyimdə həlledici rol oynadı.
– ABŞ-də voleybol nə dərəcədə populyardır?
– Düşünürəm ki, 10 il əvvəl bu idman növü indiki qədər populyar deyildi. Hazırda tələbə oyunlarının daha çox yayımı var və iki peşəkar liqa da yaradılıb (onların cəmi 1–2 mövsümlük tarixi var). Məncə, voleybol ABŞ-də aktiv şəkildə inkişaf edir və xüsusilə qızlar arasında ən populyar idman növlərindən birinə çevrilib.
– Siz universitetdə idman təqaüdü ilə oxumusunuz. Bu təqaüd nələri əhatə edirdi?
– Mənim vəziyyətimdə universitet təhsil haqqımı tam ödəyirdi və hər ay yaşayış xərcləri üçün vəsait ayırırdı: kirayə, qida, yanacaq və gündəlik ehtiyaclar. Yəni əlavə işləməyə ehtiyac yox idi. Bu cür təqaüd “full-ride” adlanır. Qismən təqaüdlər də var – məsələn, yalnız dərsliklər və ya müəyyən kurslar üçün. Mən çox şanslı idim. Bu imkan olmasaydı, maddi vəziyyətim ali təhsil almağa imkan verməzdi. Təqaüd sayəsində həm bakalavr, həm də magistr təhsilimi başa vurdum.
– Universitetdə hansı ixtisas üzrə oxumusunuz?
– Bakalavr pilləsində beynəlxalq münasibətlər və strateji kəşfiyyat ixtisasını seçmişdim. Bu sahə dövlət siyasəti, milli təhlükəsizlik və ABŞ-nin kəşfiyyat strukturları ilə bağlıdır. Magistraturada isə humanitar fəaliyyət və insan hüquqları üzrə təhsil aldım. Xüsusilə qadın və uşaq hüquqlarının müdafiəsinə yönəlmiş proqram idi – QHT fəaliyyəti və beynəlxalq hüquq sahəsini əhatə edirdi.
– Bu ixtisasları seçməyinizin səbəbi nə idi?
– Uşaqlıqdan ədalət hissim güclü idi və xüsusilə haqsızlığa uğrayan insanlara kömək etməyi arzulayırdım. Bir vaxtlar FTB-də işləməyi düşünürdüm, lakin zamanla başa düşdüm ki, güc strukturları mənlik deyil. Mənə analitik tərəf – geopolitika, beynəlxalq münasibətlər və mürəkkəb siyasi proseslər daha yaxındır.
Magistraturada oxumaq qərarım da məhz ədalət axtarışımla bağlı idi. Qadınların və uşaqların problemləri məni narahat edir və mən bu sahədə işləyərək onların həyatına müsbət təsir göstərmək istəyirəm.
– Universiteti bitirdikdən sonra niyə diqqətinizi voleybola yönəltmək qərarına gəldiniz?
– Mən bu idman növündə hələ də “yeniyəm” və çox yaxın vaxta qədər – demək olar ki, bir il əvvələ qədər – peşəkar voleybol haqqında ümumiyyətlə məlumatım yox idi. Universitetdə son ilimdə başa düşdüm ki, voleybolla vidalaşmağa hələ hazır deyiləm. Çünki hələ çox enerjim və potensialım var. Üstəlik, mən rəqabəti və komanda şəklində işləməyi sevirəm.
Azərbaycanda oynamaq təklifi də qərarımda böyük rol oynadı. Beynəlxalq münasibətlər üzrə təhsil almışam və hər zaman xaricdə yaşamaq, fərqli mədəniyyətlə tanış olmaq arzusunda olmuşam. Voleybol bu arzumu reallaşdırmaq üçün ideal fürsət idi: həm idman karyeramı davam etdirə bilirdim, həm də beynəlxalq təcrübə qazanırdım.
Ümid edirəm ki, idman karyeram başa çatdıqdan sonra ixtisasım üzrə iş tapa biləcəyəm.
– İxtisasınızı nəzərə alsaq, dünyada mövcud olan qeyri-sabit vəziyyət voleybolda qalmaq qərarınıza əlavə təsir göstərdimi?
– İlk növbədə, qərarım idmana olan sevgimlə bağlıdır. Amma razıyam ki, bu da əlavə amil oldu. Dünyada çoxlu narahatedici və xaotik hadisələr baş verir. ABŞ-də də cəmiyyətdə parçalanma və qeyri-sabitlik hiss olunur. Açığı, dövlət idarəçiliyi üzrə təhsil aldığım dövrdə hökumət strukturlarında işləmək fikri məni müəyyən qədər qorxudurdu.
Gələcəyimlə bağlı qeyri-müəyyənlik hiss edirdim və hansı istiqamətdə davam edəcəyimi tam bilmirdim. Bu baxımdan, voleybolun mənə ixtisasım üzrə işi bir müddət təxirə salmaq imkanı verməsi psixoloji cəhətdən daha rahat idi. Üstəlik, ABŞ-də əmək bazarı hazırda çox mürəkkəbdir – dostlarımın dediklərinə görə, iş tapmaq asan deyil.
– Azərbaycanda oynamaq təklifinə keçək. Bu, sizin ilk beynəlxalq müqavilənizdir?
– Bəli. Əslində bundan əvvəl də xaricdən təkliflər almışdım, lakin müxtəlif səbəblərə görə onların heç biri mənə “mənim yerim buradır” hissini vermirdi. Azərbaycana gəlməyimdə əsas səbəblərdən biri “Azərreyl” klubunun ötən mövsümü çox uğurla başa vurması oldu. Bildim ki, baş məşqçi və komandanın kapitanı qalır və bu, məndə etibar hissi yaratdı. Klub sıfırdan qurulmurdu – stabillik və təcrübə var idi. Bütün bunlar mənim üçün ciddi motivasiya oldu.
– Azərbaycana köçə necə hazırlaşırdınız?
– Azərbaycan haqqında çox məlumatım yox idi. Buna görə də “YouTube”da videolar izləyirdim və artıq burada oynamış və ya gəlməyi planlaşdıran ABŞ-li tanışlarıma çoxlu suallar verirdim. Onların hamısı təcrübələri barədə müsbət fikirlər söyləyirdi.
Əslində, ABŞ-dən kənara istənilən köç mənim üçün ciddi sınaq olardı. Daha əvvəl heç vaxt xaricdə yaşamamışdım və bu qədər uzağa səyahət etməmişdim. Havay adalarında və Puerto-Rikoda turnirlərdə iştirak etmişəm, amma bunlar yenə də ABŞ ərazisidir. 14 yaşımda ailəmlə kruizə getmişdik – Meksika, Yamayka və Karib hövzəsində bir neçə ölkədə olmuşduq. Lakin Azərbaycana səfər ərəfəsində ilk dəfə yetkin yaşımda xarici pasport əldə etdim.
– Ailəniz bu qədər uzağa getməyinizə necə reaksiya verdi?
– Onlar sevinirdilər, çünki bilirdilər ki, xaricdə oynamaq mənim böyük arzum idi. Amma dərhal Azərbaycanla bağlı suallar verməyə başladılar. Valideynlərim çox qayğıkeşdir və bir az da narahatdırlar. Universitetə oxumağa gedəndə də – mən Texasdanam, Virdjiniyada oxumuşam, bu isə maşınla təxminən 20 saatlıq məsafədir – çox narahat olurdular.
Biz ailəlikcə onlayn şəkildə Azərbaycan haqqında araşdırma apardıq. Amma onları ən çox sakitləşdirən amil burada oynamış digər ABŞ-li idmançılarla əlaqə saxlamam oldu. Onların müsbət təcrübələri valideynlərimə də güvən verdi. Dünyanın o biri ucuna köçmək qorxuludur, amma başqalarının bu yolu artıq keçdiyini bilmək insana güc verir.
– Bildiyimə görə, siz nişanlısınız. Məsafəli münasibət sizi qorxutmurdu?
