Əli Mirəliyevdən Murad Arif və Nazilə Səfərliyə: “Hər şeyi mannı kaşa ediblər”
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda hazırda yaranmış tıxaclar ictimai müzakirələrin mərkəzindədir.
Müğənni Murad Arif övladlarını yaşadıqları ərazidən uzaq məktəblərə göndərən valideynləri tənqid edərək, bunun həm uşaqların vaxtına, həm də şəhərdə nəqliyyat sıxlığına mənfi təsir göstərdiyini bildirib.
“Onsuz da 8-ci, 9-cu siniflərdən uşağına fərdi müəllim axtarıb konkret sahəyə, instituta yönəldəcək valideynlərin bu gün “yaxşı məktəb” adı ilə övladlarını qaldığı rayonda yox, 3-4 rayon o tərəfdə məktəbə göndərməsini, körpəni hər gün 90-120 dəqiqə tıxaclarda yaşamasını anlaya bilmirəm. Bu boyda məntiqsizlik olar?”, - deyə qeyd edib.
M.Arif bölgələrdə təhsil alan şagirdlərin yüksək nəticələr göstərdiyini də vurğulayıb:
“Faktdır ki, bölgələrdən, periferiyadan yüksək bal nəticələri, xarici ölkələrə qəbul nəticələri var. Sizcə, bu axmaqlığa qarşı, yaşayış yerinə görə məktəb təyinatı qərarı qəbul edilməlidirmi?”.
Eyni zamanda, tamada-şairə Nazilə Səfərlinin məktəblərin açılması ilə bağlı paylaşıdığı tıxac videosu da sosial şəbəkələrdə geniş rezonans doğurub. Nazilə Səfərli bildirib ki, bəzi valideynlər uşaqlarını evlərinin yaxınlığındakı məktəblərdə deyil, şəhərin digər ərazilərində yerləşən, xüsusilə də daha bahalı və prestijli hesab olunan məktəblərdə oxutmağa üstünlük verirlər:
“Sən yaşayırsan Razində, Hövsanda, Bülbülədə, uşağını qoymusan oxumağa Badamdarda. Xəstəsən? Evinin yanında məktəb yoxdur? Sən igəlib çıxmalısan Badamdara? Elə pulun var, gəl evini də oradan al da. Uşağa niyə, xalqa niyə zülm edirsən?”
Nazilə Səfərli daha sonra məktəb seçiminin tıxaclara təsir etdiyini vurğulayaraq valideynləri prestij naminə digər insanların da yolda qalmasına səbəb olmaqda ittiham edib:
“Yox, prestij olacaq, kişinin oğlu filan markalı məktəbdə oxuyur. Gözümüzün ikisi də aydın. Sənin uşağın bahalı məktəbdə oxuyacaq deyə mən tıxacda qalmalıyam?”
Tanınmışların belə ifadə tərzi sosial şəbəkələrdə geniş tənqid edilib.
"Cebheinfo.az"a açıqlamasında müğənni Əli Mirəliyev bildirib ki, Murad Arif təhsil mövzusuna qarışmamalıdır:
“Hər kəs öz sahəsindən danışmalıdır. Murad Arif əgər özünü müğənni sayırsa, bu işə niyə qarışır? Sən Təhsil Nazirliyində işləyirsən? Təhsil üzrə ekspertsən? Sən kimsən? Müğənni belə məsələləri nə bilir? Mən bu yaşda insanam, Murad Arif kimi milyonunu yola salmışam. Amma mən bu suala cavab verməzdim. Çünki buna yalnız bu sahədə çalışanlar, uşaq psixologiyası ilə məşğul olan mütəxəssislər cavab verə bilərlər. Sənin işin oxumaq, çalmaqdır, işinlə məşğul ol”.
Əli Mirəliyev vurğulayıb ki, bu barədə peşəkar adam fikir bildirməlidir:
"Uşağın uzaq məktəbə getməsi, yaxın məktəbə getməsi - bunlar mütəxəssis mövzusudur. Hər kəs öz sahəsindən danışmalıdır. Məsələn, jurnalist öz sahəsindən, həkim öz sahəsindən, mühəndis öz sahəsindən, müəllim də öz sahəsindən. Hər sahənin öz bilicisi var. Mənə musiqidən sual verin, cavab verim. Amma bu işdə naşıyam, cavab verə bilmərəm.
Mən 77 yaşındayam və deyirəm ki, bu işdə naşıyam. Hər halda Murad Arifdən də ağıllıyam, kəlləm də, başım da işləyir, söz də deyə bilərəm. Amma demirəm, çünki dəqiq bilmirəm. Bu düzgün deyil. Aləm bir-birinə qarışıb, necə deyərlər, "mannı kaşa" ediblər. Belə olmaz. Hər kəs öz sahəsindən danışmalıdır".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 23 Sentyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















