Icma.az
close
up
RU
Ələt Azad İqtisadi Zonası: Azərbaycandan dünyaya açılan böyük qapı

Ələt Azad İqtisadi Zonası: Azərbaycandan dünyaya açılan böyük qapı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şərq–Qərb və Şimal–Cənub dəhlizləri bu ünvanda qovuşur

Hazırda dünya iqtisadiyyatında gedən geosiyasi və texnoloji dəyişikliklər fonunda Azərbaycan öz inkişaf strategiyasını yeni reallıqlara uyğunlaşdırır. Ölkəmizin iqtisadi inkişaf xəritəsində son illərin ən iddialı layihələrindən biri də Ələt Azad İqtisadi Zonasının yaradılması idi.

Azad Zona getdikcə regionun mühüm sənaye və logistika qovşağına çevrilir. Azad Zonanın əhəmiyyəti artdıqca, ölkəyə nə vəd etdiyi, hansı texnoloji və sənaye transformasiyasını hədəflədiyi, investorlar üçün hansı üstünlükləri yaratdığı və ən əsası, Azərbaycanın gələcək iqtisadi modelində hansı rolu oynadığı barədə suallar daha da aktuallaşır. Məhz bu suallara cavab tapmaq üçün Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovla həmsöhbət olduq.

– Ələt Azad İqtisadi Zonası artıq Azərbaycanın yeni nəsil iqtisadi inkişaf modelinin “lokomotivi” hesab olunur. ƏAİZ-in əsas hədəfi və üstünlükləri nədən ibarətdir?

– Bizim hədəfimiz investorun gəlməsi və simvolik fəaliyyət göstərməsi ilə məhdudlaşmır. Bizim başlıca məqsədimiz yüksək əlavə dəyər yaradan, ixracyönümlü istehsalla məşğul olan investorların Azad Zonaya cəlb edilməsidir. İxracyönümlü dedikdə Azad Zonada istehsal edilən məhsulların ən azı 75 faizinin Azərbaycan Respublikasından kənara ixrac edilməsi nəzərdə tutulur.

“İnvestoru cəlb etmək” elə bir anlayışdır ki, çoxları bunu sadəcə bölgəyə xarici şirkətlərin marağını artırmaq kimi düşünür. Amma proses çox daha geniş və kompleksdir. Cəlb etmək dedikdə investorun qeydiyyatdan keçməsi, müəssisə yaratması, istehsala başlaması, daha vacibi burada uzunmüddətli iqtisadi dəyər yaratması nəzərdə tutulur. Əslində, “cəlb etmək” həm də qarşılıqlı etimadın qurulması ilə də bağlıdır. İnvestorun gözləntisi budur ki, risklər minimal, prosedurlar şəffaf olsun, dövlət dəstəyi görünsün və hiss edilsin.

Bununla yanaşı, infrastrukturun hazırlanması üçün mühitin sabitliyi də önəmli faktorlardandır. Bizim vəzifəmiz həmin gözləntiləri qarşılayan mühit yaratmaqdır. Prosesi mərhələ-mərhələ təsvir etsək, əvvəlcə investor məlumatlandırılır, bazar araşdırması aparır, Azad Zonanı qiymətləndirir, tərəfimizdən təqdim olunan şəraitlə tanış olur, ölkənin siyasi-iqtisadi sabitliyini dəyərləndirir, nəhayət, qərar verir və burada öz biznesini qurur. Əgər son mərhələyə çatırıqsa, deməli, biz investorda güvən hissi aşılamağı bacarmışıq. Şübhəsiz, bu hər iqtisadi zonanın bacaracağı məsələ deyil. Prosesdə həm idarəetmə modeli, həm hüquqi çərçivə mütləqdir. Ələt Azad İqtisadi Zonası bu komponentlərin hamısını özündə birləşdirir.

– Bəs Ələt Azad İqtisadi Zonasında əsas meyarlar necə müəyyən edilib? İnvestorlardan gözləntilər nədir?

– Biz sahələri məhdudlaşdırmırıq, çünki müasir iqtisadi zonaların uğurunu təmin edən əsas xüsusiyyətlərdən biri sektor çevikliyidir. Yəni investorun hansı sahədə fəaliyyət göstərəcəyini əvvəlcədən diktə etmək düzgün deyil. Belə ki, bu bir növ iqtisadiyyatı daraltmaq kimi səslənir. Lakin əsas və dəyişməz bir şərt var ki, yaradılan müəssisə beynəlxalq standartlara uyğun olmalıdır. Bu nə deməkdir? Yəni keyfiyyət standartları, beynəlxalq standartların tələbləri, texniki normaları, təhlükəsizlik standartları, istehsal prosesinin təhlükəsizliyi, ekoloji standartlar, ətraf mühitə təsirin minimallaşdırılması məsələsinə diqqət yetirilməlidir.

Biz elə bir zona yaratmaq istəyirik ki, burada fəaliyyət göstərən hər bir müəssisə həm regional, həm də qlobal səviyyədə rəqabət aparan istehsalçı olsun. Azad Zonanın missiyası da ixracyönümlü sənaye yaratmaqdır. Ona görə də prioritet sahələr - yüksək texnologiyalar, alternativ enerji avadanlıqları, elektromexanika, kimya sənayesinin müasir seqmentləri, metal emalı və müasir sənaye komponentləri, aviasiya və logistika ilə bağlı məhsullar - buna müvafiq formalaşır. Əgər investor həmin prinsiplərə uyğundursa, bizim üçün onun hansı sahədə çalışmasının heç bir fərqi yoxdur. Əsas məsələ istehsalın səviyyəsi, məhsulun keyfiyyəti və yaratdığı əlavə dəyərdir.

– Yüksək texnologiyalar və yeni bacarıqlar məsələsinə xüsusi toxundunuz. Azad Zona bu baxımdan Azərbaycan vətəndaşlarına nə vəd edir?

– Bəli, əvvəl də qeyd etdiyim kimi, insan kapitalının yenilənməsi və inkişafı strategiyamızın ən önəmli istiqamətlərindən biridir. Hətta bu gün Ələt Azad İqtisadi Zonası Azərbaycan üçün yeni nəsil sənaye məktəbidir, deyə bilərik. Hazırda buradakı şirkətlərdə çalışan bir mühəndis sabah öz innovativ şirkətini qura bilər. Bu, bizim üçün strateji məqsəddir. Çünki zaman keçdikcə, Azad Zona həm də yerli startapların və sənaye təşəbbüslərinin lokomotivinə çevriləcək. Ələt modelinin ən mühüm fəlsəfələrindən biri odur ki, yerli iqtisadiyyat bu zonadan kənarda qalmamalıdır.

Əksinə, biz istəyirik ki, yerli şirkətlər Azad Zonada yaranan iqtisadi ekosistemin əsas iştirakçısına çevrilsin. Məsələn, burada yüksək texnoloji avadanlıq istehsal edən bir müəssisə qurulursa, həmin müəssisənin kabel, metal konstruksiyalar və başqa avadanlıqlar, materiallar, xidmətlər təchiz edən onlarla yerli subpodratçıya ehtiyacı olacaq. Belə olan halda, yerli şirkətlər yeni bazara çıxış əldə edir, keyfiyyət standartlarını yüksəltməyə məcbur olur, texnologiya transferi baş verir, bütün istehsal zəncirində perspektivli imkanlar açılır. Qeyd etdiyim mexanizm ölkə iqtisadiyyatını genişləndirən ən effektiv yollardan biridir.

Azad Zona əslində, Azərbaycan sənayesinin modernləşmə platformasıdır. Yəni buradan başlamış yeni istehsal mədəniyyəti tədricən ölkənin bütün sənaye sektoruna yayılacaq.

– Logistika üstünlükləri baxımından Azad Zonanın regionda hansı üstünlüyü var?

– Ələt Azad İqtisadi Zonasının ən güclü tərəflərindən biri məhz logistika baxımından bənzəri olmayan coğrafi mövqedir. Ölkələr adətən ya dənizə çıxışı, ya dəmir yolu, ya da hava limanı ilə fərqlənirlər. Azad Zonanın üstünlüyü odur ki, burada hər üçü eyni nöqtədə birləşir. Məhz bu üstünlük regionda analoqu olmayan bir logistik qovşaq yaradır. Xatırladım ki, Azad Zonanın ərazisində dəniz limanı var, dəmir yolu xətləri keçir, avtomobil yolları birləşir, yaxın zamanda beynəlxalq yük hava limanı fəaliyyətə başlayacaq.

Belə olan halda, istehsal olunan məhsulun istənilən ölkəyə ən qısa zamanda çıxarılması, komponentlərin gətirilməsinin sürətlənməsi, istehsal zəncirinin kəsilməsi, logistika xərclərinin azalması mümkündür. Nəzərə almalıyıq ki, investor üçün ən qiymətli şey vaxtdır. Vaxtın pulla ölçüldüyü müasir istehsal sistemlərində sürət rəqabət deməkdir. Azad Zona da bu sürəti təqdim edir.

– İnfrastrukturun hazır olması investorun psixologiyasına necə təsir edir?

– Bir çox ölkələrdə belə bir problem var ki, investor gəlir, amma əsas infrastruktur olmadığı üçün illərlə gözləməli olur. Bu isə investora böyük ziyan vurur, çünki o həm vaxt itirir, həm də qeyri-müəyyənliklə üzləşir. Biz bu problemi kökündən aradan qaldırdıq. Daha dəqiq desəm, investor gəlməmişdən əvvəl bütün infrastruktur artıq tam hazır vəziyyətdə olur. Elektrik enerjisi çəkilib, su təchizatı hazırdır, qaz xətləri qurulub, telekommunikasiya tam işlək vəziyyətdədir, yol və logistika sistemi formalaşdırılıb, inşaat üçün hazırlıq prosesi tamamlanıb və s.