– Xaricdə peşəkar şəkildə oynamaqla bağlı tərəddüd edəndə, nişanlım həmişə deyirdi: “Əgər bu, sənin istədiyin yoldursa, mən səni dəstəkləyəcəyəm”. O, məni ruhlandırırdı və bu məsafəyə hazır olduğunu bildirirdi.
Bu, bizim üçün məsafəli münasibətlərin ilk təcrübəsidir. 2021-ci ildə universitetdə tanış olmuşuq, əvvəl dost idik, artıq iki ildən çoxdur münasibətdəyik. Tanış olduğumuz gündən bəri həmişə bir yerdə olmuşuq. Əlbəttə, ayrı qalmaq asan deyil. Hazırda aramızda 10 saatlıq vaxt fərqi var: mənim axşamım onun səhərinə düşür və o, işə gedir. Amma düşündüyümdən daha asan oldu. Aramızda sağlam ünsiyyət var ki, bu da münasibətlər üçün ən vacib amildir.
Əlavə motivasiya isə gələcək görüşlərimizdir. Bu yaxınlarda o, Azərbaycana gəlmişdi və ölkə çox xoşuna gəldi. ABŞ-yə qayıdandan sonra isə evlənəcəyik.
– Bu o deməkdirmi ki, evləndikdən sonra artıq xaricdə oynamayacaqsınız?
– Mən hər zaman yeni təkliflərə açığam. Əgər yenidən xaricdə oynamaq imkanı yaranarsa, sadəcə logistika məsələlərini həll etməli olacağıq (gülür).
– Siz kifayət qədər gənc yaşda ailə quracaqsınız. Azərbaycanda bu normal haldır. ABŞ-də buna münasibət necədir?
– ABŞ-nin əhalisi təxminən 350 milyon nəfərdir və baxışlar çox fərqlidir, ona görə də bunu ümumiləşdirmək çətindir. Mənə 22 yaşımda evlilik təklifi edilib. Bunu bilənlərin reaksiyası müxtəlif olur. Daha konservativ və ya dini baxışlı insanlar bizi dəstəkləyir. Digərləri isə təəccüblənir və bu yaşda necə əmin ola bildiyimi soruşurlar.
Mən özüm də heç vaxt bu qədər tez evlənəcəyimi düşünmürdüm. Bu, mənim ilk münasibətimdir və həmişə elə hesab etmişəm ki, insan öz həyat yoldaşını tapmaq üçün daha çox vaxta ehtiyac duyur. Amma bəzən ən yaxın dostunu məhz gözləmədiyin anda tapırsan.
Ən əsası odur ki, ailələrimiz bizi dəstəklədi. Valideynlərim 24 yaşında evləniblər, ona görə də onlardan çox da geri qalmırıq.
– Azərbaycanla bağlı gözləntiləriniz reallıqla üst-üstə düşdümü?
– Bəli, hətta reallıq gözləntilərimi də üstələdi. Bakı möhtəşəm şəhərdir, mən valeh olmuşam. Sevimli yerlərim “Sahil” metrosunun ətrafı, Xəzər dənizinin sahili və Nizami küçəsidir. Orada qəhvə alıb gəzməyi və şəhərin atmosferindən zövq almağı çox sevirəm. Burada piyada hərəkət etmək rahatdır, metro isə ucuz, təmiz və təhlükəsizdir. Mən yaşadığım yerdə ümumiyyətlə metro yoxdur – hər yerə maşınla gedirik.
Bundan başqa, Bakıda hər yerdə pişiklər var! Bu, möhtəşəmdir. ABŞ-də küçə pişikləri görmək çox nadir haldır. Komanda yoldaşlarımla özümüzü güclə saxlayırıq ki, hansısa pişiyi evə aparmayaq. Həmçinin səhər yeməklərində süfrəyə birdən-birə çoxlu müxtəlif yeməklərin verilməsi xoşuma gəlir. Azərbaycan çayı isə əladır – demək olar ki, hər yeməkdə içirəm. ABŞ-də belə çay mədəniyyəti yoxdur.
– ABŞ-lilərlə azərbaycanlılar arasında hansı fərqləri hiss etmisiniz?
– ABŞ-də tanımadığın insanlara gülümsəmək adi haldır: qapını saxlayırsan, gülümsəyirsən və ya qısa söhbət edirsən. Azərbaycanda isə bunun daha az olduğunu hiss etdim. Hətta bir an öz-özümə düşündüm: “Hamıya gülümsəyəndə qəribə görünmürəm ki?” Ona görə də bir qədər daha təmkinli olmağa başladım.
Ümumilikdə ABŞ mənə daha “səs-küylü” ölkə kimi görünür: insanlar daha danışqan, açıq və fikirlərini birbaşa ifadə edirlər. Burada isə insanlar daha sakit, təmkinli və bir qədər də qapalıdırlar.
– Artıq milli mətbəxi dadmısınız?
– Bir restoranda olmuşam, mənə kartof, toyuq və tərəvəzdən ibarət yemək təqdim etdilər – çox dadlı idi. Menyuda bunun milli mətbəxə aid olduğu qeyd olunmuşdu. Ümumiyyətlə, indiyə qədər dadına baxdığım və Azərbaycan mətbəxi kimi təqdim olunan bütün yeməklər çox xoşuma gəlib.
– Azərbaycanda alışmaqda çətinlik çəkdiyiniz nəsə varmı?
– Bunlar çox xırda məqamlardır, ciddi heç nə yoxdur. Məsələn, mağazaya gedəndə: hər şey tərcümə olunmur və bəzən nə aldığını təxmin etməli olursan. Evdə öyrəşdiyim bəzi məhsullar və restoranlar burada ya yoxdur, ya da tapmaq çətindir.
Bir başqa xırda detal isə – Bakıda yaşadığım evdə paltarqurudan maşın yoxdur. ABŞ-də bu, çox yayğındır və mən paltarları açıq havada qurutmağa öyrəşməmişəm. Bəzən yuyulduqdan dərhal sonra isti paltar geyinmək hissi çatmır, amma bu, problem deyil.
Bir də ailəmlə birlikdə bəzi bayramları keçirə bilməmək çətindir. Məsələn, Şükran Günü (ABŞ-də ailə və birlik rəmzi olan ənənəvi bayram – red.). Həmin gün süfrədə adətən eyni yeməklər olur: hinduşka, müxtəlif qarnirlər, desertlər. Bu, çox səmimi və rahat bir vaxtdır – ailə bir arada olur, dadlı yeməklər və televizorda Amerika futbolu.
– Bildiyimə görə, bir qədər rusca danışırsınız. Bu dili necə öyrənmisiniz və Azərbaycan dilində nəsə bilirsinizmi?
– Azərbaycan dilində çox az bilirəm: “bir”, “iki”, “üç”, “salam”, “çox sağ ol”. Rus dilini isə daha yaxşı bilirəm, çünki 2022-ci ildə universitetdə bir semestr ərzində bu dili öyrənmişəm. Azərbaycana gəldikdən sonra buradakı insanların çoxunun rusca danışdığını görüb bu fürsətdən yararlanmağa qərar verdim.
Özüm ilə rus dili üzrə təxminən 50 səhifəlik köhnə konspekt, ev tapşırıqları və testlər gətirmişəm ki, təkrar edim. Yenidən “Duolingo” tətbiqindən istifadə etməyə başlamışam. Komanda yoldaşlarım rusca danışır və mənə yeni sözlər öyrədirlər. Evimin yaxınlığında ingiliscə ümumiyyətlə danışılmayan bir restoran var və orada rusca ünsiyyət qurmağa çalışıram. Ən sadə ifadələri deyə bilirəm: nə sifariş etmək istədiyimi, “necəsən” və s. Daha çox söz öyrənməyə çalışıram.
– ABŞ-də rus dilini öyrənmək nə dərəcədə yayğındır?
– Deyə bilmərəm ki, çox populyardır. ABŞ-də ən geniş yayılmış xarici dil ispan dilidir, çünki Latın Amerikasına yaxınıq və ispan dilli əhali çoxdur. Ondan sonra yəqin ki, fransız dili gəlir. Rus dilini isə beynəlxalq münasibətlər və dövlət idarəçiliyi üzrə araşdırmalarıma görə seçmişdim. Mənə izah etdilər ki, hökumətdə işləmək üçün daha az yayılan dilləri bilmək faydalıdır.
İspan dilini çoxları bilir, amma çin, ərəb və ya rus dillərini bilənlərin sayı xeyli azdır. Mən də düşündüm ki, belə bir dil bilmək iş tapmaq baxımından daha çox imkan yarada bilər. Rus dili isə mənə maraqlı gəldi. Yəni seçimim bir qədər strateji idi.
– “Azərreyl” klubunda ilk məşqinizi xatırlayırsınız?
– Bəli, çox həyəcanlı idim. Peşəkar voleybol haqqında əvvəlcədən mümkün qədər çox məlumat toplamağa çalışmışdım. Universitetdə komanda ailə kimi idi. Mənə deyirdilər ki, peşəkar liqa daha ciddi olur və komanda yoldaşlarınla münasibətlər həmişə dostluq səviyyəsində olmur, daha rəsmi xarakter daşıyır. Bu məni bir qədər qorxudurdu.
İlk məşqdən əvvəl həqiqətən düşünürdüm: “Bəs komanda ilə uyğunlaşa bilməsəm?”, “Qızlar soyuq davransa və ya məni qəbul etməsələr necə?” Amma açığı, heç nədən narahat olmağa dəyməzmiş. Çünki çox gözəl komanda yoldaşlarım və möhtəşəm məşqçim var.
– Azərbaycan çempionatında məşq prosesi ABŞ universitet voleybolundan nə ilə fərqlənir?
– Açığı, bir qədər təəccübləndim, çünki çox oxşarlıqlar var. Ən azı mənim universitet təcrübəmdə belə idi. Universitet məşqçim real oyuna – altı-altıya – böyük önəm verirdi, ayrı-ayrı izolyasiya edilmiş tapşırıqlardansa, oyun situasiyalarında qərar verməyi öyrədirdi. Burada da çox oxşar yanaşma hiss edirəm. Əlbəttə, müəyyən elementlər üzərində ayrıca işlənir, amma əsas diqqət oyunun özünə yönəlir.
“Azərreyl”də çox yaxşı məşqçimiz var. O, sakit və təmkinlidir, səsini qaldırmır, kobud davranmır, amma hər şeyi açıq və olduğu kimi deyir.
– Yüksək Liqada daha təcrübəli voleybolçulardan nə öyrənmisiniz?
– Ətrafımda çoxlu nümunə var – təkcə komandamda yox, digər klublarda da. Onlar öz nümunələri ilə göstərirlər ki, səhvlərə bəhanə gətirmədən məsuliyyət daşımaq, oyunda əzmkarlıq və fədakarlıq göstərmək lazımdır, eqoist olmaq yox.
– “Azərreyl” hazırkı ölkə çempionudur. Sizcə, komanda titulunu qoruya bilərmi?
– Mən buna inanıram. Çempionatda çox güclü komandalar var, rəqabət çox yüksəkdir və qalib olanlar meydana çıxıb öz işini görənlərdir. Biz buna tam qadiriq. Mövsüm uzundur, bir-birimizdən öyrənmək və inkişaf etmək üçün çox imkanımız var ki, bu da çox ruhlandırıcıdır.
Dediyiniz kimi, “Azərreyl” hazırkı ölkə çempionudur və biz bu səviyyəni qorumaq istəyirik. Komanda demək olar ki, yenilənib – məşqçilər heyəti və kapitanımız Nayka istisna olmaqla. Amma yenə də klubun böyüklüyünü, çempion statusunu təmsil etməli olduğumuz hissi var. Biz bu gözləntilərə uyğun olmağa çalışırıq.
Leyla Eminova
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 08 Yanvar 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















