Icma.az
close
up
RU
Əlyazmaları elmi dövriyyəyə gətirən alim

Əlyazmaları elmi dövriyyəyə gətirən alim

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Möhsün Nağısoylu – 80

Akademik Möhsün Nağısoylu Azərbaycan şərqşünaslığının, əlyazmaşünaslığının, mətnşünaslığının, dil tarixinin, bütövlükdə, filoloji elminin inkişafında böyük xidmətləri olan görkəmli alim, tərcüməçi, mətnşünas-dilçidir. Onun çoxşaxəli elmi yaradıcılığı, xüsusilə türkdilli və farsdilli əlyazmaların araşdırılması, nəşrə hazırlanması və elmi dövriyyəyə gətirilməsi sahəsindəki fəaliyyəti Azərbaycan filologiyasının zənginləşməsinə və inkişafına dəyərli töhfələr vermişdir.

Hər hansı bir əlyazmanı oxumaq yalnız onun qrafik işarələrini transfoneliterasiya etmək deyil. Bu mətnlərin arxasından, sərtlərin arasından boylanan dili, yazı ənənəsini, mətnin yaranma və yayılma tarixini, müəllifini, katibini, dövrünü, mətn mühitini və həmin mətnin daşıdığı mədəni-mənəvi yaddaşı duymaqdır. Bu baxımdan əlyazmaşünaslıq, mətnşünaslıq yalnız qədim yazını oxumaq sənəti deyil, həm də keçmişin izlərini, dilin yaddaşını, mədəni kodlarını bərpa etməkdir. Akademik Möhsün Nağısoylunun uzun illər davam edən elmi fəaliyyəti məhz bu mürəkkəb və məsuliyyətli sahələrin, böyük bir ümman olan şərqşünaslığın – mətnşünaslıq, dilçilik və türkologiyanın qovşağında formalaşmışdır.

Alimin farsdilli mütəxəssisdən daha çox, mətnşünas-dilçi, türkoloq kimi yetişməsinin özü də bu istiqamətlərin Azərbaycan elmi mühitindəki inkişafının davamıdır.

Akademikin elmi fəaliyyətinin və araşdırma istiqamətinin formalaşmasında Şərq dillərinə dərindən bələd olması və dilçi-mətnşünas mövqeyi üzvi şəkildə birləşmişdir. Fars dilini incəliklərinə qədər bilmək təkcə orta əsrlər Şərq dünyasına açılan qapı deyil, eyni zamanda türkoloji mətnşünaslıq baxımından müxtəlif əlyazma mətnlərinin düzgün oxunuşunu və bərpasını, mətnlərin dil qatını, abidələrin türk dili və mədəniyyəti tarixindəki yerini müəyyənləşdirən mühüm vasitədir. Onun araşdırdığı bir sıra mətnlər orta əsrlərdə fars dilindən Azərbaycan türkcəsinə tərcümə edilmiş, lakin elmi dövriyyəyə daxil olmayan əsərlərdir.

Dilçi alimin xidmətlərindən biri də məhz belə mətnləri aşkara çıxarması, onların nüsxələrini araşdırması, tənqidli mətnini hazırlaması, dil, üslub xüsusiyyətlərini müəyyənləşdirməsi və Azərbaycan filologiyasına təqdim etməsidir. Bu baxımdan Möhsün Nağısoylunun orta əsrlər Azərbaycan yazılı abidələri, xüsusilə klassik tərcümə əsərləri ilə bağlı monoqrafik tədqiqatları xüsusi əhəmiyyət daşıyır. Şirazinin “Gülşəni-raz”ı, Məhəmməd bin Hüseyn Katib Nişatinin “Şühədanamə”si, Həzininin “Hədisi-ərbəin”i və digər klassik mətnlər üzərində apardığı araşdırmalar onun mətnşünaslıq fəaliyyətinin genişliyini göstərir. Bu əsərlərin əksəriyyətinin ilk dəfə sistemli şəkildə araşdırılması alimin xidmətlərini daha da qiymətli edir.

Türkdilli yazılı abidələrin dil xüsusiyyətlərinin araşdırılması Möhsün Nağısoylunun dilçi-türkoloq kimi fəaliyyətinin mühüm istiqamətlərini təşkil edir. Onun tədqiqatlarında klassik Azərbaycan türkcəsinin müxtəlif inkişaf mərhələlərini əks etdirən yazılı nümunələr yalnız türk ədəbi dillərinin tarixi prizmasından deyil, həm də dil faktlarının inkişafı, türk dillərindəki təzahürlərinin əksi baxımından da qiymətləndirilir. Bu əsərlərin leksikası, qrammatik quruluşu, üslub xüsusiyyətləri, müxtəlif dövrlərin ədəbi dil normalarına uyğun olaraq meydana çıxan dil hadisələri orta əsrlər türk dillərinin tarixi inkişafını izləmək baxımından əhəmiyyətlidir. Bu mənada, alimin “Şeyx Səfi təzkirəsi” üzərində apardığı araşdırma xüsusi qeyd olunmalıdır. 932 səhifəlik bu fundamental əsər Şeyx Səfiəddin Ərdəbili, yaşadığı dövr haqqında tarixi və ədəbi məlumatları özündə əks etdirməsi ilə yanaşı, həm də orta əsrlər Azərbaycan yazılı dilinin müxtəlif xüsusiyyətlərinin araşdırılması baxımından da qiymətlidir.

Akademik Möhsün Nağısoylunun bu və digər klassik mətnlər üzərində apardığı tədqiqatlar göstərir ki, mətnin tərcüməsi, transfoneliterasiyası, nəşri tədqiqatın son mərhələsi deyil, yeni elmi axtarışların başlanğıcıdır. Məhz “Hədiqətüs-süəda”, “Lisanüt-teyr”, “Hədisi-Ərbəin”, “Şühədanamə”, “Gülşəni-raz” tərcüməsi və digər orta əsrlər yazılı abidələri üzərindəki araşdırmaları bu elmi xəttin davamıdır. Bu əsərlərin hər biri orta əsrlər Azərbaycan-türk ədəbi dilinin, tərcümə ədəbiyyatının və klassik mətn ənənəsinin müxtəlif qütblərini, dilimizin qatlarını üzə çıxarır. Akademikin tədqiqatlarında həmin mətnlərin dil xüsusiyyətlərinin öyrənilməsi, mətnin müxtəlif qatlarının üzə çıxarılması və tarixi-filoloji aspektdə təhlil edilməsi əsas yer tutur. Onun yaradıcılığında bir məqam xüsusilə seçilir: mətn oxunmamalı, tədqiq edilməli və elmi sferaya daxil olmalıdır. Elə elmi fəaliyyətinin əsas nəticələrindən biri də budur ki, əsrlər boyu tarixin qaranlıq səhifələrində gizlənən bir çox mətn onun tədqiqatları sayəsində dil tarixçilərinin tədqiqat obyektinə çevrilmiş, dil və ədəbiyyat tariximizin yeni qatlarının öyrənilməsinə imkan yaratmışdır.

Ümumiyyətlə, M.Nağısoylunun tədqiqatlarının əsas xüsusiyyətlərindən biri mətnə kompleks yanaşma tərzidir. O, əsəri yalnız ədəbi nümunə kimi deyil, eyni zamanda mühüm dil faktı, türkün mədəni yaddaşını, təfəkkürünü özündə ehtiva edən tarixi mənbə, milli-mənəvi daşıyıcı kimi araşdırır. Əlyazmanın nüsxələri, mətnin yaranma tarixi, dil və üslub xüsusiyyətləri, leksik və qrammatik materialı geniş, mətnlərarası əlaqələr və müqayisəli şəkildə nəzərdən keçirilir. Bu baxımdan akademikin yaradıcılığında linqvistik mətnşünaslıq məsələlərinin xüsusi yer tutması təsadüfi deyildir. Onun bu istiqamətdəki araşdırmaları Azərbaycan filologiyasında mətnlə dil faktının qarşılıqlı əlaqəsinin öyrənilməsi üçün mühüm zəmin yaratmışdır.

Akademik Möhsün Nağısoylunun çoxşaxəli elmi yaradıcılığında tərcümə fəaliyyəti mühüm yer tutur. Fars dilinə dərindən bələdliyi, Şərq ədəbiyyatı və fəlsəfi fikri ilə bağlı zəngin biliyi, uzun illər Əfqanıstanda fars dili üzrə tərcüməçi kimi çalışması onun tərcüməçilik fəaliyyətinə peşəkarlıq qazandırmışdır. Alimin peşəkar tərcüməçiliyini mətnin sadəcə bir dildən digərinə çevrilməsi kimi qiymətləndirmək doğru olmaz. Onun tərcümələrində dil bilgisi ilə yanaşı, mətnşünaslıq təcrübəsi, Şərq mədəniyyətinə bələdlik və orijinal əsərin məzmununu, üslubunu və terminoloji sistemini dərindən qavrama bacarığı da özünü göstərir. Alimin fars dilindən Azərbaycan dilinə çevirdiyi əsərlər sırasında Sədrəddin Bəlağinin “Quran qissələri”, Ə. Bəxşayişinin “Sidiqiye-Tahirə” və Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” (“Sirr bağçası”) adlı fəlsəfi əsərlərin tərcümələri xüsusi yer tutur.

“Quran qissələri”ndə dini terminologiya, Qurani-Kərimlə bağlı anlayışlar, peyğəmbərlər və müqəddəs şəxslərlə bağlı rəvayətlər, Şərq dini düşüncəsinin özünəməxsus ifadə vasitələri, “Gülşəni-raz”da isə təsəvvüf fəlsəfəsinin dərin məzmunu, sufi terminologiyası, fəlsəfi anlayışlar və poetik ifadə sistemi tərcüməçidən məsuliyyətli olmaqla yanaşı, həm də mətnlərin yarandığı mənəvi-intellektual mühiti, onların mahiyyətini dərindən bilmək tələb edir. Alimin məsuliyyəti, əzmkarlığı və elmi təfəkkürü onun tərcüməçi kimi bir məktəb yaratdığını göstərir. O, tərcümə ilə kifayətlənmir, əsərin müəllifi, yazılma tarixi, nüsxələri, mətnin yaranma və yayılma xüsusiyyətləri, ədəbi-tarixi əhəmiyyəti haqqında da geniş elmi məlumat verir.

Akademik Möhsün Nağısoylunun mətnşünas-türkoloq kimi fəaliyyətində “Kitabi-Dədə Qorqud” xüsusi yer tutur. Türk dünyasının ortaq mirası olan “Kitabi-Dədə Qorqud”un yeni tapılan oğuznamələrinin türkologiya üçün əhəmiyyəti yalnız onun oxunması ilə məhdudlaşmır. “Günbəd əlyazması” oğuz-türk yazılı və şifahi mədəniyyətinin, orta əsrlər türk dilləri və mətn ənənəsinin araşdırılması baxımından da son dərəcə qiymətlidir. Onun nəşrə hazırlanması mətnşünaslıq, paleoqrafiya, dilçilik və türkoloji biliklərin bir arada tətbiqini tələb edir.

Alim çoxsaylı monoqrafiya, kitab, tərcümə və məqalələrin müəllifi, mütərcimi və tərtibçisidir. Uzun illər Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışan, sonralar Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edən akademikin elmi fəaliyyəti Azərbaycan filologiyasının müxtəlif istiqamətlərini özündə birləşdirir. Onun alimlik yolu Şərqşünaslıqdan əlyazmaşünaslığa, əlyazmaşünaslıqdan mətnşünaslığa, mətnşünaslıqdan dilçiliyə və türkologiyaya uzanan bütöv bir elmi yolun nümunəsidir.

Akademikin Azərbaycan elmindəki xidmətlərini dəyərləndirərkən onun yüksək savadı, elmi təfəkkürü ilə yanaşı, sadəliyi, təvazökarlığı, insanpərvərliyi və gənc tədqiqatçılara münasibəti də xüsusi qeyd olunmalıdır. Çünki böyük alimliyi müəyyən edən yalnız çox bilmək deyil, bildiklərini başqalarına ötürmək, elmi ənənəni davam etdirmək və yeni tədqiqatçılara yol göstərməkdir. Onlarla elmlər və fəlsəfə doktorları yetişdirən akademik məhz belə alimlərdəndir.

80 illik yubileyi münasibətilə akademik Möhsün Nağısoyluya möhkəm cansağlığı, uzun ömür, yeni elmi uğurlar və Azərbaycan filologiyasına hələ neçə-neçə qiymətli əsərlər bəxş etməyi diləyirik.

Qətibə VAQİFQIZI,
AMEA Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 07:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see331

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see306

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see283

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see274

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see240

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see231

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see228

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see222

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see219

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see217

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see209

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see205

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see203

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see203

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see198

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see196

Səhər oyananda bunu edənlər gün ərzində daha enerjili olur

30 Avqust 2026 12:26see185

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see167

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see165

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri