“Əgər Ukraynanın qaz problemi varsa, Azərbaycan qazının artıq sabit alıcıları mövcuddur” İQTİSADÇI
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın Azərbaycandan təbii qaz almaq niyyətini açıqlaması iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərən mühüm siyasi və iqtisadi siqnaldır.
Son illər Azərbaycan–Ukrayna münasibətləri enerji, nəqliyyat-logistika, müdafiə sənayesi və humanitar sahələr də daxil olmaqla geniş spektrdə dinamik inkişaf edir.
Azərbaycanın həm Cənubi Qafqazın, həm də Avrasiya enerji xəritəsinin mühüm oyunçusuna çevrilməsi fonunda Kiyevin qaz təchizatında mənbələrin şaxələndirilməsi yönümlü siyasəti bu əməkdaşlığı daha da aktuallaşdırır.
Ukraynanın Azərbaycan qazı alan ölkələr sırasına daxil olması isə təkcə ikitərəfli əlaqələrin yeni mərhələsi deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyi arxitekturasında mühüm dəyişiklik potensialına malik addımdır.
Ukraynanın Azərbaycandan qaz almaq planı iki ölkə arasında enerji əməkdaşlığını necə dəyişə bilər və bu proses həm regional enerji təhlükəsizliyinə, həm də Azərbaycanın ixrac strategiyasına hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Xalid Kərimli vurğulayıb ki, Ukraynanın bu qazı alıb-almaması Azərbaycan üçün o qədər də önəm daşımır:
“Azərbaycanın qaz ehtiyatları məhduddur və ölkənin boru kəmərlərinin ötürmə gücü də müəyyən limitlərlə məhdudlaşır. Cənub Qaz Dəhlizinin də özünə məxsus ötürmə gücü var və hazırda bu dəhlizin maksimum imkanlarından istifadə olunur. Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən gündəmə gətirilsə də, bu istiqamətdə tələb olunan investisiya qoyulmadığı üçün məsələ memorandum səviyyəsində qalıb.
Azərbaycan qazını hazırda 11–12 ölkə alır. Ukraynanın bu qazı alıb-almaması Azərbaycan üçün o qədər də önəm daşımır. Əgər Ukraynanın qaz problemi varsa, Azərbaycan qazının artıq sabit alıcıları mövcuddur və boru kəmərlərinin tutumu da məhduddur. Ukrayna bu qazı yalnız TANAP vasitəsilə Türkiyədən alıb özünə yönləndirə bilərdi, yaxud Qara dəniz marşrutu nəzərdən keçirilə bilərdi. Mayeləşdirilmiş təbii qaz (LNG) məsələsində isə Azərbaycanın belə bir ixrac praktikasının olmadığı məlumdur.
Bu baxımdan Azərbaycanın Ukraynaya qazı hansı marşrutla sata biləcəyi hələ də açıq sual olaraq qalır, çünki Ukraynaya birbaşa bağlantı yaradan boru xətti mövcud deyil. Azərbaycan Rusiya ilə qaz boru xəttinə malikdir və müəyyən dövrlərdə bu xətt üzrə əks istiqamətdə, yəni Rusiyadan qaz alıb. Lakin bu marşrutu əks istiqamətdə Ukraynaya yönləndirmək real deyil, çünki Rusiya Ukraynaya qaz ötürməyəcək. Rusiya ilə Ukrayna arasındakı mövcud münasibətlər fonunda Ukraynanın qazla bağlı çətinlikləri də davam edir”.
İqtisadçının sözlərinə görə Azərbaycanın Ukrayna ilə birbaşa qaz kəməri əlaqəsi yoxdur və ölkənin qazının da artıq əvvəlcədən bağlanmış müqavilələr çərçivəsində alıcıları var:
“Bu məsələ daha çox Ukraynanın öz enerji təhlükəsizliyi və qaz təminatı ilə bağlıdır və Azərbaycan üçün ciddi narahatlıq doğurmur. Azərbaycan Ukraynanın dost ölkə olduğunu bildirir və üçüncü ölkələr vasitəsilə Azərbaycan qazının Ukraynaya çatdırılmasına etiraz etmir. Məsələn, Bolqarıstanın Azərbaycan qazını alıb Ukraynaya satması kimi variantlar mümkündür və bu, Azərbaycan tərəfi üçün narahatlıq yaratmır.
Azərbaycan üçün əsas məsələ qazın bazar qiymətləri ilə satılması və ödənişlərin vaxtında həyata keçirilməsidir. Ukrayna Azərbaycan qazını alıb ödənişini edəcəksə, o da digər alıcı ölkələrdən biri hesab oluna bilər. Məsələyə romantik və emosional yanaşmağa ehtiyac yoxdur. Azərbaycan üçün neft və qaz əsas gəlir mənbəyidir və bu sahədə siyasi güzəştlərə ehtiyac görülmür. Ölkə bağladığı müqavilələrə uyğun olaraq öz qazını satmaq öhdəliyinə sadiqdir.
Hazırda hansı ölkənin Azərbaycan qazını alıb onu Ukraynaya ötürəcəyi məsələsi də Azərbaycan tərəfindən ciddi narazılıq doğurmur və bu, daha çox komersiya və texniki imkanlardan asılı olan məsələdir”.
Gülxanım Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 Noyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