Bir məqamı da vurğulayım ki, bu yanaşma dünyada uğurlu iqtisadi zonaların əsas prinsipidir. “Made in Azerbaijan” markasının dəyərini qorumaq üçün məhsulların real istehsal prosesinin ölkə daxilində həyata keçirilməsi vacibdir. Yığım müəssisələri qısamüddətli təsir yaradır, lakin dərin istehsal həm insan kapitalını inkişaf etdirir, həm yerli komponent bazasını gücləndirir, həm də ixrac potensialını artırır. Üç element birlikdə Azad Zonanın sənaye modelini tamamlamaqla Azad Zonanı planlı şəkildə qurulmuş, inteqrasiya olunmuş, dayanıqlı iqtisadi ekosistemə çevirir.

– Prezident İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında fərmanında dəyişiklik hansı zərurətdən yarandı? Ümumiyyətlə, bu zonanı yaxın illərdə hansı yeniliklər və funksional imkanlar gözləyir?

– Həmin dəyişiklikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi “Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt Azad İqtisadi Zonasına ayrılması nəzərdə tutulan (V hissə) 1453,09 hektar torpaq sahəsinin yerquruluşu planı”na əlavə olunacaq.

Məhz bu sahə Azad Zonada ağır sənaye üçün xüsusi zonanın yaradılmasını vahid sənaye strategiyasının tərkib hissəsinə çevirir. Yəni artıq metallurgiya, kimya və böyük həcmli istehsal sahələri kimi kompleks layihələr üçün konkret ərazi ayrılıb. Müəssisələrin ekoloji və texnoloji tələbləri fərqli olduğu üçün onların ayrıca zonada yerləşdirilməsi həm təhlükəsizlik, həm də istehsal səmərəliliyi baxımından ən düzgün yanaşmadır.

Digər tərəfdən, Ələt Azad İqtisadi Zonasında multimodal karqo hava limanının inşası ilə bağlı layihənin icrasına artıq başlanılıb. Tikinti 2026-cı ildə tamamlanacaq və liman 2027-ci ilin əvvəlində fəaliyyətə başlayacaq. Hava limanı illik 500 min ton yükaşırma potensialına malikdir və rəqəm 2 milyon tona qədər artacaq. Yeni hava limanı isə bu modelin logistika sütunudur.

– Ələt Azad İqtisadi Zonasına daha çox hansı ölkələr maraq göstərir? Bu coğrafiya nəyi göstərir?

– Artıq ərazidə çoxşaxəli investor portfeli formalaşıb və bunun coğrafiyası qlobaldır. Hazırda Çin şirkətləri genişmiqyaslı layihələr - xüsusilə, günəş panelləri və enerji avadanlıqları üzrə layihələr həyata keçirir. Avropa şirkətləri müxtəlif sahələrdə, o cümlədən mühəndislik və mexanika sahələri üzrə maraq göstərir. Hindistan şirkətləri istehsalatyönümlü layihələrlə çıxış edir. Türkiyə şirkətləri infrastruktur və sənaye sahələrində aktivdir. Rusiya və İsrail şirkətləri yüksək texnoloji layihələrdə iştirak edirlər.

Bu müxtəliflik də müəyyən məna ifadə edir ki, Azad Zona artıq qlobal investisiya məkanına çevrilməkdədir. Əgər bir zonaya müxtəlif iqtisadi bloklardan – Avropa, Asiya, Yaxın Şərq, Şimali Amerikadan eyni anda maraq gəlirsə, bu, həmin zonanın geoiqtisadi önəmini göstərən ən ciddi göstəricidir.

– Azad Zonanın iqtisadi modeli Azərbaycana nə gətirəcək?

– Layihə Azərbaycanın yeni sənaye fəlsəfəsinin formalaşmasına yönəlib. Burada tətbiq olunan model istehsalda keyfiyyətin yüksəlməsinə, yeni texnologiyaların ölkəyə daxil olmasına, insan kapitalının yenilənməsinə, yerli şirkətlərin inkişaf imkanlarının genişlənməsinə və ixrac potensialının artmasına səbəb olur. Bütün bunlar birlikdə ölkəni regional sənaye mərkəzinə çevirən güclü sistem yaradır.

Azad Zona eyni zamanda idarəetmə mədəniyyətinin dəyişməsinə təkan verir, çünki burada şəffaflıq, çeviklik, sürət və investora yönəlmiş yanaşma əsas prinsip kimi tətbiq olunur. Həmin yanaşma uzunmüddətli dövrdə yeni sənaye qruplarının formalaşmasına, yerli sahibkarların beynəlxalq səviyyəyə çıxmasına, qeyri-neft sektorunun güclənməsinə və Azərbaycan brendinin qlobal bazarlarda möhkəmlənməsinə şərait yaradır. Ona görə də Azad Zona, əslində, ölkənin növbəti 30–40 illik inkişaf trayektoriyasını müəyyən edən strateji platforma kimi də qiymətləndirilə bilər.

Burada formalaşan istehsal mədəniyyəti və idarəetmə yanaşması Azərbaycanda bilgi əsaslı, ixracyönümlü, innovativ iqtisadiyyatın daha geniş inkişafını təmin edir və ölkəni gələcəyin ixracyönümlü sənaye mərhələsinə daşıyır.

Söhbəti hazırladı:
Nurlan ABDALOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see1978

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see215

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see192

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see180

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see156

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see150

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see145

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see135

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri